"Xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək bizim vəzifəmizdir"

 

Hər bir dövlətin əsas missiyalarından biri dövlət idarəçiliyində birliyi, qabiliyyəti, təcrübəsi olan gənc nəslin hazırlanmasıdır. Gənclərin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur. Ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin prioritetlərindən biri gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir.

Gənclərə etibar, onların müasir düşüncə səviyyəsində yetişməsi, hərtərəfli biliyə malik olmalarının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər müdrik kəlamlarının birində gəncliyi yüksək qiymətləndirərək demişdir: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin respublikanı böhrandan çıxarmaq üçün gördüyü təxirəsalınmaz tədbirlər sırasında gənc nəslə diqqət və qayğı xüsusi yer tuturdu. "Azərbaycan uşaqlarını ən əziz nemət" adlandıran ulu öndər çox yaxşı bilirdi ki, son illərin kəşməkəşli hadisələrinin bütün yükü məhz gənclərin çiyninə düşüb. Hələ 1969 - 1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev gənclərə həmişə xüsusi diqqət və qayğı bəsləmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün bütün imkanlardan istifadə etmişdir. O dövrdə azərbaycanlı gənclərin Rusiyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün əlverişli şərait yaradılmışdı. Məhz ulu öndərin təşəbbüsü və gəncliyə göstərdiyi diqqət və qayğı, inam, etibar sayəsində minlərlə gənc oğlan və qız Azərbaycandan kənarda müxtəlif ölkələrdə təhsil aldılar. Təsadüfi deyildir ki, həmin illər Azərbaycan gənclərinin qızıl dövrü hesab edilir.

1988-ci ildən başlayaraq, Azərbaycanda bir-birini əvəz edən hakimiyyətlər dövlət idarəçiliyindəki naşılığı ölkədə xaos və anarxiya, özbaşınalığa gətirib çıxardı. Ulu öndərin böyük zəhmət hesabına Azərbaycan xalqı, o cümlədən gələcəyimizin təminatçısı olan gənclik üçün yaratdığı şəraitdən, firavanlıqdan əsər-əlamət də qalmadı. Torpaqlarımızın müdafiəsi və Azərbaycanın suverenliyi, müstəqilliyi, xalqımızın azadlığı uğrunda sinələrini sipər etmiş gənclərin qədir-qiymətini bilən yox idi. Ayrı-ayrı qüvvələr hakimiyyətdəki mövqelərini qorumaq və özlərinə çoxlu var-dövlət toplamaq üçün gənclərin qüvvəsindən istifadə edirdi. Belə xəyanətkarlar qeyri-qanuni silahlı birləşmələri öz ətraflarına toplamaqla sərhədlərimizin qorunmasını büsbütün unudurdular.

Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ciddi tədbirlər həyata keçirilməyə başlanıldı. Ulu öndərin dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən biri də məhz gənclər siyasəti olub. Milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin yetişdirilməsi qarşıya qoyulan prioritet vəzifələrədən idi. Ümummilli lider gəncliyi çox böyük qüvvə, müstəqil dövlətimizin gələcəyinin təminatçısı hesab edirdi. Ulu öndər deyirdi: "Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur. Milli Ordunun böyük bir hissəsini təşkil edən gənclərdir. Hərbi xidmətdə olan əsgərlərimizin, zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər Azərbaycan dövlətinə, doğma torpağımıza sadiqdirlər".

Respublikada gənclərin qüvvəsindən daha səmərəli istifadə etmək üçün 1994-cü il iyulun 26-da Prezident Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu nazirliyin yaradılması ilə gənclərin idmana cəlb edilməsi işi də xeyli təkmilləşdi. İdman sağlamlıqla yanaşı ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayır. İdman yarışlarına qoşulan gənclərimiz çox yaxşı dərk edirlər ki, onlar Azərbaycanın şərəfi, üçrəngli bayrağımızın ən yüksək zirvəyə qaldırılması uğrunda mübarizə aparırlar. Ümumilli lider gənclərimizin idmana olan marağını daha da artırmaq üçün deyirdi: "Azərbaycan Respublikasının bayrağı digər bir ölkədə yalnız iki halda qaldırıla bilər. Bir dövlət başçısı hansısa bir ölkəyə rəsmi səfər etdikdə, bir də idmançılarımız digər bir ölkənin ərazisində keçirilən beynəlxalq idman yarışlarında qələbə qazandıqda". Məhz buna görə Azərbaycanın dövlət başçısı idmançılarımızın nailiyyətlərinin siyasi xarakter daşıdığını qeyd edir və bunu dövlətçiliyimizin nailiyyətləri kimi dəyərləndirirdi.

Ulu öndərin səyi nəticəsində "Gənclər siyasəti haqqında" Qanun qəbul edildi. Müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan gəncliyinə yüksək qiymət verməsi, ona qayğı və diqqətlə yanaşmasının bariz nümunəsi 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi oldu. Respublikamızın tarixində çox böyük siyasi hadisə hesab olunan forumda ölkəmizin bütün rayon və şəhər gənclərinin müxtəlif təbəqələrini təmsil edən 2 minə qədər nümayəndə, hökumət və Milli Məclisin üzvləri, şəxsən Prezident Heydər Əliyev iştirak edirdi. Forumda gənclərin problemləri dinlənildi, onların aradan qaldırılması üçün konkret təkliflər irəli sürüldü. Forumun əhəmiyyətini nəzərə alaraq ulu öndər Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayaraq forumun keçirildiyi günü - fevral ayının 2-ni "Azərbaycan Gəncləri Günü" elan etdi.

Heydər Əliyevin siyasi xəttini böyük uğurla davam etdirən, onun yarımçıq qalmış işlərini həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev gənclərin inkişafına diqqəti daha da artırdı, bu sahədə normativ-hüquqi baza getdikcə təkmilləşdirildi. Gənclərin müasir dövrə uyğunlaşmasında, beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynayan dövlət proqramları təsdiq olundu və bu proqramların icrası diqqət mərkəzində saxlanıldı. Azərbaycanlı gənclər beynəlxalq qurumların təşkilatçılığı ilə keçirilən tədbirlərdə böyük fəallıq göstərdilər və bir neçə gənclərin beynəlxalq qurumlarının yaradılması təşəbbüsü ilə çıxış etdilər. İslam Konfransı Təşkilatının Gənclər Forumu, GÜAM Ölkələri Gənclər Forumu və digərləri belə beynəlxalq qurumlardandır. Dövlət başçımız İlham Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğı artıq onların səsinin ən nüfuzlu beynəlxalq qurumlardan, dünyanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdən eşidilməsinə gətirib çıxardı. Mənim də iştirak etdiyim Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin keçirilməsi gənclərimizin böyük uğuru kimi qiymətləndirilməlidir. Bu tədbir bir daha təsdiqlədi ki, artıq azərbaycanlı gənclər dünya miqyasında keçirilən tədbirlərdə çıxış etmək, söz demək, dəyərli təkliflər irəli sürmək və xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yüksək səviyyədə təbliğ etməyə qadirdirlər. Dünya Azərbaycanlı Gənclərinin I Konqresi ölkəmizdə yetişən gənc nəslin müasir təfəkkürlü, intellektli, beynəlxalq aləmdə baş verən hadisələrdən dərhal baş çıxarmaq qabiliyyətinə malik olmalarından xəbər verir. Konqres çox böyük əhəmiyyət kəsb edirdi. Bu mötəbər tədbirin əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin ictimai-siyasi fəallığının artırılması, doğma Vətənlə - Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi, mədəni irsimizin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması olmuşdur.

Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulmasının sürətləndirilməsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 2009-cu ilin aprelində Moskvada təsis edilmiş bu təşkilat xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında böyük tarixi hadisədir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində artıq beynəlxalq aləmdə tanınıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında RAGT-ın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu təşkilatın milli maraqlarımızın, adət-ənənələrimizin, xalqımızın tarixi və müasir həyatı ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasındakı rolu yüksək qiymətə layiqdir. RAGT-ın və şəxsən təşkilatın sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası vasitəsilə Ermənistan silahlı qüvvələrinin günahsız insanlara qarşı törətdikləri misli görünməmiş qəddarlıq, soyqırımı barədə dünya ictimaiyyətinə təkzibolunmaz faktlarla məlumat verilmişdir. Təşkilatın müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, həmçinin kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədi ilə keçirdiyi müxtəlif kampaniyalar, elmi-praktik konfranslar və digər aksiyalar öz bəhrəsini vermişdir. Dünyanın müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər RAGT-ın keçirdiyi tədbirlərə qoşularaq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq nümayiş etdirmişlər. Bu birliyin, həmrəyliyin və vəhdətin nəticəsi olaraq, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasının reallaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Bununla əlaqədar təşəbbüs qrupunun yaradılması Azərbaycan gəncliyinin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsindən xəbər verir.

Möhtərəm Prezidentimiz İlham Əliyev gənclərimizin beynəlxalq aləmdəki rolunu yüksək qiymətləndirmiş və Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək demişdir: "Mən əminəm ki, Azərbaycanın gəncliyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən nəsillər yetişir".

Dövlət başçımızın imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005 - 2009-cu illər)", "2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", həmçinin gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzaladığı digər sənədlər Azərbaycan gəncliyinin daha da inkişafına, beynəlxalq aləmdə fəaliyyətini gücləndirməyə əlverişli şərait yaradıb.

 

 

Vüqar QƏDİROV,

Qaçqın və məcburi köçkün

gənclər təşkilatının sədri

 

Xalq qəzeti.-2011.- 6 fevral.- S. 5.