Filosofların
qarşılıqlı fikir mübadiləsi
Son dövrlər müxtəlif elm sahələrinin
daha da inkişafı üçün atılan addımlar Azərbaycan
elminin dünyada tanınmasına, mütəxəssislərimizin
ölkədəki elmi nailiyyətlərinin beynəlxalq aləmə
çatdırılmasına yönəlib. Ayrı-ayrı elm
adamlarının ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə
layiqincə təmsil etmələri, nüfuzlu elmi nəşrlərdə
məqalələrlə çıxışları bu sahədə
müəyyən qədər öz töhfəsini verir.
2009-cu
ildə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə
elmin daha da inkişaf etdirilməsinə yönəlmiş sərəncamı
bu sahənin yeni mərhələyə qədəm
qoymasına təkan verdi. Bu baxımdan zəngin və qədim
keçmişə malik Azərbaycan fəlsəfə tarixinin
araşdırmaçıları qloballaşan dünyada gedən
fəlsəfi cərəyanları daim öyrənir,
tanınmış filosofların elmi fikirləri ilə daha
yaxından tanış olurlar. AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda tanınmış əcnəbi
filosoflarla alimlərimizin görüşlərini təşkil
etmələri artıq ənənə halını alıb. Bu
görüşlər Azərbaycanda fəlsəfə elminin
inkişafına, alimlərimizin dünya fəlsəfəsinin
müasir vəziyyəti ilə tanış olmalarına
kömək edir. Bu
dəfə isə institutun qonağı tanınmış
amerikalı filosof, Dukuesne Universitetinin professoru Tom Rokmor oldu.
Konfransı
giriş sözü ilə açan Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə
elmləri doktoru İlham Məmmədzadə ölkəmizdə
elmin müxtəlif sahələrində, o cümlədən
fəlsəfə sahəsində nəzərəçarpan
irəliləyişlər olduğunu bildirdi. Qeyd etdi ki, əcnəbi
alimlərlə fikir mübadiləsi və elmlərarası
dialoq alimlərimizin fəaliyyətinə öz müsbət
təsirini göstərir. Alimlərimiz Avropa, eləcə də
Şərq fəlsəfəsi ilə tanışdırlar. Bu
dəfəki konfrans isə Amerika fəlsəfəsinin
inkişaf dövrü, özəllikləri haqda məlumatlandırmaq
baxımından bizim üçün əhəmiyyətlidir.
Amerikalı
alim Tom Rokmor Bakıda həmkarları ilə görüşməkdən,
onlarla fikir mübadiləsi aparmaqdan məmnun olduğunu
vurğuladı. O, həmçinin Moskvada tədbirdə məşhur
həmyerlimiz, qeyri-səlis məntiqin müəllifi Lütfi
Zadə ilə görüşdüyünü qeyd etdi.
T.Rokmor müasir Amerika fəlsəfəsində gedən
proseslər, müxtəlif fəlsəfi cərəyanlar,
qarşılıqlı əlaqələr barədə məruzə
etdi. O, çıxışında daha çox naturalizmin
müasir dünya fəlsəfəsindəki mövqeyindən
söhbət açdı, Amerika fəlsəfəsinin özəlliklərindən,
xüsusilə də naturalizm fəlsəfəsindən danışdı.
Qeyd etdi ki, keçən əsrdə naturalizmin iki forması
müstəqil şəkildə inkişaf edib. Onlardan biri
Amerika praqmatizmi tərəfindən inkişaf etdirilib.
Naturalizmin ikinci forması isə Anqlo-Amerika fəlsəfəsinin
inkişafı nəticəsində meydana gəlib. Elmi proseslər
harada qurtarırsa, reallıq oradan başlanır. Kantın
elmdə olması özü bir reallıqdır.
Düşünürəm ki, biz sadəcə, elm olan sahədə
birləşməliyik. Praqmatizm də dünyada baş verən
reallıqları öyrədir. Analitik naturalizm də fəlsəfədə
mühüm yer tutur. Mən Kantın fikrinə diqqətinizi
yönəltmək istəyirəm. Onun qənaətinə
görə, hər hansı fikir təcrübədən irəli
gələ bilməz. Ancaq ondan fərqli olaraq, naturalizm təcrübədən
irəli gələ bilər. Kantın naturalizmi tənqid edən
fikirləri də var. Təcrübədən irəli gələn
bilik reallıqla uzlaşmalıdır.
Sonra
mövzu ilə əlaqədar çıxışlar oldu. Fəlsəfə
elmləri doktoru Zümrüd Quluzadə "Ümumvəhdət
fəlsəfəsi və müasir elm: metodologiya
axtarışında" mövzusunda çıxış
etdi. O, keçən ilin mart ayında "Fəlsəfə
ümümvəhdət və müasir elm kimi"
mövzusunda elmi-praktik konfrans keçirildiyini və mövzu
ilə bağlı maraqlı fikir mübadiləsi
aparıldığını, müzakirələrin
olduğunu qeyd etdi. Z. Quluzadə Amerika alimlərinin fəlsəfəyə
yanaşma tərzinin onlar üçün maraqlı
olduğunu vurğuladı. O, qonağın nəzərinə
çatdırdı ki, Azərbaycan fəlsəfə tarixi ilə
bağlı bir neçə cildlik kitabın çapı nəzərdə
tutulub. Onun artıq iki cildi nəşr edilib. O,
vurğuladı ki, bu nəşrlər amerikalı alim
üçün ölkəmizin zəngin fəlsəfə
tarixi ilə daha yaxından tanış olmasında əhəmiyyətli
rol oynayacaq.
Daha sonra
fəlsəfə elmləri doktoru Əli Abasov "Fəlsəfə
elmdir, yoxsa...?" mövzusu ilə bağlı
çıxış etdi. Bakı Dövlət Universitetinin
professoru Şahlar Əsgərov pedaqogika üçün yeni
paradiqma barədə məlumat verdi. O bildirdi ki, bu mövzuda
da fəlsəfi mahiyyət olduğu üçün
filosofların diqqətini çəkə bilər. Fəlsəfə
elmləri doktoru Əbülhəsən Abbasov isə " Fənlərarası
əlaqədə fəlsəfənin rolu" mövzusundan
söhbət açdı. Müasir dövrdə fəlsəfənin
müxtəlif fənlərarası əlaqədə əhəmiyyəti
və vacibliyinə toxundu. Növbəti məruzə isə
" Deterministik elm və fəlsəfə" mövzusunda
oldu. Məruzəçi fəlsəfə elmləri doktoru
Adil Əsədov fəlsəfə ilə deterministik elm
anlayışlarının qarşılıqlı əlaqəsinə
toxundu, onların mahiyyətini açıqladı. Konfransda
sonuncu məruzə fəlsəfə elmləri doktoru
Füzuli Qurbanovun tədqdimatında "Fəlsəfə və
elm dialoq qarşısında " mövzusuna həsr edildi.
Çıxışçılar
fəlsəfə elminin zənginliyini, müzakirə edilən
mövzuların aktuallığını vurğuladılar. Məruzələrdən
sonra institutun elmi əməkdaşları, eləcə də
gənc filosoflar onları maraqlandıran məsələlərlə
bağlı amerikalı alim Tom Rokmora suallar verdilər. Səmimi
söhbət şəraitində keçən konfransda
ABŞ filosofu azərbaycanlı həmkarlarını
maraqlandıran sualları cavablandırdı.
Sonda
çıxış edən institutun direktoru İ. Məmmədzadə
müxtəlif ölkələrdən olan elm adamları ilə
belə görüşlərin ənənə halını
aldığını və fikir mübadiləsində əhəmiyyətli
rol oynadığını qeyd etdi. Və bildirdi ki, bu cür
silsilə görüş və konfranslar bundan sonra da davam edəcək.
Əfsanə BAYRAMQIZI
Xalq
qəzeti.- 2011.- 4 fevral.- S. 6.