Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 2011-ci ildə islahatları davam etdirəcək

 

Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyevin çıxışı hər bir azərbaycanlıda böyük fəxarət hissi doğurdu. Hörmətli Prezidentimiz ötən ilin uğurlu yekunlarından bəhs edərək demişdir: "Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumdaxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu illərdə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır". Doğrudan da, Azərbaycanın inkişafı, tərəqqisi göz qabağındadır. Təsadüfi deyil ki, Azərbaycan bu gün regionda lider dövlətə çevrilmişdir. Yalnız iqtisadiyyat deyil, mədəniyyət, təhsil, səhiyyə sahələrində də əhəmiyyətli nailiyyətlər qazanılmışdır.

 

Ulu öndər Heydər Əliyev demişdir: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq, həmişə inkişaf edəcək". Ulu öndərin siyasi kursunun uğurlu davamçısı İlham Əliyev də mədəniyyətin tərəqqisinə həmişə böyük qayğı ilə yanaşır. Göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Azərbaycan dövlətinin mədəniyyət siyasəti uğurla həyata keçirilir. Ötən il qazanılmış uğurlar isə daha çox diqqətə layiqdir. Söz yox ki, bu uğurların əldə olunmasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin də öz payı vardır.

Məlumdur ki, 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olundu. Bununla bağlı olaraq Azərbaycanın paytaxtında ilboyu yüzlərlə mədəni tədbirlər - festivallar, konsertlər, sərgilər keçirildi. Şəhərin hər yerində mədəniyyət ilinin loqosunu əks etdirən bayraqlar dalğalandı. Bu, ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, eyni zamanda Bakının günü-gündən gözəlləşməsi, onun mədəni həyatının zənginləşməsi ilə bağlı idi. Biz fəaliyyətimizdə həmişə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyini hiss etmişik.

Bakının mədəni həyatı 2010-cu ildə də zənginləşdi, burada həyata keçirilən mədəniyyət tədbirləri, festivallar, beynəlxalq müsabiqələr şəhərimizin mədəni mühitinə yeni ab-hava gətirdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin struktur bölmələrində aparılan davamlı islahatlar şəhərimizin mədəni mühitinin yeniləşməsi üçün əsaslı zəmin yaratdı.

İdarəmiz 2010-cu ildə öz fəaliyyətini Azərbaycan Respublikasının mədəniyyət sahəsində qarşıya qoyduğu məqsəd və vəzifələrin icra olunmasına yönəltmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin əmr və sərəncamlarını idarəmizin kollektivi vaxtında yerinə yetirmiş, mədəniyyət müəssisələrinin qorunub-saxlanılmasına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, genişmiqyaslı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirmişdir.

Bu tədbirlər barədə danışmazdan əvvəl deyim ki, 2010-cu ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsi 173 mədəni-maarif müəssisəsindən ibarət olmuşdur.

Əsas diqqət qəza vəziyyətində olan müəssisələrin təmiri işlərinə yönəldilmişdir. 7 mədəniyyət müəssisəsi yeni binaya köçürülmüş, 5-i əsaslı təmir olunmuş, 27-sinin isə əsaslı təmirə ehtiyacı var.

V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi, 26 saylı uşaq musiqi məktəbi, Balaxanı qəsəbəsindəki M.Ə.Sabir adına kütləvi kitabxana, M.Qorki adına MSKF, "28 May", N.Rəfibəyli adına uşaq kitabxanaları əsaslı və cari təmir edilib istifadəyə verilmişdir. 3 mədəniyyət evi və 2 muzeydə əsaslı təmir işləri aparılmışdır.

Tarixi hadisələr və bayramlar, habelə yubileylərlə bağlı mədəniyyət müəssisələri tərəfindən davamlı tədbirlər il boyu davam etdirilmişdir. S.Vurğun adına Rus Dram Teatrında 20 Yanvar faciəsi ilə əlaqədar Bakı Uşaq Teatrının "Vətənim mənim" adlı tamaşası təqdim olunmuşdur. Milli Ordu Günü münasibətilə "Cəngi" pəhləvanlar folklor qrupu, A.R.Qobustanlı adına mədəniyyət evi, Müşfiqabad qəsəbə mədəniyyət evi, Xətai rayon mədəniyyət mərkəzi, Səngəçal qəsəbə mədəniyyət evi və A.M.Şərifzadə adına mədəniyyət mərkəzi hərbi hissələrdə konsert proqramı ilə çıxış etmişlər. Uşaq musiqi məktəblərinin şagirdlərinin Yaşıl Teatr Bakı Konsert Kompleksində Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş konserti keçirilmişdir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət evləri və klubların nəzdində 20 xalq kollektivi fəaliyyət göstərir. Onlardan 9-u xalq teatrı, 8-i xalq çalğı alətləri ansambı, 1-i aşıq ansamblı, 2-si xalq rəqs ansamblıdır. 2010-cu ilin aprel ayında Bakı şəhər xalq teatrlarının festivalı, may ayında isə Bakı şəhər bədii özfəaliyyət kollektivlərinin festivalı keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" V Ümumrespublika bədii qiraət müsabiqəsində, "Yeni adlar" ədəbi gənclər müsabiqəsində mədəniyyət evlərinin nümayəndələri, habelə, xor kollektivlərinin II Respublika baxışında, simli alətlər üzrə II Respublika müsabiqəsində, Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində və Q.Qarayev adına pianoçuların I elmi-ifaçılıq müsabiqəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri də iştirak etmişlər.

Bakı Uşaq Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət studiya yaradılmışdır. Studiyanın yaradılmasında əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Baxımsız və kimsəsiz uşaqların mədəniyyət evlərinin dərnək və kurslarına cəlb edilməsi istiqamətində işlər görülmüş, onlara müvafiq şərait yaradılmışdır.

Nazirlər Kabinetinin 22 iyul 2000-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması Dövlət Proqramı ilə əlaqədar uşaq evlərində bir sıra tədbir keçirilmişdir. 3 saylı uşaq incəsənət məktəbi, 36 və 37 saylı uşaq musiqi məktəbləri Suraxanı rayonu 2 saylı uşaq evində, R.Babayev adına 25 saylı uşaq musiqi məktəbi isə "SOS" uşaq düşərgəsində konsert proqramı ilə çıxış etmişlər.

2010-cu ildə istedadlı və yaradıcı gənclər arasında "Bir pərdəli pyeslər" müsabiqəsi keçirilmişdir. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi 24 dekabr tarixində Dövlət Muğam Teatrında təşkil olunmuşdur.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin işçiləri Suraxanı rayonu Hövsan qəsəbə İstirahət Parkında 1000-ə yaxın ağac əkilmiş və ərazidə təmizlik işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli 371 nömrəli fərmanı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı"nın icrası ilə əlaqədar mədəniyyət müəssisələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlər mütəxəssislərin yaxından köməkliyi və iştirakı ilə hazırlanmışdır. Bakı Uşaq Teatrının "Xaş-xaşın göz yaşları" adlı tamaşası təqdim olunmuşdur.

Azsaylı xalqlar və etnik qruplarla görülən iş əsas etibarilə bu xalqların Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət mərkəzləri ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir.

Musiqi və incəsənət məktəblərinin şagirdləri bir sıra beynəlxalq müsabiqələrin qalibləri olmuşlar. Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin Yekaterinburq şəhərində "Yer bizim ümumi evimizdir" adlı XIII Beynəlxalq Uşaq Yaradıcılıq Festivalında, Türkmənistan Respublikasında keçirilən "Avaza dostluq məkanı" adlı Beynəlxalq Festivalında, "Moskva qonaqları qarşılayır" VII Beynəlxalq Festivalda, İtaliyanın Feriyeri şəhərində keçirilən Beynəlxalq Festivalda, Sankt-Peterburq şəhərində keçirilən "Gümüş kamerton" adlı V Beynəlxalq gənc ifaçıların instrumental, xor və vokal müsabiqəsində, Litvanın Kaunas şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında, Türkiyə Respublikasında keçirilən Beynəlxalq Uşaq Festivalında şagirdlərimiz və məktəblərimizin musiqi və incəsənət kollektivləri müxtəlif dərəcəli beynəlxalq diplomlara layiq görülmüşlər.

Qeyd edim ki, hələ ötən ildən Bakı şəhərinin rayonlarında Mərkəzləşmiş Kitabxana Sistemi yaradılmasına start verilmişdir. İki belə kitabxana şəbəkəsi var idi, bundan sonra Bakıda 11 MKS fəaliyyət göstərəcək. Biz qərara almışıq ki, hər bir MKS-in öz informasiya portalı yaradılsın. Bu, kitabxana işi sahəsində İKT-nin tətbiqinin sürətləndirilməsi məqsədi daşıyacaq, elektron kataloqlar yaradılacaq. Həmin kitabxanaların işçiləri üçün 15 günlük treninqlər təşkil etməyi qərara almışıq. Novruz bayramına qədər hər MKS-in öz portalı olacaq və onlar iki dildə - Azərbaycan və rus dillərində olacaq, ilin sonunda isə portal ingilis dilində də yaradılacaq.

Mədəniyyət evləri də belə elektron xidmət sistemlərinə keçəcək. Bakının rayonlarında mədəniyyət və turizm mərkəzləri yaradılacaq. Bu da sistemə nəzarət işinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Biz parklara da nəzarət işini gücləndirmək üçün tədbirlər həyata keçirəcəyik.

Muzeylərimizin də saytları yaradılmışdır ki, bu da məlumatların internet vasitəsilə ötürülməsi imkanı yaradır.

Cənab Prezident 2011-ci ili Azərbaycanda "Turizm ili" elan etmişdir. Bu münasibətlə biz öz strukturlarımızın rəhbərlərinə xüsusi tədbirlər planı hazırlamağı tapşırmışıq. Yaxın vaxtlarda biz bu planları müzakirə edib müxtəlif sahələrdə turizmin inkişafını təmin etmək üçün fəaliyyətə keçəcəyik.

Yeni ildə bütün sahələrdə islahatlar aparmaq fikrindəyik. Bu islahatlar yaxın gələcəkdə Bakının mədəni həyatına öz təsirini göstərəcək.

 

 

Əlikram ƏLİYEV,

Bakı Şəhər Mədəniyyət və

Turizm İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2011.- 5 fevral.- S. 7.