Fəaliyyətimizin yeni mərhələsi

 

Düz beş il əvvəl - 2006-cı il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yeni bir qurum - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Əvvəlcədən komitəmizin əsas fəaliyyət istiqamətləri artıq onun adında öz əksini tapmışdı. İlk gündən mövcud vəziyyətin təhlili, aktual problemlərin müəyyənləşdirilməsi, peşəkar kadrların cəlb edilməsi, vətəndaş cəmiyyətinin potensialından geniş istifadə mühüm vəzifələr kimi qarşıya qoyulmuşdu. Biz belə bir ideyanı rəhbər tuturduq ki, yeni komitə sadəcə vaxtı çatmış konkret problemlərin həlli ilə kifayətlənməməli, ilk növbədə, hər üç istiqamət üzrə məqsədyönlü və ardıcıl dövlət siyasətinin reallaşdırılmasını təmin etməlidir. Ötən beş ilin təcrübəsi göstərdi ki, vəzifələrin həllinin ən səmərəli yolu problemlərin hərtərəfli profilaktikasından, müvafiq konsepsiyaların işlənib hazırlanmasından, zərurət yarandıqda müvafiq qanunların qəbul edilməsindən, düzgün ictimai rəyin formalaşdırılmasından keçir.

 

Komitə yaranandan daim güclü dövlət dəstəyini hiss edir. İlk növbədə, qeyd etməliyəm ki, möhtərəm Prezidentimiz və onun Administrasiyası, Nazirlər Kabineti qarşıda duran vəzifələrin uğurlu həlli üçün bütün zəruri şəraiti yaratmışlar. Ötən müddətdə komitənin əməkdaşlarının sayı və büdcəsi dəfələrlə artmış, ayrı-ayrı rayonlarda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi bizim balansımıza verilmişdir.

Bizim üçün xüsusilə önəmlidir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həllinə böyük qayğı və diqqətlə yanaşır. Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər bu sahədə əhəmiyyətli irəliləyişə nail olmağa imkan vermişdir.

Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, birinci xanım Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Hər bir Azərbaycan ailəsinin problemlərini özünün diqqət mərkəzində saxlayan Mehriban xanımın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Bundan əlavə, onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir.

Bu gün biz inamla deyə bilərik ki, gender siyasəti, ailə və uşaq problemlərinin həlli dövlət sosial siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan milli mentalitetində ailə tarixən mühüm yer tutaraq sosial strukturun ayrılmaz elementini, cəmiyyətin özəyini təşkil etmişdir. Milli-mənəvi dəyərlər məhz ailə müstəvisində qorunub-saxlanaraq nəsildən-nəslə ötürülmüşdür. Müxtəlif mərhələlərdə ailə institutu tarixi inkişafın təsirinə məruz qalsa da, bu sahədə mövcud olan fundamental dəyərlər müasir dövrə qədər gəlib çatmışdır.

Ulu öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasının və ümumbəşəri ideallarla uzlaşdırılmasının vacibliyini vurğulamışdır: "Biz müasir dünyada yaşayırıq. Azərbaycan azad, sərbəst və açıq ölkədir, dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurur və bundan sonra da quracaqdır... Ölkəmizi, xalqımızı dünyaya olduğu kimi göstərmək və xalqımızın mənəvi dəyərlərini, nailiyyətlərini dünyada təbliğ etmək bizim ən əsas vəzifələrimizdən biridir. Eyni zamanda ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir...Bizim milli, mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir".

Azərbaycan Respublikasında ailənin cəmiyyətin əsas özəyini təşkil etməsi və dövlətin xüsusi himayəsində olması, hər kəsin ailə qurmaq hüququndan istifadə etməsi özünün konstitusion təsbitini tapmışdır. Bu təməl prinsiplər Azərbaycan Respublikasında dövlət ailə siyasətinin əsas istiqamətlərini müəyyən edən Ailə Məcəlləsində (Konstitusuyanın 17-ci maddəsi) daha da inkişaf etdirilmişdir. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədəki səlahiyyətlərini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Məcəllə Konstitusiyaya uyğun olaraq ailədə kişi və qadının hüquq bərabərliyini müəyyən etməklə, valideynlərin hüquq və vəzifələrini tənzimləyir.

Bütövlükdə Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyini, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir.

Müstəqil Azərbaycanda ailə siyasəti uğurla həyata keçirilir. Azərbaycan dövləti ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Tarixən formalaşmış ailə münasibətlərini qoruyub saxlamaq və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə ailə institutunu daha da inkişaf etdirmək bu sahədə gerçəkləşdirilən siyasətin ana xəttini təşkil edir.

Azərbaycanda dövlət ailə siyasətinin başlıca istiqamətləri kimi ailə institutunun möhkəmləndirilməsi, dövlətin ailəyə himayəsi, ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada dövlət nəzarətinin həyata keçirilməsi, ənənəvi ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial rifahının və etibarlı sosial müdafiəsinin təmin edilməsi, aztəminatlı, çoxuşaqlı, şəhid ailələrinə və digər kateqoriyalara aid ailələrə dövlət qayğısının göstərilməsi, ailə sahibkarlığının inkişaf etdirilməsi, ailə sağlamlığının qorunması, erkən nikahların, ailədə zorakılığın və ailələrin inkişafına mane olan digər mənfi halların qarşısının alınması, ailənin inkişafı üçün hərtərəfli şəraitin yaradılması əsas götürülür.

Müasir Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Bu gün Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genefondumuzun möhkəmlənməsinə xidmət edir.

Komitəmizin apardığı təhlil ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu bəyan etməyə əsas verir.

Bununla əlaqədar nikahların artması və boşanmaların sayının azalması meyli xüsusi qeyd olunmalıdır. Rəsmi nikah nəticəsində doğulan uşaqların sayında da müsbət dinamika müşahidə olunur. Hazırda bir sıra dövlət proqramları ailə problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Qarşıda duran ən mühüm vəzifələrdən biri ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ümumən, ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsidir.

Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 may Beynəlxalq Ailə Günü münasibətilə təşkil etdiyi "Ailə bayramı"nda nümunəvi ailələrin seçilməsi, respublikanın müxtəlif bölgələrində geniş tədbirlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə daimi diqqət fəaliyyətin prioritet istiqamətlərindəndir. Ümumiyyətlə, bu istiqamətdə son illər dövlət başçısı tərəfindən 50-dən çox fərman və sərəncamın imzalanması sayəsində həmin insanların bir çox problemləri artıq öz həllini tapmışdır. Komitənin də bu istiqamətdə fəaliyyətinin əsas məqsədi həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, onları respublikanın ictimai həyatına cəlb etməkdir.

Bu gün Azərbaycan qadınları müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. 2006-cı ildə qəbul edilmiş "Gender (kişilərin və qadınların) bərabərliyinin təminatları haqqında" Qanuna əsasən kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verilir. Ölkəmizdə əhalinin 51 faizini təşkil edən Azərbaycan qadınları ictimai-siyasi proseslərdə, o cümlədən seçkilərdə fəal iştirak edir, özlərinin vətəndaş mövqeyini nümayiş etdirirlər.

2008-ci il sentyabrın 26-da keçirilmiş və iki minə yaxın nümayəndənin təmsil olunduğu müstəqil Azərbaycan qadınlarının üçüncü qurultayı dövlət qadın siyasətinin əsas istiqamətləri üzrə görülən işlərə müsbət qiymət verməklə, bu sahədə qarşımızda yeni vəzifələr müəyyən etmişdir.

Bu gün bütün dünyada məişət zorakılığı, qadın alveri və qadınlar tərəfindən törədilən cinayətlərlə bağlı problemlər ən çox müzakirə edilən mövzulardandır. Belə hallar çox az miqyasda olsa da, ölkəmizdə də mövcuddur. Yanlış dini stereotiplərin təsiri altında yeniyetmə qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha daxil olması arzuolunmaz haldır. Bunun nəticəsində qadınların ictimai həyatdan təcrid edilməsi, onların işləmək və karyera qurmaq imkanlarının məhdudlaşdırılması kimi mənfi hallar əsaslı narahatlıq doğurur. Məhz bu istiqamətdə aparılan işin daha da gücləndirilməsi tələb olunur. Bu baxımdan Azərbaycan hökuməti tərəfindən qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihə gender bərabərliyi və qadınlara qarşı zorakılığın azaldılması baxımından mühüm rol oynamışdır. Ümidvarıq ki, qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun bu aktual və ciddi problemin həllinə güclü təkan verəcəkdir.

Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Azərbaycanda parlament sədrinin 3 müavinindən biri, daimi komissiya sədrlərinin biri qadındır. Ümumilikdə parlamentin 125 deputatından 20-si qadındır. Elm sahəsində, təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmağa imkan qazanıblar. Hazırda ölkədə dövlət qulluğunda çalışanlar, hakimlər, orta və ali məktəb müəllimləri, həkimlər sırasında qadınlar böyük əksəriyyət təşkil edir.

Respublikamızda ailə, qadın və uşaq problemləri ilə bağlı qanunvericiliyin inkişafına xüsusi önəm verilir. Ailə Məcəlləsinin təkmilləşdirilməsi məqsədi ilə təkliflər paketi, o cümlədən "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilmişdir.

Son illər Azərbaycanda qadınların həyatında önəmli rol oynayan bir çox tədbirlər təşkil olunur. 24-25 may 2010-cu il tarixində "De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının keçirilməsi buna aydın misaldır. Konfransda Avropa Şurası Baş Katibinin müavini Mod de Boer-Bukikkio, BMT Baş Katibinin müavini xanım Aşa Rouz Migiro, Avropa ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nazirləri, xarici qonaqlar, dövlət orqanlarının, Bakıdakı diplomatik nümayəndəliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva öz çıxışı ilə konfransın səmərəli fəaliyyətinə xüsusi impuls verdi.

Qadınlara münasibət, gender mədəniyyəti, demokratiyanın inkişafı ilə bağlı olduğu kimi, demokratiyanın inkişafı da gender mədəniyyəti ilə bağlıdır. Ən vacibi odur ki, Azərbaycan xalqı hər zaman sivilizasiyanın ədalətli və mütərəqqi dəyərlərini qəbul edərək ümumbəşəri dəyərləri öz milli sərvətinə çevirəcək.

Bu gün Azərbaycan sürətlə inkişaf edir, həyat gündən-günə dəyişir. Bu prosesdə gənc nəslin inkişafına xüsusi diqqət yetirilir. Gələcəyimiz olan uşaqların xoşbəxt yaşaması üçün dövlətimiz öz qayğısını əsirgəmir. Ölkədə həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm xətlərindən birini təşkil edən uşaq siyasəti cəmiyyətin bu mühüm hissəsinin hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ümumiyyətlə, respublikamızda uşaq hüquqlarının təmin edilməsi, ilk növbədə etibarlı hüquqi bazaya söykənir. Belə ki, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulmuş, 1999-cu ildə isə həmin sənədin müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq Hüquqları haqqında" Qanunu qəbul olunmuşdur.

2009-cu ildə Azərbaycanda "Uşaq ili"nin keçirilməsi dövlət uşaq siyasətinin davamıdır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. Uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Bu siyasətin davamı olaraq hazırda Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. Bundan əlavə, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir.

Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixolojı inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, qaçqın və məcburi köçkün ailələrinin övladlarına dövlət qayğısının göstərilməsi də prioritet istiqamətlər sırasındadır.

Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bütün bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl surətdə kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir.

Eyni zamanda, uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, inklyuziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrastrukturun yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin, uşaq baxımsızlığının və uşaq əməyinin istismarının onlara münasibətdə zorakılığın, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, bəzi məsələlər üzrə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur. İnanırıq ki, bu sahədə atılan addımlar yeni perspektivlərin həyata keçirilməsinə imkan yaradacaqdır.

 

 

Hicran Hüseymova

 

Xalq qəzeti.- 2011.- 5 fevral.- S. 5.