Cənub bölgəsinin
nadir geoloji obyektləri və onların ekoturizm perspektivləri
Yeni nadir geoloji oybektlərin aşkarlanması,
qorunması, turizm istiqamətində istifadəsi və
mühafizəsi işləri 2009-cu ildən başlayaraq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Geoloji Kəşfiyyat Xidmətinin Abşeron-Qobustan və Xəzəryanı
Axtarış Geoloji Ekspedisiyası tərəfindən
respublikamızın qərbi Xəzəryanı hissəsində
aparılır.
Respublikamızın
cənub bölgəsi əvəzedilməz nadir geoloji obyektlərlə
zəngindir. Bu obyektlərin yerləşmə
qanunauyğunluğunu nəzərə almaqla bu bölgədə
Masallı-Lənkəran-Astara, Masallı-Lənkəran-Lerik və
Masallı-Yardımlı istiqamətlərində turist
marşrutlarını seçmək olar. Masallı-Lənkəran-Astara
istiqamətli turizm marşrutunda mədəni-tarixi obyektlərdən
fərqli, estetik və müalicəvi əhəmiyyətə
malik olan obyektlər Astara rayonu ərazisində yerləşən
"Zənguləş istisu", "Yanar bulaq" kompleksi,
Lənkəran rayonu ərazisində isə "Havzavu",
"Haftoni istisu" kompleksləri və "Xanbulan" su
anbarı, Masallı rayonunda isə Viləşçay dəryaçası,
"İstisu" kompleksi, Masallı şəlaləsi və
"Yanardağ" kompleksidir.
"Zənguləş
istisu" Azərbaycan Respublikasının cənub
qapısı və onun ən gözəl guşələrindən
biri olan Astara rayonu ərazisində yerləşir. Rayon ərazisində
çoxlu sayda tarixi abidələr, turizm məkanları
mövcuddur ki, bunlardan biri rayonun Zənguləş kəndi
yaxınlığında yerləşən eyniadlı istisu mənbəyidir.
Bu mənbə təqribən 10000 kvadratmetr ərazini əhatə
edir. Göstərilən ərazidə mənbənin bir
neçə çıxışı müşahidə
edilir.
Bu ərazidə ətraf mühitə zərər vermədən turizmin inkişafı üçün lazım olan coğrafi, dağ-texniki və s. şərait vardır.
Astara rayonunun bu hissəsində turizm bazasının yaradılması ilə həftəlik ekskursiya; baza ilə tanışlıq, meşə səyahəti, rayon mərkəzinə səyahət, Astaraçayda tilovla balıqtutma, təbii vanna qəbulu, dəniz səyahəti kimi marşrutlar hazırlamaq mümkündür. Ərazidə sanatoriya tipli müalicəvi balneoloji, ekoturizm mərkəzi yaratmaq üçün çox əlverişli şərait vardır.
"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Bakı-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.
"Haftoni istisu" mənbəyi Lənkəran rayon mərkəzindən 15 km-də eyniadlı kəndin şimal-qərbində dağətəyi zonada yerləşir. Sovet hakimiyyəti illərində burada sahəsi 10 hektara yaxın olan bir ərazidə sanatoriya tipli istirahət zonası fəaliyyət göstərmişdir. Ərazidə olan meşəliklərin çoxu dəmir ağacdan ibarətdir. Kompleksin həyətində səliqəli və yaraşıqlı park salınmışdır. Burada müalicəvi vannalar fəaliyyət göstərir.
"Haftoni istisu" kompleksində yenidənqurma işləri aparmaqla müalicəvi əhəmiyyətli turizm məqsədi üçün onun fəaliyyətini bərpa etmək olar. O, Lənkəran - Lerik magistral yolunun 2 km-də, eyniadlı kəndin ərazisində sahəsi çox da böyük olmayan bir ərazidə yerləşir. Bu kompleksdə fərdi layihə ilə tikilmiş isti su vannaları fəaliyyət göstərir.
"Xanbulan" su anbarı Azərbaycanın cənub bölgəsinin ən gözəl incilərdən biridir. Bu anbar Talış dağları qoynunda, yaşıl meşəliklər arasında yerləşir. 1976-cı ildə tikilib istismara verilmişdir. Lənkəran şəhərindən 15 km qərbdə yerləşir. Göl ərazisi təmiz hava, sakitlik və təmiz suyu ilə digər göllərdən fərqlənir. Burada olan gözəlliyi hər kəs öz gözü ilə görsə, daha yaxşı hiss edə bilər.
Su anbarı hər tərəfdən sıx və müxtəlif ağaclardan ibarət meşəlikdən ibarətdir . Xanbulan su anbarının iqtisadi faydasından əlavə onun ərazisi ekoturizm üçün də faydalı ola bilər. Bundan ötrü ərazinin hər cür şəraiti və kommunikasiya sistemi (yol, elektrik enerjisi, suyu və s.) vardır.
Lənkəran-Masallı turizm bölgəsində Masallı rayonunun özünə məxsus yeri vardır. Belə ki, buradakı nadir geoloji obyektlər özlərinin yerləşməsi, müxtəlifliyi rəngarəngliyi baxımdan seçilir. Bu istiqamətdə Viləşçay dəryaçası (su anbarı), Masallı "İstisu" kompleksi, Masallı şəlaləsi və "Yanardağ" kimi estetik gözəlliyi, müalicəvi və tarixi əhəmiyyəti olan müalicəvi və ekoturizm obyektləri yerləşir. Viləşçay dəryaçası (su anbarı) Masallı rayonu ərazisində rayon mərkəzindən 10 km cənub-qərbdə, Viləş çayı yatağında, Qəriblər və İsi kəndləri yaxınlığında yerləşir. Su anbarı üç tərəfdən qalın meşələrlə əhatə olunmuşdur. Dəryaça şərqdən terras yamacları divarları ilə hüdudlanmışdır.
Masallı-Yardımlı magistral avtomobil yolu dəryaçanın yaxınlığından keçir. Meşələr, əsasən palıd, nil və dəmir ağaclarından ibarətdirlər. Meşə ərazisindən axan bulaq suları Viləşçaya tökülür. Dəryaça bəndinin hündürlüyü 10 m-dən çoxdur. Gözəl təbii mənzərəsi , əsrarəngiz landşaftı, meşə örtüyü və dağlıq relyefi bu ərazilərin ekoturizm istiqamətində istifadə edilməsinin labüdlüyünü tövsiyə etməyə əsas verir.
Masallı "İstisu" kompleksi Masallı rayonu ərazisində, rayon mərkəzindən 13 km cənub-qərbdə, Viləşçayın sağ sahilində yerləşir. Masallı-Yardımlı magistral yolu kompleksin yanından keçir. Burada müalicəvi kompleks tikilmişdir. Bu istisu qədim tarixə malikdir. İlk dəfə Akademik Mirəli Qaşqayın rəhbərliyi altında geoloqlar Masallı istisu mənbəyi ilə maraqlanmış, araşdırmalar aparmış, hesabat tərtib etmişdirlər.
1998-ci ildə bu kompleks "İldırım" firmasının prezidenti Hacı İldırım Allahyarov tərəfindən özəlləşdirilib, böyük bərpa və quruculuq işləri aparılmış və əhalinin xidmətinə verilmişdir.
Masallı şəlaləsi Masallı- Yardımlı şose yolunun 11-ci km-də, Viləşçay dərəsində yerləşir. Şəlalə və onun ətəyindəki göl süni olsa da, çox gözəl bir görkəmdə tikilmişdir. İlin bütün fəsillərində burada istirahət üçün hər cür şərait yaradılmışdır. Ərazi yol, elektrik enerjisi, içməli su, çayxana, yeməkxana və s. ilə təchiz edilmişdir.
Bura ekoturizm üçün şox əlverişli bir guşədir. Masallı rayonu ərazisində, Viləşçay dərəsində daha bir müalicəvi və ekoturizm məkanı vardır ki, bu da "Yanar dağ" müalicə kompleksidir. Bu kompleks üçün Qotursu kimi tanınan metan qazlı istisuyun çıxması və bu sudan ayrılan qazın suda və quruda məşəl kimi yanması xarakterikdir. "Yanardağ" kompleksində müasir tipli müalicəvi vannalar, qalmaq üçün kotteclər fəaliyyət gösrərir.
Masallı-Lənkəran-Astara marşrutu boyunca aşkarlanmış nadir geoloji obyektlər balneoloji və ekoturizmin inkişafı üçün əlverişli ərazidə yerləşirlər və nəqliyyat, dağ- texniki, təbii şərait baxımından çox sərfəli ola bilərlər.
Bu bölgədə mövcud olan və yeni-yeni nadir geoloji obyektlərin müayinədən keçirilməsi və onların təbliğ edilməsi ilə yuxarıda adı çəkilən marşrut boyunca bu ərazini respublika və dünya miqyaslı turizm diyarına çevirmək mümkündür.
Fəxrəddin
ABDULLAYEV,
geoloq
Xalq qəzeti.- 2011.- 5 fevral.- S. 5.