Ötən ilin uğurlu nəticələri gələcəkdə daha böyük nailiyyətlər qazanmağa etibarlı zəmin yaradır

 

XXI əsrin ilk onilliyi tarixə qovuşdu. Keçən 10 ildə ölkəmiz böyük inkişaf yolu keçdi, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə əsaslı yüksəlişə nail olundu. Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan cüzi itkilərlə çıxmış, ölkədə iqtisadi artım davam etmiş, qlobal enerji layihələrinin reallaşdırılması bir qədər də sürətlənmişdir. Bu da öz növbəsində Azərbaycanın iqtisadi inkişaf dinamikasına görə regionda liderlik mövqeyinin bir qədər də möhkəmlənməsinə səbəb olmuşdur.

 

2010-cu ildə Azərbaycan iqtisadiyyatının həcmi təqribən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz, ev təsərrüfatlarına bank kreditləri 14,7 faiz, qeyri-neft sektoru 5,9 faiz artmış, o cümlədən ticarətdə faktiki satış, xidmətdə tələb indeksinin yüksəlməsi baş vermiş, inflyasiya isə cəmi 5,7 faiz olmuşdur. Bununla yanaşı, ötən il ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuş, nəzərdə tutulmuş bütün ümummilli proqramların, infrastruktur layihələrinin icrası uğurla davam etdirilmişdir. Ölkənin valyuta ehtiyatlarının həcmi 30 milyard dollara çatmışdır.

Ötən il ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesi üçün də uğurlu olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin davamlı iqtisadi inkişafını möhkəmləndirmişdir. 2010-cu ildə Azərbaycanda 51,5 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi 1941-ci ildə qeydə alınmışdı (23 milyon 482 min ton). 2010-cu ildə Azərbaycanda 27 milyard kubmetr "mavi yanacaq" hasil olunmuşdur ki, bu da ölkədə yeni qaz strategiyasının uğurla reallaşdırılmasının nəticəsidir. "Çıraq" layihəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti-quraşdırma işlərinə 6 milyard dollar sərmayə yönəldiləcək. Layihəyə əsasən, mövcud "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasında yeni bir hasilat platforması inşa ediləcək ki, bu da daha dərin qatlardan neft hasilatına imkan verəcək. 2015-ci ildən etibarən buradan gündə 183 min barel (ildə təqribən 9 milyon ton) neft çıxarılması planlaşdırılır. Bunun da hesabına Azərbaycan əvəzsiz olaraq gündə 4,2 milyon kubmetr (ildə 1,5 milyard kubmetr) səmt qazı almaq imkanı əldə edəcək. Ötən il Azərbaycanın neft-qaz sənayesi üçün ən uğurlu hadisələrdən biri də "Ümid" qaz-kondensat yatağının kəşfi olmuşdur. "Ümid" yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmiş və bu yataq ölkənin enerji potensialına böyük dəstək verəcəkdir. "Ümid" yatağında dənizin 170 metr dərinliyində qazılmış ilk quyu burada zəngin qaz və kondensat ehtiyatlarının mövcudluğunu təsdiq etmişdir. Sübut olunmuşdur ki, yataqda 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat ehtiyatları mövcuddur.

Rəqəmlərin təhlilindən görünür ki, ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənmiş, valyuta ehtiyatlarının əhəmiyyətli artımı baş vermişdir. Mərkəzi Bankın 2011-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, ötən il bank-pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəltmişdir. Bu hədəflərin reallaşdırılması çərçivəsində Mərkəzi Bank ötən il ərzində makroiqtisadi və maliyyə sabitliyini qorumuş, habelə iqtisadi artıma zəruri dəstək vermişdir. Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklifin genişlənməsi şəraitində həyata keçirmiş, valyuta bazarında 1 milyard dollardan çox xarici valyuta alışını təmin etmişdir. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0,4 faiz möhkəmlənmişdir.

Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlüyün gözlənilməsi ilə əlaqədar olaraq ötən illər ərzində görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapmışdır. 2004-2010-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 7 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiya 4 dəfə, minimum əməkhaqqı 6,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 4 dəfədən çox azalaraq 9 faizə enmişdir. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılmışdır. Ümumiyyətlə, dövlətin sosial siyasəti bütün əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmişdir. Maliyyə imkanlarının genişlənməsi sosial sahələrə yönəldilən resursların əhəmiyyətli dərəcədə artırılmasını, yeni iş yerləri yaratmaqla məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını, əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasını təmin etmişdir.

Bütün bu qeyd etdiklərimiz və 2010-cu ilin yekunları 2011-ci ildə iqtisadiyyatın sürətli özünübərpa prosesi üçün müsbət zəmin formalaşdırılacağına ümid etməyə əsas verir. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları da ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Belə ki, ÜDM-in həcminin 2011-ci ildə 41,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq. Ümumiyyətlə, 2011-ci ildə əhalinin gəlirləri 29,8 milyard manat, 2014-cü ildə isə 44,5 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Makroiqtisadi proqnozlar 2011-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyinin əhəmiyyətli dərəcədə güclənəcəyini göstərir. Qlobal iqtisadi artım şəraitində 2011-ci ildə əsas ixrac məhsulları qiymətlərinin əlverişli qalacağı və neft gəlirlərinin artacağı, xaricdən ölkəyə maliyyə-investisiya axınının güclənəcəyi proqnozlaşdırılır. Tədiyyə balansının cari hesabında əhəmiyyətli profisitin qalacağı, strateji valyuta ehtiyatlarının isə daha da artacağı gözlənilir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə iqtisadiyyata xarici kapital axınlarının artması üçün əlverişli şərait yaradır. Bütün bunlar 2011-ci ildə manatın məzənnəsinə və pul kütləsinə təsir edəcək fundamental amillərdir. 2011-ci ildə daxili tələbin "təmkinli" artımı, xarici tələbin isə tədrici yüksəlişi şəraitində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq neft sektorunun stabilləşməsi şəraitində iqtisadi artımın başlıca olaraq qeyri-neft sektoru hesabına olacağı gözlənilir. Bunun da əsasən daxili tələbdən qaynaqlanacağı ehtimal olunur. Dövlət xərclərinin və özəl tələbin təkrəqəmli templə artması, qeyri-xammal ixracının tədricən genişlənməsi qeyri-neft sektorunda artım templərini formalaşdıran başlıca amillərdir. Bu şəraitdə 2011-ci ildə ümumi daxili məhsulun potensial və faktiki səviyyəsi arasındakı fərqin azalacağı gözlənilir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının həyata keçirilməsindən sonra Azərbaycanın kənd təsərrüfatında ciddi inkişaf başlamışdır. İslahat nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulması, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasında ciddi uğurlar əldə edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.

Məqsədyönlü tədbirlər müstəqilliyin ilk illərində aqrar sahədə tənəzzüllə müşayiət olunan böhranın aradan qaldırılmasına səbəb olmuş, taxıl, kartof, tərəvəz, bostan məhsulları meyvə və süd istehsalı üzrə 1990-cı ilin səviyyəsindən də artıq məhsul istehsalını təmin etməyə imkanlar yaratmışdır.

Əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi, becərmə texnologiyalarının və aqrotexniki qaydaların lazımi səviyyəyə çatdırılması, fermer təsərrüfatlarının yüksək keyfiyyətli toxumlarla təmin olunması müsbət nəticələrini vermişdir.

Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini müvəffəqiyyətlə başa çatdırması təbii olaraq ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir ki, bu da mühüm xüsusiyyətlərdən biri kimi qeyri-neft sahələrinin inkişafının sürətlənməsidir. Məhz ölkə iqtisadiyyatına qoyulan 15,5 milyard dollar vəsaitin 9,3 milyard dollarının qeyri-neft sektoruna qoyulması da bunun göstəricisidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında 2011-ci ili "Turizm ili" elan etməsi təqdirəlayiq haldır. Turizm təkcə nəhəng rəqəmlərlə ifadə olunan, valyuta gəlirləri gətirən biznes sahəsi olmayıb, cəmiyyətin sosial həyatında və beynəlxalq münasibətlərdə də müsbət səmərə verən bir məşğuliyyət növüdür. Turizm regional inkişafda, yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında güclü bir alət kimi istifadə olunur.

Azərbaycan Respublikasında daxili və xarici turizm meyilləri beynəlxalq səviyyəli iqtisadi əlaqələr, həmçinin respublikanın xarici ölkələrlə mədəni, mənəvi əməkdaşlığının yeni formaları, iqtisadi və sosial səmərəli fəaliyyət istiqamətləri ilə ixtisaslaşır. 142 xarici ölkələrlə iqtisadi əlaqələr Azərbaycanda dünya bank sisteminin iqtisadi korporasiyalarının filial və nümayəndəliklərinin olması və onlarda xidmət göstərən xarici vətəndaşların daxili turizm bazalarından istifadə etməsi istiqamətləri dərinləşir. Belə ki, xarici turistlər 2009-cu ildə 1,4 milyon nəfərə qədər yüksəlib ki, bu da öz növbəsində əhalinin hər altı nəfərindən biridir. Gələcəkdə bu rəqəmin 2 milyona çatdırılması və respublikadan gedən turistlərin 2,5 milyon nəfərə qədər yüksəlməsi variantı əhalinin 50 faizinin turizm xidmətindən istifadəsini təşkil edəcəkdir. Statistik məlumatlara görə, 2010-cu ilin yay mövsümündə Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olmuşdur. Abşeronda və müxtəlif turizm resurslarına malik regionlarda bu sahənin inkişafı üçün konkret dövlət proqramlarının həyata keçirilməsi turizmin inkişafına güclü təkan vermişdir. Azərbaycanda daxili turizmin inkişaf konsepsiyası sosial-iqtisadi modelləşdirmə ilə əlaqədar olub, bölgələrdə iqtisadi artım tempinin yüksəldilməsinə xidmət edir. Onu da qeyd edək ki, ölkədə neft gəlirlərinin 2020-ci ildən sonra azalması fonunda, iqtisadi artım tempinin saxlanılmasının ən mühüm yollarından biri də daxili və xarici turizmi inkişaf etdirməkdir. Daxili turizmin formalaşmasında yerli icma nümayəndələrinin, bələdiyyələrin, kiçik sahibkarlığın rolunun artması gözlənilən mikroiqtisadi yüksəlişlə əlaqəli təşkil olunan modeldir.

Azərbaycan Respublikasında turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdəndir. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. "Şahdağ" qış-yay xizək kurortu, xizək infrastrukturu, 5 beşulduzlu mehmanxananın açılması turizmin inkişafına dəstək verən mühüm tədbirlərdəndir. Bu tədbirlər ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə imkanlar yaradacaq, minlərlə, bəlkə də on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çoxalacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının tələblərinə uyğun olan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun, xidmət sahələrinin və turizmin inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcəkdir.

 

 

Arzu HÜSEYN,

AMEA İqtisadiyyat İnstitutunun

"Analitik informasiya və nəşriyyat"

şöbəsinin müdiri, iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2011.- 5 fevral.- S. 1.