Ölkəmizin
sosial-iqtisadi potensialı gücləndikcə müasir
inkişafın əsas vektoru olan modernləşmə daha da
sürətlənir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir
Azərbaycan xalqı öz dövlət
müstəqilliyini bərpa etməsinin 20-ci ilinə qədəm
qoymuşdur. Geridə qalan dövrdə problem və çətinliklərimizlə
yanaşı, çoxsaylı uğur və nailiyyətlərimiz
də olmuşdur. Biz - rəsmi mətbuat təmsilçiləri
və ya ölkəmizi təmsil edən politoloq və ekspertlər
müstəqil dövlətimizin uğurlarından söz
açarkən çoxsaylı faktlara və rəqəmlərə
istinad edirik. Bu məsələyə münasibət bildirən
əcnəbi ekspertlər isə bizim daxili və xarici siyasətimizi
xarakterizə etmək istəyərkən daha yığcam ifadələrlə
kifayətlənirlər. Məsələn, rusiyalı ekspertlərdən
biri Azərbaycan həqiqətləri barədə söz
açarkən çox maraqlı bir ifadə işlədir:
"9 milyonluq bir ölkəyə 15 ildə 95 milyard
dollarlıq sərmayə yatırılıbsa və bunun 50
faizini xarici investorlar gətiriblərsə, deməli, bu
ölkənin çox uğurlu daxili və xarici siyasəti
mövcuddur".
Haqlı
mövqedir. Əgər ölkədə daxili siyasət
xalqın arzuladığı səviyyədə
yürüdülməsə bu qədər sosial-iqtisadi
inkişafa nail olunması qətiyyən mümkün
olmazdı. Daxili sabitliyin rəhni olan daxili siyasət dünya
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsəydi,
ərazi və əhali baxımından o qədər də
böyük olmayan gənc müstəqil dövlətə
qısa müddətdə 50 milyard dollara yaxın xarici sərmayə
yatırılmazdı. Bu faktın hansı zəmin üzərində
reallaşdırıldığını Prezident İlham Əliyev
yanvarın 27-də Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində
Avstriya İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının birgə nahar mərasimindəki
çıxışında daha açıq şəkildə
ifadə etmişdir: "Biz sərmayələrin qorunması
üçün güclü hüquqi baza
yaratmışıq və bütün əsas enerji müqavilələrimiz
parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsi
almaq məqsədi ilə Prezident tərəfindən
imzalanır... Bu isə ən vacib amildir. Çünki sərmayədar,
xüsusən də, regionumuzdakı xarici investorlar 100 faiz əmin
olmalıdırlar ki, sərmayələr qorunacaq və
heç kim artıq imzalanmış müqavilələrdəki
şərtləri dəyişdirməyə
çalışmayacaqdır".
Dövlət başçımızın qeyd etdiyi bu məqamlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, rəsmi Bakıya dünya miqyasında inam və etimadı artırır və nəticədə gənc mütəqil respublikamızın sabahına ümidlər artır, perspektivdə daha böyük inkişafa yol açılır. Yəqin diqqətli oxucunun nəzəridən yayınmadı ki, biz respublikamızın beynəlxalq aləmdəki nüfuzu və müstəqil xarici siyasət yeritməsi barədə sətirləri qələmə alarkən öncə sırf iqtisadi amillərdən söz açdıq. Bu isə tamamilə təbiidir. Çünki bu gün dünya miqyasında ölkələrin xarici siyasətini bilavasitə milli maraqlar müəyyən edir ki, onun da təməlində iqtisadi maraqlar dayanır. Həmin tendensiyanı istənilən Avropa ölkəsinin xarici siyasətində görürük. Cəmiyyət həyatının bütün sahələrində Avropa dəyərlərinə və standartlarına doğru qətiyyətlə irəliləyən Azərbaycan Respublikası xarici siyasət kursunun müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində də Avropa təcrübəsinə xüsusilə istinad edir. Əslində, ölkəmizin xarici siyasət kursunu ulu öndər Heydər Əliyev hələ 1994-cü ildə müəyyənləşdirmiş və xüsusi relsə salmışdı. Elə o zaman da Avropaya inteqrasiya və dünya təcrübəsinə istinad edilməsi ölkəmizin xarici siyasətində xüsusi bir xətt kimi mühüm əhəmiyyət kəsb edirdi. Ancaq 2003-cü ilin payızından sonra Prezident İlham Əliyev bu kursun daha da çevik məcraya yönəldilməsi və zamanın tələbləri əsasında daha konkret, daha kəskin addımlar atılması üçün xüsusi prinsiplərin reallaşdırılmasına nail oldu.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən ölkəyə çevrildi. Artıq qitə miqyaslı elə bir beynəlxalq tədbir olmur ki, orada Azərbaycan söz sahibinə çevrilməsin. İndiyə qədər Bakı - Tbilisi - Ceyhan neft, Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərləri və hazırda Avropanın böyük maraq göstərdiyi NABUKKO layihəsi Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının "köhnə qitə"yə çatdırılmasını təmin edirdi. İndi isə rəsmi Bakının dəstəyi ilə reallaşdırılan Bakı - Tbilisi - Qars dəmir yolu layihəsi artıq nəinki Xəzəryanı ölkələrlə Avropa arasında mükəmməl iqtisadi əməkdaşlığa zəmin yaradacaq, üstəlik, Asiya və Avropa iqtisadiyyatını bir-birinə rahat, ucuz və daha operativ şəkildə qovuşuduracaqdır.
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əsas prioritetlərindən biri də ölkəmizin müasir daşınma infrastrukturunun şaxələndirilməsidir. Daşınma xətlərinin şaxələndirilməsi ölkəmiz üçün iqtisadi və siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Belə ki, neft və qazın xarici bazara çıxarılması üçün istiqamətlərin daha çox olması Azərbaycana öz sərvətlərini istədiyi qiymətə satmaq imkanı verir. Digər tərəfdən, daşınma infrastrukturunun şaxələndirilməsi Azərbaycanda marağı olan ölkələrin hamısının maraqlarının təmin edilməsinə şərait yaradır ki, bu da son nəticədə ölkəmizin dostlarının, əməkdaşlıq etdiyimiz qütblərin daha da çoxalması baxımından əhəmiyyətlidir. Məlum məsələdir ki, bu gün müstəqil Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən başqa heç bir problemi qalmayıb. Dövlət öz ölkəsinin və xalqının bütün problemlərini həll edib. Dağlıq Qarabağ münaqişəsinin isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bizə beynəlxalq aləmin böyük dəstəyi gərək idi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-diplomatik tədbirlər, xüsusən, uğurlu neft diplomatiyası nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük dəstək qazanmışdır.
Bu gün BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və eləcə də bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyünün bərpası şərtiylə həll edilməsi zərurətini bəyan edirlər. Dünyanın bütün aparıcı ölkələri qətiyyətlə israr edirlər ki, Qafqazdakı dövlət sərhədləri SSRİ-nin çökməsindən sonra yaranan müstəqil dövlətlərin BMT-yə üzv olduğu dövrdəki xəritələri əsasında tanınır və bu sərhədlər bərpa edilməlidir. Yəni rəsmi Bakı Ermənistanın və dünyanın müxtəlif yerlərindəki ermənipərəst qüvvələrin yüz illərdən bəri dünya ictimaiyyətinə sırıdığı yalan və iftiraların ifşa olunmasına nail olmuşdur.
Ekspertlərin fikrincə, Azərbaycanın xarici siyasətinin əsas uğurlarından biri də elə Ermənistanın beynəlxalq aləmdə təklənməsidir. Məhz bunun nəticəsində hazırda Ermənistan iqtisadiyyatı tamamilə çökmək ərəfəsindədir. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanıdıqca İrəvana himayədarlıq edənlər də azalır. Bu isə öz növbəsində ölkə əhalisinin məcburi mühacirətini sürətləndirir. Bu gün Ermənistanda ölkənin düşdüyü bəlaların səbəbini araşdıran siyasətçi və ekspertlərin 50 faizi bunu Serj Sarkisyanın uğursuz siyasətində görürsə, 50 faizi də rəsmi Bakının uğurlu xarici siyasəti ilə əlaqələndirir. "Serj Sarkisyan Azərbaycan Prezidentinə hər addımda uduzur" - deyə həyəcan təbili çalan erməni siyasətçiləri İrəvanın bütün dünyada təklənməsinin çox böyük fəsadlara səbəb olacağını söyləyirlər. Görəsən həmin fəsadlar nədən ibarətdir? Politoloq Arsen Ambartsumyanın fikrincə, ermənilər ən böyük fəsadla artıq üzləşiblər: "Bütün beynəlxalq təşkilatlar Bakının mövqeyini dəstəkləyir. Bizim üçün bundan böyük fəsad ola bilərmi?"
Beləliklə, Azərbaycan öz müstəqil xarici siyasəti ilə beynəlxalq aləmdə yeni nüfuz, inam və etimad qazanır. Bu isə bizim daha böyük uğurlarımıza, perspektivdəki qələbələrimizə zəmin yaradır. Ən böyük qələbəmiz isə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində haqqın qalib gəlməsi olacaqdır.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 6 fevral.- S. 1.