Sığorta-pensiya sisteminin
inkişafı dövlət proqramına uyğun
aparılır
"Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
respublikanın iqtisadi və sosial həyatında baş verən
ardıcıl dəyişikliklərin şahidiyik. Son yeddi ildə
ölkə həyatının bütün sahələrində
olduğu kimi, sosial sahədə də ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi prinsiplər
uğurla reallaşdırılmışdır. Qısa
müddətdə çox mühüm iqtisadi islahatlar
aparılmış və nəticədə Azərbaycanda beynəlxalq
standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül
tapmışdır. Həyata keçirilən islahatlarla ilk
növbədə Azərbaycanda mövcud olan və
keçmiş sovet dövründən qalan pensiya sisteminin
bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu və bunun
yaratdığı çoxsaylı problemlər aradan
qaldırılmışdır." Bunu Dövlət Sosial
Müdafiə Fondunun sədri Səlim Müslümov Xəzər-Avropa
İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə
görüşündə bildirmişdir.
Hazırda
ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi
dövlət sosial sığortası əsasında fəaliyyət
göstərir və sistemin əsas məzmununu
sığortaolunanlar üçün ödənilən
sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların
pensiya təminatının həmin uçotun məlumatlarına
əsasən aparılması təşkil edir. İslahat tədbirləri
çərçivəsində 2004-cü ildən etibarən
fərdi uçot sisteminin yaradılması üçün əvvəlcə
pilot, sonra isə respublikanın bütün ərazilərində
layihələrin icrasına başlanmışdır. Fərdi
uçotun və informasiya texnologiyalarının bütün
ölkə ərazisində tam tətbiqi üçün
hazırlıq işləri 2005-ci ildə başa
çatdırılmış, bununla da ölkədə yeni
pensiya sisteminin işləməsi üçün zəruri
infrastruktur hazırlanmışdır. Sosial sığorta və
pensiya təminatı sahəsində fərdi uçota əsaslanan
yığım sisteminə keçidin sürətləndirilməsi
və hər bir sığortaolunan üçün ödənilən
sosial sığorta haqları ilə onun pensiya təminatı
arasında birbaşa əlaqəni təmin edəcək
pensiya sisteminin yaradılması üçün 2006-cı ildən
qanunvericiliyin tətbiqinə başlanmış, pensiya təminatı
sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini
təşkil edən dövlət sosial müavinətləri
və sığorta-pensiya sistemlərinin bir-birindən
ayrılması təmin olunmuşdur. Bununla da ölkədə
pensiyaçıların sosial müdafiəsinin dövlət
tənzimlənməsi və bazar münasibətləri əsasında
təminatının müasir forması təşəkkül
tapmışdır. Azərbaycanda üçpilləli pensiya
sistemi qəbul olunmuşdur ki, bu da ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyən edilmiş
pensiyaçıların sosial müdafiəsinin dövlət
siyasətində daim ön plana çəkilməsi prinsipinin
əyani təzahürüdür. Bu sistemə keçidin
xarakterik xüsusiyyətlərindən biri əvvəlki
sistemlə pensiyaya çıxmış insanların da əhatə
olunması, onların pensiya hüquqlarının
qorunmasında sosial ədalətin gözlənilməsi və
heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə
inteqrasiyasıdır. Yeni sığorta-pensiya sistemində
pensiyaların artırılması mexanizminin bazar
iqtisadiyyatının tələblərinə uyğun şəkildə
dəyişdirilməsi mövcud maliyyə imkanlarının
bütün pensiyaçılar arasında ədalətli
bölgüsünə imkan vermişdir. Çünki, əvvəlki
sistemdə pensiyalara artımların müxtəlif dövrlərə
uyğun fərqli indeksləşdirmə metodları əsasında
və müxtəlif vaxtlarda aparılması bu və ya digər
pensiyaçılar kateqoriyasının haqlı
narazılığı ilə nəticələnirdi.
2006-cı il yanvarın 1-dən tətbiq edilən
sığorta-pensiya sistemi əmək pensiyalarının baza
hissəsinin istehlak qiymətləri indeksi nəzərə
alınmaqla bütün pensiyaçılar üzrə bərabər
məbləğdə artırılması, sığorta hissəsinin
isə indeksləşdirilməsini nəzərdə tutur ki,
bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların
pensiya təminatı hüququnun etibarlı müdafiəsini
ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq
inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa
başlanmışdır. Bu sistem fəaliyyətə
başladığı dövrdən indiyədək əmək
pensiyalarının minimum məbləği 3,4 dəfə,
orta aylıq məbləği isə 4 dəfə
artmışdır. Ötən 5 ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən yaşa görə
əmək pensiyasının baza hissəsinin
artırılması ilə bağlı 7, sığorta hissəsinin
artırılması ilə bağlı 4 sərəncam
verilmişdir. Yaşa görə əmək
pensiyasının baza hissəsinin məbləği 2010-cu il
sentyabrın 1-dən 85 manat müəyyən olunmuş,
növbəti dəfə 13,6 faiz artırılıb təxminən
1 milyon 254 min 200 pensiyaçıya şamil edilmişdir.
Artım prosesində pensiyanın baza hissəsini 100 faiz
alanların (1 milyon 116 min nəfər) pensiyasının
artımı 10 manat, bəzi kateqoriyaya aid olan
pensiyaçılarda isə daha çox olmuşdur.
DSMF-nun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan "mərkəzi server"də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində idarəetmənin səmərəliliyini artırır. Fondun 70-dən artıq yerli şöbəsinin yeni inzibati binası istifadəyə verilmiş, hər binada müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulmuşdur. Dünya Bankının vəsaiti hesabına ən müasir 1600 dəst kompüter avadanlığı alınaraq sayı 2280-ə çatdırılmış və beləliklə, 1 işçiyə 1 kompyuter prinsipi ilə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır. Bugünədək 1 800 min nəfərdən artıq vətəndaşa fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi paylanmışdır. Bütün bunlar- fondun yerli şöbələri üçün müasir, avtomatlaşdırılmış iş şəraitinə malik binalar tikilməsi, rayon və şəhər şöbələrində iş proseslərinin sadələşdirilməsi və keyfiyyətinin artırılması məqsədiylə hər şöbə üçün müxtəlif növ informasiya texnologiyaları avadanlıqları (kompyuter, server, surətçıxaran, printer), elektrik generatorları və stabilizatorlar alınması, eləcə də DSMF-də insan resursları ilə bağlı araşdırmanın aparılması və kadr potensialının gücləndirilməsi işinin həyata keçirilməsi yerli orqanların işinə diqqət və qayğı olduğunu sübut edir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 6 fevral.- S. 3.