Ötən il Siyəzən rayonu üçün də uğurlu
olmuşdur
Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 2010-cu ilin sosial- iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı ənənəvi olaraq toplantı iştirakçılarının ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin ziyarəti ilə başladı. Sonra qonaqlar və rayon ictimaiyyəti şəhər mədəniyyət evinin foyesində Siyəzənin ayrı-ayrı istehsal müəssisələrinin məhsullarının nümayiş olunduğu sərgi ilə tanış oldular.
Yığıncaq Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyevin hesabat məruzəsi ilə başladı.Natiq 2010-cu ildə ölkə iqtisadiyyatında əldə olunan uğurlardan danışaraq qeyd etdi ki, son illər kimi, yola saldığımız 2010-cu il də ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur.
Dünyanın əksər ölkələrində iqtisadi böhran və tənəzzül müşahidə olunsa da, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 5 faiz artmışdır. Şübhəsiz, bu uğurun təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti və mükəmməl idarəçilik məharəti dayanır. Ölkədə makroiqtisadi vəziyyətin sabit qalması, inflyasiyanın cəmi 5,7 faiz təşkil etməsi, milli valyutanın sabitliyinin qorunması, yoxsulluq səviyyəsinin 9,1 faizə və ya son yeddi ildə 4-5 dəfə aşağı düşməsi, əhalinin pul gəlirlərinin 12,3 faiz artması deməyə əsas verir ki, 2011-ci il də respublikamızın iqtisadiyyatının inkişafı üçün uğurlu olacaq.
2010-cu ildə ölkə iqtsadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. İnvestisiyaların 9,3 milyard dolları qeyri neft sektoruna yönəldilib. Ölkəmizin valyuta ehtiyatları 29,1 milyard dollara çatmışdır.İqtisadiyyatın artım tempi göstərir ki, cari ildə bu göstərici daha da artacaqdır. Bu da Azərbaycana həm daxildə, həm də başqa ölkələrdə istənilən infrastruktur və regional layihələrə investisiya qoymağa imkan verir.
Heç kimə sirr deyil ki,son illər ordu quruculuğuna ayrılan vəsait ilbəil artırılır. 2011-ci ildə müdafiə xərclərinin həcminin 3 milyard dollardan çox olacağı nəzərdə tutulur.
Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət uğurla davam edir və hələ neçə illər ölkəmizin inkişaf etməsinə öz mühüm töhfələrini verəcək.
Ə.Rufiyev qeyd etdi ki, ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan Siyəzən rayonu da kənarda qalmayıb. Dövlət Proqramının tələblərindən irəli gələn müddəalara uyğun olaraq, regionun inkişafı ilə bağlı layihələrin reallaşdırılmasının davam etdirilməsi, eləcə də 2009-ci ilin yekunları ilə əlaqədar rayon icra hakimiyyəti başçısının hesabatı zamanı yerlərdə vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınmaqla tərtib olunmuş Tədbirlər Planının icrası davam etdirilmiş və bu istiqamətdə bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Belə ki, 2010-cu ilin əvvəlindən başlayaraq, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin xətti ilə Siyəzən şəhərinin mərkəzi küçəsində abadlıq işlərinə başlanılmış, Ulu öndər Heydər Əliyevin adını daşıyan, 4 kilometr uzunluğunda mərkəzi küçəyə 1,4 milyon manat dəyərində, müasir standartlara cavab verən səviyyədə üçqat asfalt örtüyü çəkilmiş, yolun hər iki tərəfində, 418 min manat dəyərində yeni piyada yolu tikilmiş, yol boyu 302 min manat dəyərində ən müasir işıqlandırma sistemi quraşdırılıb istifadəyə verilmiş, iki ədəd müasir dayanacaq, 3,6 kilometr uzunluğunda 340 min manat dəyərində, drenaj sistemi tikilmişdir. Şəhərin mərkəzindən yağış sularının axıdılması üçün 960 metr uzunluğunda kanalizasiya xətti çəkilərək şəhərdən kənara çıxarılmışdır ki, bunun nəticəsində Mədəniyyət sarayının qarşısından şəhər stadionuna qədər məsafəni əhatə edən ərazidəki fərdi yaşayış evlərinin də kanalizasiya problemi öz həllini tapmışdır. Siyəzən-Xızır Zində avtomobil yolu və Siyəzən şəhərindən Bakı-Rusiya Federasiyası avtomobil yoluna çıxan yol da əsaslı təmir olunmuşdur.
Natiq bildirdi ki, şəhərin küçələrində kanalizasiya xətlərinin təmiri və yeni xətlərin çəkilişi işləri davam etdirilmişdir. Belə ki, H.Əliyev küçəsində 1200 m uzunluğunda mövcud kanalizasiya xətti və üzərindəki baxış quyuları açılaraq təmir edilmişdir. Bununla yanaşı, yerli büdcə vəsaiti hesabına mərkəzi yoldan H.Talıbov küçəsinə qədər məsafəyə asfalt örtüyü çəkilmiş, yol boyu yeni işıqlandırma sistemi quraşdırılmışdır. Həmçinin Mədəniyyət sarayının qarşısından şəhər stadionuna qədər yol əsaslı təmir olunmuş, bardür düzülərək piyada yolu tikilmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Hesabat dövründə şəhərin işıqlandırma məsələsi daim diqqət mərkəzində saxlanılmış, şəhər Mədəniyyət və istirahət parkında yeni işıq dirəkləri, digər park və xiyabanlarda isə 150 ədəd park işıqları quraşdırılmışdır. Keçən il şəhərin İ.Qayıbov, Nizami, T.İsmayılov, Vaqif küçələrinə asfalt örtüyü verilmiş, O.Qoçəliyev, B.Bayramov, H.Talıbov küçələrinə çınqıl-qırmadaş döşənmişdir ki, buna da 74992 manat vəsait xərclənmişdir. Bu işlərin görülməsində Siyəzən 4 saylı Yol İstismar idarəsi yaxından iştirak etmiş, idarə tərəfindən şəhərdaxili yolların təmiri üçün 3709 ton asfaltbeton istehsal edilmişdir.
Hesabat dövründə büdcə vəsaiti hesabına H.Əliyev küçəsindəki 145, 147 və 149 nömrəli binaların dam örtüyü dəyişdirilmiş, Siyəzən şəhərinin cənub girişindəki, şəhərin adını əks etdirən lövhənin ətrafında və şəhər avtovağzalının ərazisində 44 min manatlıq abadlıq işləri görülmüşdür. Ümumilikdə il ərzində infrastrukturun qurulması və abadlıq işlərinə 3 milyon 590 min manat vəsait xərclənmişdir ki, bunun da 519 min manatı büdcə vəsaiti olmuşdur. Rayonda yeni tikinti işləri davam etdirilmiş, gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək məqsədi ilə dəyəri 60 min manat olan mini futbol meydançası tikilərək istifadəyə verilmiş və hal-hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə tikilən Uşaq incəsənət məktəbində son tamamlama işləri görülür.
2010-cu ildə rayon üzrə bütün mənbələr hesabına 2 milyon 038 min 670 manatlıq abadlıq quruculuq işləri görülmüşdür.Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da "Ekologiya ili" çərçivəsində ağac əkini kompaniyası davam etmiş, 14900 ağac əkilmişdir. Bunun 7300-ü Bakı-Rusiya Federasiyası avtomobil yolunun 88-103-cü kilometrlərində, 7600-ü isə Siyəzən şəhəri ərazisində həmçinin, "Siyəzənneft" NQÇİ-nin xidməti sahələrində əkilmişdir. Əkilmiş ağacların qorunması və suvarılması işi təşkil edilmişdir. Rayon iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik olan sənaye sektorunda ilin əvvəlindən 6 milyon 834,9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 63,6 faiz, xidmətlərin payı isə 36,4 faiz təşkil etmişdir. Məhsul istehsalının 36,7 faizi neft, 64,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. 2010-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 17 milyon 050,5 min manatlıq əsas fondlar, o cümlədən 16 milyon 619,3 min manatlıq istehsal sferasına xidmət edəcək əsas fondlar, ümumi sahəsi 5,3 min kvadrat metr, o cümlədən yaşayış sahəsi 2,8 min kvadratmetr olan 329,2 min manat dəyərində 46 fərdi yaşayış evi, 50 min manat dəyərində 6 ticarət obyekti istifadəyə verilmiş, sosial-mədəni obyektlərin tikintisi davam etdirilmişdir.
İlin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 23 milyon 089,5 min manat investisiya yönəldilmişdir. Ümumi investisiyanın 20 milyon 328,9 min manatı və ya 94,5 faizi istehsal təyinatlı obyektlərin tikintisinə yönəldilmişdir. İstifadə edilmiş investisiyanın 30,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2010-cu ildə rayon üzrə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi əvvəki ilin eyni dövrü ilə müqayisədə 73,9 faiz artaraq 3 milyon 5,9 min manat təşkil etmiş, görülən podrat işlərinin 1,7 faizi yeni tikintidən, 43,8 faizi əsaslı təmirdən, 54,5 faizi isə cari təmir və sair podrat işlərindən ibarət olmuşdur.
Ə.Rufiyev bildirdi ki, rayonda infrastrukturun genişləndirilməsi, abadlıq-quruculuq işlərinin aparılması üçün təkcə dövlət vəsaiti deyil, eyni zamanda, rayonda fəaliyyət göstərən digər idarə və müəssisələrin, eləcə də sahibkarların imkanlarından da geniş istifadə etmək lazımdır. Bununla əlaqədar ilk növbədə sahibkarlığın inkişafına müsbət şərait yaradılmalı, onların rayonda hansı sahələrin inkişafına sərmayə qoymaları üçün istiqamətlər müəyyənləşdirilməlidir. 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu rayonumuzda geniş tədbir keçirmiş və fond tərəfindən 12 nəfər yerli sahibkara ümumilikdə 130 min manat güzəştli kreditlər verilmişdir.
Ötən il özəl sektorda emal sənayesində faktiki qiymətlərlə 1 milyon 960,7 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz çoxdur. İstehsal edilmiş məhsulun 87,4 faizi içki də daxil olmaqla qida məhsullarının payına düşmüşdür. Natural ifadədə 68,9 min dekalitr çaxır, 17,0 min dekalitr konyak, müxtəlif çeşidli qida məhsulları istehsal edilmişdir.
Natiq vurğuladı ki, ötən ildə rayon üzrə ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz təşkil etmişdir ki, bu da özünü əsasən rayonda quşçuluğun sürətli inkişafı sayəsində göstərmişdir. Qeyd edək ki, rayonda Sahibkarlığın inkişafına köməklik göstərilməsi məqsədi ilə "Siyəzən-Biznes İnkişaf Mərkəzi" fəaliyyət göstərir. Görülən işlər nəticəsində özündə 41 nəfər fəhlə və qulluqçunu birləşdirən "Siyəzən-Şərab" ASC məhsul istehsalına başlamış, Siyəzən Kondensator zavodu "Azərpolimer" adı altında fəaliyyətini bərpa etmiş, burada müxtəlif ölçülü plastik borular, lambir istehsalı mənimsənilmiş, həmçinin alkopon üzlük materialının istehsalı ilə əlaqədar müvafiq işlər görülmüşdür. Bu gün müəssisədə 70 nəfər daimi işlə təmin olunmuş və iş yerlərinin sayının artırılması istiqamətində səylər davam etdirilir. Fəaliyyətini müvəqqəti dayandırmış "Siyəzən-Kərpic" QSC-i də cari ildə işləməyə başlamış və hazırda müəssisədə 100-dən artıq fəhlə və qulluqçu çalışır. İcra hakimiyyətinin başçısı hesabat dövründə rayonda iqtisadi və sosial inkişafı əks etdirən makro göstəriciləri də qeyd etmiş və bildirmişdir ki, əsas sahələr üzrə ümumi məhsul buraxılışı 61,9 milyon manat olmuş, 10 milyon 180,9 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının 59,4 faizi kənd təsərrüfatının, 16,6 faizi ticarətin, 11,0 faizi sənayenin, 11,4 faizi tikintinin, 1,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşmüşdür. İl ərzində əhalinin pul gəlirləri əvvəki illə müqayisədə 7,0 faiz artaraq 54 milyon 170,0 min manata, adambaşına düşən məbləğ isə 1430 manata çatmışdır. Rayonun iqtisadiyyatının əsasını təşkil edən neft-qaz çıxarma sahəsində 40 201 ton neft, 9 984 min kubmetr qaz hasil edilərək dövlətə təhvil verilmişdir.
Ə.Rufiyev rayonda aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, əhalinin məşğulluğu, özəl sektorun inkişafına göstərilən yardım, əhalinin elektrik enerjisi və su ilə təminatı məsələləri barədə də ətraflı danışmış, qazanılan uğurlarla yanaşı, mövcud nöqsan və problemlərə də toxunmuşdur. Qeyd olunmuşdur ki, elektrik enerjisi, təbii qaz, içməli su təminatının yaxşılaşdırılması və dəyərinin ödənilməsi vacibliyini nəzərə alaraq rayon icra hakimiyyəti başçısının rəhbərliyi altında yaradılmış qərargahın hər həftə keçirilən iclaslarında qarşıya çıxan problemlər araşdırılır və aradan qaldırılması üçün əməli tədbirlər görülür.
Hesabat ilində təhsil sahəsində qazanılan uğurlardan da geniş danışan Ə.Rufiyev bildirmişdir ki, ötən il rayonun ümumtəhsil məktəblərini bitirmiş 349 şagirddən 72 nəfəri ali məktəbə qəbul olunmuşdur. Kənd məktəblərində ixtisaslı müəllim kadrlarının çatışmaması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bu məsələnin həlli üçün tədbirlər görmək rayon təhsil şöbəsinə həvalə olunmuşdur.
Natiq rayon gənclər və idman idarəsinin fəaliyyətini müsbət qiymətləndirərək bilidirdi ki, gənclərin asudə vaxtının təşkili və idman yarışlarının əhatə dairəsinin genişləndirilməsi təlim-tərbiyə işinə öz müsbət töhfəsini verir.
Daha sonra Ə.Rufiyev rayonda hüquq mühafizə orqanlarının fəaliyyəti, icra hakimiyyətinə daxil olan ərizə və şikayətlərə baxılması, ictimai-sabitliyin qorunması, dövlət qulluğu üçün ehtiyat kadr bazasının yaradılması və bir sıra digər məsələlər barədə məlumat verdi və 2011-ci ildə qarşıda duran vəzifələr və onların həlli yolları barədə ətraflı danışdı.
Hesabat məruzəsi ətrafında müzakirələrdə qeyd olundu ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 2010-cu ildəki fəaliyyəti qənaətbəxş hesab edilsin. İclasda iştirak edən Prezident Administrasiyasının nümayəndəsi Arif Novruzov və Milli Məclisin deputatı Tahir Süleymanov da yığıncaqda çıxış etdilər.
İclasın yekun qərarı oxunduqdan sonra yığıncaq iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.
İlqar Rüstəmov
Xalq qəzeti.- 2011.- 6
fevral.- S. 4.