Ağsu şəhərinin tarixi öyrənilir

 

Buradakı qədim şəhər yerində geniş miqyaslı arxeoloji tədqiqatlara AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkil etdiyi Ağsu arxeoloji ekspedisiyası tərəfindən "Miras" İctimai Birliyinin maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayında başlanılıb. İndiyə qədər qazıntı ilə əlaqədar "Ağsu şəhəri orta əsrlərdə" kitab albomunun iki buraxılışı çapdan çıxıb.

 

Bu günlərdə Ağsu arxeoloji ekspedisiyası tərəfindən "Arxeoloji turizmin inkişaf prespektivləri" seminarı, "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışı, "Ağsu şəhəri orta əsrlərdə" kitab albomunun üçüncü buraxılışının təqdimatı, "Ağsu şəhəri orta əsrlərdə" 3D filminin təqdimatı təşkil edilmişdir. Bu münasibətlə təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət olunmuş qonaqlar əvvəlcə Heydər Əliyev seyrəngahında oldular. Ardınca "Qəhrəmanlar parkı"nda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş ağsuluların abidəsi ziyarət edildi. Sonra qonaqlar "Orta əsr Ağsu şəhəri" arxeoloji qazıntı yerində oldular. Ekspedisiyanın rəis müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qonaqlara arxeoloji qazıntı barədə ətraflı məlumat verdi. "Orta əsr Ağsu şəhəri : sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışından sonra "Ağsu şəhəri orta əsrlərdə" kitab-albomunun üçüncü buraxılışının təqdimatı oldu.

Təqdimatdan sonra Heydər parkına gələn tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Ağsu Mədəniyyət Sarayında "Arxeoloji turizmin inkişaf perspektivləri" seminarını giriş sözü ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açdı. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim Müslümov çıxış etdilər. Konfransın sonunda "Ağsu şəhəri orta əsrlərdə" 3D filminin təqdimatı oldu.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 8 fevral.- S. 7.