Xocavənd:
Buradan bizim dağlar daha aydın görünür
Qarabağ müharibəsinin insanlığa sığışmayan amansızlıqlarını yaşayan bölgələrimizdən biri də Xocavənddir. Təkcə Qaradağlı faciəsini yada salmaq kifayətdir. Ancaq düşmənin aramsız hücumları, ağlasızğmaz vəhşiliyi, qüvvələrin qeyri-bərabərliyi bu mərd, cəsur və qəhrəman insanların iradəsini qıra bilmədi. Dörd tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmuş xocavəndlilər ümid və intizarla Bakıdan kömək gözləyirdilər... Respublikanın o zamankı rəhbərliyini isə nə Vətən, nə millət, nə də torpaq düşündürdü. Onların başı vəzifə, kabinet və karyera davasına qarışmışdı. Nə canlı qüvvə gəldi, nə də silah-sursat. Beləliklə, xocavəndlilər, əslində, meydanda tək qaldılar. Bu vəziyyət, əlbəttə, uzun müddət davam edə bilməzdi. Düşmən qüvvələr hər gün güclənir, Xocavəndin azərbaycanlılar yaşayan kəndlərinin mühasirə halqası daralırdı...
İşğaldan sonra xocavəndlilərin əksəriyyəti Beyləqan rayonundakı qış yataqlarında məskunlaşdı. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, bütün idarə, müəssisə və təşkilatlar da burda yerləşdi. Ötən illər digər qaçqın və məcburi köçkünlər kimi, xocavəndlilər üçün də əsl sınaq illəri oldu: ev-eşik qurmaq, həyət-baca salmaq, əkmək, becərmək, bir sözlə, yaşamaq lazım idi. Ümummilli lider Heydər Əliyevin gündəlik diqqət və qayğısı onlara yeni inam və ümid gətirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün qaçqın və məcburi köçkünlərin, o cümlədən, xocavəndlilərin iş və yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar, qəbul edilmiş Dövlət Proqramları bu sahədə əsaslı inkişafa səbəb oldu. Bu gün xocavəndlilər hər cür şəraiti olan abad, müasir və yaraşıqlı qəsəbələrdə yaşayırlar.
Bütün bunlar barədə ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda geniş danışılmışdır. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun hesabat məruzəsində qeyd edildiyi kimi, məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması məqsədilə Nazirlər Kabinetinin 11 oktyabr 2009-cu il tarixli 301 saylı sərənəcamı ilə 385 hektar torpaq sahəsi ayrılmışdır. Məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün "Nərgiztəpə" ərazisində 8 subartezian quyusu qazılmışdır. "Qarasu" və "Nərgiztəpə" ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar ilkin layihə işləri yerinə yetirilmişdir. Tuğ kənd orta məktəbinin 125 illiyi geniş şəkildə qeyd edilmişdir.
Yeni salınmış Xocavənd qəsəbəsində rayon icra hakimiyyəti başçısı aparatı üçün inzibati binanın tikinitisinə başlanmışdır. Yeni Tuğ qəsəbəsində orta məktəb binası təmir edilmişdir. Yeni Qaradağlı və Xocavənd qəsəbələrini birləşdirən çınqıl yol çəkilmişdir. Rayon suvarma sistemləri idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmışdır. Xocavənd qəsəbəsində park salınmış, bayraq meydanının tikintisinə başlanmışdır.
Xocavənd qəsəbəsinin telefonlaşdırılması məqsədi ilə qəsəbədə 512 yerlik elektron ATS quraşdırılmışdır. Yeni Xocavənd, Yeni Tuğ və Xocavənd qəsəbələrinin qazlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür. 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar rayonda geniş abadlıq və yaşıllışdarma işləri aparılmış, 5030 ədəd müxtəlif ağac və gül kolları, o cümlədən yolların kənarında 1700 ədəd çinar, şam, küknar və həmişəyaşıl ağacları əkilmişdir.
2010-cu ildə
rayonda iri mal 1876, davar 18933 başa çatmışdır. Bu
dövrdə ət istehsalı 1675 sentner, süd 3845 sentner,
yumurta 679 min ədəd, yun 475 sentner olmuşdur. 2010-cu ilin məhsulu
üçün 15905 hektar sahədə əkin
aparılmışdır. Rayon üzrə 14962 hektar buğda
sahəsindən 21,5 min ton, 260 hektar arpa sahəsindən 338 ton
məhsul əldə edilmişdir. Hazırda rayon ərazisində
21 fərdi sahibkar, 155 ailə kəndli təsərrüfatı
əkinçiliklə məşğuldur.
2010-cu il təhsil sahəsində bir sıra uğurlar və əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Belə ki, rayonun Tuğ kənd orta məktəbinin 125 illik yubileyi geniş şəkildə qeyd edilmiş, yubiley münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bir nəfər "əməkdar müəllim" fəxri adına layiq görülmüş, məktəbin direktoru isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 4 müəllim Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına, 7 müəllim Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil sahəsində uğurlu fəaliyyətinə görə Salakədin kənd orta məktəbinin direktoru Ramiz Rüstəmova "əməkdar müəllim" fəxri adı verilmişdir. Ötən tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 66 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 18 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur.
Səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq gücləndirilmişdir.
2010-cu ildə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, yerli struktur bölmələrində, idarəetmə orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi xeyli təkmilləşdirilmişdir. Rayon icra hakimiyyəti başçısı aparatında hər rübün sonunda daxil olmuş ərizə və şikayətlərə baxılma vəziyyəti araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
Xocavəndlilərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığı nəzərə alınaraq vətəndaşların qəbulunda vaxt məhdudiyyəti qoyulmamış, il ərzində rayon icra hakimiyyəti başçısı 174 nəfər, ayrı-ayrı şöbələr isə 537 nəfəri qəbul etmişdir. Onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş, lazımi kömək göstərilmişdir. İl ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşlər zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüşdür. 2010-cu il ərzində rayon icra hakimiyyəti başçısı respublikanın müxtəlif rayonlarında 49 səyyar qəbul keçirmiş, 71 nəfər qəbul edilmişdir.
Toplantıda 2011-ci il yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə neqativ faktlar, rüşvətxorluq, korrupsiya halları, vətəndaşların qəbulu, müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar araşdırmalı və qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq işlərin həyata keçirilməsini təmin etməlidirlər.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı Elman Məmmədov çıxış etmişlər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 8 fevral.- S. 5.