Nərimanov
rayonu: 2010-cu il mühüm nailiyyətlərlə yola
salınmışdır
Bakı
şəhərinin ən iri rayonlarından biri də Nərimanov
rayonudur. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində hələ keçmiş
sovetlər dönəmində burada inşa edilən və
özünün nəhəng istehsal həcminə görə
seçilən sənaye müəssisələri bu gün də
ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini
təşkil edir. Rayonun paytaxtın 5 mərkəzi rayonunun əhatəsində
yerləşməsi də buradakı nəqliyyat və digər
kommunikasiya sistemlərinin müasir tələblərə
uyğun olaraq durmadan inkişaf etdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. Paytaxtın ən
iri prospektləri olan Heydər Əliyev və Ziya Bünyadov
prospektləri də bu rayonda yerləşir. Son illər burada
nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından
mühüm irəliləyişlər olmuş, müasir
standartlara uyğun körpü və yolötürücüləri
inşa olunmuş, prospekt və yollar genişləndirilmişdir.
Ümumilikdə, bütün ölkədə aparılan
quruculuq və abadlıq işləri Nərimanov rayonunda da
geniş vüsət almışdır. Son vaxtlar tikilməkdə
olan və özünün əhəmiyyətinə görə
digər sosial obyektlərdən müasirliyi, modern
arxitekturası, relyefi, genişliyi və əzəməti ilə
seçilən, dünyada analoqu olmayan, ümummilli liderimizin
adını daşıyan Heydər Əliyev Mərkəzini
rayonun şah əsəri kimi dəyərləndirmək olar.
Rayonda
sakinlərin istirahətinin təşkili baxımından da
xeyli işlər görülmüşdür. "Ekologiya
ili" elan olunmuş 2010-cu il çərçivəsində
7 hektar ərazi rayonun daxili imkanları hesabına
abadlaşdırılmış, park-yaşıllıq
zolağı salınmış, ölkəmizin müxtəlif
bölgələrindən və İtaliyadan gətirilmiş
müxtəlif qiymətli ağaclar əkilmişdir.
Sosial-iqtisadi göstəricilər
Rayon ərazisində 137 sənaye obyekti, 122 tikinti təşkilatı, 1800 firma, şirkət, kiçik müəssisə, 40 nəqliyyat, 43 rabitə müəssisəsi və s. fəaliyyət göstərir. Burada 8 ali, 2 orta ixtisas təhsil müəssisəsi, 4 peşə liseyi, 1 gimnaziya, 3 kollec, 20 orta məktəb, 5 kitabxana, 28 dövlət və 13 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Son dövrdə rayon ərazisində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO- nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə fond tərəfindən akademik Zərifə Əliyeva adına uşaq bağçası, Respublika Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq evi və müasir məktəb kompleksi tikilib istifadəyə verilmiş, kor və zəif görən uşaqlar üçün Respublika İnternat məktəbi və onun nəzdində musiqi məktəbi, "Ankara məktəbi" liseyi, 6 saylı uşaq poliklinikası əsaslı təmir olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi ilə Nərimanov rayonunda bir sıra mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Ümumiyyətlə, son beş ildə ölkə Prezidenti 30 dəfə Nərimanov rayonu ərazisində olmuş, 25 açılış və 2 təməlqoyma mərasimində iştirak etmiş, tanışlıq xarakterli 3 tədbirə qatılmışdır. Cənab İlham Əliyev tərəfindən təməli qoyulan və onun şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirmiş və gözəlləşdirmiş, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Nərimanov rayonunun hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür və bu işlər hazırda da uğurla davam etdirilir. 2010-cu ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 307,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 93,2 faiz təşkil etmişdir. 2010-cu ildə istehlakçılara 320,3 milyon manatlıq və ya bütün sənaye məhsulunun 105,9 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 55,1 faiz təşkil etmişdir. Sənaye kompleksində işləyənlərin sayı il ərzində 2741 nəfər artaraq 11795 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 17,2 faiz artaraq 362,7 manat olmuşdur. Sahibkarlığın inkişaf etdirilməsi və onlara göstərilən dövlət dəstəyinin artması nəticəsində 2008-ci ildə 295, 2009-cu ildə 302, 2010-cu ildə isə 332 yeni müəssisələr yaradılmışdır. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildən indiyə kimi 27834 daimi iş yeri yaradılmışdır ki, bunun da 1807-si 2010-cu ildə yaradılmışdır. Daimi iş yerlərinin 56 faizi yeni müəssisə və təşkilatların hesabına yaradılmışdır. İl ərzində bütün mənbələr hesabına əsas kapitala 51,3 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da 2009-cu ilə nisbətən 97,1 faiz təşkil etmişdir. Qoyulmuş investisiyaların 99,9 faizini daxili investisiya təşkil etməklə 99,2 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. Tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 356,2 milyon manat olmaqla əvvəlki ilə nisbətən 84,4 faiz təşkil etmişdir. Bu sahədə işləyən işçilərin orta aylıq əmək haqqı 11,2 faiz artaraq 465 manat təşkil etmişdir.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də artmışdır. Belə ki, il ərzində rayon əhalisinə 187,1 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən dövrə nisbətən 111,2 faiz artım qeydə alınmışdır. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf etmişdir. İl ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 712,6 milyon manat olmaqla 100,6 faiz artım qeydə alınmışdır. Əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 26,1 milyon manat olmaqla 65 faiz artmışdır. Ticarət sahəsində işləyənlərin sayı 1170 nəfər artaraq 11992 nəfər təşkil etmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin həcmi də artmışdır. Belə ki, 2010-cu ildə 66,7 milyon manatlıq, ötən dövrə nisbətən 3,7 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir. Bu sahədə orta aylıq əmək haqqı 44,4 faiz artaraq 362,3 manat olmuşdur.
Bakı şəhəri sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədilə 2006-cı ilin 17 iyulundan başlayaraq hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuşdur.
İl ərzində rayonda Azərbaycan Prezidentinin tapşırığı və bilavasitə nəzarəti altında çox mühüm sosial və digər infrastruktur layihələri həyata keçirilmişdir. 2010-cu ildə Prezident İlham Əliyev 6 dəfə Nərimanov rayonunda olaraq obyektlərin rəsmi açılışlarında iştirak etmişdir. Bu obyektlər aşağıdakılardır:
1. 16 mart 2010-cu ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Departamentinin İdarəetmə Mərkəzi;
2. 6 iyul 2010-cu ildə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin mərkəzi qərargahı;
3. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Mətbuat Şurasının yeni inzibati binası;
4. 9 noyabr 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Nərimanov rayonunda inşa olunmuş məktəb kompleksi;
5. 29 dekabr 2010-cu ildə K.Rəhimov küçəsinin F.X.Xoyski və Təbriz küçələri ilə kəsişməsində yeraltı yol ötürücüsü.
Abadlıq və
quruculuq işləri
Məlum olduğu kimi, rayon ərazisində Qafqazda analoqu olmayan ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəz inşa edilir. Sentyabrın 9-da cənab Prezident tikilməkdə olan Heydər Əliyev Mərkəzinə gəlmiş, tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olmuşdur. Heydər Əliyev Mərkəzinin tikintisi ilə əlaqədar rayon icra hakimiyyətinə aid olan işlərin icrası təmin olunmuş, ərazidəki 5 yaşayış binasının sakinləri rayonun mərkəzində yeni tikilmiş yaşayış kompleksində öz əvvəlki mənzillərinin ümumi sahəsindən 2 dəfə çox olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillərə köçürülmüşdür.
Rayonda iri infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilir. Gənclik meydanında yeraltı yolötürücüsünün və yeraltı avtomobil dayanacağının inşası, metronun "Gənclik" stansiyası ətrafındakı binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi buna əyani sübutdur. Bakı şəhərində olduğu kimi, son 5 ildə rayonun siması əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu inkişaf prosesi uğurla davam etdirilir. Bütün bunlar Prezidentin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətinin real nəticəsidir.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində keçən il müvafiq işlər görülmüşdür. Azadlıq prospekti, Həsən Əliyev, Ziya Bünyadov prospekti və digər küçələrdə nümunəvi məhəllələr yaradılmışdır. Koroğlu Rəhimov küçəsi və Heydər Əliyev prospektində yol kənarlarında müasir standartlara cavab verən abadlıq, quruculuq işləri aparılmışdır. Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə bağlı rayonda çox mühüm işlər görülmüşdür. Rayonun küçə və prospektlərinin ətraflarında, məhəllədaxili ərazilərində, park və yaşıllıq zolaqlarında 6 mindən çox ağac, 18 mindən çox dekorativ kol və gül bitkiləri əkilmiş, mövcud yaşıllıqlara yüksək səviyyədə aqrotexniki qulluq göstərilmişdir. A.M.Cümə küçəsində ayrılmış 7 hektar ərazidə nümunəvi yaşıllıq zolağı salınmış, burada İtaliyadan gətirilmiş hündürlüyü 3-4 metrdən çox olan 3 mindən çox leylandra ağacları əkilmişdir. Onlara qulluq üçün ərazidə 2 ədəd subartezian quyusu qazılmış, tutumu 300 kubmetr olan su anbarı tikilmiş, suvarma-damcılama vasitəsi ilə həyata keçirilən sistem yaradılmış, mühafizə məqsədilə ərazi dəmir barmaqlıqlarla hasara alınmışdır. A.M.Cümə və akademik Həsən Əliyev küçələrinin kəsişməsində yeni yaşıllıq zolağı salınmışdır. H.Əliyev, Atatürk prospektlərində və K.Rəhimov küçəsində yerləşən yaşayış binalarının fasadları və dam örtükləri təmir edilmişdir və bu işlər davam etdirilir. Bir sıra küçələrdə məhəllədaxili yollara təxminən 70000 kvadratmetr asfalt örtüyü salınmışdır.
İstilik sistemlərinin təmiri ilə əlaqədar mühüm işlər görülmüş, 178 saylı orta məktəb və 305, 89, 165, 49, 307, 64 saylı uşaq bağçalarının, 12 yaşayış binasının istilik sistemində əsaslı təmir işləri aparılmışdır.
Elektrik enerjisi və
qazla təminat
Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda 4 ədəd transformator məntəqəsi quraşdırılmış, 6 ədəd yeni transformator məntəqəsi tikilmiş, kabellər və naqillər yeniləşdirilmişdir. Köhnə hava xətləri yeni SİP xətləri ilə əvəzlənmiş, 6820 ədəd abonentin sayğacları elektron sayğaclarla əvəz olunmuşdur. Ümumiyyətlə, il ərzində 200 binada və 77 ədəd həyət evində sayğaclaşma həyata keçirilmiş, 9882 ədəd abonentin sayğacları elektron sayğaclar ilə əvəz olunmuşdur.
Nərimanov rayon su kəməri istehsalat istismar zonası, kanalizasiya qəza sahəsi əhaliyə xidmətin səviyyəsini yüksəltmək üçün müvafiq işlər görmüşlər.
Rayon qaz istismar idarəsi tərəfindən müxtəlif ünvanlara yeni qaz kəmərləri çəkilmiş, əhalinin qazla təchizatını yaxşılaşdırmaq üçün digər profilaktik işlər həyata keçirilmişdir. Nəticədə ödənişlərin illik yığım göstəriciləri elektrik enerjisi üzrə 102,2 faiz, təbii qaz üzrə 102,6 faiz, içməli su üzrə 49,8 faiz təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə də bir sıra işlər görülmüş, onları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformatorlar əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bakı Dövlət Cıdır Meydanı ərazisində məskunlaşmış məcburi köçkünlər üçün yeni su xətti çəkilmişdir. Ə.Qayıbov, 24 ünvanda məskunlaşmış məcburi köçkünlərin yaşadıqları ərazi abadlaşdırılmış, N.Nərimanov küçəsi 7a-da yerləşən yataqxana əsaslı təmir edilmiş, Qədirbəyova 63a ünvanında, Səttarxan adına zavodun yarımçıq inzibati binasında məskunlaşmış 305 məcburi köçkün ailəsi müasir tipli, tam təmirli yeni mənzillərə köçürülmüşlər. Bu müddət ərzində 1367 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilmişdir.
Təhsildə
uğurlar
Ötən dərs ilində Nərimanov rayonu ərazisindəki 22 ümumtəhsil məktəbində 24648 şagird təhsil almışdır. Təhsilini müvəffəqiyyətlə başa vurmuş 1906 nəfər məzundan 1711 nəfəri ali məktəblərə sənəd vermiş və 829 nəfəri (48,45 faiz) yüksək nəticələrlə daxil olmuşdur. 59 nəfər 600-dən yuxarı bal toplamış, 5 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Rayon məktəbləri arasında ən yaxşı göstərici Araz ekologiya liseyində olmuşdur. Bu təhsil ocağında 47 nəfər məzundan 30 nəfəri (64,4 faizi) ali məktəblərə daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamına uyğun olaraq hər il keçirilən müsabiqədə Nərimanov rayonunun ümumtəhsil məktəbləri də yaxından iştirak edir. Nərimanov rayonu məktəblərinin əldə etdikləri nailiyyətlər ölkə Prezidentinin müvafiq sərəncamlarında öz əksini tapmış, 304, 177 və 258 saylı məktəblər "İlin məktəbi", 193 saylı məktəbin ingilis dili müəllimi İslamova Məhbubə Məmməd qızı, Araz ekologiya liseyinin ibtidai sinif müəllimi Əsgərova Şəfəq Məhəmmədəli qızı, 212 saylı məktəbin ibtidai sinif müəllimi Qəmbərova Gülnarə Əzizxan qızı "İlin müəllimi" adına layiq görülmüşlər. Məktəblərin əldə etdiyi nailiyyətlər rayon icra hakimiyyəti rəhbərliyinin də diqqətindən kənarda qalmamışdır. Rayon icra hakimiyyətində təhsil sahəsində əldə edilmiş nailiyyətlər, mövcud problemlər geniş müzakirə olunmuş və Prezident təqaüdünə layiq görülən 5 nəfərə noutbuklar, 650-dən çox bal toplayan 20 nəfər məzunun hər birinə 200 manat, "İlin məktəbi" və "İlin müəllimi" adına layiq görülənlərə isə qiymətli hədiyyələr verilmişdir.
Təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən, təhsilimizin inkişafında xidmətləri olan şəxslər də ölkə Prezidentinin diqqətindən kənarda qalmamışdır. Bilik Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nərimanov rayonundan Humanitar Fənlər Gimnaziyasının direktoru Dəmirov Novruz Hüseyn oğluna, Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Hüseynov Qafar Möhsün oğluna, 177 saylı orta məktəbin direktoru Məmmədova Həqiqə Şahbaz qızına "Əməkdar müəllim" fəxri adı verilmişdir. Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 291 saylı Araz ekologiya liseyinin müəllimi Kərimova Səadət Səftər qızı, 82 saylı orta məktəbin müəllimi Nəsibova Almaz Əhməd qızı, 45 saylı orta məktəbin müəllimi Şahbazova Xalidə Hüseyn qızı "Tərəqqi" medalı ilə təltif edilmişlər.
Rayonun təhsil müəssisələrində yeni dərs ilinin başlanması ilə əlaqədar cari təmir və abadlıq işləri, 57 saylı orta məktəbdə isə əsaslı təmir işləri aparılmışdır. 15 sentyabrda məktəbin açılışında millət vəkili Əli Əhmədov və rayon icra hakimiyyətinin rəhbərliyi iştirak etmişdir.
Səhiyyə müəssisələrində cari təmir işləri aparılmış, 18 saylı şəhər poliklinikasında yenidənqurma və əsaslı təmir işləri davam etdirilmişdir. 8 saylı musiqi məktəbinin binasının yenidən inşası davam etdirilmişdir.
Əlamətdar günlərlə baglı bir sıra tədbirlər keçirilmişdir. 20 Yanvar faciəsi ilə əlaqədar rayonun idarə və müəssisələrində tədbirlər keçirilmiş, ədəbi-bədii kompozisiya göstərilmişdir. Xocalı soyqırımının on səkkizinci ildönümündə rayon ərazisində məskunlaşmış Xocalı şəhərindən olan şəhid ailələrinə maddi yardımlar göstərilmişdir. Novruz bayramının yüksək əhval-ruhiyyədə qeyd edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. 27 aprel 2010-cu ildə akademik Zərifə Əliyeva adına uşaq bağçasında görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 87 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi, rayon icra hakimiyyətinin rəhbərliyi və məsul işçiləri iştirak edərək Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, onun həyat və əmək fəaliyyəti ilə yaxından tanış olmuşlar.
May ayının 1-də Nərimanov bağında ulu öndər Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş Gül bayramı keçirilmişdir. Tədbirin nəticələrinə görə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun, Rayon Uşaq Yaradıcılığı Mərkəzinin, 207 saylı orta məktəbin kollektivləri I dərəcəli diploma, 258 və 47 saylı orta məktəblərin kollektivləri II dərəcəli diploma layiq görülmüşlər.
3 dekabr Ümumdünya Əlillər Günü münasibəti ilə Nərimanov rayonunun 8 saylı şəhər poliklinikasında xüsusi tədbir keçirilmiş, 862 nəfər pulsuz tibbi müayinədən keçmişdir.
2010-cu ildə Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə çalışan gənclərin xidmətlərinin qiymətləndirilməsi, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyəti ərazidəki ictimai-siyasi təşkilatlarla konstruktiv əməkdaşlıq prinsipi əsasında əlaqələrin qurulmasını təmin etmişdir.
31 mart 2010-cu ildə rayon ərazisindəki idarə, müəssisə və təşkilatlarda Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir. 26 apreldə Çernobıl faciəsinin 24-cü ildönümü, Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə də tədbirlər keçirilmiş, müharibə iştirakçılarına ərzaq payı verilmiş, bayram süfrəsi təşkil edilmişdir. Ramazan bayramı münasibətilə rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz, eləcə də aztəminatlı ailələr üçün iftar süfrəsi açılmış, onlara bayram sovqatları verilmişdir. Digər bayramlar da RİH tərəfindən qeyd edilmişdir.
25 noyabr 2010-cu ildə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid Əşrəf Əliyevin anadan olmasının 40 illik yubileyi münasibətilə onun təhsil aldığı 82 saylı orta məktəbdə RİH tərəfindən xatirə tədbiri təşkil olunmuş və şəhidin anası Zöhrə Əliyevaya ümummilli liderimiz Heydər Əliyevin imzası əks olunmuş qızıl döş nişanı təqdim edilmişdir.
Rayonda əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmişdir. Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu sahədə mühüm işlər görür. Ünvanlı Dövlət Sosial Yardımı Proqramı uğurla həyata keçirilir. Nərimanov rayonunun hüquq-mühafizə orqanlarının fəaliyyətini də qənaətbəxş hesab etmək olar.
Rayon bələdiyyəsinin fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, yerli vergilərin yığılması, sosial-iqtisadi inkişafla bağlı proqramların yerinə yetirilməsi, yerli özünüidarəetmənin həyata keçirilməsində əhalinin yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə icra hakimiyyəti nəzdində koordinasiya şurası yaradılmışdır.
2010-cu ildə Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin yerlərdə 27 səyyar qəbulu və görüşü təşkil olunmuşdur. Belə görüş və qəbullarda 1480 nəfər vətəndaş iştirak etmişdir. Ümumiyyətlə, 2010-cu il ərzində RİH-ə cəmi 2165 ərizə, şikayət və təklif, 1068 normativ-hüquqi akt və xidməti sənəd daxil olmuşdur. Aparata daxil olmuş ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuşdur. Nərimanov RİH-də vətəndaşların qəbulu RİH başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən müəyyən olunmuş qrafik əsasında həyata keçirilmişdir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 8 fevral.- S. 3.