Ötən il Azərbaycanda
dayanıqlı makroiqtisadi sabitlik hökm
sürmüşdür
Ölkə
iqtisadiyyatının sürətlə inkişafı ilə
yanaşı, əhalinin rifah halının daha da
yaxşılaşması, dövlət tərəfindən
sosial öhdəliklərin tam yerinə yetirilməsi,
sahibkarlıq subyektlərinin sayının artması,
infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin
yaradılması sayəsində işsizliyin minimuma endirilməsi
və digər amillər onu deməyə əsas verir ki,
dünyada baş verən maliyyə böhranına baxmayaraq,
ölkəmiz sürətli inkişafını 2010-cu ildə
də davam etdirmişdir.
Qlobal
böhran şəraitində Azərbaycanın əldə
etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən təsdiqlənmiş və BMT-nin
İnsan İnkişafına dair növbəti hesabatında
169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması
buna əyani sübutdur.
Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki,2010-cu il ərzində ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5 faiz artaraq 41,6 milyard manata çatmışdır. ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manat, yaxud 5797,8 ABŞ dolları təşkil etmiş və 2009-cu ilə nisbətən 3,7 faiz artmışdır. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi isə 44,4 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun strukturunda 65,5 faiz paya malik olan məhsul istehsalı sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 3,8 faiz artmışdır. Bu dövrdə sənayedə 21,9 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 52,6 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 milyard manatlıq (5,4 faiz), tikintidə 3,1 milyard manatlıq (7,5 faiz) əlavə dəyər yaradılmışdır. ÜDM istehsalının 27,4 faizi xidmət sahələrinin, o cümlədən 6,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,0 faizi mehmanxana və iaşə xidmətləri sahəsinin, 1,9 faizi informasiya və rabitə xidmətlərinin, 11,9 faizi isə sosial və digər xidmət sahələrinin payına düşmüşdür.
Ölkə sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 2,6 faiz artaraq 27,4 milyard manat təşkil etmişdir. Sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4 faizini təşkil etmiş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrin), 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,6 faiz artmış və 5 milyard manat olmuşdur.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən il ərzində 3,2 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 1,1 milyon ton tikinti qumu, 381,1 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,3 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 9,0 faiz artmış və qida məhsullarının istehsalı sahəsində marqarin istehsalı 30,2 faiz artaraq 20,2 min ton, pendir və kəsmik istehsalı 2 faiz artaraq 43,3 min ton, ət 4 faiz artaraq 246,6 min ton, süd 2,9 faiz artaraq 635,3 min ton, kərə yağı 0,9 faiz artaraq 20,9 min ton, duru bitki yağları 16 faiz artaraq 43,2 min ton olmuşdur.
Neft məhsullarının istehsalında 8,8 faiz
artım müşahidə olunmuşdur. Avtomobil benzininin istehsalı
1,2 faiz artaraq 1,3 milyon ton, avtomobillər üçün dizel
yanacağının istehsalı 9,1 faiz artaraq 2,4 milyon ton,
sürtkü yağlarının istehsalı 1,9 dəfə
artaraq 86,7 min ton olmuşdur. İl ərzində 601,1 min ton ağ neft, 241,4 min ton neft
bitumu istehsal edilmişdir. Kimya sənayesi, əczaçılıq
məhsullarının, rezin və plastmas məmulatlarının
istehsalı müəssisələri tərəfindən 240,9
milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki
illə müqayisədə kimya sənayesində xeyli canlanma
müşahidə olunmuş və nəticədə məhsul
istehsalı 16,2 faiz artmışdır. Maşın və
avadanlıqların istehsalı, nəqliyyat vasitələri,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində
məhsul istehsalının həcmi 155,6 milyon manat olmuşdur.
Maşın və avadanlıqların istehsalı ötən
illə müqayisədə 1,9 dəfə, avtomobil
istehsalı 48,6 dəfə artmışdır. 2010-cu ildə
706 ədəd "Belarus" tipli traktor, 486 ədəd
"Lifan" markalı minik avtomobili, 767 ədəd
"MAZ" markalı yük avtomobili istehsal edilmişdir.
2010-cu ildə
ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 9,7 milyard manat vəsait yönəldilmiş,
onun üçdə iki hissəsi və ya 6,4 milyard manatı
tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Əvvəlki illə müqayisədə əsas kapitala
yönəldilmiş vəsaitin həcmi 21,2 faiz,
tikinti-quraşdırma işlərinə isə 19,8 faiz
çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə
və təşkilatlar inşaat işlərinə 5,8 milyard
manat, qeyri-dövlət müəssisələri 3,9 milyard
manat vəsait sərf etmişlər. Məhsul istehsalı
obyektlərinin inşasında 4,7 milyard manat, xidmət sahələri
üzrə obyektlərin tikintisində 5 milyard manatlıq vəsaitdən
istifadə edilmişdir.
Əsas
kapitala yönəldilmiş vəsaitin dörddə
üç hissəsindən çoxunu daxili, 24,8 faizini isə
xarici mənbələrdən yönəldilmiş vəsaitlər
təşkil etmiş, daxili mənbələrdən yönəldilən
vəsaitlərin 73,9 faizi dövlət mülkiyyətinə məxsus
müəssisə və təşkilatların, 26,1 faizi
qeyri-dövlət müəssisələrinin payına
düşmüşdür.İl ərzində əsas kapitala
yönəldilmiş vəsaitin 42,5 faizi sənaye sahələrinin
inkişafına, 4,6 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılığa, 2,4 faizi ticarətə, 24,6
faizi nəqliyyat və anbar təsərrüfatına, 1,5 faizi
tikintiyə, 1,8 faizi informasiya və rabitəyə, 1,7 faizi
yaşayışın təşkili və ictimai iaşəyə,
0,1 faizi maliyyə və sığorta fəaliyyətinə,
9,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara
(ondan 9,3 faizi mənzil tikintisinə), 3,7 faizi dövlət idarəetməsinə,
1,2 faizi təhsilə, 1,7 faizi səhiyyəyə, 3,4 faizi
istirahət, əyləncə və incəsənətə,
0,6 faizi inzibati və yardımçı xidmətlərə,
0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, 0,5
faizi digər sahələrdə xidmətlərin göstərilməsinə
sərf edilmişdir. 2010-cu ildə yönəldilmiş
ümumi vəsaitin 6,8 milyard manatı qeyri-neft bölməsinin,
2,9 milyard manatı neft bölməsinin inkişafı
üçün istifadə olunmuşdur.
Regionların
sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi, "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
23 yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsullarının istehsalçılarına hər hektar əkin
sahəsinin becərilməsində istifadə etdikləri
yanacağa və motor yağlarına görə dövlət
tərəfindən büdcə vəsaiti hesabına 40 manat
yardım verilməsi, habelə istehsalçılara satılan
mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin
dövlət tərəfindən ödənilməsi, eləcə
də buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən
hər hektar üçün 40 manat yardımın verilməsi,
məhsuldarlığa təsir göstərən
reproduksiyalı toxum materialının satışına
görə əlavə maliyyə vəsaitinin
ayrılması, habelə həftənin altıncı və
bazar günləri kənd təsərrüfatı məhsullarının
satışı üzrə yarmarkaların təşkil edilməsi
yetişdirilən məhsulun itkisiz yığılmasına
müsbət təsir etmiş və hesabat ilində taxıl,
kartof və yumurta istisna olmaqla əsas kənd təsərrüfatı
məhsullarının istehsalında artıma nail olunmuşdur.
2010-cu ildə kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri 3,9 milyard
manat təşkil edərək 2009-cu ildəkinə nisbətən
2,2 faiz, o cümlədən bitkiçilik məhsulları
üzrə 8,9 faiz azalmış, heyvandarlıq məhsulları
üzrə isə 6,1 faiz artmışdır. İlkin məlumatlara
görə, 2010-cu ildə qarğıdalı da daxil olmaqla
2000,9 min ton taxıl məhsulu toplanmış və 2009-cu ilə
nisbətən əkin sahəsinin və məhsuldarlığın
azalması nəticəsində 33 faiz azalmışdır.
2010-cu ildə
xam pambığın istehsalı 37,3 min ton olmaqla 2009-cu illə
müqayisədə 17 faiz, tütün istehsalı 24,3 faiz
artaraq 3,2 min tona çatmışdır. Ölkədə
ötən il 8,5 min hektar sahədə emal üçün
şəkər çuğundurunun əkini
aparılmış və həmin sahələrdən 256,5 min
ton məhsul götürülmüşdür. 2009-cu ilə
nisbətən şəkər çuğundurunun istehsalı
33,6 faiz və ya 65 min ton artmışdır.Ötən il sahələrdən
953,7 min ton kartof, 1181,1 min ton tərəvəz məhsulu
toplanmış və keçən ilin müvafiq
dövrünə nisbətən kartofun istehsalı 3 faiz
azalmış, tərəvəzin istehsalı isə 0,2 faiz
artmışdır. Bostan məhsulları istehsalı 5,5 faiz
artaraq 433,5 min tona çatmışdır.
Ölkə
iqtisadiyyatı üçün prioritet sahələrdən
birinə çevrilmiş nəqliyyat sektoru əsas
infrastrukturlardan biri olaraq dayanıqlı inkişaf edir. Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də nəqliyyat
sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın
hərəkət heyətinin yeniləşməsi,
körpülərin tikilməsi, yeni avtomobil yollarının
çəkilişi, yenidən qurulması və s. işləri
davam etdirilmiş, transmilli layihələrin səmərəli
fəaliyyəti sahənin inkişafına öz müsbət
təsirini göstərmişdir. 2010-cu ildə nəqliyyat
sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən müəssisələrə
və əhaliyə 3,7 milyard manatlıq və ya ötən
illə müqayisədə 4,5 faiz çox nəqliyyat xidmətləri
göstərilmişdir. Xidmətlərin 70,1 faizi dəmir
yolu, avtomobil və boru kəməri, 8,2 faizi dəniz, 11,2 faizi
hava nəqliyyatı, qalan hissəsi isə köməkçi
və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul
olan müəssisələr tərəfindən göstərilmişdir.
Magistral neft kəmərləri ilə 50 milyon ton neft nəql
edilmişdir. Nəqletmənin 76,6 faizi ölkənin əsas nəqliyyat
infrastrukturlarından olan Heydər Əliyev adına BTC neft
ixrac kəməri ilə həyata keçirilmiş və
ötən il ərzində bu kəmər vasitəsilə
38,3 milyon ton neft ötürülmüşdür. 2010-cu ilin
iyul ayından başlayaraq gəmilər vasitəsilə
ölkəyə gətirilərək Səngəçal
terminalından BTC kəməri ilə altı ay ərzində
1,3 milyon ton Türkmənistan nefti nəql edilmişdir.
Magistral qaz kəmərləri ilə 17,3 milyard kubmetr və ya
7,1 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş
qazın 28,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
vasitəsilə həyata keçirilmiş və 4,9 milyard
kubmetr qaz ötürülmüşdür. "İpək
yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində
2010-cu ilin yanvar-noyabr aylarında 47,2 milyon ton və ya 8,8 faiz
çox yük, 205,2 milyon nəfər və ya 8,2 faiz
çox sərnişin daşınmışdır. Yüklərin
42,5 faizi avtomobil, 39,7 faizi dəmir yolu, 17,8 faizi dəniz nəqliyyatının
payına düşmüş, bütün nəqliyyat
növlərində, o cümlədən avtomobil nəqliyyatında
8,4 faiz, dəmir yolu nəqliyyatında 6,7 faiz, dəniz nəqliyyatında
isə 15,1 faiz artım qeydə
alınmışdır.Yük daşımaları fəaliyyətindən
257,7 milyon manat, sərnişin daşınmasından isə
35,4 milyon manat gəlir əldə olunmuş və əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə
müvafiq olaraq 16,0 və 13,1 faiz artmışdır. 2010-cu
ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslərin
dünyanın 147 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları apardığı qeydə
alınmışdır. Xarici ticarət dövriyyəsinin həcmi
27,9 milyard ABŞ dolları, o cümlədən ixrac 21,3
milyard, idxal 6,6 milyard dollar təşkil etmiş, 14,7 milyard
dollarlıq müsbət xarici ticarət saldosu
yaranmışdır. 2009-cu illə müqayisədə xarici
ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən
ixrac 45,1 faiz, idxal 7,8 faiz artmışdır.
İdxal-ixrac
əməliyyatlarının 25,8 faizi İtaliya, 7,1 faizi Fransa,
6,9 faizi Rusiya, 6,5 faizi İsrail, 6,2 faizi Amerika Birləşmiş
Ştatları, 4,8 faizi Ukrayna, 3,4 faizi Türkiyə, 3,3 faizi
Çin, hər birində 2,8 faiz olmaqla Xorvatiya, İndoneziya,
Malayziya, 2,5 faizi Sinqapur, 2,2 faizi Almaniya, 1,7 faizi
Gürcüstan, 1,3 faizi Koreya Respublikası, 19,9 faizi isə
digər ölkələrlə aparılmışdır.
İdxal əməliyyatlarının
17,3 faizi Rusiya, 11,7 faizi Türkiyə, 9,2 faizi Almaniya, 8,9 faizi
Çin, 7,1 faizi Ukrayna, 4,6 faizi Böyük Britaniya, 4,4 faizi
Qazaxıstan, 3,1 faizi Amerika Birləşmiş Ştatları,
2,6 faizi Sinqapur, 2,4 faizi Braziliya, 2,4 faizi Koreya Respublikası,
2,2 faizi Yaponiya, 2,1 faizi Fransa, 1,8 faizi İtaliya, 1,8 faizi
İran İslam Respublikası, 1,7 faizi Belarus, 16,7 faizi isə
digər ölkələrlə aparılmışdır.
İxrac əməliyyatlarının 33,3 faizi İtaliya, 8,7 faizi Fransa, 8,2 faizi İsrail, 7,2 faizi Amerika Birləşmiş Ştatları, 4,2 faizi Ukrayna, 3,7 faizi Xorvatiya, 3,7 faizi İndoneziya, 3,6 faizi Rusiya, 3,5 faizi Malayziya, 2,4 faizi Sinqapur, 1,9 faizi Gürcüstan, 1,6 faizi Çin, 1,5 faizi Kanada, 16,5 faizi isə digər ölkələrlə həyata keçirilmişdir. Cari il yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz və ya 755,9 milyon manat artaraq 9,2 milyard manata çatmışdır. Kredit qoyuluşunun 42,6 faizi dövlət, 55,3 faizi özəl banklar, 2,1 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 72 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,4 faizinin ödənilmə vaxtı keçmişdir.
2011-ci il yanvarın 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin məbləği 3 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz artmışdır.Əmanətlərin 1409,9 milyon manatı (46,5 faizi) milli, 1619,9 milyon manatı (53,5 faizi) xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 46 və 18,3 faiz artmışdır. Həmin vəsaitlərin 76,1 faizi (2,3 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşmüşdür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 8 fevral.- S. 1-2.