Xalqımızın
Mübariz oğlu
Təki Vətən sağ
olsun!
Milli
qəhrəman, şəhidlik zirvəsində əbədiyyətə
qovuşmuş Mübariz Ağakərim oğlu İbrahimov
1988-ci il fevralın 8-də Biləsuvar rayonunun Əliabad kəndində
doğulmuşdu. 22 illik ömründə onun bir dəfə də
ad günü keçirilməmişdi. 23 il əvvəl sadə
bir kəndli ailəsində dünyaya göz açan
Mübariz 2010-cu ilin iyunun 19-da Tərtər bölgəsində
atəşkəsi pozmuş erməni
işğalçılarına ağır zərbə
vuraraq, qəhrəmancasına şəhid olması ilə
yenidən bütün xalqımız üçün
doğuldu. Ötən 7 ayda hər bir ürəkdə
doğmalaşmış, heykəlləşmiş şəhid
qəhrəmanımızın ad gününü ilk dəfə
olaraq bütün xalqımız hüzn və qədirbilənliklə
yad edir.
Gəncliyin
öyüncünə, örnəyinə çevrilmiş
Milli qəhrəman Mübariz İbrahimovun anadan
olmasının 23 illiyi münasibətilə anım mərasiminin
məhz Gənc Tamaşaçılar Teatrında keçirilməsi
onun ölməz xatirəsinə ümümxalq
ehtiramının xüsusi bir əlaməti idi. Salona müxtəlif
yaşlı adamlar toplaşsa da, təntənə libası
geymiş əsgərlərin sıraları və səhnənin
sol küncündə üçrəngli bayrağımızı
vüqarla saxlayan əsgərlərin fəxri növbəsi
diqqəti cəlb edirdi. Mübarizin səhnənin ən
görkəmli yerindən asılmış iri portreti bir stolu
da boş olmayan salonun diqqət mərkəzində idi.
Anım mərasiminin aparıcısı və onun gedişinə
düzən verən yazarlar, aktyorlar, musiqiçilər səhnədə
bu axşamın hüzn və təntənəsinə
uyğun qərarlaşmışdılar.
İştirakçılara Mübariz İbrahimovun hünərini
açıqlayan "Turanın Mübarizi" kitabı və
müxtəlif qəzetlər paylanmışdı.
Aparıcı
ədəbiyyatşünas Asif Rüstəmli bu axşam,
sağ olsaydı, 23 yaşı tamam olacaq Mübariz
İbrahimovdan xalqımızın mübariz ruhunu düşmənlərimizə
və dostlarımıza misilsiz bir cəsarət, əfsanəvi
bir igidliklə göstərmiş qəhrəman kimi söz
açdı. O bildirdi ki, Prezident İlham Əliyevin
ölümündən sonra Mübariz İbrahimova "Milli qəhrəman"
adı verməsi, Fərid Əhmədovu "İgidliyə
görə" medalı ilə təltif etməsi, hər iki
şəhidin meyidini düşmən girovluğundan gətirməyə
nail olması xalqımızın vətənpərvərlik
ruhunu, döyüş əzmini yüksəltmişdir.
Mübariz İbrahimovun düşmənə verdiyi dərs və
ümumxalq coşğusuna səbəb olmuş qəhrəmanlığı
bir daha göstərdi ki, Azərbaycan fitnə və xəyanətlərlə
yağı tapdağına düşmüş
torpaqlarını silahla geri qaytarmağa qadirdir. Mübariz
hamıya göstərdi ki, Azərbaycanın bir
döyüşçüsü erməninin ən azı 100
quldurunu əzməyə qadirdir. Bütün bunlara görə
xalqımız bu həqiqəti dünyaya sərgiləmiş
şəhid qəhrəmanın doğulduğu gündə
onun xatirəsini sonsuz ehtiramla yad edir.
Qarabağ
savaşının iştirakçısı, istefada olan polis
zabiti Yəhya Yusif Canıyar bildirdi ki, bizim günlərin real
qəhrəmanı Mübariz İbrahimovun erməni
basqınçılarına tutduğu divan əfsanəviləşərək
bütün türkdilli ölkələrə
yayılmış, şəhid soydaşımıza
şöhrət, xalqımıza başucalığı gətirmişdir.
Qəhrəmanın ad günündə hədiyyə olaraq
oxuculara təqdim etdiyi kitabı "Turanın Mübarizi"
adlandırması elə bu səbəbdəndir. Bu gün
bütün dil və din qardaşlarımız Mübarizi haqq
aşiqi, Vətən fədaisi, gerçək qəhrəman
kimi sevirlər.
Mərasimdə
səslənən Mübarizə həsr olunmuş şeirlər
onun qəhrəman obrazını yaratdığı kimi,
Mübarizinin özünün yazmış olduğu misralar da
onun kövrək qəlbli şair, duyğulu bir igid
olduğundan xəbər verdi. Tanınmış bədii qiraət
ustaları Ağalar Bayramın, Zülfiyyə
Eldarqızının, şair-hərbçi Abdulla Qurbaninin
söylədikləri poetik nümunələr, Şəmistan
Əlizamanlının, Firüz Səxavətin, Aşıq Əhlimanın,
Əlirza Amanbəylinin ifa etdikləri nəğmələr
Mübarizin xatirəsinin ölməzliyini ehtişamla səsləndirdi.
Natiqlərin
söylədikləri dəyərli sözləri tamamlayan
respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq
Budaqov bildirdi ki, ata-babalarımızın torpağı Vətənə
çevirmiş qəhrəmanlığını davam
etdirmiş Mübarizin döyüş və şəhidlik
yolu çağdaş gənclik üçün ən
yaxşı nümunədir. Belə oğulu
böyüdüb-tərbiyələndirmiş ata-ananın
qarşısında baş əyir, onun müəllimlərinə
və komandirlərinə təşəkkürlərimizi
söyləyirik.
Sonda
Milli qəhrəmanın əmisi Rasim İbrahimov, onun
doğulduğu Biləsuvar rayonunun İcra Hakimiyyəti
başçısının müavini Mirnəsib Kazımov
Mübariz İbrahimovun hünərinə verilən yüksək
dövlət qiymətinə, xatirəsinə göstərilən
ümumxalq ehtiramına görə onun ailəsi və həmyerliləri
adından minnətdarlıqlarını bildirdilər.
Mərasimdə
səslənmiş dəyərli fikir və mülahizələri
oxucuların diqqətinə çatdırırıq:
Akif Rəfiyev, istefada
olan ədliyyə generalı:
- Mübariz İbrahimov Qarabağ münaqişəsi
başlanmazdan 1 həftə
əvvəl doğulmuşdu.
Tanrı
onu, sanki, xalqımızın bu bəlalı günlərində
hünər üçün
yaratmışdı. O, özü ilə yaşıd olan Qarabağ savaşında igidiyi ilə məşələ çevrildi.
Aydın Mirzəzadə, Milli
Məclisin deputatı:
- Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycan
gəncliyinin məfkurəvi
yetkinliyi, yüksək
döyüş hazırlığı
ilə ərsəyə
gəlmişdir. Bu qarşısıalınmaz bir
hünər nümunəsidir.
Mübarizin atdığı güllə düşməni
diksindirdi, qorxuya saldı, Azərbaycan əsgərinin qeyrət damarlarındakı qanı
coşdurdu.
Şahid Həbibullayev, Qarabağ
savaşının qəhrəmanı:
- Mübariz düşmənin
atəşkəsi ən
çox pozduğu Tərtər bölgəsində
onların bu saymazlığına, qudurğanlığına
dözmədi. Günlərin birində onları qabağına qatıb səngərlərinədək qovdu, rastına çıxanı əzdi.
Onun bu zərbəsi Ermənistan ordusuna vəlvələ saldı.
Bütün bunlar o deməkdir
ki, Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş əmri versə, bizim ordumuz düşməni bircə günə torpaqlarımızdan qovub çıxara bilər.
Vaqif Bəhmənli, Mədəniyyət
və Turizm Nazirliyinin idarə rəisi:
- Xalqımızın qəhrəmanlıq
tarixində çox nümunələr var. Mübariz
bütün mənəvi-fiziki
imkanlarını səfərbər
edərək Azərbaycan
döyüşçüsünün çağdaş qəhrəmanlığının
timsalı oldu. O, düşmənə göstərdi
ki, nə qədər gec deyil torpaqlarımızdan çəkilməlidir, yoxsa,
onu buna məcbur edəcək oğullarımız var.
Məhərrəm Qasımov, AMEA Ədəbiyyat
İnstitutunun direktor müavini:
- Mübariz yağmaçı
düşmənə vurduğu
zərbəsi ilə Koroğlunun əfsanəvi
qəhrəmanlığını gerçəkləşdirdi, həqiqi
bir qəhrəman kimi əfsanəviləşdi.
O, ulu bir keçmişin, saf bir keçmişin, saf bir mənəviyyatın
enerjisini çağdaş
gəncliyə ötürdü.
Paşa Qəlbinur, Dünya
Azərbaycanlıları Konqresinin
sədr müavini:
- Mən Mübarizin
qəhrəmanlığını daim zirvədən aşağı atılan şəlaləyə bənzədərdim. Onun adı,
hünəri zaman-zaman
şəlalə kimi çağlayacaq, yeni nəsillərin ən yaxşı keyfiyyətləri
ilə yaşacayaq.
Nizaməddin Şəmsizadə, ədəbiyyatşünas:
- Mübariz dünyaya göz açandan Qarabağın harayını
eşitmişdi. Bu haray onun qəlbində
bir yanğı qopartmışdı. O, torpaqlarımızda
ağalıq edən yağının haqsızlığını
və gücsüzlüyünü
göstərmək üçün
Azərbaycan oğullarının
içərisindəki nifrət,
intiqam alovunu onların üstünə
püskürdü. Mübariz Azərbaycanın
oyanmış vulkana çevrilməkdə olduğunu
göstərdi. Düşmənlər bu vulkanın qarşısında məhvə
məhkumdur.
Elçin İsgəndərzadə, "Vektor" beynəlxalq elm mərkəzinin rəhbəri:
- Mən Mübarizi
görməmişəm. Amma hər
dəfə şəklinə
baxanda mənə elə gəlir ki, onu çoxdan
tanıyırmışam. Ondan yadigar qalan şəkillər
nümunəvi bir gəncin üstün keyfiyyətlərini əks
etdirir. Onun çöhrəsində zəngin bir mənəviyyatın nişanələri
var. Göstərdiyi qəhrəmanlıq
bütün bunları
tamamlayır.
Xatirə mərasimində söylənilənlər
belə bir məcrada ortaqlaşdı
ki, Azərbayanın dövlət müstəqilliyi
yeni məfkurəli, yeni biçimli gənclik yetişdirmişdir. Bu gənclik artıq yeni tipli qəhərəmanlarını
meydana çıxarır.
Bu qəhrəmanlar şair Qabilin poetik hayqırışında
əksini tapmış
"Ümid sənədir
ancaq, Azərbaycan əsgəri" həqiqətini
gerçəkləşdirirlər. Ramil Səfərovun dövlət bayrağımızı
təhqir etmiş azğın erməniyə
layiq olduğu cəzanı verməsi, Mübariz İbrahimovun atəşkəsi pozmuş
erməni quldurlarını
həşarat kimi əzməsi, cəsur kəşfiyyatçılar Fərid
Əhmədovun və
Əhməd Abdullayevin
göstərdikləri qeyrət
və şücaət
min illiklərin təkindən
gələn qəhrəmanlığın
sönməz odu, susmaz səsi kimi tarixin mesajını
günümüzə çatdırdı.
O mesaj Mübariz İbrahimovun son məktubunda
necə aydın, necə parlaq əks olunub:
"... Vətənin dar günündə
artıq ürəyim
dözmür. Allaha xatir
bunu etməliyəm.
Ən azı ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin
üzərinə gedəcəyəm...
Vətən sağ olsun!.."
Mübariz İbrahimov barədə
ilk kitabı ərsəyə
gətirmiş yazıçı-publisist
Mustafa Çəmənli yazır
ki, oğlunun şəhidlik zirvəsinə
ucaldığını eşidən
Ağakərim kişi
qəhrəman balasına
layiq dəyanət və nəcabətlə üçrəngli bayrağımızı
onun oxuduğu məktəbdən götürərək,
əllərində Əliabad
kəndinin küçələrindən
keçirərək Mübarizin
doğulduğu ocaqda ən uca yerə
taxaraq deyib: "Mübariz qaldırıb bu bayrağı!" Sonra oğlunun məktubundakı son sözləri
söyləyib: "Vətən
sağ olsun!"
Azərbaycanın müstəqillik estafetini qəbul edən Mübarizlər bu nidaları ilə yaralanmış, paralanmış
Vətənə sağlıq,
bütövlük gətirəcəklər. O günə
çox qalmayıb. Mübariz İbrahimov və onun yaşıdları artıq bu mübarizənin
startını veriblər.
Mübarizin doğulduğu gündə
Azərbaycan qəhrəman
oğlunun ruhuna rəhmət diləyir. Xalqımız
onun bayraqlaşmış,
torpaqlaşmış, vətənləşmiş
adını ucalara qaldırır və eynən qəhrəmanının
və əyilməz atanın dediyi kimi, ucadan söyləyir:
"Təki Vətən
sağ olsun!"
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 9 fevral.- S. 7.