Azərbaycan bəstəkarı
ABŞ-da xüsusi təqaüdə
layiq görülmüşdür
Respublikanın xalq artisti, Bakı Musiqi
Akademiyasının professoru,
"Şöhrət" ordenli bəstəkar
Tofiq Bakıxanov Amerika
Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən
xoş xəbərli məktub
almışdır. Səfirin təhsil və mədəniyyət
işləri üzrə müşaviri Brent Mayerin
imzaladığı məktubda bildirilir ki, bəstəkar Tofiq
Bakıxanov ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai Əlaqələr Şöbəsi
tərəfindən qarşılıqlı Təhsil və Mədəniyyət
Mübadiləsi Aktı üzrə "Fulbrayt
Heys" təqaüdü laureatı olmuşdur. Bu təqaüd
çərçivəsində professor
Bakıxanovun skripka ilə simfonik
orkestr üçün
"Cazsayağı 6 saylı konsert"inin partiturası nəşr olunacaq.
Qeyd edək ki, Tofiq Bakıxanov bu əsəri cəmi 39 il ömür sürmüş (1898 - 1937-ci illər) görkəmli Amerika pianoçusu və bəstəkarı Corc Gerşvinin xatirəsinə həsr etmişdir. Adı çəkilən bəstəkar öz yaradıcılığında simfonizm və caz elementlərinin prinsiplərini növbələşdirmiş sənətkar idi. Onun zənci həyatından bəhs edən "Porgi və Bess" operası və "Blüz tonlarında Rapsodiya"sı bütün dünyada maraqla izlənilən musiqi əsərləri idi. Tofiq Bakıxanovun Corc Gerşvinə həsr etdiyi əsər də həm Azərbaycanda, həm də ABŞ-da maraqla qarşılanmış, peşəkarlıqla ifa edilmişdir.
Yeri gəlmişkən, 2010-cu il Tofiq Bakıxanov üçün təkcə bu təqaüdə görə deyil, bir neçə cəhətdən əlamətdar olmuşdur. Belə ki, o, ötən il 80 illik yubileyi münasibətilə Prezidentin "Fəxri diplomu"na layiq görülmüş, Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş yubiley qızıl medalı ilə təltif olunmuş və Tehrandakı Surə Universitetinin Fəxri Diplomunu alan ilk azərbaycanlı sənətkar olmuşdur. Elə ABŞ-da təsis edilən "Fulbrayt Heys" təqaüdünə də soydaşlarımız arasında ilk olaraq məhz Tofiq Bakıxanov layiq görülmüşdür. Ustad sənətkara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İ.MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 9 fevral.- S. 7.