Milli Qəhrəmana həsr olunmuş tədbir

 

Ağsu rayonundakı Heydər Əliyev Muzey Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu gün münasibətilə "Mübarizləri olan Vətən basılmaz" adlı anım tədbiri keçirildi. Tədbirə rayondakı idarə və təşkilatların nümayəndələri, orta məktəblərin rəhbərləri və yuxarı sinif şagirdləri dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə Heydər Əliyev Muzey Mərkəzinin direktoru Reyhanə Tağızadə açaraq Mübariz İbrahimovun göstərdiyi şücaətlərdən danışdı.

 

Qeyd etdi ki, Heydər Əliyev Muzey Mərkəzi olaraq Milli Qəhrəman Mübariz İbrahimovun valideynlərinə qəhrəmanın doğum günü ilə əlaqədar məktub göndərmişlər. Ardınca Böyük Vətən müharibəsi, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının Ağsu rayon təşkilatının sədri Cəmaləddin Zeynalov çıxış etdi. Onun Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı evdə olarkən aldığı təəssüratları barədə fikirləri tədbir iştirakçılarında böyük maraq oyatdı.

Sonra Heydər Əliyev Muzey Mərkəzinin əməkdaşları İlahə Usubəliyevanın "Mübarizlər yolu", Ləman Şirinovanın "Əsl qəhrəmanlıq zirvəsi" adlı məruzələri dinlənildi. Tədbirdə Ağsu şəhər 5 saylı orta məktəbin direktoru Elman Qarayev, rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə şöbəsinin böyük məsləhətçisi İzay İnayətov çıxış etdilər. Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. "Gənc istedadlar" musiqi festivalının diplomantı, 2 saylı orta məktəbin səkkizinci sinif şagirdi Fərman Piriyev tar-kamanın müşayiəti ilə "Qarabağ şikəstəsi"ni ifa etdi. Kompozisiya iştirakçılarına üzərində Milli Qəhrəman Mübariz İbrahimovun şəkli olan saat hədiyyə edildi. Sonda qəhrəmana həsr olunmuş film nümayiş etdirildi.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 9 fevral.- S. 7.