Təhsil Nazirliyində "Səmərəli məktəb layihəsi"nin təqdimat mərasimi

 

Qeyd edək ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) reallaşdırdığı "Səmərəli məktəb layihəsi"Dünya Bankı tərəfindən maliyyələşdirilir. 2010-cu ilin noyabr ayında həyata keçirilməsinə başlanılmış, icra müddəti 2 il olan layihədə 2-si Bakıdan, 9-u respublikanın digər şəhərlərindən olmaqla 11 məktəb iştirak edir.

 

Təqdimat mərasimində təhsil naziri Misir Mərdanov layihənin icra edildiyi məktəblərin nümayəndələri ilə tanış olub.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verib. E.Kazımzadə bildirib ki, layihənin əsas məqsədi məktəblərdə öyrənən mühitin yaradılması və məktəblərin öyrənən təşkilat kimi formalaşdırılmasıdır. Öyrənən mühitin yalnız şagirdləri deyil, bütün məktəb heyətini əhatə etdiyini vurğulayan MTTYM-nin direktoru deyib ki, öyrənən mühitdə şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin davamlı peşəkar inkişafı əsas məqsədlər kimi qəbul olunur. Paylaşdırılmış liderliyin yaradılması, məktəb heyətinin İKT bacarıqlarının təkmilləşdirilməsi və kitabxananın öyrənən mərkəz kimi möhkəmləndirilməsini əsas məqsədlərə xidmət edən hədəflər kimi səciyyələndirən E.Kazımzadə tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün məktəb daxilində müəllimlərin peşəkarlığının artırılmasının əhəmiyyətindən söz açıb. E.Kazımzadə bildirib ki, bu eksperiment kimi həyata keçirildiyindən layihənin reallaşdırılması üçün, ilk növbədə ölkənin ayrı-ayrı şəhərlərindəki qabaqcıl məktəblər seçilib.

Sonra E.Kazımzadə layihənin "Diaqnostika mərhələsinin ilkin nəticələri" mövzusunda təqdimat edib.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova, proqram meneceri Yuliya Kərimova, İKT üzrə mütəxəssisi Aygün Əzizova "Səmərəli məktəb layihəsi"nin konsepsiya və komponentləri, eləcə də saytı barədə məlumat veriblər.

Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu layihənin son nəticədə məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Məktəb kitabxanalarının fəaliyyəti ilə bağlı fikirlərini nəzərə çatdıran nazir bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulayıb.

Sonda layihənin ilkin mərhələsinin nəticələrinə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr barədə müvafiq təkliflər irəli sürülüb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 9 fevral.- S. 7.