Sumqayıt Cənubi Qafqazın sürətlə inkişaf edən gözəl şəhəridir

 

Bu gün Sumqayıt şəhəri yaşı altmışı ötən gözəl, nümunəvi bir yaşayış məskənidir. Burada 314 mindən artıq sakin və 50 min məcburi köçkün yaşayır. Sumqayıta gələn çoxsaylı xarici qonaqlar gördüklərinə heyranlıqlarını gizlətmir, burada aparılan geniş quruculuq işlərinin sürətinə Cənubi Qafqazın heç bir şəhərində rast gəlmədiklərini söyləyirlər.

 

Sumqayıt hər zaman gözəl təşəbbüslərin, yeni ənənələrin ünvanı kimi tanınıb. İndi də elədir. Məsələn, üç il öncə şəhər rəhbərliyinin təşəbbüsü ilə Sumqayıtda "Yeni ailə quranlar günü"nün qeyd edilməsi qərara alınıb. Bu, ailə ocaqlarının daimiliyinə zəmin yaratmaq, gənclərin həyatında xüsusi önəmi olan günü daha da unudulmaz etmək məqsədi daşıyır. Şənlikdə ilbəil daha çox gənc ailənin təməli qoyulur.

Ötən ilin payızında "Yeni ailə quranlar günü" Sumqayıtın "Dədə Qorqud" sarayında keçirildi. Orada ailənin cəmiyyətin dayağı olması ulu ozanın öygüləri ilə, bədii şəkildə ifadə edildi, ən xoş arzular səsləndi, rəhbərlik adından yeni qurulan 12 ailənin hər birinə qiymətli hədiyyələr verildi. Tədbir iştirakçıları əbədiyaşar insan Heydər Əliyevlə Zərifə Əliyevaya həsr olunmuş "Əsl məhəbbət haqqında" filmindən fraqmentlərə baxdılar. Ağsaqqal və ağbirçək öyüd-nəsihətləri həmin gün ailə səadətinə qovuşanlara unudulmaz təsir bağışladı.

Elə şəhərin özü də hər zaman gəlin kimi gözəl, səliqə-sahmanlı və abaddır. Bu gözəlliyi Sumqayıta onun qədirbilən övladları bəxş edirlər.

Şəhərin hüsnünə sığal çəkənlərdən biri də İlqar Nuriyevdir. Onun rəhbərlik etdiyi "Ximekspress-2000" şirkətinin Sumqayıtın əksər gözəllik ünvanlarında izi, möhürü var. Onların sayəsində şəhərin əvvəlki "qaşqabaqlı" görkəmindən, demək olar ki, əsər-əlamət qalmayıb. Son illərdə 300-dən çox binanın fasadını al-əlvan boyalarla elə bəzəyiblər ki, sanki bu binalar yenicə tikilib. İstifadə edilən dünyaca məşhur, zövqoxşayan "Polisan" və "Marşall" boyaları qoruyucu və bəzək məqsədli olmasıyla bərabər, uzunömürlülüyü ilə fərqlənir. Şirkətin kollektivi şəhərdə yüzlərcə binanın dam örtüyünü də təzədən qurub.

İlqar Nuriyev Sumqayıta hədsiz sevgi bəsləyir. Bu hiss onun məhz burada doğulub boya-başa çatmasından qaynaqlanır. Ali təhsilli mühəndisdir. Dediyinə görə, bizneslə məşğul olsa da, həmişə arzusu Sumqayıtın gözəlliklərini artırmaq, tikililərində iz qoymaq olub. Elə bu istəklə də quruculuq işlərinə qoşulub, 120 nəfərlik təmir-inşaat kollektivi yaradıb. Onlar Sumqayıtın tarixi muzeyinin, yeniyetmə və gənclərin yaradıcılıq mərkəzinin, N.Nərimanov adına Mədəniyyət Evinin, mərkəzi kitabxananın, şahmat-dama məktəbinin, uşaq xəstəxanasının, digər obyektlərin binalarını ən yüksək səviyyədə əsaslı təmir edib, yenidən qurublar. Şəhərdə müasir üslubda avtobus dayanacaqlarının quraşdırılması, yaşayış evlərinin daxili və xarici istilik sistemlərinin qurulması da "Ximekspress-2000" şirkətinin adı ilə bağlıdır.

Hazırda şirkət 1 saylı uşaq-gənclər idman məktəbinin yenidən qurulmasını sona çatdırmaq üzrədir. Uzun illər istismar nəticəsində yararsız vəziyyətə düşən, məktəbdə az müddətdə böyük iş görülüb, -demək azdır. Burada sözün həqiqi mənasında möcüzə yaradılıb. Şirkətin hazırladığı layihədə məktəbi əsl olimpiya kompleksinə çevirmək nəzərdə tutulub və layihə böyük bacarıqla reallaşdırılıb. Örtülü və açıq qurğular, zal və meydançalar Avropa standartları nümunəsidir. Obyektlə tanış olduqca İtaliyanın məşhur "Mondo" firmasının çeşidli olimpiya qurğuları diqqətimizi cəlb edir. Almaniyanın "Xaro" firmasına məxsus parketlər göz oxşayır. Stolüstü tennis stolları "Tiger" (Almaniya), boks alətləri "Petrasport" (İtaliya) firmalarından alınıb. Üzgüçülük hovuzlarının avadanlığı bütünlüklə İspaniyadan gətirilib. Quru və yaş saunalar tamamən Finlandiyanın "Hylo" firmasının avadanlığıdır. Biz indiyədək bu firmaların adlarına yalnız dünyamiqyaslı mötəbər çempionatların televiziya yayımlarında rast gəlirdik. İndi isə Sumqayıtda görə bilərik!

Fərəh doğuran faktlar təkcə bununla bitmir. Yeni məktəbin atıcılıq tirindəki pnevmatik tapançalar alman istehsallı olimpiya silahlarıdır. İki böyük tennis kortu əsl avrostandartdır. Stadionun 12 sistemli drenaj qurğusu əla səviyyədə yaradılıb. Ölkəmizdə ilk dəfə olaraq məhz bu məktəbdə hovuzlar15 metr hündürlükdə şəffaf damla örtülüb. Trenajorlar "Evrolayt" şirkətinin ən son məhsullarıdır.

İlqar Nuriyev deyir ki, tezliklə istifadəyə veriləcək idman məktəbində gənclər futbol, basketbol, voleybol, boks, kikboks, üzgüçülük, böyük və kiçik tennis, atıcılıq, fitnes kimi növlərdə ustalıqlarını artıra biləcəklər. Burada əlavə olaraq yüngül atletika, bədii gimnastika, vaterpol və sair növlərlə məşğul olmaqdan ötrü də şərait var. Ölkədə analoqu olmayan bu idman məktəbinin qapılarını uşaqların üzünə açacağı, tamaşasına gələnləri heyrətdə qoyacağı günə az qalır.(Yeri gəlmişkən, hazırda Gənclər və İdman Nazirliyinin sifarişi ilə Sumqayıtda ayrıca Olimpiya İdman Kompleksi də inşa olunmaqdadır).

Ötən il Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin sifarişi ilə "Ximekspress-2000" firması daha 13 binanın fasad divarlarını rəngləyib. Adıçəkilən birliyin özünün də şəhərin mənzil fondunun qorunmasında, sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasında zəhməti böyükdür. Təvəkkül Məmmədovun rəhbərlik etdiyi bu kollektiv il ərzində yaşayış evlərinin dam örtüklərinin təmirini sürətləndirib: 370 mənzilin 43320 kvadratmetrlik damı ruberoid və şiferlə örtülüb, 9 evin yumşaq dam örtüyü əvəzlənib, 24 binada aşağı şəbəkə üzrə evdaxili içməli su və kanalizasiya xətləri təmir olunub, 32 binada zirzəmilərin suyu qurudulub və zibildən təmizlənib. Bununla da şəhərdə mövcud olan 650 sulu zirzəminin böyük əksəriyyəti cari və əsaslı təmir olunub. Yaşayış massivlərində 52 min ağaca qulluq edilib və yeniləri əkilib, məhəllə və mikrorayonlarda 124 həyət oturacağı düzəldilib və təmir olunub. Şəhərin 17-ci mikrorayonunda, İsmət Qayıbov küçəsinə paralel yolun yanındakı səkilərə və "Tərəqqi" parkına 2635 kvadratmetrlik üzlük tava döşənib, ərazilərdə 100 min kvadratmetrədək asfalt örtüyü təmir edilib, küçələrdə çalalar doldurulub,"Acıdərə" kanalı 2 kilometrədək təmizlənib və suları dənizə axıdılıb. Şəhərdə mövcud olan 586 liftdən 567-nin işlək vəziyyətdə olması təmin edilib. İl ərzində Sumqayıtda 3 yeni fontan yaradılıb və beləliklə də ümumi say 11-ə çatdırılıb. Üzeyir Hacıbəyovun abidə kompleksi tikilib və şəhərin ümumi ansamblını daha da zənginləşdirib.

"Ekologiya ili" və dövlət başçısının Abşeron regionunda yaşıllıqların artırılması barədə göstərişinin icrası ilə əlaqədar birlik tərəfindən şəhərdə 35 minədək ağac əkilib. Bunun yarısı ixtisaslaşdırılmış yaşıllaşdırma idarəsinin, yarısı da mənzil-istismar sahələrinin payına düşür. Əkinlər zamanı yerli iqlimə uyğunluq amili ciddi nəzərə alınıb.Bundan başqa, 850 min mövsümi, 350 min çoxillik gül, 4 minədək dekorativ kol əkilib. On min kvadratmetrdən artıq yaşıl otun, gül şitillərinin və kol bitkilərinin, xeyli palmanın əkini, çəmənliklərin salınması, yaşıllıqların suvarılması üçün 2450 poqonometr yeni su xəttinin çəkilişi də mənzil kommunal təsərrüfatçılarının gördüyü işlərdəndir. Hazırda Sumqayıtda adambaşına 26 kvadratmetr yaşıllıq sahəsinin düşməsi bu sahədə atılan addımların fərəhli nəticəsidir. Xatırladım ki, bu rəqəm respublika şəhərlərinin orta göstəricisindən xeyli yüksəkdir.

Ötən il Prezident İlham Əliyevin tapşırığı ilə şəhərdə sutkalıq gücü 200 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin başa çatdırılması və obyektin ətrafının abadlaşdırılaraq istismara buraxılması Xəzər dənizini çirklənmədən qorumaq baxımından önəmli hadisədir. Sumqayıtda Təmizlik Departamentinin yaradılması və xidmət dairəsini genişləndirərək məişət tullantılarının daşınmasını sahmana salması da "Ekologiya ili"nə töhfədir.

Sumqayıtın səhiyyə sistemi özünün inkişaf dövrünə qədəm qoyub. Səhiyyə şöbəsinin müdiri Rauf Sadıxov deyir ki, nazirliklə bərabər, şəhər rəhbərliyi əhalinin sağlamlığının daha etibarlı qorunması məsələsini daim diqqətdə saxlayır. Məsələn, 1954-cü ildə istifadəyə verildikdən sonra heç vaxt əsaslı təmir edilməyən, şəhərdə yeganə stasionar uşaq tibb müəssisəsi olan 320 çarpayılıq uşaq xəstəxanası son üç ildə şəhərin daxili imkanları hesabına başdan-başa yeniləşdirilib. Sağlamlıq ocağının yeddi şöbəsi Avropa standartlarına uyğun yenidən qurulub, fasadları təmir olunub. Xəstəxanada müasir işıqlandırma sistemi yaradılıb, ətrafı abadlaşdırılıb, bir hektara qədər yaşıllıq sahəsi sahmana salınıb. Avadanlıq və inventar tam yeniləşdirilib. Hazırda yoluxucu xəstəliklər şöbəsi yenidən qurulur.

Biz xəstəxanada olarkən baş həkim Pərvanə Səfərova da, şöbə müdiri Firdovsi Abbasov da, burada müalicə alan uşaqların valideynləri də yaradılan gözəl şəraitə görə şəhərin rəhbərliyinə, ilk növbədə isə icra hakimiyyətinin başçsı Vaqif Əliyevə hədsiz minnətdarlıqlarını bildirdilər. Pərvanə xanımın dediyi sözləri olduğu kimi qeyd elədim: "Təkcə ötən il yenidən qurulmuş xəstəxanamız üçün müasir funksional cərrahiyyə masası, reflektor, elektroensofoloqraf, lineomat, soyuducular, elektrik sorucu, 5 ədəd kondisioner, kompyuter dəstləri, mətbəx avadanlığı və sair alınıb. Böyüyən nəslin sağlamlığına diqqət elə millətin gələcəyinə xidmətdir. Çox razıyıq".

Uşaq xəstəxanasının somatik korpusu ilə bir binada yerləşən 5 saylı uşaq poliklinikasında əsaslı təmirin üçdə-iki hissəsi artıq başa çatıb. Baş həkim Xaqani Tahirov dedi ki, poliklinikanın 2-ci və 3-cü mərtəbələri tam istifadəyə verilib. Qalır 1-ci mərtəbə. Orada da iş davam edir. Su xətti, işıq və istilik sistemi dəyişdirilib. Tezliklə təmir tam sona yetəcək və təchizat təzələnəcək.

Sumqayıtda əhali artımı ilə əlaqədar olaraq ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi müəssisələrinin işçilərinə xidmət göstərən "Kimyaçı" poliklinikasının əsasında 4 saylı şəhər poliklinikasının yaradılması da müsbət haldır. 2 saylı şəhər xəstəxanasının dam örtüyü əsaslı təmir olunub. Təcili yardım stansiyalarının nəqliyyat və tibbi təchizat baxımından problemləri aradan qaldırılıb. İl ərzində 30 mindən artıq xəstə stasionar müalicə alıb, ambulator gəlişlərin də sayı artıb. Ötən il şəhərdə imtiyazlı xəstələrə diqqət daha da çoxalıb. Şəkər əleyhinə dərmanların alınması üçün 375 min manatlıqdan çox, pulsuz və güzəştli reseptlər üçünsə 165 min manatadək vəsait xərclənib. Ümumiyyətlə, şəhər səhiyyə şöbəsi üzrə büdcə təyinatının yarım milyon manata qədəri sistemin əsaslı və cari təmir işlərinə yönəldilib.

Təhsil sistemi sumqayıtlıların uğurları ilə öyündükləri sahələr sırasında öncüldür. Ölkədə uğurla həyata keçirilən təhsil islahatlarının tərkib hissəsi kimi, Sumqayıtda strateji sahənin inkişafı üçün mühüm addımlar atılıb.

Təhsil şöbəsinin müdiri, əməkdar müəllim Vidadi Bağırovun dediyinə görə, Təhsil Nazirliyi ilə şəhər icra hakimiyyətinin səmərəli əməkdaşlığı bütün uğurların təməlində dayanır. Son illərdə şəhərdə 4 yeni məktəb binası tikilərək istifadəyə verilib, 7 məktəb üçün ümumilikdə 2200 yerlik əlavə tədris korpusu tikilib, 5 məktəb və 2 bağça əsaslı təmir olunub. Ümumtəhsil məktəblərinə minlərlə parta, yazı lövhəsi, müəllim stolu və stulu, neçə-neçə fizika və kimya laboratoriyası verilib. 114 informatika kabineti yaradılıb.Bütün məktəblərin sürətli internetə çıxışı təmin olunub. İki təhsil ocağı "Elektron məktəb" layihəsinə qoşulub. 2008-ci ildən etibarən ölkədə ilk dəfə olaraq məhz Sumqayıtda kompyuter texnologiyalarının populyarlaşdırılması məqsədilə "Gənc informatiklər" müsabiqələri keçirilir. Ötən dərs ilində bu müsabiqənin formatı daha da genişləndirilərək "Elm, Təhsil və İnformatika Texnologiyaları" festivalına çevrilib. Ölkənin 7 rayonundan 600 nəfərin qatıldığı festival ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Onu da deyək ki, Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin təşəbbüsü ilə İnformasiya Texnologiyaları Akademiyası yaradılıb. Bu akademiya şəhər təhsilində İKT-nin tətbiqi ilə bağlı aparılan işlərin bir növ mərkəzinə, müəllimlərin hazırlıq, treninq, təcrübə mübadiləsi məkanına çevrilib. İKT sahəsində məktəbdənkənar tərbiyə işinin davamı olaraq ötən il akademiyada şəhərin 9 məktəbini təmsil edən 50 nəfər qabiliyyətli şagird üçün İKT düşərgəsi yaradılıb. Səkkiz ildən bəri təşkil olunan yay istirahət düşərgələrində isə hər il 2300 məktəbli dincəlmək imkanı qazanır. Gənclər və idman baş idarəsinin də yay düşərgələrinə köməyi böyükdür.

Ötən dərs ilində uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi, həmçinin şahmat-dama məktəbi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında Sumqayıt məktəbliləri daha böyük uğur qazanırlar. Məzunların 95-96 faizi bütün fənlərdən müsbət qiymət alır. Ötən il ali məktəblərə sənəd vermiş Sumqayıt məzunlarının 41,5 faizi tələbə adını qazanıb. Onlardan 109 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 7 nəfər Prezident təqaüdünə layiq görülüb. Bu təqaüdü alan sumqayıtlı tələbələrin sayı artıq 59 nəfərə çatıb. Sumqayıtda təhsilin inkişafı məsələləri daim gündəmdə saxlanılır. Bu sahədə qazanılan qabaqcıl təcrübənin nazirliyin qərarı ilə bütün respublikada yayılması tövsiyə edilib.

Gənclik şəhərinin mədəni həyatında da ötən il xüsusi canlanma hiss edilib. Şəhər mədəniyyət və turizm idarəsinin rəisi Namiq Qafarovun dediyinə görə, musiqi məktəblərində, mədəniyyət evləri və klublarda, kitabxanalarda çoxlu maraqlı tədbirlər keçirilib, ölkə miqyaslı baxış-müsabiqələrdə, bayram tədbirlərində, yubileylərdə Sumqayıt hər zaman layiqincə təmsil olunub. Bunu da xüsusi qeyd etmək lazımdır ki, il ərzində şəhərə də çoxlu musiqi və teatr kollektivləri gəlib və sumqayıtlılar qarşısında onların çıxışları təşkil edilib. Qonaqlar arasında ABŞ, Rusiya Federasiyası və digər xarici ölkələrin ünlü musiqi kollektivləri də olub.

Ötən il Sumqayıtın bir çox mədəniyyət müəssisələrinin əsaslı və cari təmirləri reallaşdırılıb, maddi-texniki bazası möhkəmləndirilib. Sumqayıtın tarixi muzeyi başdan-başa əsaslı təmir edilərək özünün ikinci həyatına başlayıb. İndi burada əsl Avropa ab-havası duyulur. Təchizat ən yüksək səviyyədədir. Ventilyasiya və istilik sistemləri qurulub. Muzey fondunun materialları əsasında ekspozisiyalar yenidən tərtib edilib. Əsaslı təmir və bərpa işləri davam edərkən muzeyin əməkdaşları kənarda 5 səyyar sərgi təşkil edib və 12 mühazirə oxuyublar. Yeni inventar və avadanlıqla tam təmin olunmuş muzeyin hər cür şəraiti olan zallarında ən müxtəlif mədəni tədbirlər keçirilməyə başlanıb. İl ərzində burada 119 ekskursiya olub, muzeyə bu məqsədlə 2300-ə qədər ziyarətçi gəlib.

Bülbül adına uşaq incəsənət məktəbində sinif otaqları, dam örtüyü yenidən qurulub. N.Nərimanov adına Mədəniyyət Evində aparılan əsaslı təmir işləri həyata keçirilən yenilənmə tədbirlərinin davamı kimi təqdirəlayiqdir. Məşq otaqları, salonlar, xidmət sahələri nümunəvi görkəmə salınıb.

İl ərzində təkcə Dövlət Rəsm Qalereyasında 19 sərgi təşkil olunub. İndi bu qalereya da şəhərdə keçirilən mədəni tədbirlərin mərkəzlərindən birinə çevrilib. Nizami meydanı haqqında da eyni sözləri söyləmək olar. Burada, açıq havada vaxtaşırı kütləvi yaddaqalan tədbirlərin keçirilməsi ənənə halını alıb. Məsələn, may ayında "Ənənəvi kitab bayramı", iyun ayında "Poeziya və Musiqi", iyul ayında isə "Nizami poeziya bayramı" iştirakçılara unudulmaz təsir bağışlayıb. Şəhər kitabxanalarının fondunda olan yeni bədii ədəbiyyat nümunələri əhaliyə təqdim olunub. Şairlərin, aktyorların, musiqiçilərin çıxışları şəhərin mədəni həyatına xüsusi çalar qatıb. Nəsimi adına mədəniyyət və istirahət parkının estradasında isə yaz-yay aylarında hər bazar günü bədii özfəaliyyət kollektivlərinin sakinlər qarşısında konsert proqramları təqdim edilib. Azərbaycanın peşəkar teatrlarının 138-ci mövsümünün açılışı münasibətilə Sumqayıtda keçirilən möhtəşəm bayram tədbirində nazir Əbülfəs Qarayev və digər qonaqlar, şəhər rəhbərliyi də iştirak ediblər. Şəhər kitabxanalarında il ərzində 1500-dək kütləvi tədbir keçirilib.

Mədəniyyət müəssisələrinin təmir və bərpa işlərinə yüz minlərlə manatlıq vəsait xərclənib. Q.Qarayev, S.Rüstəmov və F.Əmirov adına musiqi məktəblərində daxili imkanlar hesabına təmir işləri reallaşdırılıb. S.Vurğun adına Mərkəzi Kitabxana müasir tələblər səviyyəsində yeniləndikdən sonra şəhərin ən gözəl mədəniyyət ocaqlarından birinə çevrilib. Mərkəzləşdirilmış kitabxanalar sisteminin 12 saylı uşaq kitabxana- filialında "İRBİS-64" avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilib. Sentyabrda dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan küçədə onun xatirə kompleksi açılıb. Abidənin ətrafında geniş abadlıq işləri görülüb. Hazırda Nəsimi adına parkda böyük şairin abidəsi ətrafında yenidənqurma reallaşdırılır. Ümumi sahəsi yeddi min kvadratmetr olan meydança və pilləkənlər abadlaşdırılır, yerə müasir tamet daşlar döşənir. Yeni işıqlandırma sistemi qurulur. Xəzərin sahilinə qədər olan böyük ərazi başdan-başa əsaslı təmir edilir.

Bəli, Sumqayıt özünün dinamik həyat tərzi, örnək işləri ilə seçilir. Burada müasir şəhər elementləri durmadan artır. Modern memarlıq nümunələri milli ənənələrlə vəhdət təşkil edir. Üzeyir Hacıbəyovun abidə kompleksi buna gözəl misaldır. Onun müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov abidənin postamentini royal formasında yaradıb, qara qranitlə üzləyib. 12 metrlik abidənin yüksələn hissəsi orqan musiqi aləti borularının simvolik təsviri kimi verilib. Ortada yerləşən bürünc barelyefin fonu ağ mərmərdən üzük qaşı şəklində işlənib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin - tar, kaman və qavalın tökmə bürüncdən təsviri verilib.

Sumqayıtın gözəllik ünvanları, bax, belə yaradılır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 9 fevral.- S.4.