Azərbaycanın mədəniyyət siyasəti ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırır

 

Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.

 

Heydər ƏLİYEV, Ümummilli lider

 

Bu gün Azərbaycan dövləti cəmiyyət həyatının bütün sahələrində özünəməxsus nailiyyətlər əldə edir, çoxsaylı uğurlara imza atır. Hətta, bir çox məsələlərdə region və dünya miqyaslı yeni nümunələr də yaradırıq. Bütün bunların ümumi şəkildə bir adı var: hərtərəfli inkişaf. Yəni dövlət qüdrətlənir, siyasi, iqtisadi, hərbi, texnoloji sahələrdə tərəqqi əldə edilir. Bu, zamanın reallığıdır. Ancaq hələ yüz illər öncə müdrik siyasətçilər söyləyiblər ki, inkişaf edən dövlətin qarşısında duran çox mühüm vəzifələrdən biri də xalqın - yəni ölkə əhalisinin mədəni səviyyəsinin inkişaf etdirilməsidir. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən şəxslər belə bir tezislə çıxış edirdilər ki, Azərbaycan xalqı tarixən böyük mədəni inkişaf yolu keçdiyinə görə bu gün artıq xalqın mədəni səviyyəsinin artırılması barədə hansısa çağırışa ehtiyac yoxdur. Dayaz məntiq idi. Çünki Mahatma Qandinin söylədiyi kimi istənilən xəzinəyə ayda və ya ildə az da olsa əlavə edilmirsə, o xəzinə tükənməyə məhkumdur.

Bu məsələyə münasibətin Heydər Əliyev formulu isə bizim üçün daha əhəmiyyətli, xalqımız və dövlətimiz üçün daha gərəkli idi: "Biz elə bir siyasi kurs götürmüşük ki, insanlarımız yeni əsrin ilk onilliklərində ölkəmizin iti sürətli inkişafının şahidi olacaqlar. Sosial, iqtisadi inkişaf böyük olacaq, dövlətimiz qüdrətlənəcəkdir. O zaman biz xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasını, elmin, təhsilin, mədəniyyətin inkişafını daha çox diqqət mərkəzində saxlamalıyıq. Mədəniyyətimizi dünya miqyasında tanıtmalıyıq. Bu, bizim dünənimizə ehtiramın, sabahkı həyatımız qarşısında məsuliyyətimizin göstəricisi olacaqdır".

Ulu öndərin 14 il əvvəl söylədiyi həmin fikirlər bu gün Azərbaycanın həyat həqiqətləri, günümüzün reallıqlarıdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə isə nəinki Azərbaycanın mədəniyyət siyasəti davam etdirilmiş, hətta bu siyasət daha da təkmilləşdirilərək qloballaşan dünyaya öz töhfələrini verən bir səviyyəyə çatmışdır. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan mədəniyyəti təkcə regionda deyil, eləcə də bütün dünyada çox böyük nüfuza malik bir irs kimi öz tərəqqisini və təbliğini davam etdirir. Ekspertlərin fikrincə, 2010-cu il bu baxımdan daha səmərəli olmuşdur. Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəniyyət üzrə ekspertləri və sənət adamları ötən il Azərbaycanda keçirilmiş beynəlxalq miqyaslı mədəni tədbirləri qloballaşma dövrünün ən uğulu addımları kimi dəyərləndirmişlər.

Ötən il Azərbaycanda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ İkinci Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, Vokalçıların Bülbül adına Beşinci Beynəlxalq Müsabiqəsi və Dördüncü Beynəlxalq Rostropoviç Festivalı kimi möhtəşəm mədəniyyət tədbirləri reallaşdırılmışdır. Bəzən belə bir təsəvvür yaranır ki, həmin tədbirər sırf mədəniyyət hadisəsi kimi xarakterizə edilməlidir. Tamamilə səhv yanaşmadır. Çünki ölkədə keçirilən istənilən beynəlxalq tədbir bütün mənalarda böyük əhəmiyyət kəsb edir. Yəni, əvvəla ölkənin maddi imkanları olmasa 200-300 nəfər əcnəbi qonağın iştirakı ilə beynəlxalq tədbir keçirə bilməz (ölkənin iqtisadi imkanlarının göstəricisi), ikinci, hansısa ölkədə daxili problem yaşanırsa, orada beynəlxalq tədbirin keçirilməsi barədə təşəbbüslər qətiyyən yada düşməz (daxili sabitliyin və xalqın öz iqtidarına inamının göstəricisi), üçüncü, bu gün dünyada turizm sektoru elə səviyyədə inkişaf edib ki, istənilən insan qonaq olduğu ölkədə yüksək komfort gözləyir və Qəbələdə keçirilən beynəlxalq festivalın iştirakçıları dönə-dönə vurğuladılar ki, burada dünyanın ən inkişaf etmiş ölkələrindəki səviyyədə turizm imkanları vardır. Bu isə ölkələrin turizmdən çox böyük iqtisadi gəlir əldə etdiyi müasir dünyada Azərbaycanın turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi baxımından xüsusi əhəmiyyət kəbs edirdi. Qəbələdə keçirilən festival dünya ictimaiyyətinə başqa bir Azərbaycan həqiqətinin çatdırılması baxımından da önəmli idi. Belə ki, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən dərhal sonra xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri də paytaxtla yanaşı bütün bölgələrin sosial-iqtisadi inkişafına nail olmaq idi. Prezidentin bu məqsədlə imzaladığı iki böyük Dövlət Proqramının icrası nəticəsində bütün regionlarımız sürətlə inkişaf edir. Əcnəbi qonaqlar Qəbələnin timsalında həmin inkişafın şahidinə çevrildilər.

Bundan başqa, ölkəmizdə keçirilən istənilən beynəlxalq tədbir dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olur və bunun da nəticəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi addımlar atmış oluruq. Məsələn, ötən il ölkəmizdə keçirilmiş Bakı Caz Festivalı "Euronews" telekanalının ilin yekununa həsr olumuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrindən biri kimi qeyd edilmişdir.

Bundan başqa Azərbaycanın mədəniyyət siyasətinin ikinci əsas istiqaməti ölkəmizin mədəniyyət xadimlərinin beynəlxalq aləmə çıxarılmasıdır. Əgər Azərbaycanda beynəlxalq festival və ya konfrans keçirməklə ölkəmizi dünyaya tanıdırıqsa, müxtəlif ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri keçirməklə mədəniyyətimizi çoxsaylı ölkələr və xalqlar üçün əlçatan edirik. Məsələn, ötən il Misir Ərəb Respublikasında, İordaniya Krallığında, İran İslam Respublikasında, Qətər dövlətində, Mərakeşdə, Kubada və Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir ki, bu da min illərdən bəri mükəmməl bir inkişaf yolu keçmiş Azərbaycan mədəniyyətinin təbliği üçün çox əhəmiyyətli tədbirlərdir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009- 2019-cu illərdə" Dövlət Proqramı ölkənin teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Elə ötən ilin noyabrında ölkəmizdə ilk dəfə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı beynəlxalq teatr konfransı da məhz həmin proqram çərçivəsində təşkil edilmişdi. Dünyanın 30 ölkəsini təmsil edən teatr mütəxəssisləri ölkəmizdə olarkən milli teatrımızın inkişafı üçün həyata keçirilən tədbirlərin canlı şahidinə çevrildilər.

Azərbaycan dövləti öz mədəniyyət siyasətini yaradıcı təşkilatların fəaliyyətini stimullaşdırmaqla, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə, muzey, kitabxana və digər mədəni-maarif şəbəkələrinin müasirləşdirilməsi ilə davam etdirir. Sevindirici haldır ki, bütün bu tədbirlərin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu, xüsusən, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da böyük təşəbbüslərlə çıxış edir və uğurlu nəticələrə imza atır. Xalqımızın aşıq-ozan sənətinin, muğam və xanəndəlik sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması da bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü və prinsipiallığı nəticəsində mümkün olmuşdur. Ötən il Azərbaycanın həmin beynəlxalq təşkilatın qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinə üzv seçilməsi də bizim üçün böyük uğurdur.

Bir sözlə, Azərbaycanın mədəniyyət siyasəti bilavasitə ulu öndərin arzu etdiyi şəkildə - xalqın dünəninə ehtiram göstərilməsi və sabahı qarşısında məsuliyyət hissləri ilə davam etdirilir. Bu isə mədəniyyətimizin böyük gələcəyinə zəmin yaradılması deməkdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 11 fevral.- S. 1.