Nəsimi rayonu: 2010-cu il diqqətəlayiq uğurlarla zəngin olmuşdur

 

2010-cu il ölkəmizin hər yerində olduğu kimi Bakının Nəsimi rayonunda da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlara nail olunmuşdur. Bütün bunlar barədə Nəsimi rayonunda keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin həlli yollarına həsr olunmuş iclasda ətraflı danışılmışdır.

 

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq məruzə ilə çıxış etmişdir.

Natiq bildirmişdir ki, 2010-cu il ölkəmiz üçün sosial-iqtisadi inkişaf, Azərbaycanın hərtərəfli tərəqqisi və beynəlxalq nüfuzunun artması baxımından əhəmiyyətli il olmuşdur. Bu, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin, genişmiqyaslı islahatların real nəticələridir. Keçən il ölkə iqtisadiyyatında artım 5 faiz olmuş, əhalinin pul gəlirləri 12,3 faiz yüksəlmiş, yoxsulluq səviyyəsi 9,1 faizə enmişdir. Son 7 ildə yoxsulluq səviyyəsinin 5 dəfə azalması möhtərəm Prezidentimizin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasətinin bariz nümunəsidir.

Ötən il Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar investisiya qoyulmuşdur ki, bunun 9,3 milyard dolları qeyri-neft sektorunun payına düşüb. 2010-cu ildə qarşıya qoyulan bütün sosial proqramlar yerinə yetirilmiş, minimum əmək haqqı və pensiyaların baza hissəsi artırılmış, 550 min nəfər ünvanlı sosial yardım proqramı ilə əhatə olunmuşdur. Keçən il ölkədə 70 min yeni iş yeri yaradılıb. Ümumilikdə isə son 7 ildə Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır.

Ümumilikdə, 2010-cu ilin yekunlarına nəzər saldıqda inamla deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti, beynəlxalq aləmdə nüfuzu artır, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində böyük uğurlara nail olunur, insanlarımızın maddi-rifah halı daim yaxşılaşır. Sevindirici haldır ki, bu uğurlarda Nəsimi rayonunun da öz yeri olmuşdur.

Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 907250,2 min manat təşkil etmişdir. Sənaye istehsalı 106412,7 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 286753,3 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən illə müqayisədə 15,1 faiz artmışdır.

2010-cu ildə Nəsimi rayonunda 1397 yeni iş yeri açılmışdır.

Əhalinin ərzaq məhsullarına olan tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri "Təzə bazar" MMC-nin ərazisində təşkil olunan yarmarka ötən il də davam etdirilmiş, yerli iş adamlarının öz məhsullarını realizə etmələri üçün hər cür şərait yaradılmışdır. Bu ilin yanvar ayından isə rayonun 3-cü mikrorayon ərazisindəki A.Mustafayev küçəsində "kəndli yarmarkası" fəaliyyətə başlayıb.

Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlardakı xüsusi yerlərdə 175 nəfər işlə təmin olunmuşdur ki, onlardan 28 nəfəri əlil, 790-ı məcburi köçkün, 24 nəfəri çoxuşaqlı qadın, 40-ı 20 yaşadək gənclər olmuşdur. Peşə hazırlığının səmərəliliyinin artırılması məqsədilə keçən il 252 nəfər 12 ixtisas üzrə kurslara cəlb olunmuşdur.

Hesabat ilində "Bakı Elektrik Şəbəkə" Səhmdar Cəmiyyəti Nəsimi Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 5 yeni transformator məntəqəsi, 8 yeni komplekt transformator məntəqəsi inşa edilmiş, 30 transformator məntəqəsi əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur. 28 məntəqədə ifrat yüklənmiş transformatorlar iriləri ilə əvəz edilmişdir. Bu dövrdə 111 saylı yarımstansiyada gücləndirmə və yenidənqurma işləri görülmüşdür. Keçən il 26 min ədəd elektrik sayğacı quraşdırılıb və hazırda rayon ərazisində abonentlərin 97,7 faizi sayğacla təmin edilmişdir. Hesabat dövründə elektrik enerjisi haqqının yığım faizi yüksələrək 98 faiz təşkil etmişdir.

Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyi Nəsimi Rayon Qaz İstismar Sahəsi tərəfindən əhaliyə 8574362,57 min manat həcmində təbii qaz satılmışdır. Satışın 89,5 faizi ödənilmişdir ki, bu da əvvəlki illə müqayisədə 17,67 faiz çoxdur. Rayonun S.Vurğun, M.Qaşqay, A.Qurbanov, H.Seyidzadə, Ü.Hacıbəyov və digər küçələrində 8690 paqonometr qaz kəməri çəkilmiş, 2200 paqonometr qaz kəməri dəyişdirilmiş, 720 paqonometr yeraltı qaz kəməri isə yerüstü kəmərlə əvəz edilmişdir.

2010-cu ildə rayonda 3051 paqonometr su kəməri dəyişdirilmiş, 3900 paqonometr yeni su boruları quraşdırılmış, 31 nasos təmir edilmişdir.

Ötən il 58752 abonent su sayğacı ilə təmin edilib. Hazırda rayon üzrə su sayğacları ilə təminat 95,4 faiz təşkil edir. Nəsimi Rayon Kanalizasiya Şəbəkəsi Xidməti Sahəsi tərəfindən il ərzində müxtəlif diametrli 616 paqonometr yeni kanalizasiya xətləri çəkilmiş, 21 ünvanda 547 paqonometr əsaslı təmir işləri aparılmışdır.

2010-cu ildə rayon ərazisində genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilmişdir. H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələrində, Vaqif, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, ümumilikdə 25 min ağac və dekorativ gül kolları əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır. Ərazidəki 20 həyətdə təmir-abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. A.Bakıxanov, Mərdanov qardaşları, R. Behbudov küçələrində, Vaqif və Azadlıq prospektlərində səkilərə tamet plitələr döşənmiş, bardürlər dəyişdirilmişdir.

A.Bakıxanov küçəsində Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi davam etdirilir.

Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni binasının inşası ilə bağlı hazırlıq işləri başa çatdırılmış, dağ yəhudiləri sinaqoqunun tikintisinə başlanılmış, Zabitlər parkında aparılan yenidənqurma və abadlıq işləri isə tamamlanmaq üzrədir.

28 May küçəsindəki Alman kirxanasında əsaslı təmir işləri başa çatdırılmış, həmin ərazidə abadlıq işləri aparılmışdır. Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində olan piyada keçidindəki əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Həmin obyektlərin açılış mərasimlərində Prezident cənab İlham Əliyev iştirak etmişdir.

Hesabat dövründə rayon ərazisində 20 ünvanda binaların 27583 kvadratmetr fasadları, 8 ünvanda binaların 808 kvadratmetr eyvanları təmir edilmiş, 2 ünvanda səkilərə 110 kvadratmetr daş plitə döşənmişdir. Keçən il 13 küçədə, ümumilikdə 124320 kvadratmetr asfalt vurulmuş, 4 küçədə isə 9250 paqonometr bardürlər dəyişdirilmiş, 4 ünvanda binaların fasadları əsaslı təmir edilmişdir.

2010-cu ildə rayon mənzil-kommunal təsərrüfatı birliyi tərəfindən 7041 kvadratmetr dam örtüyü təmir edilmiş, 1796 paqonometr ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 518 kvadratmetr keçid meydança və pilləkanlar təmir olunmuş, 1428 kvadratmetr ümumi istifadə yerləri şüşələnmiş, 1023 paqonometr su axıdıcı və 2033 paqonometr su boruları təmir edilmiş, 876 paqonometr istilik borusu yenisi ilə əvəz olunmuşdur.

2008-2010-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 1991 nəfər bitirmiş, onlardan 1031-i ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında 47 nəfər 600-dən, 15-i isə 650-dən çox bal toplaya bilmişdir.

Fərəhləndirici haldır ki, keçən tədris ilinin yekunlarına əsasən, 5 və 164 saylı orta məktəblər "Ən yaxşı ümumtəhsil məktəbi", 13 müəllim isə "Ən yaxşı müəllim" nominasiyası üzrə qalib olmuşlar.

Ötən il 42 saylı orta məktəbdə iki yeni korpusun və 115 saylı körpələr evi - uşaq bağçasının iki mərtəbəli yeni binasının inşası başa çatdırılaraq istifadəyə verilmişdir. 74, 123, 147 saylı körpələr evi-uşaq bağçalarında əsaslı, 22,24, 92,119, 135 saylı körpələr evi-uşaq bağçalarında isə cari təmir işləri aparılmışdır. Hazırda 76 saylı körpələr evi-uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir.

Keçən il Azərbaycan Tibb Universitetinin 14 mərtəbəli 400 çarpayılıq Tədris Terapiya Korpusu tikilib istifadəyə verilmiş, təxminən 100 il əvvəl inşa edilmiş M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılmış, burada müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Hər üç səhiyyə ocağının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 20 saylı şəhər poliklinikasında əsaslı təmir işləri başa çatdırılmış, Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının ərazisində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun tikintisi davam etdirilir. Hazırda 3 saylı Uşaq Xəstəxanasında əsaslı təmir işləri aparılır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir avadanlıqlarla təchiz edilmiş yeni binaya köçmüşdür. "Nizami" kinoteatrında başlanmış əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələri, bağ, park, monumental və xatirə abidələrinin qorunması və təbliği diqqət mərkəzində olmuşdur.

İl ərzində rayondakı təhsil müəssisələrində sağlam həyat tərzi, uşaqların vətənpərvərlik hisslərinin və intellektual səviyyəsinin yüksəldilməsi, müxtəlif fənlər üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və sair istiqamətlərdə silsilə tədbirlər həyata keçirilmiş, müsabiqələr, sərgilər, seçim turları, yarışlar təşkil edilmişdir. Beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, xüsusi istedada malik uşaqlar rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri daim diqqət mərkəzində olmuş, onlara maddi və mənəvi köməklik edilmişdir.

2010-cu ildə rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi zəhərlənmə halları baş verməmişdir. Sanitar norma və qaydalara cavab verməyən obyektlər barəsində müxtəlif inzibati tədbirlər görülmüşdür. Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə məhəllədaxili su anbarları yuyulub dezinfeksiya edilmişdir. Hesabat dövründə rayon ərazisində antisanitariya şəraitində heyvanların kəsimi və satışına, ət və ət məhsullarının, açıq suların və sərinləşdirrici içkilərin səyyar satışına yol verilməməsi üçün mütəmadi tədbirlər görülmüşdür.

2010-cu ildə Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Şahin" və "Cəsurlar" hərbi-idman oyunları, gənclərin asudə vaxtlarının səmərəli təşkili, milli adət-ənənələrin qorunması mövzularında 40-dan artıq tədbir keçirilmişdir.

Keçən il Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsi tərəfindən 25547 pensiyaçı və müavinət alan vətəndaşa xidmət göstərilib.

İl ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3937 nəfərə sosial müavinət və təqaüd verilmiş, 24 nəfər təqaüdçü sanatoriya-kurort putyovkası ilə təmin edilmiş, 16 nəfər Vətən və Qarabağ müharibəsi əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz minik avtomobili verilmişdir. Rayonda 3141 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 132 manat təşkil etmişdir ki, bu da 2009-cu illə müqayisədə 10,9 faiz çoxdur.

Rayon ərazisində məskunlaşmış 2453 məcburi köçkün ailələrinin məişət və kommunal xidmətlər, rastlaşdıqları çətinliklərlə bağlı yazılı və şifahi müraciətləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində Nəsimi Rayon Prokurorluğu tərəfindən rayonun digər hüquq-mühafizə orqanları ilə əlaqəli görülən işlərin keyfiyyəti xeyli yaxşılaşmışdır. Əvvəlki illə müqayisədə 2010-cu ildə qeydə alınmış cinayətlərin sayı 221 fakt azalaraq 1256 hadisə təşkil etmişdir. Ağır və xüsusi ilə ağır cinayətlərin xüsusi çəkisi 32,6 faizdən 22,3 faizə enmişdir.

Ötən dövr ərzində antikorrupsiya, eyni zamanda dövlət qulluqçularının etik davranışı, vicdanlılıq məsələləri, qərəzsizlik prinsiplərinə əməl edilməsi icra hakimiyyətinin diqqət mərkəzində olmuş, idarəetmənin konkret sahələrində mövcud olan nöqsanların aşkar edilməsi və aradan qaldırılması məqsədilə mütəmadi olaraq araşdırma və təhlillər aparılmışdır.

İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 25 iclası keçirilmişdir. Həmin iclaslarda rayondakı sosial-iqtisadi vəziyyət müzakirə edilərək müvafiq qərarlar qəbul edilmiş, əhalinin şikayət və təklifləri Şuranın qərarlarında və icra hakimiyyəti başçısının sərəncamlarında nəzərə alınmışdır.

İl ərzində keçirilmiş qəbullarda rayon icra başçısı tərəfindən 1573 (ötən il 1560) vətəndaşın müraciəti dinlənilmiş və qanunvericiliyə müvafiq olan bütün müraciətlər öz həllini tapmışdır. Keçən il 45 səyyar qəbul keçirilmiş, vətəndaşların problemləri yerində öyrənilmiş və onların həlli üçün tədbirlər görülmüşdür. Rayon icra hakimiyyətində daimi fəaliyyət göstərən "Qaynar xətt"ə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sistemi yaradılmışdır.

Ötən il respublikamızın hər yerində olduğu kimi Nəsimi rayonunda da faşizm üzərində Qələbənin 65 illiyi böyük təntənə ilə qeyd edilmiş, rayon icra hakimiyyətinin dəstəyi ilə "1941-1945-ci illər müharibəsinin veteranları böyük Qələbənin varisləridir" kitabı çap edilmişdir.

İl ərzində ölkəmizdəki tarixi günlər və bayramlar rayonda da geniş qeyd olunmuş, bayram günlərində aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrə maddi köməkliklər edilmişdir.

2010-cu ilin ən mühüm siyasi hadisəsi olan 7 noyabrda keçirilmiş dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər Nəsimi rayonunda da demokratik və şəffaflıq şəraitində keçirilmişdir.

N.Məhəməliyev bildirmişdir ki, keçən ili uğurla başa vuran nəsimililər bu il də qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər. Rayon sakinləri Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş uğurlu siyasətini tam dəstəkləyirlər.

Sonra Nəsimi rayon prokuroru Aqşin Ziyadov, rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi Laçın Mustafayev, rayon bələdiyyəsinin sədri Natiq Abbasov və başqaları çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Tağı Tağıyev çıxış etdi. Nəsib Məhəməliyev yığıncağa yekun vurdu. Tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Tədbirdə Milli Məclisin deputatları Aytən Mustafayeva, Ziyad Səmədzadə, Məlahət İbrahimqızı və Asim Mollazadə iştirak etmişlər.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2011.- 10 fevral.- S. 7.