Prezident İlham Əliyev:
Azərbaycanın bütün regionlarında aparılan
işlərin məqsədi ölkəmizi daha da gücləndirmək
və iqtisadiyyatımızın çoxşaxəliliyini təmin
etməkdir
Müstəqil
Dövlətlər Birliyinə üzv olan ölkələrin
ekspert və politoloqları yazırlar ki, 1991-ci ildən sonra
yaranmış gənc müstəqil dövlətlərin
heç birinin rəhbəri Prezident İlham Əliyev qədər
xalqın arasında olmur.
Bu
amili mütəxəssislərin hərəsi bir şəkildə
əsaslandırırlar. Bəzi ekspertlərin fikrincə
İlham Əliyev həmin addımlarıyla sadəcə Heydər
Əliyev idarəçilik ənənələrini davam
etdirir və yaşadır. Çünki Heydər Əliyev də
siyasi hakimiyyətdə olduğu müddətdə - həm Azərbaycanın,
həm də SSRİ-nin rəhbərliyində olarkən - daim
xalqın arasında olmuş, ictimaiyyətin fikirlərini
öyrənmiş, qaldırılan problemlərin həllini təmin
etmək üçün gərəkli addımlar
atmışdır. Prezident İlham Əliyev həmin ənənələri
yaşadırsa, bu, həm müsbət tendensiyaya sədaqət
nümunəsi kimi, həm də qədrşünaslıq
baxımından yüksək qiymətləndirilməlidir.
Dövlət başçımızın xalq arasında tez-tez görünməsinə münasibət bildirən ikinci qrup ekspertlərin fikrincə, İlham Əliyev həmin addımıyla Şərq müdriklərinin ölkə əhalisinin əhval-ruhiyyəsinin öyrənilməsi ənənəsini davam etdirir. O, istənilən bölgəyə səfəri zamanı sıravi vətəndaşlarla söhbət edərək kimin nə düşündüyünü, ölkəmizin daha da qüdrətli olması üçün kimin hansı təşəbbüslə çıxış etmək istədiyini öyrənməyə çalışır. Bu arqumenti irəli sürən ekspertlərin fikrincə, dövlət başçımız bölgələrə səfərlərinin hər birində məhz sıravi vətəndaşlarla görüşür, sadə insanların nə düşündüyünü, dövlətçiliyi inkişaf etdirmək, dövləti qüdrətləndirmək, xalqın sosial-rifah halını daha da yaxşılaşdırmaq üçün kimin hansı təşəbbüslə çıxış etmək istəyini öyrənməyə çalışır. Əslində bu arqument də kifayət qədər əsaslıdır. Ancaq Azərbaycan ekspertlərinin fikrincə, Prezident İlham Əliyevin dövri olaraq bölgələrə səfər etməsi tamamilə başqa səbəbdən qaynaqlanır.
Azərbaycanlı politoloq və ekspertlər belə düşünürlər ki, Prezident İlham Əliyev 2004-cü ilin fevral ayında start verdiyi çox mühüm ümumxalq və ümümdövlət əhəmiyyətli bir prosesin - Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının paytaxtla bərabər şəkildə aparılması üçün qarşıya qoyulan vəzifənin hansı səviyyədə icra olunmasının bilavasitə şahidi olmaq istəyir. Qəlbən və ruhən yaradıcı, qurucu insan olan İlham Əliyev bölgələrdəki yeniləşməni, müasirləşməni, tikinti-quruculuq və abadlıq işlərinin miqyasını şəxsən görmək istəyir. Əslində bu üç arqumentin hamısı kifayət qədər əsaslı və dəyərlidir. Həmin arqumentlərin cavabını dövlət başçımızın Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə söylədiyi fikirlərdə də görürük. Fevralın 9-da Qazaxda səsləndirilən həmin fikirlərdən seçdiyimiz sitat da gəldiyimiz qənaətin təsdiqi kimi qiymətləndirilə bilər: "Böyük quruculuq, abadlıq işləri aparılır, rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Əlbəttə, bu, məni çox sevindirir. Çünki bilirsiniz ki, Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsəd güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin".
İqtisadiyyatın çoxşaxəli iqtisadiyyata çevrilməsi nə deməkdir? Əvvəla, Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti və neft diplomatiyası nəticəsində Azərbaycan neft və qaz ixrac edən ölkə kimi həm özünün enerji təhlükəsizliyinin təmin edilməsinə nail olur, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən ölkəyə çevrilir. İkinci, Azərbaycan qeyri-neft sektorunun mükəmməl inkişafına nail olmaq üçün neft sektorundan əldə edilən vəsaitin müəyyən hissəsini məhz qeyri-neft sektorunun inkişafına yönəldir. Üçüncü, Azərbaycan müasir dövrün ən böyük sərvətlərindən olan informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə etməklə yeni iqtisadi imkanlar mənbəyi əldə edir. Dördüncü, ölkəmiz çox böyük turizm imkanlarına malik olduğuna görə bu sahə təkcə turizm və istirahət məqsədi üçün deyil, eləcə də böyük iqtsadi gəlir əldə etmək üçün yetərincə inkişaf etdirilir. Beşinci, Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etmək məqsədiylə ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, aqrar sektorun daha da stimullaşdırılması üçün kifayət qədər vəsait və diqqət ayırır. Nəhayət, altıncı, Azərbaycan öz geosiyasi imkanlarından istifadə edərək dünyanın aparıcı nəqliyyat dəhlizlərinin reallaşdırılması layihələrində iştirak edir və böyük iqtisadi dividendlərə nail olur. Prezident İlham Əliyev ölkənin müxtəlif bölgələrini təmsil edən sadə insanlarla görüşərkən məhz bu həqiqətlərdən söz açır.
Dövlət başçımızın xüsusi diqqət mərkəzində olan və region əhalisi ilə görüşlərdə dönə-dönə yada saldığı əsas məsələlərdən biri də ölkədə özəl sektorun daha da inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin daha da artırılması barədə qarşıya qoyduğu vəzifələrdir. Prezident Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə həmin məsələni bir daha yada salaraq qətiyyətli fikirlər söylədi: "Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülür. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Ölkəmizin inkişafı üçün orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir".
Prezidentin bölgələrə dövri olaraq etdiyi səfərələrin əhəmiyyəti həm də ondadır ki, bölgə əhalisi dövlətin və hökumətin həyata keçirdiyi çoxsaylı tədbirlər barədə bilavasitə ilk mənbədən - dövlət başçısının özündən məlumat ala bilirlər. Nəinki MDB məkanında, hətta, bütün dünyada belə bir mənfi tendensiya var ki, bəzi məmurlar dövlətin siyasətini ya bilərəkdən, ya da başa düşməmək səbəbindən insanlara olduğu kimi çatdırmırlar. Ancaq dövlət başçısının bölgələrə səfərləri həmin simptomları tamamilə yox edir. Xüsusən, öz arqument və məntiqi ilə xalqın böyük inamını, etimadını qazanmış İlham Əliyevin bölgələrdəki çıxışlarına böyük ehtiyac hiss olunur. Həmin ehtiyacın nədən ibarət olduğunu yaxşı bilən dövlət başçısı Qazaxdakı çıxışı ilə xalqın etmadını növbəti dəfə qazanmış oldu: "Ölkədə ictimai nəzarət daha güclü olmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Bunu etmək üçün hamımız bir hədəfə vrumalıyıq".
Əminik ki, 1993-cü ilin yayından etibarən Heydər Əliyev siyasətinin ardınca gedən, 2003-cü ilin oktyabrından sonra isə Prezident İlham Əliyevin siyasətini bütün sahələrdə dəstəkləyən Azərbaycan xalqı ölkədə başlanan növbəti prosesin - rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınmasında da dövlətin böyük dayağı kimi çıxış edəcəkdir. Çünki Prezident İlham Əliyev ölkə əhalisi qarşısında yeni vəzifələr qoyur: "Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır".
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 11 fevral.- S. 6.