Qəhrəmanın ömür yolunun bədii-sənədli salnaməsi

 

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunu geniş ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirmək məqsədi ilə "Kaspi" qəzetinin keçirdiyi müsabiqə başa çatmışdır. Fevralın 10-da Mətbuat Evində qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

 

"Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva bildirdi ki, müsabiqənin şərtlərinə görə, yalnız vətənpərvərlik mövzusunda yazılmış və KİV-lərdə, habelə internet saytlarında çap olunmuş hekayələr, şeirlər, publisistik məqalələr qəbul olunaraq münsiflər heyətinə təqdim edilib. 2010-cu ilin sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb.

Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün kənarlaşdırılıb. İlk üç yerdən əlavə (Birinci yer - 1000 manat, ikinci yer - 500 manat, üçüncü yer - 300 manat) hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulmuşdu. Müsabiqəyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyəti hər biri 200 manat olmaqla əlavə 5 xüsusi mükafatın verilməsini də qərara almışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli qəhrəman Mübariz İbrahimovun gəncliyə örnək olan qəhrəmanlığının bədii-sənədli salnaməsinin yaradılmasında və mənalandırılmasında jurnalistlərin ötən bir neçə ayda diqqətəlayiq yazı nümunələri hazırladıqlarını bildirdi. O, müsabiqənin KİV-in vətənpərvərlik missiyasına töhfə olduğunu söylədi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli son vaxtlar dövlətimizin və Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi himayədarlığın qəzet-jurnallarda ümummilli mövzuların işıqlandırılmasına geniş stimul yaratdığını dedi. Natiq "Kaspi" qəzetinin qəhrəmanlıq mövzusuna önəm verərək belə bir müsabiqə keçirməsini günün tələbatını cavablandıran təşəbbüs kimi qiymətləndirdi.

Milli Məclisin üzvü, BDU-nun professoru Musa Qasımlı, İctimai Teleradio Yayımları Şurasının sədri, BDU-nun professoru Cahangir Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz Milli qəhrəman Mübariz İbrahimovun ümummilli öyünc, yüksək vətənpərvərlik coşğusu yaratmış igidliyinin, misilsiz şəhidliyinin ədəbiyyatımızda və publisistikamızda dəyərli əsərlərə çevrilməsini və mediada geniş oxuculara çatdırılmasını jurnalistlərimizin növbəti uğuru kimi dəyərləndirdilər, müsabiqə qaliblərini təbrik etdilər.

Sonra müsabiqədə müxtəlif nominasiyalar üzrə yer tutanların adları elan olundu. Birinci mükafatı Hafiz Mirzə ("Qeyrət", hekayə - "Olaylar" qəzeti), ikinci mükafatı Zəkurə Quliyeva ("Ermənilərə tarixi dərs", məqalə - "Qarabağ qəzeti"), üçüncü mükafatı Valeh Məhərrəmli ("Hünər", poema - "Səs" qəzeti) aldılar.

Oqtay Qorçu ("Torpaq üstə, yarpaq üstə, göz üstə...", hekayə - Media Forum), İmir Məmmədli ("Qarabağ havaları", şeir - İctimai Televiziya), Müstafa Çəmənli ("Mübariz" povest), Yusif Kərimov ("Təmas xəttindən məktublar" - "İki sahil" qəzeti), Rəhilə Elçin ("Milli qəhrəmanım, Vətən qürurum" - oçerk) müsabiqənin xüsusi mükafatlarına layiq görüldülər.

Nigar Vaqifqızıya ("Soruşma ki, vətən sənin üçünedib...", məqalə - "Azadlıq qəzeti"), Balayar Sadiqə ("Hünər simfoniyası", poema - "Paritet" qəzeti), Fərid Hüseynə ("Müqəddəs adam haqqında yeddi tezis", məqalə - "kitabxana.net" saytı), Rizvan Nəsiboğluna ("Təpədən dırnağa Vətəndi, Vətən...", şeir - "Bütöv Azərbaycan" qəzeti), Mirdaməd Əzizə ("Gedək Mübarizin arxasınca biz", şeir - "Ədəbiyyat" qəzeti) təqdim olundu.

Bakı məktəblisi Aygül Rəhimə "Azadlıq" hekayəsinə görə müsabiqənin Fəxri Fərmanı verildi.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 11 fevral.- S. 6.