Azərbaycan
dövlətçiliyi və dövlətin dil siyasətinin əsas
istiqamətləri
Dünyada
mövcud olan bütün etnos, xalq və millətlərin dillərinin
heç də hamısı dövlət dili səviyyəsinə
yüksələ bilmir. Burada dilin real inkişaf səviyyəsi
ilə bərabər, digər linqvopolitoloji amillər də
mühüm əhəmiyyət kəsb edir. Elə ölkələr
məlumdur ki, müəyyən tarixi dövrlərdə
onların ərazisində dövlət dili bir, elmi dil
başqa, poeziya, sənət dili isə başqa bir dil
olmuşdur. Nə qədər ağır olsa belə, Azərbaycan
dilinin də tarixin müxtəlif mərhələlərində
belə bir tale yaşadığını deyə bilərik. Lakin
dilimiz bu çətin sınaqlardan keçərək, öz
varlığını, milliliyini qoruyub saxlaya bilmiş, nəticədə
müstəqil ölkənin dövlət dili olmaq
imkanını qazanmışdır.
Dilin
dövlət dili olmasının elmi-nəzəri əsasları
var. Məhz milli köklərə əsaslanan dövlətçilik
ənənəsi və zəngin linqvistik baza hər hansı
bir dilə bu imtiyazı verir. Lakin burada birinci amil daha əsasdır,
ikinci isə kamil olsa belə, əgər dövlət tərəfindən,
onun yeritdiyi dil siyasəti tərəfindən tənzimlənmirsə,
dövlət dili statusuna yiyələnə bilmir. Deyilənləri
Azərbaycan dilinin timsalında, onun Vətənimizin
şimalında dövlətçiliklə bağlı olaraq
dövlət dili kimi işlədilməsi ilə, eyni zamanda,
Azərbaycanın cənubunda dövlətin dil siyasəti tərəfindən
dəstəklənmədiyinə görə bu imtiyazdan məhrum
olması ilə əyani şəkildə izah etmək olar.
Azərbaycanda dövlətçilik ənənəsi öz başlanğıcını onun ərazisində milli dövlət qurumlarının fəaliyyət göstərdiyi dövrlərdən götürsə də, Azərbaycan dili dövlət dili imtiyazına, dövlətin əsas atributu olmaq imkanına "de yure" və "de fakto" XX əsrin sonlarında yiyələnib. Müstəqillik qazandıqdan sonra dövlətçilik ənənəsinin və eyni zamanda, etnik-milli şüurun inkişafının labüd nəticəsi kimi Azərbaycan dili cəmiyyətin bütün sferalarında məhdudiyyətsiz tətbiq edilən dövlət dili oldu. Düzdür, dövlət dili imtiyazı Azərbaycan dilinə tarixin müxtəlif mərhələlərində də qismət olmuşdu, lakin bu, müəyyən məhdudiyyətlər və çətinliklərlə müşayiət edilmişdi. Çünki məlum həqiqətdir ki, dövlət müstəqilliyi olmadığı təqdirdə yerli elitar təbəqənin formalaşması və onun milli mənafelərə, o cümlədən, ana dilinin dövlət dili kimi məhdudiyyətsiz işlənməsinə xidmət göstərə bilməsi çox böyük çətinliklərlə üzləşir.
İstənilən millətin siyasi - ideoloji elitasının mövcudluğu üçün dövlətçilik birinci amil olmasa da, onun fəaliyyəti məhz müstəqillik şəraitində reallıq kəsb edə bilir. Milli ideologiya milli məfkurə və ümumxalq ideologiyası zəminində ərsəyə gələrək yaradıcı xarakter daşıyır və bilavasitə dövlətçiliyimizə xidmət edir. Milli ideologiya özündə əsas mənəvi dəyər olan dili və onun məhdudiyyətsiz tətbiqini ehtiva etdiyindən dövlət dili probleminin də bu anlayışın tərkib hissələrindən olması inkaredilməzdir. Nəzərə alanda ki, milli ideologiya dövlətçilik zəminində yaranır və dövlətçiliyə xidmət edir, bu fikir mütləqləşir. Eyni zamanda bu da bir həqiqətdir ki, mədəniyyət milli ideologiyanın mənbələrindən biridir. Mədəniyyət ideologiyanın həm dövlət, həm də kütlə üçün ictimai fəaliyyət amilinə çevirən milli psixologiyanın bədii ifadəsidir və dil milli mədəniyyətin əsas göstəricisidir. Deməli, mədəniyyət, dil, elm, təhsil, o cümlədən, digər mənəvi dəyərlər milli ideologiyanın tərkib hissələridir.
Təsadüfi deyil ki, müstəqilliyimizin əbədi olmasını deyən və azərbaycançılıq məfkurəsinin ideya-məzmun və konseptual aspektlərinin aydınlaşmasında misilsiz rolu olan ümummilli lider Heydər Əliyev dövlət dilinin mühüm tətbiq sahələrindən olan təhsilin məzmununda milli ideologiyanın rolunu ön plana çəkərək deyirdi: "Ülvi ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli-mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdır ki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən, təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda, əməli surətdə həyata keçirmək lazımdır. Gözləmək lazım deyil".
Ulu öndər daha sonra vurğulayırdı: "Milli ideologiyamızı hər yerdə təbliğ etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Tarixi keçmişimizin çoxu ədəbiyyatda əks olunub. Azərbaycan xalqının zəngin ədəbi irsi var... Buna ciddi fikir vermək lazımdır. Bunlarla yanaşı, məktəblərdə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməlidir".
Milli ideologiyanı dövlətçiliklə bağlamağımız o demək deyildir ki, bu anlayış tariximizin müstəqillik ənənələri olmadığı vaxtlarda kortəbii şəkildə mövcud imiş. Bu, bir həqiqətdir ki, azərbaycançılıq ideologiyası müstəqil dövlətçiliyimizin zəminində daha da inkişaf edən və özünün ictimai xarakteri ilə ümummilli səciyyə daşıyan baxışlar sistemidir. Həmin sistem isə birdən-birə yaranmayıb, müxtəlif tarixi mərhələlərdə xalqa məxsus olan qədim milli-mənəvi keyfiyyətlərdən bəhrələnməklə, müvafiq dövrlərin eyni kökdən qaynaqlanan dəyərləri əsasında inkişaf edib. Eyni zamanda, həmin milli-mənəvi dəyərlər yeri gəldikcə ümumbəşəri ideyalara da inteqrasiya edib. Ümumbəşəri ideyalara qovuşmanın Azərbaycan tarixini müxtəlif mərhələlərdə müşayiət etməsi şübhəsizdir, lakin bu meylin müasir dövrdə daha da fəallaşması göz önündədir. Qeyd etmək lazımdır ki, qloballaşma dövrünün problemləri cəmiyyətin, demək olar ki, bütün sferalarında mövcuddur və həmin problemlər dövrün tələbi kimi özünəməxsusluğu ilə seçilir. Qloballaşma dövrünün əsas problemi odur ki, məhz milli ideologiya bu tarixi prosesin təsiri ilə yad ünsürlərlə yüklənməsin.
1991-ci ildə müstəqillik qazanan Azərbaycan Respublikasında da tarixin sınaqlarından keçən, yad, yabançı ideologiyalar tərəfindən təzyiq və təqiblərə məruz qalsa da, varlığını, mövcudluğunu itirməyən milli ideologiyanın fəaliyyətinə geniş imkanlar açıldı. Lakin buradakı "geniş" ifadəsi nisbi xarakter daşıyır. Belə ki, milli idieologiyanın imkanlarının genişliyi ictimai-siyasi amillərlə bağlı olaraq ilkin mərhələ üçün müəyyən maneələrə rast gəlirdi. Həmin maneələr müstəqil dövlətçilik fonunda yolverilməz və böyük olsa da, əvvəlki dövrlə, Sovet Azərbaycanı ilə müqayisədə cüzi şəkildə, yox dərəcəsində idi. Daha doğrusu, bu hal keçid dövrünün səciyyəvi xüsusiyyəti idi və öz növbəsində, milli idieologiyanın daha da təkmilləşdirilməsi üçün əlverişli imkanlar yaradırdı, həmin ideyaların reallaşmasını sürətləndirirdi. Belə ki, keçid dövrü mahiyyətinə müvafiq olaraq, keçən mərhələnin ənənələrini özündə müəyyən dərəcədə ehtiva etdiyindən müstəqillik fonunda bu ənənələr daha da qabarıq görünürdü və onların milli dəyərlərlə əvəzlənməsi istiqamətində sürətli iş gedirdi.
Milli ideologiyanın tərkib hissələrindən olan dil sahəsində köhnə dövr ənənələri özunü ikidillik şəraitinin mövcudluğu ilə göstərirdi. Müstəqil Azərbaycan Respublikasında Azərbaycan dilinin tam səlahiyyətli dövlət dili kimi işlədilməsi üçün şərait yaranmışdı. Lakin dövlət aparatı buna hazır olmadığı üçün işlərin əsasən rus dilində aparılması bir müddət davam etmişdi. Yenilik ondan ibarət idi ki, Prezident Aparatında rus dilində hazırlanmış sənədlər Azərbaycan dilinə də tərcümə olunurdu. Müstəqil dövlət təbii olan çətinliyi, maneəni mərhələ-mərhələ, keçid dövrünün qanunlarına uyğun şəkildə həll etməyə müvəffəq oldu.
Obyektivlik naminə demək lazımdr ki, istənilən postsovet respublikası üçün sovet dövrü mədəniyyətin, elmin, təhsilin inkişafında xüsusi bir mərhələ təşkil edir, hətta, özünün yarandığı ilk illərdə milli dillərin dövlət dili kimi işlədilməsinə, onların inkişafına geniş imkanlar da yaradıb. Lakin bu, işin əməli tərəfi idi, əslində isə nəzəriyyə milli ideologiyalara deyil, sovet şüuruna əsaslanırdı. Uzun illərin ictimai - siyasi amillərinin mənəvi dəyərlərdə, daha dəqiq desək, ilkin olaraq etnik-milli şüurda, həmin şüur vasitəsilə sonrakı mərhələdə dildə yaratdığı problemlər, milli ideologiyadan sapma halları dünya dövlətçilik, dil və mədəniyyət təcrübəsindən bəhrələnməklə aradan qaldırıldı.
Təbiidir ki, SSRİ-nin siyasi və fiziki baxımdan dağıdılması, süqutu onun etnik-milli şüurlarda yaratdığı ideyaların da birdən-birə, qısa bir zaman ərzində məhv olması demək deyildi. 70 ildən çox hökm sürmüş və beyinlərə yeridilmiş sovet şüurunun, düşüncə tərzinin izsiz ötüb keçməsi mümkün deyildi. Milli ideologiya sahəsində həmin şüur, düşüncə tərzinin, "sovet şüuru"nun izləri keçid dövrünün ilk mərhələsində aradan qaldırılsa da, onun müxtəlif formalarda təzahürünün hələ də müşahidə edilməsi bunu sübut edir. Dil sahəsində həmin təzahür formaları daha fəaldır. Belə ki, vaxtilə eyni imperiya daxilində yaşamış millətlərin, hətta hal-hazırda müstəqil dövlətə malik olan postsovet respublikalarında yaşayan millət və xalqların ünsiyyət üçün SSRİ-nin əsas rəmzi olan rus dilindən istifadə etməsi haçansa mövcud olmuş vəziyyətin, reallığın digər bir formada davamıdır. Lakin bu, ehtiyacdan yaranan bir zərurətdir və onu mütləqləşdirmək düzgün deyil. Rus dilinin millətlərarası ünsiyyət dili kimi istifadəsinin daimi olacağına hökm vermək olmaz. Bu problemin linqvopolitoloji amillərin necə və hansı istiqamətdə təsirindən asılı olaraq müəyyən zaman keçdikdən sonra öz həllini tapacagına şübhə etmək olmaz. Həmin linqvopolitoloji amillər qloballaşmanın təsiri nəzərə alınmaqla, dövlətlərin milli dövlətçilik maraqlarından, geosiyasi mövqeyindən, dövlət siyasətindən, linqvistik coğrafiyasından, çoxmillətli, azmillətli ölkə olmasından və müəyyən dərəcədə beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsindən asılıdır.
Dil sahəsində hazırda mövcud olan və ya mövcud ola biləcək poblemlərin milli ideologiyaya müvafiq şəkildə uğurlu həlli üçün düşünülmüş, hüquqi-linqvistik cəhətdən düzgün olan, dünya dil təcrübəsinə və nəzəriyyəsinə, müddəalarına uyğun gələn dil siyasətinin olması zəruridir və demək lazımdır ki, müstəqil Azərbaycan Respublikasının dil siyasəti həmin müddəaları özündə əks etdirmək imkanına malikdir. Bu siyasətdə Azərbaycan dilinin dövlət dili kimi, beynəlxalq tədbirlərdə müstəqil dövlətin dili kimi tətbiqi əsas tutulur, eyni zamanda, ölkə ərazisində yaşayan xalqların və milli azlıqların dillərinə hörmətlə yanaşılır, onların ana dillərini öyrənmələri üçün dil siyasətinin tərkib hissələrindən olan linqvotəhsil siyasəti yeridilir.
Dil siyasətinin təhsillə bağlılığı dünya dil təcrübəsində özünü doğruldub və hətta Avropa Birliyinin dil siyasətində həmin əlaqədən yararlanan linqvotəhsil siyasəti adlanan tərkib hissə var. Azərbaycan dövlət dil siyasətində həmin təcrübədən milli istiqamətdə bəhrələnmək olar. Dilin təhsillə bağlı olması, yəni linqvotəhsil müstəqil Azərbaycanın dövlət dil siyasətinə təsir edən amil və istiqamətlərdən biridir və dil siyasətinə təsir edən istiqamətlər bununla bitmir. Burada beynəlxalq təşkilatlarla əməkdaşlıq da digər bir linqvopolitoloji amil kimi çıxış edir.
Nəzərə almaq lazımdır ki, əksər dünya dövlətləri kimi Azərbaycan da əhalisinin tərkibi etibarilə müəyyən linqvistik coğrafiyaya malikdir və ölkə daxilində dövlət dilinin tətbiqi sahəsində vahidlilik prinsipinə əsaslanılmalıdır. Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin öz milli mədəniyyətlərinin öyrənməsinə şərait yaradılmalıdır. Bu proses milli ideologiyaya uyğunlaşdırılmış çərçivə daxilində aparılmalıdır. Bu işdə linqvotəhsil siyasətinin müddəaları kimi çıxış etmək imkanı olan üç əsas komponent nəzərə alınmalıdır:
1.Azərbaycançılıq ideologiyası ilə bağlı komponent. Ölkə vətəndaşı olan hər bir kəs milliyyətindən asılı olmayaraq bu ideologiyanı əsas götürməlidir. Belə ki, milli kimlik ölkə vətəndaşının dövlət standartlarına uyğun şəkildə təhsil almasına mane olmamalıdır.
2.Etnik komponent. Bu komponent xalqın tarixi və mədəniyyəti ilə bağlı anlayışdır və ölkə ərazisində yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərlərinin öyrənilməsini təmin edir.
3.Dünya komponenti. Bu amil ümumdünya mədəniyyətinin öyrənilməsinə xidmət edir.
Beləliklə, Azərbaycan linqvotəhsil siyasətinin özəyində etnik qrupdan Azərbaycan, oradan isə dünya mədəniyyəti barədə fikirlərə yiyələnmək dayanır. Bu baxımdan dövlət dilinin birbaşa tətbiq sahəsi olan təhsildə əsas prioritetləri linqvotəhsil siyasətinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirmək mümkündür:
-milli təhsil
sistemində dövlət dilinin mütləqliyi prinsipinin
qorunması;
-təhsilin
məzmununda milli ideologiyanın prinsiplərini əsas
götürməklə ölkədə mövcud olan
çoxmədəniyyətlilik amilini də nəzərə
almaq;
-linqvotəhsil
siyasətində ayrı-ayrı xalqların, etnik qrupların
özünüdərketməsinə xidmət edən müddəalara
geniş yer vermək;
-respublika
ərazisində yaşayan müxtəlif etnosların mədəniyyətlərinin
ümumazərbaycan mədəniyyət kontekstində təzahürünü
tapmasına yönələn linqvotəhsil təbliğatına
şərait yaratmaq;
-həmin
etnosların Azərbaycan mədəniyyəti çərçivəsi
daxilində bir-birinin mədəniyyətinə bələd
olmasını təmin etmək;
-ölkə
daxilindəki etnik qrupların inteqrasiyasına şərait
yaratmaq və bu prosesdə azərbaycançılıq
ideologiyasına geniş yer vermək;
-dövlət
dili olan Azərbaycan dilini öyrənməyin zəruri
olduğunu izah etmək və onun ölkə daxilində
yaşayan xalqlar arasında əsas ünsiyyət dili
olmasını təmin etmək, bu yolla da vaxtilə Azərbaycan
dilinə güclü alternativ olan rus dilini həmin mövqedən
uzaqlaşdırmaq.
Yuxarıda
qeyd edildiyi kimi, Azərbaycanın mustəqillik qazandıqdan
sonra onun yeritdiyi dövlət siyasətinə, eyni zamanda, dil
siyasətinə beynəlxalq təşkilatlarla əməkdaşlığın,
həmin qurumlara üzv olmağın da bu və ya digər dərəcədə
təsiri var. Məlumdur ki, Avropanın hüquq məkanında
milli azlıqların mədəniyyətini, dilini,
hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar
fəaliyyət göstərir. Bu istiqamətdə
linqvistik-hüquqi cəhətdən beynəlxalq hüquqi məkanda
fəallıq nümayiş etdirən əsas təşkilat
Birləşmiş Millətlər Təşkilatıdır.
Bu təşkilatın linqvohüquqi bazasını ilkin olaraq,
təşkilatın nizamnaməsi, mülki və siyasi
hüquqlar üzrə Pakt, milli, yaxud etnik, dini, dil
azlıqlarına daxil olan milli azlıqların hüquqları
barədə Deklarasiya təşkil edir.
İkinci
fəal istiqamət xətti isə həmin təşkilatın
nəzdində fəaliyyət göstərən YUNESKO-nun
payına düşür. Bunlarla yanaşı, Azərbaycanın
Avropa İttifaqına üzv olması da milli azlıqların
hüquqlarının qorunması istiqamətində
apardığı işə əhəmiyyətli təsir
edir. Ancaq bir cəhəti inkar etmək olmaz ki, Azərbaycan
dövləti bu təşkilatlara üzv olmasaydı belə,
milli azlıqların hüquqlarının, dillərinin
qorunması barədə maddəni dövlətin Əsas
Qanununda təsbit edəcəkdi. Çünki Azərbaycan həm
sovet, həm də müstəqillik dövründə beynəlmiləlçilik
hislərinə hörmətlə yanaşmış və
demokratik prinsiplərə əsaslanaraq ərazisində
yaşayan xalqların hüquqlarını
tapdamamışdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
isə Azərbaycana dünya dövlətlərinin
linqvohüquq təcrübəsindən yararlanmağa və bu
sahədə təcrübə mübadiləsindən istifadə
etməyə imkan verir.
Azərbaycan
dili hal-hazırda yüksək inkişaf və dəyişikliklər
mərhələsindədir. Onun beynəlxalq müstəvidə,
yeni qanunvericilik prosesində iştirakı özünəməxsus
bir mərhələyə çatmışdır. Bu prosesin
gedişi pozulmasın deyə dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsinə böyük
ehtiyac var. Respublikada dillə bağlı qanun və fərmanların
verilməsi, xüsusi dil komissiyalarının
yaradılması tarixi zərurətdir. Bütün bu qanun və
göstərişlərin, tədbirlərin kökündə
Azərbaycan dövlət dilinin dil normalarına uyğun
inkişaf etdirilməsi durur. Bununla əlaqədar olaraq, ilk
növbədə, ölkəmizin orta və ali məktəblərində
Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni
inkişaf tariximizin tələblərinə cavab verən tədrisinə
nail olmaq sahəsində mühüm işlər
görülür. Orta və ali məktəblərdə Azərbaycan
dili və ədəbiyyatının tədrisinin həcmi
artırılır. Bütün təhsil ocaqlarının
qeyri-milli bölmələrində Azərbaycan dili fənninin
tədrisinə xüsusi yer ayrılır, bu fənnin tədrisi
sovet dövründəki illərdən xeyli fərqlənir.
Yeni
dövrünü yaşayan Azərbaycan dövlət dilinin təkmilləşdirilməsi
müstəqil respublikanın dil siyasətinin əsas məqsədidir.
Bu məqsədə nail olmaq üçün
aşağıdakı məsələlər ətrafında
iş aparılmalıdır və qeyd edək ki, bu proses
artıq gedir:
1.ədəbi
dilin müstəqillik qazandıqdan sonra qloballaşmanın dilə
təsiri sayəsində yeniləşən funksional
üslublarının inkişafı üçün
müvafiq yeni linqvistik bazanın təkmilləşməsi;
2.həmin
linqvistik bazanın milli əsasda zənginləşməsinə
nail olmaq üçün əməli tədbirlərin
görülməsi və bu tədbirlərin
hüquqi-linqvistik əsaslarının müəyyənləşdirilməsi;
3.nitq mədəniyyətinin
əsas göstəricilərinə riayət edilməsini
asanlaşdırmaq üçün yazılı ədəbi
dillə xalq danışıq dili arasındakı fərqi
minimuma endirmək;
4.linqvistik
bazada xüsusi lay təşkil edən milli terminologiya
sisteminin inkişafına nail olmaq;
5.ədəbi
dilin lüğət tərkibinin milli mənbələr əsasında
zənginləşməsinə nail olmaq;
6.qloballaşmanın
təsiri ilə daha da güclənən dillərin əlaqəsi
kimi tarixi prosesin təsirinin dilin normalarına uyğun şəkildə
olmasına nəzarət etmək.
Göstərilən
istiqamətlərdə cəmiyyətin bir sıra sferaları
daha fəal iş apara bilər, başqa sözlə desək,
həmin istiqamətlərdən doğan vəzifələrin
ağırlıq yükü təhsillə bərabər,
daha çox müəyyən qüvvələrin üzərinə
düşür. Belə ki, XXI əsrin əsas keyfiyyət
göstəricisi dinamiklikdir və dilin ən fəal təbliğatçısı
kütləvi informasiya vasitələridir. Buna ğörə
də qloballaşmanın dilə gətirdiyi və gətirə
biləcəyi ifadələri geniş kütləyə ilkin
çatdıran KİV-in dili üzərində dövlət
nəzarətinin olması vacibdir. Ölkə ali məktəblərinin
ixtisasdan asılı olmayaraq, bütün fakültələrində
Azərbaycan dili və nitq mədəniyyəti fənni tədris
edilməlidir ki, sonradan dövlət dilinin tətbiqi ilə
bağlı problemlər olmasın.
İdarəetmə
funksiyasını yerinə yetirən dövlət dili millətlərarası
iqtisadi, siyasi, hüquqi, milli təhlükəsizlik məsələləri
ilə bağlı problemləri tənzimləyir, lazımi
anda və məqamda onları düzgün istiqamətə
yönəldir. Müstəqil Azərbaycanda da həmin
funksiyanı yerinə yetirən dövlət dili
düşünülmüş, elmi və praktiki cəhətdən
əsaslandırılmış milli siyasət proqramına
söykənir. Sadaladığımız həmin müddəalar
öz ətrafında dövlət dilinin hüquqi tərəflərini
birləşdirirsə, dövlət dilinin cəmiyyətin
bütün fəaliyyət sahələrində tətbiqi
onun linqvistik aspektini təşkil edir. Bu anlayışlar isə
öz növbəsində istənilən hüquqi dövlət
daxilində vəhdət təşkil etməklə, dövlət
dilinin hüquqi-linqvistik tərəflərini, yəni
linqvopolitoloji amilləri ifadə edir.
Təranə HACIYEVA,
BDU-nun ümumi dilçilik
kafedrasının müəllimi,
filologiya
elmləri doktoru
Xalq qəzeti.- 2011.- 11 fevral.- S. 7.