Binəqədi rayonunda gənclər siyasəti uğurla həyata keçirilir

 

Bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

Binəqədili gənclər də qayğıya cavab olaraq uğurlarını ilbəil artırırlar.Rayon rəhbərliyi gənclərin ictimai-siyasi,sosial-iqtisadi sahələrdə fəallıq göstərmələri üçün onlara daim diqqət göstərir. Bu rayonda yaxşı oxumaq, işləmək, idman uğurlarını artırmaq üçün hər cür şərait yaradılıb. Rayonda gənclərin iştirakı ilə daim rəngarəng tədbirlər həyata keçirilir,müxtəlif sahələr üzrə olimpiadaların,yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılır. Məsələn, belə bir tədbir bu günlərdə "Gənclər həftəsi" adı ilə keçirilmişdir. YAP Binəqədi rayon təşkilatının qərargahında rayon icra hakimiyyətinin başçısı və millət vəkillərinin gənclərlə görüşündə rayon icra hakimiyyəti başçısı tərəfindən il ərzində ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə fərqlənmiş bir qrup gənc fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. Daha sonra rayon icra hakimiyyətinin dəstəyi ilə rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə "Elite" ticarət və əyləncə mərkəzinin "SF" zalında 200 nəfər gəncin iştirakı ilə əyləncəli tədbir keçirilmiş, il ərzində fərqlənmiş bir qrup gənc rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Tədbirdə "2010 Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Safura Əlizadə və skripkaçı Səlim Abbasov da iştirak etmişdir.

Gənclər həftəsi "Elite"ticarət və əyləncə mərkəzinin"Boulinq" zalında rayon gənclərinin iştirakı ilə "Boulinq" turniri ilə yekunlaşdırılmışdır. Turnirdə hər komandanın tərkibi 4 nəfər olmaqla 15 komanda iştirak etmişdir. Keçirilən yarışda 1-ci yerə AƏSMA-1, 2-ci yerə İcra-2, 3-cü yerə TGT-1 komandaları layiq görülmüşlər.Komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanla təltif olunmuşdur.

Tədbirin sonunda Gənclər və İdman İdarəsinin rəisi Qudsi Bayramov rayon ərazisində elan edilmiş gənclər həftəsinə yekun vuraraq gəncləri təbrik etmiş,işlərində uğurlar arzulamışdır.

 

 

Vaqif Bayramov

 

Xalq qəzeti.- 2011.- 11 fevral.- S. 7.