Bəxtiyar
Vahabzadənin xatirə günü
"Deyirəm, bəlkə,
məni bir gün oyandırdı Muğam..."
Bu
gün çoxəsrlik Azərbaycan poeziyasının
çağdaş nəğməkarı olmuş, istiqlal
şairi Bəxtiyar Vahabzadənin xatirə günüdür. 2
il əvvəl "türk dünyasının yaşamaqda
olan ən böyük şairi" (S.Dəmirəl) haqq
dünyasına qovuşdu, əbədiyyətə yol aldı.
84 illik ömrünün 70 ilini ədəbiyyatımıza, mənəviyyatımıza,
azərbaycançılığa həsr etmiş məfkurə
şairinin ölümsüzlüyünün bu gün 2-ci ili
tamam olur.
Arzu və əməllərini mənsub olduğu xalqın taleyi ilə ortaqlaşdırmış Bəxtiyar Vahabzadə anadilli poeziyamızın ən yaxşı ənənələrindən qaynaqlanaraq, şeirimizə yeni vətəndaşlıq mövzusu, dərin ictimai məzmun, məfkurə yönü gətirərək ədəbiyyatımızda azərbaycançılığın qəlibləşməsində və davamlı prosesə çevrilməsində aparıcı simalardan oldu.
Bəxtiyar Bahabzadənin milli ədəbiyyatımızda, estetik fikir tariximizdə yerini və rolunu aydınlaşdırmaq üçün böyük maarifçi-demokrat, XIX əsrdə müstəmləkə asılılığı yaşayan xalqımızı milli oyanışa yönləndirmək istəyən Mirzə Fətəli Axundzadənin yeni poeziyaya verdiyi önəmi xatırlatmaq gərəkdir. Türkdilli poeziyanın gözəllik və ilahi sevgi zirvəsində əbədi qərarlaşmış Füzulinin sənət yolunun milli toparlanma və biçimlənmədə iqtidarsız olduğunu açıq-aydın görən Mirzə Fətəli şeirdən vətəndaşlıq, milli məram istəməkdə tamamilə haqlı idi. Həsən bəy Zərdabinin bu estetik tələbatı ictimai gerçəkliyə qovuşdurması Sabirin, Cavidin, Hadinin, Cavadın adları ilə bağlı inqilabi-məfkurəvi poeziyanın yaranması ilə nəticələndi.
Sovet dövründə milli şeirimiz bu yoldan sapdırılsa da, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Almas İldırımlar, Səməd Mənsurlar susdurulsa da poeziyamızın istiqlal qayəsi və enerjisi Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza məktəblərinin xəlqiliyində, milli təbiətində qorunub saxlandı. Kommunist repressiyasının məşum dalğası ötüşər-ötüşməz poeziyanın məfkurəvi yaddaşı Bəxtiyar Vahabzadə və onun Xəlil Rza Ulutürk, Məmməd Araz kimi huşyar qələmdaşlarının timsalında kükrəməyə, bənd-bərəni silkələməyə başladı. Ötən əsrin 60-70-ci illərində milli ədəbiyyatımızın ən mübariz cinahı olan poeziyamızda Bəxtiyar Vahabzadə vətəndaşlıq mövzularını bayrağa çevirməklə oxucuların geniş dairəsində istiqlal düşüncəsini körükləməyə başladı. Artıq 80-ci illərin sonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda ümumxalq mücadiləsində Bəxtiyar şeirləri istiqlal nəğmələri kimi səsləndi, ürəkləri və meydanları coşdurdu.
Bax, budur Bəxtiyar Vahabzadə poeziyasının ədəbiyyatımızda özəlliyi, estetik düşüncə məkanında yeri və qayəsi. Əlavə edək ki, Bəxtiyar Vazabzadə, sadəcə, ədəbi-bədii yaradıcılığı ilə deyil, elmi-pedaqoji, ictimai-mədəni fəaliyyəti ilə də istiqlalçılar nəslinin önündə gedənləri yetişdirdi. Onun sözü, istəyi, əməli milli varlığımızın azərbaycançılıq düşüncəsi ilə yenidən aşılanmasında təsirli mənəvi vasitəyə çevrildi. Bəxtiyar adı milli kimliyin parlaq göstəricilərindən, yönəldicilərindən biri oldu. Bəxtiyar Vahabzadə bu mərtəbəyə Vətən, Əcdad, Yaddaş, Ana dili, Qeyrət, Borc kimi məfkurə mövzularının poetik açımları ilə pillə-pillə qalxmışdı. Onun "Etiraf"la oyanıb, "Şəbi-hicran"dan yola çıxıb, "Gülüstan"la açdığı poetik savaş "Şəhidlər" zirvəsindən keçərək, "Özümüzü kəsən qılınc"la zəfər çaldı.
Bəxtiyar Vahabzadə milli şeirimizin, məfkurəvi sözün ucalığına fasiləsiz poetik mücadilə ilə yüksəlmişdi. Milli-mənəvi dəyərlərin geniş məkanı onun yaradıcılığında dərinliyi və yüksəkliyi ilə əhatə olunmuş bədii-estetik tədqiqini və təfsirini tapmış, çoxsaylı poeziya, dramaturgiya, publisistika nümunələrinə çevrilərək ədəbiyyatımızın xəzinəsini zənginləşdirmişdir. Bəxtiyar Vahadzadənin fəlsəfi yönlü poeziyası vətəndaşlıq qayəsi ilə qovuşaraq yeni ədəbi məktəb yaratmış, çoxsaylı ardıcıllarını yetişdirmişdir. Onun yaradıcılığında ana dilimiz, qəhrəmanlıq tariximiz, suverenlik düşüncəmiz, özgürlüyümüzü əks etdirən musiqimiz, teatrımız, mətbuatımız, rəngkarlığımız və digər sənətlərimiz milli varlığımızın ölməz, bütöv obrazını yaratmışdır.
Muğamda xalqımızın qədimdən-qədim ruhunu, milli kimlik kodunu görən Bəxtiyar Vahabzadənin "Muğam" poemasında əzəli-əbədi mətləblər poetik əksini tapmışdır:
Haqqa düşmən olanı haqqa tapındırdı Muğam...
Oyadıb yaddaşı vicdanı
utandırdı Muğam;
yaxud:
Qəlbi
vulkantək coşan üsyandır, üsyan
"Çarigah"...
Göndərir yadelliyə imzalı fərman
"Çarigah";
həm də:
Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,
Heyrətdən ağıl mülkünə
bir pəncərədir
"Şur";
üstəlik:
Anamın
öz südütək
sən halalımsan, halalım,
Nə deyirsən
məni-məndən belə almaqla "Segah".
Elə bu sevgi və
məramla da Bəxtiyat Vahabzadə neçə illər əvvəl bədii vəsiyyətini elan etmişdi:
Dəfn
edin siz məni "Zabul" segahın "mayə"sinə,
Deyirəm, bəlkə, məni
bir gün oyandırdı Muğam!
Təkcə Muğam yox, xalqımızı yaradan,
yaşadan bütün
özəllik və gözəlliklər Bəxtiyar
Vazabzadə irsinin ölməzlik iksiridir. Bəxtiyar sözə
hopmuş sevgisi, mübarizəsi, sevinci, kədəri, sualı, nidası ilə ululaşmış, ölməzləşmişdir.
Milli varlığımızı yaşadan,
ucaldan hər bir dəyər hələ sağlığında
Bəxtiyar ruhuna paklıq, yaşarılıq
gətirmişdir. Sevgili
şairimiz bu gün xatirələrdə
yaşayır, sabah isə sözün əbədiyyətində
var olacaq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 8.