Dastanlaşan qəhrəmanlıq

 

Naxçıvanlı polkovnik İbrahim bəy Qədimovun keçən əsrin əvvəllərində göstərdiyi hünəri Türkiyənin Ərdahan mahalında bu gün unutmurlar

 

Birinci Dünya müharibəsi ərəfəsində Rusiya imperiyası çətin vəziyyətə düşdüyündən bacarıqlı, təcrübəli və eyni zamanda risk etməyi sevən hərbiçiləri narahat dairələrə, bölgələrə xidmətə göndərirdi. Belə zabitlərdən biri də İbrahim bəy Qədimov idi. 1914-cü ilin 30 oktyabrında Rusiyanın Tiflisdəki Baş Hərbi Qərargahı İbrahim bəyi Ərdahan mahalının Gölə sahəsinə rəis vəzifəsinə göndərdi. Onun buradakı hərbi xidməti Rusiya hökuməti tərəfindən yüksək qiymətləndirildi. Həmin il dekabrın 6-da o, 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olundu. Rusiyanın işğal etdiyi bu ərazilərdə müxtəlif millətlər məskunlaşdığından burada işləmək elə də asan deyildi. Həm də bu mahalın xeyli hissəsi dağlıq ərazi idi. 1915-ci ilin aprel ayında Naxçıvan sahəsinə rəis göndərilən İbrahim bəyin bu təyinat ürəyincə oldu. Bundan sonra o, doğma Naxçıvan şəhərində fəaliyyət göstərdi. 1918-ci ildə daşnakların Naxçıvana xaincəsinə hücumu zamanı ermənilərə qarşı qəhrəmancasına döyüşən peşəkar hərbiçilərdən biri də İbrahim bəy idi. O vaxtlar İbrahim bəy Qədimov həm də Naxçıvan şəhərində qəza komissarı vəzifəsini icra edirdi.

 

1918-1920-ci illərin tarixi çox mürəkkəb və ziddiyyətlidir. Həmin illərin sənədlərinin əksəriyyəti İrəvan arxivlərində qaldığından bir çox məsələlərə aydınlıq gətirmək olmur. Ona görə də bəzi mövzuları işləyərkən ehtimal variantı götürürük ki, sonradan tapılan arxiv sənədləri yazılanları təkzib etməsin. Bunu ona görə deyirik ki, artıq 1918-ci ilin sonlarında İbrahim bəyin adına Cənubi-Qərbi Qafqaz Respublikasına aid sənədlərdə rast gəlirik.

Məlum olduğu kimi, o dövrdə ermənilər Qarsı işğal etmək üçün hücuma keçmişdilər. Gürcüstan qoşunları isə Ərdahan dairəsində, xüsusilə Posxov sahəsində öz hökumətlərini qurmaq üçün var qüvvələrini işə salmışdılar.

Erməni quldurların hücumlarını dəf etmək üçün türk xalqı mətanətlə döyüşürdü. Azərbaycan türkləri də onlarla çiyin-çiyinə idilər. Batumdan başlayaraq Mehriyədək amansız döyüşlər gedirdi. Bu səbəbdən naxçıvanlıların əksəriyyətinin bu ərazilərdə döyüşməsi təbii idi. Yeri gəlmişkən, naxçıvanlı Əli Səbri Qasımovun həmin döyüşlərdə göstərdiyi hünər səhifələri hələ də yazılmamış qalır. İngilislər gürcülərə Ərdahanı, ermənilərə isə Qarsı, Göləni, Posxovu, Kağızmanı, İrəvanı, Naxçıvanı və digər yerləri zəbt etməyə imkan yaradırdılar. Ona görə də Cənubi-Qərbi Qafqaz Respublikasının fəaliyyətini zəiflətmək üçün bütün vasitələrə əl atan ingilislərin planlarını pozmaq lazım idi. Bunun üçün türklər 12 Milli Şura qurmuşdular. Onlardan birincisi Naxçıvan Şurası - Naxçıvan Araz Türk Cümhuriyyəti, ikincisi isə Çingiz bəy hökuməti adlanırdı. Söhbət Çingiz ağa Yurdçunun (Şahtaxtinskinin) yaratdığı Milli Şuradan gedir. Onun yaratdığı Milli Şuranın mərkəzi Şahtaxtı kəndi idi. Çingiz ağanın idarə etdiyi bölgələr sənədlərdə belə qeyd edilib: Böyük Vedi, Kiçik Vedi, Üçmüəzzinin bir neçə verstliyində olan Dizə, Cənnətabad, Urgut kəndləri və Zəngibasar. Zənnimizcə, ola bilər ki, İbrahim bəy Qədimov Çingiz ağanın idarə etdiyi Milli Şuranın döyüş komandiri kimi təkrarən əvvəllər işlədiyi dairələrə gedib. Yəqin ki, gələcəkdə bu məsələni dəqiqləşdirmək mümkün olacaq.

İbrahim bəy çar ordusunun ən yaxşı hərbiçilərindən biri idi. Tiflisdəki yüksək rütbəli zabitlər onu yaxşı tanıyırdılar. Odur ki, günahsız insanların müdafiəsini təşkil etmək vəzifəsi ona tapşırılmışdı. Bu işdə İbrahim bəy həm döyüş bacarığından, həm də tanıdığı hərbi generallarla şəxsi münasibətlərindən istifadə edirdi.

Əldə edilən sənədlərdən məlum olur ki, o, ingilislərin at oynatdığı general-qubernatorluqda da Ərdahana və Göləyə rəislik edib. Vəziyyətin dözülməz olduğu bir vaxtda İbrahim bəy insanları köməksiz qoymur, bacardığı qədər onları qırğınlardan xilas edirdi.

Bəzən tarixi sənədlər də tədqiqatçıya məşğul olduğu mövzu ilə bağlı tam məlumat vermir. O zaman tədqiqatçı hadisələrin baş verdiyi yerləri dönə-dönə gəzməli, burada yaşayan insanlarla, xüsusən yaşlı insanlarla görüşüb söhbət etməli, məlumat toplamalıdır. Elə buna görə də ötən ilin avqust ayında Kağızman, Ərdahan, Gölə, Oltu, Çıldır və Posxovda (Posov) oldum. Həmyerlimiz haqqında eşitdiklərim məni çox sevindirdi. O qanlı illərdən bir əsrə yaxın vaxt keçsə də türkiyəli aşıqlar İbrahim bəyə qoşduqları mahniləri (bayatıları), qoşmaları indi də oxuyurlar. Bu barədə eşitsəm də özüm şahidi olmaq istəyirdim. Bu həvəslə axtarışlarımı davam etdirirdim. Tək-tənha axtarış aparmağın öz ləzzəti var. Heç kim səni suallarla yormur, söhbətə tutmur, hadisələri özün yaşayırsan, köhnəlmiş, unudulmuş zamanı təzələyə bilirsən...

Doğma türk elləri, sənin başın nələr çəkmiş, nələr?! Hiyləgərcəsinə qurulan tələlər bu yerləri sənin bağrından qopara bilməyib. Çəkirəm sinəmə dağların saf havasını. Hələ Çıldıra çatmamış çox da uzaqda olmayan Ahıska, Axalkələk tərəfləri görürəm. Bir vaxtlar Borjoma gələndə, gizlin-gizlin (çünki qeydiyyatda olmayanları Ahıskaya buraxmırdılar) gəlib indi gəzdiyim şam meşələrinə baxırdım...

Qayıdaq mətləbimizə. İbrahim bəy haqqında qoşmalar qoşub, dastanlar söyləyən aşıqları yaxından dinləmək üçün Çıldıra tələsirdim. Ərdahanda aşıq Dursunun, aşıq Mehmetin və aşıq İsanın adlarını vermişdilər. Çıldırlı ağsaqqallardan adlarını çəkdiyim aşıqları soraqlaşırdım. "Onlardan təkcə Mehmeti tapa bilərsən, Güvən Ocaq (Köhnə Zinzal) kəndində yaşayır", - dedilər.

Çıldırda aşıq Mehmetin kənd təsərrüfatı maşınlarını təmir eləyən emalatxanası vardı. Koray adlı oğlu universitet bitirib burada işləyirdi. Zəhmətkeş, səmimi cavan oğlan əllərinin mazutunu silərək dedi: Babam (atam) evdədir. Gərək kəndə gedəsiniz.

Gəlib Güvənocağa çatdıq. Bizi kəndin mərkəzində aşığın özü qarşıladı. Oğlu ona telefonla bildirmişdi ki, Naxçıvandan gələn var. Beləcə tanış olduq aşıq Mehmetlə. Onu söhbətə çəkdim. Dedi ki, babaları Borçalıdan gəlib bura. Söhbətindən məlum oldu ki, o, qarapapaqdır, bizlərdə onlara "tərəkəmə" deyirlər.

İbrahim bəy haqqında atasından, babasından və qocaman aşıqlardan eşidib öyrəndiklərini söylədi. Mardində, Oltuda və Gölədə ermənilərin törətdikləri vəhşiliklərdən, İbrahim bəyin dastana dönmüş qəhrəmanlıqlarından danışdı. Sonra kədərli-kədərli əlavə etdi ki, qohum- əqrəbası olmadığından onu yada salan yoxdur. İndi ki, gəlib onu məndən soruşursunuz, sazla deyim, ya sözlə? Dedim ki, aşıq Mehmet, hər ikisinə də qulaq asmağa gəlmişəm.

Aşıq Mehmetin söylədiklərindən: - İbrahim bəy 1919-cu ildən ömrünün sonunadək Ərdahanda, Gölədə işləyib: kaymakam (rəis) olub. Babamızdan eşitmişik ki, o, general-qubernatorluq zamanında ingilis, rus, gürcü və erməni hərbiçilərinin gizli planlarını türklərə xəbər verirmiş ki, əhalini onların qırğınlarından qoruya bilsinlər. Sonralar bunu bilən əks tərəf ona sui-qəsd qurdu. Bəzən bunu şəxsi zəmində yozurlar. Elə deyil. Onun ölümünə fitva verənlərin başçısı Batum tərəflərdən idi. Rusiyada təhsil almışdı. Tiflisdə İbrahim bəylə dostluq etmişdilər. Atatürk hökuməti qurulduqdan sonra İbrahim bəyi öldürənləri buralardan sürgünə göndərdilər. İbrahim bəy isə əbədi yuxuya getsə də, bizimlə bu dağlarda qaldı. Bu günədək Ərzurumdan Posova qədər onun haqqında qoşulan maniləri oxuyurlar. O, çox mərd və əxlaqlı adam olub. Onun qorxusundan heç kim pis işlərlə məşğul ola bilmirdi. Səxavətli imiş, hamıya köməklik edərmiş. Elə buna görə də aşıqlar onun məzarı üstündə bədahətən qoşmalar oxuyurmuşlar. O qoşmalardan birini mən toylarda çox oxumuşam. Həmin qoşmanı qoşan Gölənin Zavodlar kəndindən olan qazaxlı Aşıq Alı olub. İndi onlardan buralarda heç kim yoxdur.

Aşıq Mehmetin eyvanından Aşıq Şenliyin doğulduğu Suxara kəndi görünür. Qəribə bir paradoksdur. Solda Aşıq Şenliyin dünyaya göz açdığı kənd, sağda isə Trialeti dağları. Aşıq Mehmet sazını kökləyib "Mansırı" üstə oxumağa başladı. Naxçıvanda bu havaya "Hüseyni" deyirlər.

 

Salladı qılıncı bələdi qana,

Ey məzərrik, İbrahimi neylədin?

Biçdilər milləti düşdü yan-yana,

Ey məzərrik, İbrahimi neylədin?

İbrahim deyilən bir aslanıdı,

Biləyi bükülməz pəhləvanıdı,

El-aləm içində qəhrəmanıdı,

Ey məzərrik, İbrahimi neylədin?

Alı deyər keçən günlər duş oldu,

Ağlamaqdan ala gözlər yaş oldu,

Ən sonunda məzarlıqda daş oldu,

Ey məzərrik, İbrahimi neylədin?

 

Sağollaşıb ayrılıram aşıq Mehmetdən. Çıldır gölünü seyr edə-edə Qarsa qayıdıram. Hələ oxunan saz havası yaddaşımda səslənir. Bu havanın ladları Çıldır gölünün sahilə çırpılan dalğaları ilə həmahəngdir. Sanki uğrunda döyüşən qərhəmanlara layla çalır. Doğrudan da, xalqın yaddaşında yaşamaq üçün gərək səni ürəkdən sevsinlər. Könlümü oxşayan, ruhumu təzələyən, Göyçə gölünə bənzər Çıldır gölü, görüşənədək!

 

 

Musa QULİYEV

 

Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 7.