Doğma yurdun
seyrində
Son illər Bakıda yaşasam da tez-tez
doğma Naxçıvanımıza gələrək
könlümün ayrılmadığı bu yerlərdə
rahatlıq və dinclik tapıram. Belə vaxtlarda doğma
yurdu qədəm-qədəm gəzir,
ağrılı-acılı və xoş xatirələrlə
görüşürəm.
Bu dəfə niyyətim Hz.Nuhun türbəsini və həmişə olduğu kimi doğmalarımın məzarlarını ziyarət etmək, Şəhidlər Xiyabanında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın xatirəsini yad edərək "Əcəmi seyrəngahı"na gəlib ümummilli liderimizin müqəddəs büstü önündə baş əymək, sonra isə əsrlər yadigarı olan "Möminə xatun"un önündən keçib "Xan evi"nin həyətindən Arazın o taylı-bu taylı sahilini seyrə dalmaq idi. Bu kövrək duyğularla gəzərkən elə bir aləmə düşdüm ki, sevinc kədəri üstələyə bildi. Şəhərimizin gözəllikləri önündə az qala donub qalmışdım. Qədim yurdum yollarında məni çaşdıracaq qədər dəyişmişdi. Binaların yeni görkəmi, yeni tikililər, hər yerdə göz oxşayan səliqə-sahman məni heyrətdə qoyaraq sonsuz sevinc bəxş edirdi. Hələ yaşıllıqlar, gül-çiçəklər!
Mən bunları yaradan, quran əllərə könlümdə təşəkkürlər deyə-deyə gəzdikcə, dilimdən şeir sətirləri süzülürdü:
Gözəllik içində gördüm yurdumu,
Ona bəzək vuran əllərə alqış!
Bir anda könlümdən qovdu dərdimi
Məni ovunduran yollara alqış!
A yurdum,
qurbanam bu vüsalına,
Bu gözəl
çağına, bu cəlalına.
Axır
ki, qovuşdun istiqlalına,
Sabaha
aparan ellərə alqış!
Xiyabanlar
boyu gəzdikcə düşünürdüm ki, elimizdəki
qüdrət nə böyük imiş! Zəhməti və
yaratmaq eşqini yalnız xeyirli işlərə yönəltmək
lazımdır. Bu mənada muxtar respublikanın rəhbərinə
- möhtərəm Vasif Talıbova min alqış və halal
olsun - dedim. Düşündüm ki, hər guşəsi
pir-ocaqlı, Əshabi-kəhf ziyarətgahlı qədim Nuh
yurdu, atabəylərin Nəqşi-Cahanı elə beləcə
bəzənməli idi. Bu zaman gəncliyimdə
yazdığım "Əcəmi yadigarı" şeirimi
xatırladım:
Atabəylər
zamanının
Yaraşıqlı
yadigarı!
Bir hekayət
söylər mənə,
Göy
kaşılar üzərində
O
memarın yazdıqları.
Sən bu
sakit görkəminlə
Yaşadıqca
zaman-zaman,
Bir sənətkar
əllərinin
Qüdrətini
yaşadırsan.
Sonsuz
düşüncələrlə böyük babam Miriş
ağanın yurdunda ulu öndərimizin təşəbbüsü
ilə ucaldılmış Həzrəti-Zəhra məscidinin
qarşısına nə vaxt çatdığımı bilmədim.
Onun açılışı münasibətilə burada -
qadınlar salonunda şirinlik paylamağım yadıma
düşdü. Bu ocağın da şəhərimizə
payladığı brəkətə şükürlər
olsun!
Böyük
Vətən müharibəsindən qələbə sevincilə
qayıdan atamın vaxtaşırı əlimdən tutub gəzdirdiyi
"Böyük bağ"ın sanki məni
tanıdıqlarını yarpaqlarının xəfif
xışıltısı ilə bildirən əzəmətli
ağaclarının yanından ötüb Ədəbiyyat
Muzeyinin yeni binasına fərəhlə tamaşa etdikdən
sonra bir az da irəliləyib şəhərimizin baş
meydanına yetişdim. Burada yenidən qurulduqdan sonra
yaraşıqlı görkəm almış Heydər Əliyev
Muzeyinə, onun qarşısında ucalan ümummilli liderimizin
əzəmətli heykəlinə və göylərdə
dalğalanan üçrəngli, ay-ulduzlu
bayrağımıza qürurla baxdım. Bir neçə
addım irəliləyib indi "Azadlıq meydanı"
adlanan bu yerləri seyr edərkən ötən illər kino
lenti kimi gözlərim önündə canlandı. Nə qədər
çal-çağırlı, təmtəraqlı, təntənəli
günlərin, rəsmi bayramların, tarixi hadisələrin
şahididir bu meydan. Bu zaman Naxçıvanımızın bu
meydandakı ən möhtəşəm, şərəfli və
unudulmaz günü - 1992-ci ilin 9 oktyabrı yadıma
düşdü. Milli Ordumuzun MR Ali Məclisinin sədri Heydər
Əliyev tərəfindən qəbul edilən ilk hərbi
paradı. Düşündüm ki, belə bir təntənənin
təkrar olunacağı - bu meydanda Qələbə
paradının gerçəkləşəcəyi gün o qədər
də uzaqda deyil.
Bu nikbin
duyğularla meydanın o biri başına adlayıb
böyük Mirzə Cəlilin dərin mənalı heykəlilə
qarşılaşanda onun açılışı münasibətilə
yazdığım misralar yenidən fikrimdən keçdi:
Alqış
el dərdini daşıyanlara!
Həyatdan
getsə də, o yaşayarmış.
Hələ
də sirdaşdır bu insanlara,
Demə,
heykəlin də ürəyi varmış.
Odur,
fikirlərə qərq olub yenə,
Görür
öz torpağım, öz elim mənim.
Heyranam sənətin
bu qüdrətinə,
Hələ
də düşünür Cəlilim mənim.
Heykəlin
yanından ötüb bu dahinin adını daşıyan
qocaman sənət ocağının - Naxçıvan
Dövlət Musiqili Dram Teatrının qarşısında
durdum. Ali Məclis sədrinin xüsusi diqqəti və himayədarlığı
sayəsində bu qədim məbədə yeni həyat
verilirdi, binada tamamilə yeniləşmə ilə əlaqədar
əsaslı təmir işləri aparılırdı. Bu mənzərənin
sevincinə məni uzaq illərə aparan qəhərin
göz yaşları qarışdı. İlk
xatırladığım 1964-cü ilin bir xoş payız
axşamı oldu - bu möhtəşəm binanın əzəmətli
sütunları arasındakı qapılarının, yeni səhnənin
pərdələrinin ilk tamaşaçıların
üzünə açıldığı gün.
Özü də mənim dramaturgiyada ilk qələm təcrübəm
olan "Məhsəti" mənzum pyesimin ilk tamaşası
ilə. Beş gün dalbadal anşlaqla gedən bu tamaşa həm
də teatrın yeni adına tam uyğun olaraq təzə səhnədə
göstərilən ilk musiqili-dram əsəri kimi
yaddaşlarda yaşamaqdadır. O unudulmaz gündən bir
neçə il sonra özümün də bu qədim sənət
ocağının ilk ədəbi hissə müdiri kimi 22 il,
uzun müddət teatrın baş rəssamı olmuş
ömür-gün yoldaşımla, neçə-neçə
korifey sənətkarla bərabər
çalışdığım dövrlər, həmin
müddətdə bu səhnədə tamaşaya qoyulmuş
daha üç pyesimin premyera günləri xəyalımdan
keçdi. Bu xəyallar içərisində sanki yenə də
işə gedirəmmiş kimi teatrın arxa-xidməti
qapısı önünə gəlib çatdım. Çox
kövrəldiyimdən buradan tez uzaqlaşmaq məqsədilə
geriyə qanrılanda bir az aralıda H.Cavidin türbəsini
gördü m. Şairin ev-muzeyilə məqbərə
arasındakı əraziyə çatanda
"yağışdan çıxıb yağmura
düşdüm" - artıq göz yaşlarımı saxlaya
bilmədim. Mən doğulub böyüdüyüm məhəlləmdə
- Əlixan məhəlləsində idim.
Bu yerlərə
elim baxsın doyunca,
Cavidimiz gəzən
yerdi bu yerlər.
Həsrət
qaldıq ona illər boyunca,
Bu həsrətə
dözən yerdi bu yerlər.
Məqbərəyə
daxil olub Cavidlərə ulu Tanrıdan rəhmət dilədikdən
sonra ev-muzeyin dəmir çəpərinə
yaxınlaşaraq qızıl güllərlə dolu həyətini
seyrə daldım. Bir anda insanların məni əhatəyə
aldığını hiss etdim. Dönüb baxarkən
onların məhəllə sakinləri olduqlarını
anladım. Aralarında mənimlə daha səmimi
görüşən yaşlı nəslin nümayəndələrini
və qohumlarımızı tanıya bildim. Bu il Bakıda
yenicə nəşr olunmuş "Əlixan məhəlləsi"
kitabımın çantamda olan bir neçə nüsxəsini
onlara və birini də Cavidin ev-muzeyinə
bağışlayaraq xudahafizləşib evimizin səmtinə
doğru yoluma davam etdim. İndi ulu öndərimizin
adını daşıyan Uşaq və Gənclər
Yaradıcılıq mərkəzinin yerləşdiyi
üçmərtəbəli, yaraşıqlı binanın
arxa hissəsi bizim evin və böyük həyətimizin
yeridir. Buraya çatan kimi yenidən doluxsundum. Bir zamanlar
düz həyətimizdən axıb gedən
Bazarçayın şırıltısı və sahil boyu o
baş-bu başa qaçan uzunhörüklü balaca
qızın şaqraq gülüşü qulaqlarımda əks-səda
verirdi. Gözlərimdə gilələnən göz
yaşı məni keçmiş uşaqlıq xatirələrimdən
bu günə qaytardı. Burada çox ləngimədən məni
tam 35 il müəllim kimi məktəbimizə aparan
küçə ilə üzüyuxarı irəlilədim.
Bu da Heydər Əliyev adına Hərbi Lisey! Onun tamamilə yenilənmiş, yaşıllığa, gül-çiçəyə qərq olmuş ərazisinə, təzə tikilmiş, yaraşıqlı korpuslarına valeh olmamaq mümkün deyil. Yenə düşüncələrə dalıram. Təxminən 50 il öncə, elə bu ərazidə Naxçıvan şəhər internat məktəbinin açılışı oldu. İlk gündən buranın pedaqoji kollektivinə biz də - mən və ömür-gün yoldaşım da daxil olmuşduq, müvafiq olaraq fransız dili və rəsm-rəsmxətt müəllimləri kimi. Böyük oğlumuz da otuz il işlədiyim bu məktəbin məzunu oldu. Çox qəribədir. Bu təsadüfdür, yoxsa həyatın qanunauyğunluğu? - bu gün burada - Hərbi Liseydə on ilə yaxındır ki, gəlinim tarix müəllimi kimi çalışır, beş il əvvəl buranın məzunu olan nəvəm isə hazırda Silahlı Qüvvələrimizin zabiti kimi Vətənə xidmət etməkdədir.
Hərbi Liseyin həyətində gəzişən kursantlara baxarkən düşündüm: bu gün muxtar respublikamız, xüsusən də onun paytaxtının hər bir guşəsi aybaay, günbəgün yeni libasa bürünür, inkişaf edir, çiçəklənir. Hər bir sahəyə böyük diqqət, qayğı hər addımda hiss olunur. Bu tərəqqini, bu gözəlliyi yaradan insanlar kimi onu göz bəbəyi kimi qoruyacaq igid oğullarımız da var.
Dərindən nəfəs alaraq
yavaş-yavaş gəlib Heydər Əliyev prospektinə,
şəhərin "Dördyol" adlanan hissəsinə
çatdım. Buradan yurdun gözəlliklərini gözlərimə
yığaraq, hafizəmə həkk edərək bir daha seyr
etdim. Qəlbimdən bu misralar keçdi:
Gözümü qoynunda açdım dünyaya,
Ey əziz, mehriban, doğma diyarım.
Oldum söz aşiqi, düşdüm sevdaya,
Sən
oldun sevgilim, sən oldun yarım.
Sənin
vəsfin üçün borcluyam hələ,
Bu
eşqin önündə acizdir qələm.
Gərəkdir
Tanrıdan bir ilham gələ,
Yazıla
hüsnündə olan bu aləm...
Doğma
Naxçıvanımızı abadlaşdıran, gözəlləşdirən,
çiçəkləndirən, tərəqqisi uğrunda
yorulmadan, böyük vətənpərvərliklə, qeyrətlə,
hünərlə çalışan, qədim Nuh yurdunu gəncləşdirən,
onu sabahlara doğru inamla aparan fədakar insanlara eşq olsun!
Ulu Tanrım onlara yar olsun!
KƏMALƏ,
şair-dramaturq,
əməkdar incəsənət
xadimi
Xalq
qəzeti.- 2011.- 13 fevral.- S. 7