Masallı:
görülən işlər fərəhli nəticələr
verir
Masallı
yaşının üstünə yaş gəldikcə
cavanlaşan bir diyardır. Sakinlər bunu inkişaf
proqramlarının ardıcıl yerinə yetirilməsi ilə
əlaqələndirirlər. Cənub bölgəsinin ən
böyük və gözəl guşələrindən olan
bu rayon, həqiqətən də, son illərdə xeyli tərəqqi
etmiş, sosial infrastrukturu genişlənmişdir. Ötən
hər il, ay burada hansısa yeniliklə yadda qalır. Elə təzəcə
tarixə qovuşmuş 2010-cu ildə də Masallının
inkişafı naminə xeyli iş görülüb. İllik
hesabat yığıncağında bu barədə ətraflı
danışıldı.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular, unudulmaz dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsi maraqla dinlənildi. Nikbin notlar üzərində qurulmuş məruzədən aydın oldu ki, sosial-iqtisadi nəticələrinə görə ötən il Masallı üçün xüsusilə uğurla başa çatıb. Ümumi məhsul istehsalı və xidmətlərin həcmi 12,8 faiz artıb. Bu nailiyyətin 70 faizə qədəri pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin payına düşür. Adambaşına pul gəlirləri 1931 manata, hər bir işçinin orta aylıq əmək haqqı isə 212 manata çatıb.
Məruzəçi dedi ki, rayonda tikinti-quruculuq və abadlıq işləri genişlənib. Tikinti üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyon 400 min manat investisiya yönəldilib. İstehsal təyinatlı obyektlərin inşasına 3 milyon 242 min manat investisiya qoyulub.
Noyabrın 8-də rayon mərkəzində "Dövlət bayrağı meydanı"nın təntənəli açılışını sakinlər yaxşı xatırlayır. Bu kompleksdə Azərbaycan dövlətinin bütün atributları- Dövlət Himni, Dövlət Gerbi, eləcə də ölkəmizin xəritəsi təsvir olunub, 34 metr hündürlükdə Azərbaycan Bayrağı ucaldılıb. İcra başçısı Masallı əhalisinin yüksək vətənpərvərlik hissini təcəssüm etdirən və şəhərə xüsusi gözəllik verən bu meydanın daimi ziyarətgaha, gənclərin and yerinə çevriləcəyinə inamını ifadə etdi.
İlin əvvəlindən rayonda ümumi sahəsi 119 min kvadratmetrə çatan yaşayış evləri istifadəyə verilib. Masallı şəhərinin daxili yollarına 2,3 kilometr asfalt döşənib, küçələrin işıqlandırılması, səkilərin qurulması işləri həyata keçirilib. Bundan başqa, şəhərin mərkəzinə qaz xəttinin çəkilməsi ilə əlaqədar asfalt örtüyü dağılmış 11 kilometr yol cari təmir edilib, 30-a yaxın kommunal evin dam örtüklərində təmir işləri aparılıb. DSMF rayon şöbəsinin inzibati binası istifadəyə verilib, Nizami parkında geniş yenidənqurma işlərinə başlanıb. Rayondan keçən Ələt-Astara magistralında və Masallı-Yardımlı yolunda təmir işləri aparılıb.
Əhalinin pensiya və müavinətlərinin tam ödənilməsi təmin edilib. Rayon mərkəzində və əhalinin sıx yaşadığı ərazilərdə "Kapitalbank"a məxsus 8 bankomat quraşdırılıb. 3625 ailəyə ünvanlı dövlət sosial yardımı təyinatı aparılmaqla hər ay 387 min manat vəsait ödənilib.
Rayonda sahibkarlığın inkişafına daim qayğı göstərilir. Lüzumsuz müdaxilələrin qarşısı alınır və biznes layihələrinin həyata keçirilməsində iş adamlarına köməklik göstərilir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu və "Aqrolizinq" tərəfindən sahibkarlara 4 milyon 440 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1250 ton tutumu olan soyuducu anbar və istixana yaradılıb. Q.Ağayev dedi ki, sahibkarlığın inkişafı məqsədi ilə bundan sonra da lazımi tədbirlər həyata keçiriləcək.
Məlum
olduğu kimi, 2011-ci il Azərbaycan Prezidenti tərəfindən
"Turizm ili" elan olunub. Coğrafi mövqeyinə görə
Masallıda turizmin inkişafı üçün münbit
şərait var. Bundan səmərəli istifadə edən
iş adamları İstisu zonası və digər mənzərəli
yerlərdə müxtəlif turizm obyektləri
açıblar. Lakin məruzəçi bunun yetərli
olmadığını nəzərə çatdıraraq
bildirdi ki, rayona daha çox turist cəlb etmək məqsədilə
istirahət mərkəzlərində yüksək səviyyədə
yenidənqurma aparılmalı və xidmət səviyyəsi
yüksəldilməlidir. Peşəkar kadrlar işə cəlb
olunmalı, turistlərə maraqlı proqramlar və
marşrutlar təklif olunmalıdır.
"Dünyanın
ərzaq qıtlığı təhlükəsi ilə
üzləşdiyi bir vaxtda torpağa münasibət tamamilə
dəyişməli, əkinə yararlı bütün sahələr
istifadə edilməlidir". Payız əkinləri ərəfəsində
bu məsələ ilə bağlı Masallı Rayon İcra
Hakimiyyətində çox işgüzar bir şəraitdə
müşavirə keçirildiyini və tədbirlər
planı qəbul olunduğunu xatırlayıram. Müşavirədə
qeyd olunmuşdu ki, rayondakı 25 min hektarlıq əkin sahəsinin
7 min hektarı əvvəlki il istifadəsiz qalıb. Bir
sıra maraqlı təkliflər səslənmişdi. Həmin
müşavirənin nəticəsi olaraq rayonda əlavə 2
min hektardan artıq şum vuruldu, daha çox taxıl və
kartof əkini aparıldı. Eyni zamanda rayon rəhbərliyinin
Nazirlər Kabineti qarşısında
çayçılığın inkişafı ilə
bağlı qaldırdığı məsələ ilə əlaqədar
Masallıya mütəxəssislər gəlib və layihənin
həyata keçirilməsinə hazırlıq işləri
başlanıb.
Elektrik təsərrüfatının
işində müəyyən dönüş
yaradılıb. Amma görüləsi işlər də az
deyil.
Rayonda təbii
qazdan istifadə edənlərin sayı 1680 abonent artaraq 16 min
627-yə çatıb. Dörd kənddə xətlərin təmir-bərpa
işləri yekunlaşaraq təbii qazın verilişi təmin
olunub. Şəhərin mərkəzinə
daşıyıcı qaz kəməri çəkilib.
Artıq beş küçədə 595 abonentin mənzilinə
qazın verilməsi bərpa olunub. Paralel olaraq cənub istiqamətində
daşıyıcı kəmərlər çəkilib.
Prosesin davamı kimi Muğan zonasındakı kəndlərin
qazlaşdırılmasına başlanacaq.
Masallı
Su-Kanal İdarəsi şəhər mərkəzindəki 38
kommunal binada kanalizasiya xətlərini yenidən çəkib.
Binaların zirzəmiləri çirkab sulardan təmizlənib,
iki yeni çirkab su anbarı inşa edilib, iki anbar isə əsaslı
təmir olunub.
Təzə
Alvadı su mənbəyindən Həsənli kəndinədək
olan içməli su xəttinin yarısı təzələnib,
Qarğalıq kəndinə 7 km uzunluğunda plastik boru xətti
çəkilib. Amma müəyyən işlər
görülsə də, bu kəndlərə suyun davamlı
verilməməsi narahatlıq doğurur.
Dünya
bankı ilə imzalanan kredit sazişinə əsasən
"Azərsu" və "Meliorasiya və Su Təsərrüfatı"
ASC-lər tərəfindən Masallı şəhərinin su
və kanalizasiya sisteminin yenidən qurulması işləri
başlanılıb. Almaniya və Türkiyə şirkətləri
layihələndirmə işləri aparıblar. Hazırda
layihənin ətraf mühitə təsiri qiymətləndirilir.
Rayonda
ötən il 25 hidrotexniki qurğu təmir olunub, suvarma
kanalları təmizlənib. Qumbaşı çayında
sahilbərkitmə işləri aparılıb, hazırda isə
Alvadıçay və Göytəpəçayda lildən təmizləmə
və sahilbərkitmə işləri aparılır.
İnişil
sentyabr ayında yağan güclü yağışlar
ayrı-ayrı yaşayış məntəqələrində
yaşayış evlərinə ciddi ziyan vurmuşdu. Prezident
İlham Əliyevin tapşırığı ilə FHN tərəfindən
evləri qəzalı vəziyyətdə olan 57 ailə
üçün yeni evlər tikilərək 2010-cu ildə təhvil
verilib. Gələcəkdə bu tip fəlakətlərin
qarşısının alınması məqsədilə
suaparıcı kanalların təmizlənməsi, çay məcralarının
dərinləşdirilməsi daim diqqətdə
saxlanılır.
Son illər
rayonun məktəblərində tədrisin
yaxşılaşdırılması və yeni təhsil
ocaqlarının tikilməsi sahəsində xeyli iş
görülüb. Keçən il ərzində 640 yerlik Digah
orta məktəbi və 480 yerlik Ərkivan qəsəbə 2
saylı orta məktəbin binası tikilib istifadəyə
verilib. Habelə Mollaoba orta məktəbində yeni idman
zalı inşa edilib, Ərkivan və Qızılağac orta
məktəblərində isə xeyriyyəçilərin
köməyi ilə təmir işləri aparılıb.
Hazırda Yelağac və Hüseynhacılı kəndlərində
hər biri 180 şagird yerlik iki məktəb binasının
tikintisi davam etdirilir. Yaxın günlərdə qəzalı
vəziyyətdə olan Qodman və Xıl kəndlərinin
yeni məktəb binalarının tikintisinə başlanacaq.
Hesabat
ilində ali məktəblərə imtahan verən rayonun məzunlarından
35 nəfəri 500-dən çox, o cümlədən 8 nəfəri
600-dən yuxarı bal toplayıb. Ən yüksək bal
toplayan 3 tələbəyə rayon icra hakimiyyəti tərəfindən
hər ay ödənilməklə 100 manat təqaüd təyin
olunub. Bu il daha çox tələbəyə təqaüd
verilməsi planlaşdırılır. Nəcib təşəbbüsə
xeyriyyəçi iş adamlarının da
qoşulacağı gözlənilir.
Masallıda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər görülür. Doğum şöbəsində mərkəzləşdirilmiş oksigen sistemi yaradılıb. Şöbə müasir tibbi və digər avadanlıqla təmin edilib, perinatal xidmət tamamilə yenidən yaradılıb. Poliklinika şöbəsində və bəzi kabinetlərdə təmir işləri aparılıb. Təzəkənd kəndində feldşer-mama məntəqəsi istifadəyə verilib. Bununla bərabər, imtiyazlı xəstələrin dərmanla təminatında nöqsanlar aradan qaldırılmalı və onlara tibbi xidmətin keyfiyyəti yüksəldilməlidir.
Mədəniyyət və Turizm şöbəsi rayon tədbirlərində fəal iştirak etməklə bərabər, respublika səviyyəli tədbirlərdə Masallını uğurla təmsil edir. 2010-cu ildə şöbənin müəssisələri üçün 20 min manatlıq inventar və texniki avadanlıq alınıb. Bundan başqa, Rayon Mədəniyyət Evi və Mərkəzi kitabxana kompyuter dəstləri ilə təmin edilib.
Sonra millət vəkilləri Elmira Axundova, Fəzail İbrahimli, Sabir Rüstəmxanlı və Nəriman Əliyev, həmçinin Prezident Administrasiyasının məsul işçisi Mikayıl Hüseynov çıxış edərək Masallıda görülmüş işləri yüksək qiymətləndirdilər.
Tədbirin sonunda ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 6.