Xüsusi icra institutu: Perspektivlər
və reallıqlar
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsində təsbit olunduğu kimi, insan hüquq və
azadlıqları ədalət mühakiməsini həyata
keçirən məhkəmələr vasitəsilə
qorunur. Nəzəri cəhətdən belə hesab edək
ki, məhkəmə şəxsin hüquq və
azadlıqlarının qorunması, pozulmuş
hüquqların bərpası məqsədilə ədalət
mühakiməsini həyata keçirir, bu və ya digər qərarı
qəbul edir. Lakin onu da qeyd etmək
lazımdır ki, hər hansı bir qərarın qəbul
edilməsi ilə pozulmuş hüquq tam bərpa oluna bilməz.
Başqa sözlə, pozulmuş hüquq və
azadlığın bərpası üçün qəbul
olunmuş qərarın icrası əsas şərtdir. Bu baxımdan qeyd etmək yerinə düşər
ki, Konstitusiyamızda və ölkəmizin qoşulduğu beynəlxalq
aktlarda təsbit olunmuş ədalət mühakiməsi
prinsiplərinin tam və qəti şəkildə bərqərar
olmasında məhkəmə qərarlarının icrası əsas
rol oynayır. Məhkəmə qərarlarının
icra olunmaması, hətta, dünyanın inkişaf etmiş
ölkələrində də bəzən ciddi problem kimi qəbul
edilir. Azərbaycan Respublikasında
aparılan məhkəmə-hüquq islahatları, məhkəmə
qərarlarının icrası sahəsində də bir
sıra təkmilləşdirmələrə rəvac
vermişdir. Ayrı-ayrı mütəxəssislər məhkəmə
qərarlarının icrası ilə bağlı problemlərin
aradan qaldırılması məqsədilə inzibati
metodların, qanunvericiliyin sərtləşdirilməsi, kadr
potensialının dəyişdirilməsi və s. təkliflər
irəli sürürlər. İcra Xidmətləri
Mərkəzinin direktoru, Hüquqi İslahatlara Yardım Mərkəzi
idarə heyətinin üzvü Rayyət Quliyevlə söhbətimiz
də bu barədədir.
- Rayyət
müəllim, xüsusi məcburi icra modelinin tətbiqi
hazırkı Azərbaycan cəmiyyətində nə dərəcədə
realdır?
- Əlbəttə, Azərbaycan cəmiyyəti
üçün xüsusi icra institutu, xüsusi
icraçılar anlayışı tam yenilik kimi qiymətləndirilə
bilər. Hətta,
məhkəmə və s. orqanların qərarlarının
icrasının dövlətdən ayrı təsəvvür
olunmadığını düşünənlər də ola bilər. Amma Azərbaycan
Respublikasının son 15 ildə keçdiyi hüquqi dövlət
quruculuğu yolunu, 2000-ci ildən ardıcıl surətdə
həyata keçirilən məhkəmə-hüquq
islahatlarının bugünkü nəticələrini təhlil
etdikdə xüsusi icra institutunun müasir və gələcək
Azərbaycan cəmiyyəti üçün tam reallıq
olduğunu düşünməyə dəyər. Sadə
bir misal gətirim: ötən əsrin 90-cı illərində
xüsusi (özəl) notariusların fəaliyyət göstərəcəyinə
bəlkə kimsə inanmazdı. Axı biz
yalnız dövlət notariat orqanlarının fəaliyyətinə
alışmışdıq. 1999-cu ildə
özəl notariat qurumlarının fəaliyyətini tənzimləyən
qanun qəbul olundu. Son bir neçə ildə
özəl notariusların fəaliyyətinə zəmin
hazırlandı; həm qanunvericilik bazasında, həm də
cəmiyyət arasında. Bu gün
artıq özəl notariuslar Bakı şəhərində fəaliyyət
göstərirlər. Qeyd etmək lazımdır ki,
özəl notariuslara müraciət edənlərin sayı
heç də dövlət notariuslarına müraciət edənlərin
sayından az deyil. Amma bu
heç də o demək deyil ki, dövlət notariat
qurumları dövriyyədən çıxarılır.
Bundan başqa da xeyli sayda hüquq
institutlarının fəaliyyətinə dair misallar çəkmək
olar.Təbii ki, xüsusi icra institutunun və
icraçıların fəaliyyətinin təşkili
üçün, ilk növbədə, qanunvericilik bazası
yaradılmalıdır. Cəmiyyət bu
cür institutların fəaliyyətinə
hazırlanmalıdır. Bundan ötrü
kadr potensialı formalaşmalı, mülki dövriyyənin
iştirakçıları arasında maarifləndirmə
işləri aparılmalıdır. Mən
inanıram ki, beynəlxalq təcrübədə öz təsdiqini
tapmış digər hüquq institutlarını tətbiq
etdiyimiz kimi, icra institutunun tədricən xüsusiləşdirilməsini
də həyata keçirə bilərik və bunun uğurlu nəticələri
olacaq.
- Xarici
dövlətlərin bu sahədə təcrübəsi necədir?
Yəni, məcburi dövlət icra sistemi daha
normal işləyən dövlətlər xüsusi icra modelinə
keçiddə maraqlıdırlarmı?
- Bir
sıra Avropa dövlətlərində məcburi dövlət
icra sistemi təşkilatının funksiyaları kifayət qədər
azaldılıb, bəzi ölkələrdə isə
xüsusi icra modelinə keçid, demək olar ki, başa
çatdırılıb. İnkişaf
etmiş Avropa dövlətlərində bir sıra icra
funksiyalarının xüsusi təşkilatların xeyrinə
bölüşdürülməsi müşahidə edilir.
Məsələn, İspaniyanın qanunvericiliyi
bir sıra icra hərəkətlərini məhkəmə
sisteminə daxil olmayan ayrı-ayrı təşkilatlara həvalə
etməyi nəzərdə tutur. Ələlxüsus,
üzərinə həbs qoyulmuş əmlakın
realizasiyası mütəxəssisə və ya bu sahədə
ixtisaslaşmış təşkilata həvalə edilir,
girovsaxlama hüququnun məcburi realizasiyası notarius tərəfindən
aparılır və s. Fransada icra institutunun tamamilə
dövlətsizləşdirilməsi prosesi başa çatmaq
üzrədir və uğurlu nəticələr də verir.
İcra funksiyalarının vəzifələrinin
bölüşdürülməsi prosesi Almaniyada da baş
verir. Burada təxminən 650 xüsusi firma
borcların tutulması ilə məşğuldur. Onların isə 453-ü tutmalar ilə əlaqədar
federal assosiasiyalarda birləşir. Ümumiyyətlə,
əminliklə qeyd etmək olar ki, ədliyyə sistemi mükəmməl
sayılan Avropanın inkişaf etmiş ölkələrində
icra institutunun dövlətdən ayrılması, müstəqil
qurumların bu sahədə ixtisaslaşması prosesi gedir.
Bu cür ölkələrdə yeni təcrübənin
müsbət nəticələri aşkar görünür.
- Bəs,
xüsusi icra institutunun özəllikləri nədən ibarətdir?
İcra funksiyalarının dövlət müəssisələrindən
alınıb xüsusi müəssisələrə verilməsi
ilə nə dəyişəcək?
- Əvvəla, qeyd edək ki, söhbət dövlət
icra institutlarının qismən
liberallaşdırılmasından gedir. Nümunə
kimi göstərdiyimiz ölkələrdə də xüsusi
icra sistemi dövlət icra sistemi ilə yanaşı, tədricən
həyata keçirilir. Buna
qarışıq icra modeli də demək olar. Yəni, dövlət icra sistemi ümumən
qaldığı halda, bir sıra funksiyalar, yaxud icra
funksiyalarının hamısı, fəaliyyəti qanunla tənzimlənən
alternativ qurumlara da verilə bilər. Onlara
bərabər şərait yaradılır. Bu halda hər iki təsisatlar arasında sağlam rəqabət
yaranacaq. Nəticədə həm dövlət,
həm də xüsusi icra institutları daha keyfiyyətli və
səmərəli fəaliyyət göstərəcəklər.
Sağlam rəqabət olan yerdə isə inkişafa nail olmaq
mümkündür. Xüsusi məcburi
icranın özəlliyi ondan ibarətdir ki, məhkəmə
icraçısı müstəqil olaraq icra sənədləri
üzrə öz fəaliyyətini təşkil edir və
bununla da icra hərəkətlərinin nəticələrinə
görə tam maddi məsuliyyət daşıyır. Bu cür məcburi icra sistemi Fransa, Belçika,
Macarıstan, Lüksemburq, Niderland, İtaliya, Yananıstan,
Litva, Polşa, Portuqaliya, Estoniya və digər ölkələrdə
tətbiq edilir. Bu ölkələr məhz
Fransa sistemini əsas götürmüşlər. Yeri gəlmişkən, Fransa icra institutunun
inkişaf səviyyəsinə görə dünyada və
Avropada öncül yerlərdən birini tutur və bir sıra
ölkələr icra sahəsində həm qanunvericiliyin, həm
də təcrübənin yaradılmasında Fransa modelindən
yararlanırlar. Bu modeldə
icraçıya dövlət adından bir sıra səlahiyyətlər
verilir. Onun fəaliyyəti məhkəmənin
(icraya səlahiyyətli hakimin), prokurorluğun daimi nəzarəti
altında olur, bu zaman məhkəmə
icraçılarının bir sıra peşəkar təşkilatları
əsas rol oynayırlar. ABŞ-da icranı
şeriflər, marşallar, məhkəmə
icraçıları və fərdi hüquq agentlikləri,
Fransada icra fəaliyyətini "məhkəmə
icraçıları", Almaniyada isə məhkəmə
qeydiyyatçıları həyata keçirirlər. Bir
çox tədqiqatçıların fikrincə, bu cür məcburi
icra modelinin üstünlüyü ondan ibarətdir ki, bazar
iqtisadiyyatı şəraitində mülki dövriyyənin
subyektlərinin təsərrüfat fəaliyyətini həyata
keçirmək üçün o, daha uyğundur və
özlərinin məcburi icra sistemlərini təkmilləşdirən
əksər ölkələr (Belarus, Litva, Latviya, Rusiya,
Estoniya, Ukrayna və s.) üçün bu model daha
münasibdir.
-Rayyət
müəllim, sizcə, yeni modelin tətbiqi ilə dövlət
xərclərinin azaldılmasına da nail olmaq
mümkündürmü?
- Şübhəsiz. Digər ölkələrdə
də, respublikamızda da dövlət icra institutunun
saxlanması, icraçıların təminatı
üçün büdcədən vəsait ayırır.
Bu vəsaitin məbləği kifayət qədər
böyükdür. Xüsusi icra
institutları isə özünü maliyyələşdirmə
prinsipi ilə fəaliyyət göstərəcəklər.
Deməli, bu institutların fəaliyyətinə
dövlət vəsait ayırmayacaq. Əksinə,
onların fəaliyyətindən müəyyən vergi və
rüsumlar formasında dövlətə ödənişlər
ayrılacaq.
- Bəs,
bu modelin hansı müsbət və mənfi cəhətləri
vardır?
- Müsbət
cəhətlərdən, şübhəsiz, biri budur ki,
dövlət məcburi icra sistemi orqanlarının maliyyələşdirilməsini
öz üzərindən götürür və bu vəzifə
xüsusən borcluların üzərinə düşür
ki, bu da öz növbəsində məhkəmə və digər
aktların könüllü icrası üçün stimul
verən faktlardan biridir. Bu model məhkəmə
icraçısına xidmət haqqının ödənilməsini
birbaşa onun öz fəaliyyətinin nəticələrindən
asılı edir ki, bu da məcburi icranın səmərəliliyinə
təsir göstərir. Məhkəmə
icraçısı peşəsinin nüfuzunun
artırılması və məcburi icra sisteminə
kadrların axınının artması - xüsusi məcburi
icra modeli sisteminə keçirilməsinin üstünlüklərindən
biridir. Bəzi nəzəriyyəçilər
və tədqiqatçılar xüsusi icra modelinin mənfi cəhətlərini
də qeyd edirlər. Bu sıraya ilk növbədə
daxildir: xüsusi icraçılar tərəfindən səlahiyyət
hədlərini aşma ehtimallar daxildir. Çünki
onların daha çox icra işi yerinə yetirmələri
daha çox gəlir əldə edilməsinə şərait
yaradır. Bu da səlahiyyətdən
sui-istifadəyə yol aça bilər. Mülki
dövriyyənin iştirakçılarının əmlak və
maliyyə vəziyyəti haqqında xüsusi
icraçıların məlumat almaq imkanlarına da ehtiyatla
yanaşanlar var. Burada biznes sirrinin, sahibkarlıq mühitinin
qorunması zərurəti və s. amillər nəzərə
alınır. Lakin bu amilləri tamamilə
azaltmaq mümkündür. Belə ki, beynəlxalq
təcrübədə qanunvericilik ayrı-ayrı şəxslərə
xüsusi icraçı səlahiyyəti verməklə
yanaşı, onların üzərinə vəzifələr
də qoyur. Yəni, xüsusi icraçının qanunla
üzərinə düşəcək vəzifələri
sırasında səlahiyyəti çərçivəsində
fəaliyyət göstərmək, konfidensiallığı təmin
etmək və s. bu kimi öhdəliklər də nəzərdə
tutulur.
- Azərbaycanın
hüquq sisteminə yaxın olan hər hansı bir ölkənin
qanunvericiliyində məhkəmə aktlarının icrası
modeli öz əksini tapmışdırmı? Sizin fikrinizcə,
Azərbaycan hansı ölkələrin təcrübəsindən
istifadə etməlidir?
-
Hüquq sisteminə görə bizə yaxın ölkələr
dedikdə, Avropa ölkələrindən sonra - əsasən,
Baltikyanı və MDB ölkələrinin təcrübəsinə
nəzər salmağımız yerinə düşər. Fransa icra icraatı modelini tətbiq edən ölkələrdən
biri məhz Litvadır. 2003-cü ilin yanvar
ayından Litvanın məhkəmə icraçıları
artıq dövlət statuslarını itirərək
"azad mütəxəssislər" statusu almışlar.
Bu dövlətdə qanunvericilik bazası yaradılmış
və məhkəmə icraçısı institutunun belə
deyək, "özəlləşdirilməsi"nin müsbət nəticələri də
özünü göstərir. Litvanın
dövlət icra sisteminin yenidən təşkili deyil, məhz
tamamilə ləğv edilməsi islahatların uğur
qazanmasının əsasıdır. Çünki məhz
belə yanaşma yeni peşəkar məhkəmə
icraçıları korpusunun yaranmasına təkan verdi. Müəyyən müsbət tendensiyalar
artıq görünür: tələbkarlar icra məmurlarının
hərəkətsizliyindən artıq şikayət etmirlər.
Bununla belə, borcluların icra məmurlarının
həddən artıq aktivliyindən şikayətlənməsi
halları artmışdır, axı məhkəmə
icraçılarının sayı iki dəfə
azalmışdır. Əvəzində isə
icraçıların işinin səmərəliyi və tələbkarlığı,
icraçı peşəsinin nüfuzu nəzərə
çarpacaq dərəcədə artmışdır.
İcra icraatının dövlət modelindən tədricən
uzaqlaşan ölkələrdən biri də Moldovadır. Bu ölkədə
də icra icraatının "dövlətsizləşdirilməsi"
prosesi bir neçə ildir ki, davam edir. Sonrakı
yerlərdə Rusiya və Qazaxıstanı misal göstərmək
olar. Rusiyada xüsusi icra icraatının tətbiqinə
hazırlıq prosesi qanunvericilik bazasının
yaradılması mərhələsindədir. Eyni zamanda, icra icraatının bəzi mərhələlərinin
qeyri-dövlət təşkilatlarına həvalə
olunması təcrübəsi artıq yaranmışdır.
Qazaxıstanda da bu baxımdan ciddi addımlar
atılmaqdadır. Qeyd edim ki, hər iki ölkədə icra
icraatının "liberallaşdırılması"
prosesi mərhələli şəkildə gedir və hələ
ki, icra icraatının qarışıq modeli tətbiq olunur.
Həm dövlət icra orqanları, həm də
xüsusi icra qurumlarının fəaliyyətinin təşkili
ilə icra prosesinin "dövlətsizləşdirilməsi"
mərhələli şəkildə həyata keçirilir.
Ümumiyyətlə, müasir hüquq sistemlərində
daha çox qarışıq məcburi icra təşkilatçılığı
modeli yer almışdır. Burada məhkəmə icraçısı
peşəsinin hüquqi statusu ilə yanaşı, müəyyən
mənada icra prosesinə ayrı-ayrı təşkilati-hüquqi
formada fəaliyyət göstərən və əsasən də
borcluların və onların əmlaklarının
axtarışı, qiymətləndirmə, borcluların əmlaklarının
saxlanması və realizasiyasında peşəkar olan müəssisələrin
iştirakı tətbiq edilir, həmçinin tələbkarın
fəal rolu da nəzərə alınır.
- Azərbaycanda icra institutunun liberallaşdırılması, xüsusi icra qurumlarının yaradılması üçün zəmin varmı? Bu prosesə başlamaq üçün nə etmək lazımdır?
- Fikrimcə, xüsusi məcburi icra modelinin tətbiqi üçün Azərbaycanda artıq zəmin yaranmışdır. İlk mərhələdə, dövlət məcburi icra sistemi ilə yanaşı, xüsusi məcburi icra ilə məşğul olacaq bir neçə qurumun fəaliyyətinə şərait yaradılmalıdır. Yəni, yuxarıda geniş bəhs olunan qarışıq icra modelini tətbiq etmək olar. Beynəlxalq təcrübədə belə bir tendensiya da var ki, bir tərəfi dövlət olan işlərdə icra icraatını dövlətə məxsus icra qurumu həyata keçirir. Modellərin seçilməsi gələcəyin işidir, əsas odur ki, bu sahədə islahatlara başlanılsın. Təbii ki, xüsusi qanunla tənzimlənməli olan bu fəaliyyətə ixtisaslı və yüksək səviyyəli peşə hazırlığı olan, hüquqi xidmət sahəsində rəqabət qabiliyyəti ilə seçilən, ixtisaslaşmış qurumlar cəlb olunmalıdır.
Şübhəsiz ki, məcburi icra sisteminin liberalizasiyasının həm tərəfdarları, həm də buna qarşı çıxanlar elə arqumentlər gətirirlər ki, bunlar ciddi analiz və dərk olunmağı tələb edir. Bununla belə, hesab edirəm ki, gələcək həqiqətən də ən səmərəli və az xərcli olan xüsusi hüquqi icra modelinindir. Lakin xüsusi məhkəmə icraçılarının fəaliyyətinin normativ tənzimlənməsi və onların fəaliyyətinə nəzarət funksiyası, həmçinin icra hərəkətlərinin edilməsi ilə bağlı tariflərin son hədlərinin müəyyən edilməsi dövlətin üzərində olmalıdır. Xüsusi məhkəmə icraçısının hər hansı bir hərəkəti (hərəkətsizliyi) yekunda məhkəmə nəzarətinin predmeti olmalıdır. Yuxarıda şərh edilən xüsusi məcburi icra sisiteminin ölkəmizdə perspektiv inkişafına dair mövqeyə uyğun olaraq "Xüsusi məhkəmə icraçıları fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun layihəsinin hazırlanmasına başlanmalıdır. Belə qanun xüsusi icra qurumlarına və icraçılara tətbiq edilən tələblər, icraçıların səlahiyyətləri, icra xərcləri və yığımları və s. bu kimi prinsipial məsələləri qəti şəkildə tənzimləməlidir. Təbii ki, icra səlahiyyətlərinin dövlət icra qurumlarından alınaraq birdən-birə xüsusi icraçılara verilməsi mümkün və məqsədəmüvafiq deyil. Bu proses mərhələli şəkildə, tədricən həyata keçirilməlidir. Qanunvericilik bazasının yaradılması isə bu prosesin ilk mərhələsi ola bilər.
Müsahibəni
apardı: Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 6.