Şabran tarixi
şöhrətini qaytarır
Respublikanın bütün
regionları kimi, Şabran rayonu da özünün
sosial-iqtisadi inkişaf dövrünü yaşayır. 2010-cu
ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci
ildə qarşıda duran vəzifələrlə
bağlı Şabran Rayon İcra Hakimiyyəti
başçısının hesabatında regionun ölkəmizin
tarixi müstəqilliyinə yenidən
qovuşmasının iyirmi illik yubleyinə hansı töhfələrlə
qədəm qoymasından və əldə olunan nailiyyətlərin
rayon sakinlərinin rifah halının yüksəldilməsinə
necə təsir göstərməsindən geniş məlumat
verildi.
Yıgıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və toplantı iştirakçıları ümummilli lider Heydər Əliyevin Şabran şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etdilər və önünə tər çiçək dəstələri qoydular.
Hesabat yığıncağında geniş məruzə ilə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qeyd etdi ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin elmi təməllərə söykənən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün dünyanın ən sürətli inkişaf tempinə malik sabit və qüdrətli dövlətinə çevrilməkdədir. Dövlət başçısı İlham Əliyevin yeni dövr üçün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri çevik icra mexanizminə əsaslanan proqressiv islahatların uğurla yerinə yetirilməsini təmin etmiş, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamızın beynəlxalq aləmdə nüfuzunu ildən- ilə daha da möhkəmləndirmişdir.Məhz bunun nəticəsidir ki, dünyanı bürüyən qlobal maliyyə böhranının mənfi təsirlərinin bir çox ölkələrdə qabarıq şəkildə özünü göstərdiyi 2010-cu ildə də respublikamızın iqtisadiyyatının dinamik inkişafı davam etmişdir.
N.Novruzov qeyd etdi ki, Azərbaycanda uğurla aparılan islahatlar, düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm də yola saldığımız ildə ölkə iqtisadiyyatı dinamik inkşaf etmiş və ümumdaxili məhsul müvafiq olaraq 9,3 faiz və 5 faiz artmış, bütün sosial proqramlar icra edilmişdir.
Rayonun ərazisində də dövlət investisiyaları hesabına iri miqyaslı bir neçə layihə yerinə yetirilir,- deyən N.Novruzov bu sırada rayon ərazisində inşası davam edən dövlət əhəmiyyətli "Taxtakörpü" su anbarını, tikilən su elektrik stansiyasını xüsusi qeyd etdi. Təsadüfi deyil ki, ölkə başçısı "Taxtakörpü" su anbarının tikintisini əhalinin sosial rifahına yönəldilmiş çox böyük əhəmiyyət daşıyan nəhəng layihələrdən biri adlandırmışdır.Ölkənin regional inkişaf proqramının tərkib hissələrindən biri olan " Taxtakörpü" su anbarının tikintisi həm də rayonun iqtisadi inkişafında, adamların həyat şəraitinin yaxşılaşdırılmasında, daimi iş yeri ilə təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.
Natiq vurğuladı ki, ötən il bir hissəsi tikilib istifadəyə verilən Bakı-Rusiya yolunun Şabran şəhərindən keçən hissəsinin şəhərdən kənara çıxarılması rayon mərkəzinin səliqə-səhmanına ciddi təsir göstərmişdir. Bu il yolun tikintisi Gəndob kəndindən davam edəcəkdir.
İcra hakimiyyətinin başçısı 2010-cu ilin bu rayon üçün xüsusilə yaddaqalan oldugunu bildirərək dedi:
-Yola saldığımız ildə qədim İpək Yolunun üstündə yerləşən, 2300 yaşlı Şabranın tarixi adı bərpa edilmiş, coğrafi ərazi kimi Azərbaycanın xəritəsində öz yerini almışdır. Ulu keçmişimizin, vətənimizin şöhrətli, zəngin və qədim tarixinin nadir nümunələrindən olan Şabranın qədim adının bərpa edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.
Dövlət-vətəndaş birliyinin, həmrəyliyinin təminatçısı olan və bunu gündəlik fəaliyyət prinsiplərindən biri kimi həmişə diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz yola saldığımız ildə regionlara səfərləri sırasında iki dəfə rayonumuzda olmuş, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat sektorunun çox mühüm layihələrindən biri, Bakı-Rusiya magistral yolunun Şabran rayonundan keçən hissəsində tikinti işlərinin gedişi ilə maraqlanmışdır. 12 avqust 2010-cu il tarixdə isə bu nəhəng layihəyə daxil olan, rayonumuzun mərkəzindəki Dəvəçi çayının üzərində tikilmiş, ölkə ərazisində ən böyük - 540 metr uzunluqda körpünün açılışında iştirak etmişdir. Elə həmin gün rayonumuzun Quba sərhədindəki qədim Şabran şəhərinin tarixi qalıqları, "Çıraq- qala" abidələr kompleksinin elementləri əsasında tikilmiş seyrəngahla tanış olmuş, əsaslı şəkildə yenidən tikilən Bakı-Quba yolunun açılışını bildirən qırmızı lenti kəsmişdir.
N.Novruzov rayon icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək üçün bütün imkanlardan istifadə edərək yola saldığımız ildə sosial mədəni sahənin inkişafı, iqtisadiyyatın yüksəlməsində nəzərə çarpan irəliləyişlərə nail oldugunu da diqqətə çatdirdı:
-2010-cu ilin vəzifələrini müəyyənləşdirərkən rayonda iqtisadi və sosial sahələrin bütün aspektləri üzrə görüləcək işlərlə bağlı 83 bənddən ibarət tədbirlər planı qəbul etmişdik. Həmin tədbirlərin demək olar ki, əksər hissəsi yerinə yetirilmiş və ya hazırda icrası davam etməkdədir. Bunun nəticısi olaraq, ötən il rayonumuzun iqtisadiyyatı artmış, il ərzində istehsalın həcmi 296,9 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 35 faiz çoxdur. Sənaye məhsulu istehsalı 8,5 milyon manat, yəni 12 faiz çox, kənd təsərrüfatı məhsulları istehsalı isə 43,3 min manata çatmışdır.
Ötən ildə adambaşına düşən pul gəlirləri 1 faiz artmışdır. Son 7 ildə isə bu göstərici 3 dəfə artaraq 425 manatdan 1245 manata çatmışdır. Rayonumuzda orta aylıq əmək haqqı il ərzində 3 faiz artmış, üç ildə isə 3 dəfə artaraq 80,9 manatdan 236,2 manata çatmışdır.
Hesabat ilində sənaye məhsullarının
84,2 faizi kənd təsərrüfatı məhsulları
istehsalının, 99,8 faizi özəl sektorun payına
düşür. Bu isə yüksək göstəricilərdir.
İl ərzində rayonda adambaşına düşən məhsul
istehsalı 5,6 min manat olmuşdur. Son bir ildə rayonda 469 yeni iş yeri
açılmışdır. Onlardan 215-i daimi iş yeridir.
2004-cü ildən ötən müddətdə isə 5467
yeni iş yeri açılmışdır ki, onun da 2831-i
daimi iş yerləridir.
Ötən
il rayonun sahibkarları müxtəlif mənbələrdən
4,5 milyon manat kredit almışlar.
Alınmış kreditlərin həcmi 2009-cu ildəkindən
1,7 milyon manat çox, ondan istifadə edənlərin
sayı isə 1932 nəfər artıq olmuşdur. Sahibkarlıq subyektlərinin sayı da 149 nəfər
artmışdır. İndi rayonda fərdi
sahibkarlıqla məşğul olanlar 1862 nəfər təşkil
edir.
Keçən
il rayona gələnlərin sayı 113 nəfər,
gedənlər isə cəmi 31 nəfər olmuşdur. Bu, regional proqramın mahiyyətini göstərən
çox mühüm göstəricidir. Yola
saldığımız ildə ölkəmizin bütün
regionlarında olduğu kimi, rayonumuzda da abadlıq-quruculuq
işlərinə diqqət daha da artmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığı əsasında rayonumuzda
aparılan abadlıq işlərinə kömək məqsədi
ilə Dövlət Neft Fondundan 1 milyon manat vəsait
verilmişdir. Bu vəsait Şabran şəhərində
həlli vacib olan ən zəruri işlərin yerinə
yetirilməsinə yönəldilmişdir.
Həmin
vəsaitlə 5 ikimərtəbəli yaşayış evi əsaslı
təmir olunaraq dam örtükləri və pəncərələri
dəyişdirilmiş, fasadları alkaponla üzlənmiş,
tarix-etnoqrafiya muzeyi yenidən qurulmuş, qədim Şabran
şəhərinin tarixini əks etdirən panno, 2 giriş
tağı və 6 ədəd qapı tikilmiş, rayonun
küçələrində müasir işıqlandırma
sistemi qurulmuş, yaşıllıq zolağı
salınmış, açıq səma altında etnoqrafiya
muzeyi yaradılmışdır.
Hazırda poeziya evi və ona bitişik köməkçi
binanın tikintisi başa çatmaq üzrədir. Böyük
Azərbaycan şairi Xaqaninin heykəlinin postamenti və
qarşısında meydan tikilmiş, ətrafı
abadlaşdırılmışdır. Artıq
hazır olan heykəl yaxın günlərdə yerinə
qoyulacaqdır. Heydər Əliyev prospektində
və digər küçələrdə piyada səkilərə
3330 kvadratmetr üzlük daş döşənmiş,
Şabran şəhər mədəniyyət və istirahət
parkında yenidənqurma işləri
aparılmışdır.
Şəhər bazarının qarşısında
meydan, elə oradaca "Bulaq" kompleksinin arxa tərəfində
"Qədim Şabran" barelyefi qoyulmuşdur. Rayonun görkəmli
yerlərinin şəkillərini əks etdirın panno
tikilmiş, işıqlandırma sistemi də
quraşdırılmışdır. Meydan
və səkilərdə ağlay daş sütunları və
sinklənmiş alüminium borulardan ibarət 1831 metr hasar
quraşdırılmışdır.
Ümumilikdə
2010-cu ildə rayonda 23,7 milyon manatlıq
tikinti, abadlıq, quruculuq işləri
görülmüşdür. Son üç ildə isə
rayonda bu işlərə 46,7 milyon manat sərf
olunmuşdur. Bu məbləğin 23,4
milyon manatı rayonumuzda dövlət sifarişi ilə yerinə
yetirilən iri layihələrin , 22,3 milyon manatı isə
Şabran şəhəri və onun kəndlərində
görülən işlərin payına düşür.
İl ərzində
yerinə yetirilən tikinti, quruculuq işlərində 14,5 milyon manat dövlət investisiya vəsaitindən
istifadə olunmuşdur ki, bu da ümumi işin həcminin 64,4
faizini təşkil edir. Ötən il abadlıq-quruculuq
işlərinə dövlət büdcəsinin yerli xərclərindən
1,28 milyon manat, yəni ümumi işin 6,2 faizi həcmində
vəsait sərf edilmişdir.Bələdiyyələr tərəfindən
180 min, daxili imkanlar hesabına 860 min manatlıq abadlıq
işi görülmüşdür. Özəl bölmənin,
sahibkarlıq müəssisələrinin tikintisinin ümumi həcmi
isə 4,2 milyon manata
çatmışdır.
N.Novruzov görülən işlərin bir qismini
sadalayaraq bildirdi ki, rayonda çox böyük ictimai iqamətgah
olacaq Heydər Əliyev Mərkəzinin tikintisi başa
çatmaqdadır. Heydər Əliyev meydanında yenidənqurma
işləri, Heydər parkının
abadlaşdırılması davam etmişdir. Şəhərin
8 küçəsində 3,9 kilometr asfalt
beton yol, 2 küçədə 2,5 kilometr uzunluğunda
çınqıl yol tikilmişdir.
Heydər Əliyev prospektində və M.Ə.Rəsulzadə
küçəsində yenidənqurma, bərpa işləri
davam etmişdir. Şəhərin Ş.Vahabzadə,
Q.Qasımov və Xoyski küçələri
abadlaşdırılmışdır. M.Ə.Rəsulzadə
küçəsində "Bulaq" kompleksinin, bazarın
giriş qapısının, Avtovağzalda qədim karvan
yolunun simvolu olan "Karvansara" abidəsinin tikintisi başa
çatmışdır. Dəvəçiçay
üzərindəki piyada körpüsü də yenidən
quraşdırılmışdır.
"Şabran"
giriş qapıları kompleksinin, "Multimedia" mərkəzinin,
M.Ə.Rəsulzadə küçəsində Heydər
bağının cənub girişində üzərində
Azərbaycan bayrağı asılacaq Qala abidəsi və
meydanın, süni ot örtüklü
futbol meydançasının tikintisi davam etmişdir.
Heydər Əliyev prospektində, Şabran şəhər
parkında ulu öndərin kəlamlarını və portretlərini
əks etdirəcək memarlıq baxımından xüsusi
görkəmi ilə fərqlənən pannoların tikintisi
başa çatmaq üzrədir. Şahnəzərli kəndinin
ərazisindəki "Qədim Şabran şəhəri"
tarixi abidələr dövlət qoruğuna da içməli su
və elektrik xətləri çəkilmişdir.
Rayonda
yeyinti sənayesi ilə bağlı yeni istehsal sahələrinin
yaradılması istiqamətində görülən işlərdən
də ətraflı danışan N.Novruzov qeyd etdi ki, yola
saldığımız ildə "Şirə-şərab"
zavodu, "Dəvəçi-Broyler" ASC-də quş ətinin
dərin emalı sexi, Uzunboyad kəndində 7000 başlıq,
Şabran şəhərində və ayrı-ayrı kəndlərdə
daha 10 kiçik güclü quşçuluq sexləri tikilib
istifadəyə verilmişdir. Gəndob kəndində
mini şərab sexinin tikintisi başa çatmaq üzrədir.
Zavodun bu il işə düşməsi və
ilk məhsulunu emal etməsi gözlənilir.
"Dəvəçi-Broyler"ASC-də
9104 ton quş əti, "Dəvəçi -Dəyirman"
ASC-də 31 min 503 ton un, 11 min 504 ton kəpək
istehsal edilmişdir.
Şabran rayonunda balıqçılığın
inkişaf etdirilməsi üçün yerli şərait
çox uyğundur. Sahibkarlar tərəfindən bu sahəyə
maraq artıb. Göl
balıqçılığının inkişafı məqsədilə
iş adamları tərəfindən
Çölquşçu İƏD-nin ərazisində işə
başlanmışdır. İş adamı
Ceyhun Mahmudov tərəfindən 20 hektar ərazidə
balıqçılıq gölləri salınmış,
balıq istehsalı təsərrüfatı
yaradılmışdır. Artıq ilk məhsul-20
ton balıq yetişdirilərək əhaliyə
satılmışdır.
Rayonda kənd
təsərrüfatının inkişafı ilə
bağlı işlərdən ətraflı danışan
N.Novruzov ötən il 21 min 795 ton taxıl, 8 min 177 ton tərəvəz,
765 ton meyvə, 817 ton üzüm istehsal edildiyini və son 3
ildə meyvəçiliyə və
üzümçülüyə marağın xeyli
artdığını diqqətə çatdırdı.
Şabranda özəl, fermer təsərrüfatlarına
diqqət ət və süd istehsalının artmasına,
arıçılığın inkişafına və
genişlənməsinə imkan yaratmışdır. Bu işdə
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" sərəncamı xüsusi rol
oynamışdır.
Hesabat məruzəsində əkinçiliyin inkişafı, suvarma sisteminin yenidən qurulması, əhalinin qaz, elektrik enerjisi və su təchizatı, rayonun kanalizasiya sisteminin qurulması, sosial məişət problemlərinin həlli sahəsində görülən işlərdən geniş söhbət açıldığı kimi, mövcud sahələrdəki çətinliklər və nöqsanlardan da ətraflı danışıldı.
Son bir ildə təhsil və səhiyyədə aparılan yenidənqurma işlərinin müsbət nəticələr verdiyini konkret faktlarla diqqətə çatdıran natiq rayonda ictimai asayişin qorunması, qanunçuluğa əməl olunması və sabitliyin davam etməsində icra strukturları ilə yanaşı, hüquq-mühafizə orqanlarının da xüsusi əməyi olduğunu qeyd etdi.
Sonda N.Novruzov rayonun sosial-iqtisadi inkişafı üçün 2011-ci ildə görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışdı.
Məruzə ətrafında çıxışlarda 2010-cu ilin Şabran rayonu üçün, həqiqətən, uğurlarla yadda qaldığı qeyd olundu.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Tahir Süleymanov da çıxış etdilər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlandı.
İlqar
RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 5.