Cənubi Qafqazda müharibə təhlükəsi artmaqdadır

 

Bu xəbərdarlıqla çıxış edən Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın hərbi cəhətdən daha çox gücləndiyi etiraf olunur

 

Son vaxtlar beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırıb. Lakin bununla bərabər Ermənistan tərəfinin daim qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində hələ də problemin həllində ciddi irəliləyişlər əldə olunmayıb. Ermənilər danışıqlar prosesini uzatmaqbununla da vaxt qazanmaq üçün əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıdır, bu yolla da torpaqları azad etmək istəmədiklərini ortaya qoyurlar. Məqsədləri isə işğal amilindən təzyiq vasitəsi kimi istifadə etməklə problemi özlərinin xeyrinə həll etmək, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda qondarma "erməni dövləti" yaratmaqdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və lazım gələrsə, məsələni hərbi yolla həll edəcək. Beləliklə, Ermənistanın danışıqlar prosesini pozmaq cəhdləri nəticəsində Cənubi Qafqaz regionunda müharibə təhlükəsi hər keçən gün daha da artır. Beynəlxalq Böhran Qrupunun son hesabatında savaş təhlükəsindən söz açılıb, eyni zamanda Azərbaycan ilə Ermənistanın hərbi gücü müqayisə edilib. Son illər ərzində Azərbaycanın hərbi cəhətdən xeyli gücləndiyi, qüdrətləndi, Ermənistanın isə daha da zəif və gücsüz duruma düşdüyü bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

 

Beynəlxalq Böhran Qrupunun "Ermənistan - Azərbaycan müharibəsinin qarşısı alınmalıdır" adlı 33 səhifəlik hesabatında bildirilir ki, son vaxtlar rəsmi Bakı sülh danışıqları nəticə vermədiyi təqdirdə işğal altında olan torpaqları müharibə yolu ilə azad edəcəyi barədə bəyanatları daha tez-tez səsləndirməyə başlayıb. Buna paralel olaraq, hər il artan hərbi büdcəsini bu il 45 faiz də artıraraq 3, 1 milyard dollara çatdırıb. Hesabatda göstərilir ki, Ermənistanın hərbi büdcəsi Azərbaycan ilə müqayisəolunmaz dərəcədə azdır. Ölkədə orduya ayrılan xərclər vur-tut 390 milyon dollar təşkil edir. Beynəlxalq Böhran Qrupuna görə, bu, Azərbaycanın hərbi üstünlüyünü göstərən əsaslı faktlardan biridir rəsmi Bakı öz imkanlarından istifadə edərək Ermənistana təzyiq göstərə bilər. Xatırladaq ki, təcavüzkar ölkənin dövlət büdcəsi 2,8 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın 16 milyard dollardan çox olan dövlət büdcəsindən dəfələrlə azdır. Yəni, bu gün Ermənistan həm iqtisadi, həm hərbi cəhətdən Azərbaycandan çox geri qalıb.

Məruzədə Ermənistan ordusunda silah-sursatın canlı qüvvənin Azərbaycan Silahlı Qüvvələrindən dəfələrlə az olduğu da vurğulanır. Bildirilir ki, Azərbaycan ordusu artıq 95 min nəfərədək artıb. Ermənistan ordusu isə 70 min nəfərdir. Ancaq bu da dəqiq məlumat deyil. Çünki erməni hərbi ekspertlərinin qeyd etdiyi kimi, son vaxtlar orduda baş verən fərarilik halları özünün ən yüksək həddinə çatıb. "Dedovşina" isə erməni ordusunun əzəli problemidir. Buna görə gənclər hərbi xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırlar. Bundan başqa, Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağır olduğu üçün əhali kütləvi şəkildə ölkəni tərk edir. Beynəlxalq təşkilatların yaydığı məlumatlara görə, hazırda Ermənistanın əhalisi 1 milyon 700 min nəfərdir. İşğal altında olan Dağlıq Qarabağ bölgəsində isə cəmi 60 min nəfər - yəni Azərbaycanın bir rayonunun əhalisi qədər insan yaşayır. Ona görə erməni ordusuna çağırışçıların sayı hər dəfə demək olar ki, yarıbayarı azalır. Azərbaycan ərazilərində yerləşən Ermənistan ordusunun bölmələrində Dağlıq Qarabağdan olan komandirlərin ermənistanlı əsgərlərə divan tutması faktlarının artması da gənclərin hərbi xidmətdən yayınmasına fərariliyə rəvac verir.

Hesabatda hər iki ölkənin malik olduğu silah-sursatlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın 129 taktiki ballistik raketi var həmin raketlə istənilən an Ermənistanın Dağlıq Qarabağın mərkəzi şəhərləri dağıdıla bilər. Bunun müqabilində Ermənistanın bu qəbildən cəmisi 32 ədəd raket buraxıcı qurğusu var. Yəni Azərbaycandan təxminən 4 dəfə az.

Onu da deyək ki, əgər müharibə başlansa, Azərbaycan özü-özünü silah-sursatla tam təmin etmək gücündədir. Yəni, bir çox məsələlərdə, o cümlədən silah-sursatın alınması məsələsində Rusiyadan asılı vəziyyətə düşən Ermənistandan fərqli olaraq, ölkəmizdə müdafiə sənayesi xeyli inkişaf edib. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi nəzdində fəaliyyət göstərən hərbi zavodlarda 500-dək fərqli növə qədər məhsullar həm ordumuza xidmət edir, həm xarici bazarlara çıxarılır. Ümumiyyətlə, MDB məkanında Rusiyadan Ukraynadan sonra müdafiə sənayesi olan yeganə ölkə Azərbaycandır. Beynəlxalq Böhran Qrupunun məruzəsində bildirilir ki, buna baxmayaraq, Azərbaycan özünün hərbi arsenalını daha da genişləndirmək üçün Ukraynadan S-300 raket sistemləri, Mi-29 vertolyotları, 29 BTR-70, 35 artilleriya topu Rusiyadan T-72 tankları almaq niyyətindədir. Bu isə onsuz da Ermənistandan qat-qat güclü olan Azərbaycan ordusunun döyüş imkanlarını daha da genişləndirəcək.

Beynəlxalq təşkilatın hesabatında ötən il iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü ərəfəsində Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Daxili Qoşunları birləşmə və hissələrinin növbəti irimiqyaslı birgə əməliyyat-taktiki təliminə də diqqət yönəldilmişdir. Nəzərə çatdırılmışdır ki, birgə əməliyyat-taktiki təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir. Təlimdə bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirmişdir, qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətini qiymətləndirmək və yeni tapşırıqlar vermək üçün təlimin əsas mərhələsini izləmişdir. O da qeyd olunmuşdur ki, bundan təlaşlanan Ermənistan tərəfi təcili olaraq işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamışdır. Bu və digər faktlara nəzər yetirən Beynəlxalq Böhran Qrupu belə hesab edir ki, əgər Azərbaycan müharibəyə başlasa, bu, 1992-1994-cü illərdə baş verən I Qarabağ müharibəsindən daha dəhşətli nəticələr doğuracaq. Belə ki, müharibənin əhatəsi genişlənə, münaqişə zonasından da kənara çıxa və bölgəyə yayıla bilər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dəfələrlə vurgulamışdır ki, sülh prosesi dalana dirənərsə, müharibə qaçılmaz olacaqdır. O demişdir: "Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur , beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir ".

Bəli, səbrimiz artıq tükənmək üzrədir. Bu isə müharibə ilə nəticələnə bilər. Sülh danışıqlarından və bölgədə gedən proseslərdən xəbərdar olan beynəlxalq təşkilatlar da müharibənin başlanma ehtimalının yüksək olduğunu bildirirlər. Beynəlxalq hərbi ekspertlər isə əmindirlər ki, əgər müharibə başlansa, Ermənistan ordusu qısa zamanda Azərbaycan Silahlı Qüvvələri qarşısında diz çökəcəkdir. Çünki bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü ordusuna, ən böyük hərbi potensialına malikdir. Ölkəmizin iqtisadi qüdrəti bu potensialı bundan sonra da artırmağa imkan verir. Bu mənada münaqişənin həllinin uzanması Ermənistana heç də yaxşı gələcək vəd etmir.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 4.