Ətraflı müzakirə, prinsipial təhlil, konkret vəzifələr

 

Bərdə rayonunda 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq işgüzar əhval-ruhiyyədə keçmişdir

 

Fevral ayının 11-də Bərdədə 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir.

İstər hesabat məruzəsində, istərsə də ayrı-ayrı çıxışlarda qeyd edildiyi kimi, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci hissəsi bütövlükdə respublikamıza, o cümlədən Bərdə rayonuna yüksək inkişaf, dinamik sürət, genişmiqyaslı abadlıq və quruculuq, bolluq və bərəkət gətirmişdir. İndi Bərdə şəhərini tanımaq mümkün deyil. Müasir, abad və yaraşıqlı binalar, küçə, park və meydanlar bu qədim diyara xüsusi gözəllik və əzəmət gətirmişdir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, əvvəlki illərlə müqayisədə ciddi irəliləyiş əldə edilməsin. Adamlara diqqət və qayğı yüksəldilmiş, onların vacib sosial ehtiyacları diqqət mərkəzində saxlanılmışdır.

Dövlət Proqramının ikinci hissəsində qarşıya qoyulmuş vəzifələr də uğurla həyata keçirilməkdədir. Məsələn, proqram tələblərinə uyğun olaraq, keçən il şəhərin 10 küçəsinə 9,8 kilometr uzunluğunda asfalt döşənmişdir. 50 kilometr uzunluğunda elektrik verilişi xətləri, 118 transformator əsaslı təmir olunmuş, 18,7 kilometr naqillər çəkilmişdir. 1 saylı orta məktəbin, 1 və 3 saylı bağçaların daxili istilik sistemləri yenidən qurulmuş və qazanxanalar quraşdırılmışdır. Şəhərin qazlaşdırılması başa çatdırılmış, 19 kəndə təbii qazın verilməsi təmin olunmuşdur. 6 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi bərpa olunmuşdur.

Bütövlükdə il ərzində 16,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Bunun 4 milyon manatı özəl vəsaitdir. O cümlədən 6,2 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 1,6 milyon manatı daxili imkanlar hesabınadır. Çoxlu sayda istehsal və xidmət sahələri, fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Bütövlükdə, il ərzində bütün maliyyə mənbələri hesabına rayonun iqtisadiyyatının inkişafına 14,5 milyon manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur. Geniş vüsət almış abadlıq və quruculuq işləri, fəaliyyətə başlayan təzə müəssisələr əhalinin məşğulluğunun artırılmasında, həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Keçən il rayonda 1175 yeni iş yeri açılmışdır ki, ondan da 980-i daimidir. Beləliklə, 2004-cü ildən sonra rayonda açılan iş yerlərinin sayı 10500-dən artıq olmuşdur.

Əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması geniş mənada həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik məsələlərin uğurlu həllinə səbəb olur. Yanvarın 1-i vəziyyətinə rayon əhalisinin sayı 145,1 min nəfərə çatmışdır. Əvvəllər müxtəlif səbəblər üzündən rayonu tərk etmiş 327 nəfər ötən il doğma ev-eşiklərinə qayıtmışlar.

Sahibkarlığın yaranması, formalaşması və inkişafı dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Əhalinin tələbatının ödənilməsində, bazar münasibətlərinin tənzimlənməsində sahibkarlar müstəsna rol oynayırlar. 2010-cu ildə rayonda 821 hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 5 min 318 nəfər isə fiziki şəxs kimi çalışır. Onların sayı il ərzində 3,9 faiz artmışdır. Bundan əlavə, 25 minə yaxın ailə öz pay torpaqlarında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlar dövlətin dəstəyindən uğurla bəhrələnirlər. Keçən il kənd təsərrüfatı sahəsində çalışan 16 min 800 nəfərə yaxın istehsalçıya 2,4 milyon manat yardım verilmişdir. Bundan əlavə, yüksək reproduksiyalı buğda və yonca toxumu istehsal edən 24 nəfər dövlət tərəfindən 217 min manat yardım almışdır. Buğda istehsalçılarının aldıqları yardım isə 540 min manat olmuşdur.

Bərdə aqrar rayondur. Kənd təsərrüfatı məhsulları rayonun ümumi göstəricilərində əsas rol oynayır. Statistik məlumatlara görə, keçən il 38,7 min tona yaxın taxıl, 3300 tona yaxın pambıq, 27,9 min ton şəkər çuğunduru, 32,8 min ton tərəvəz, 37,6 min ton bostan məhsulları, 6,7 min ton meyvə istehsal edilmişdir. Hazırda rayonda 81,7 min baş qaramal, 129,7 min qoyun-keçi var. İl ərzində iri malın sayı 1,7 faiz, davarın sayı 1,6 faiz artmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı 6,9 faiz, süd istehsalı 2,8 faiz, yun istehsalı isə 6 faiz artmışdır.

İqtisadiyyatda əsas yeri kənd təsərrüfatı tutsa da, burada sənayenin, ilk növbədə emal sahələrinin geniş perspektivi vardır. Keçən il 6,7 milyon manatlıq sənaye məhsulları istehsal olunmuş və xidmət işləri görülmüşdür. Bunun təqribən 2,7 milyon manatı qeyri-dövlət sektorunun payına düşür.

İçməli su, elektrik enerjisi və təbii qazla təchizat məsələləri əhalinin həyat şəraitinə ciddi təsir edən amillərdəndir. Ona görə də yığıncaqda bu məsələlər üzərində ətraflı dayanıldı. Rayon əhalisinin içməli suya tələbatını Su-Kanal İdarəsi həyata keçirir. İdarənin ötənilki fəaliyyətini xarakterizə edərkən müəyyən işlərin görüldüyü qeyd edilməlidir. Bununla belə, əhalinin su ilə təminatından narazılıq faktları qalmaqdadır. Ayrı-ayrı vətəndaşlar idarədən müvafiq kömək görmədiklərindən məcbur olub rayon icra hakimiyyətinə müraciət edirlər.

Xidmət işləri zəif təşkil edildiyindən əhalinin su ilə təchizatında lüzumsuz fasilələr yaranır. Belə xidmətin nəticəsidir ki, əhalinin istifadə etdiyi içməli suyun haqqı da bütünlüklə yığılmır. Keçən il 86,6 faiz vəsait toplamışdır. Sayğaclaşdırma işi aparılmadığından sudan israfçılıqla istifadə olunur.

Şəhərdə mövcud su kəmərləri, mərkəzi su anbarı bərbad vəziyyətdədir. Rayon icra hakimiyyətinin təkidli müraciətlərindən sonra, nəhayət ki, şəhərin içməli su və kanalizasiya şəbəkəsinin quraşdırılması plana salınıb. Lakin təəssüf ki, hələ də bu işə başlanılmamışdır.

Hesabat ilində əhalinin təbii qazla təminatında xeyli iş görülmüşdür. Bununla yanaşı, əhaliyə təbii qazın verilməsində, bütünlüklə ərazinin qazlaşdırılması sahəsində ciddi qüsurlar vardır. Respublikanın 90 faizi təbii qazdan istifadə etdiyi halda, rayonun 109 kəndindən vur-tut, 19-na qaz çəkilmişdir. Qazdan istifadə haqqının yığılması da qənaətləndirici deyildir. İl ərində bu göstərici 86,7 faiz olmuşdur. Bu, o deməkdir ki, hər ay abonentlərin xeyli hissəsi ödəmədən yayınır. Hər il kəndlərin qazlaşdırılması plana salınır. Təbii ki, bu barədə həmin ərazidə yaşayanlar da məlumatlandırılırlar. Lakin ilin sonunda bunların heç yarısı da təmin olunmur. Nəticədə, adamlarda deyilən sözə inam, verilən vədə etibar azalır. Yığıncaqda belə bir inam ifadə olundu ki, respublikanın müvafiq orqanları, o cümlədən "Azəriqaz" İstehsalat Birliyi qeyd olunan nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün bu il əsaslı tədbirlər görəcəkdir.

Əvvəlki illərlə müqayisədə rayonun elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşmışdır. Görülmüş tədbirlərin nəticəsidir ki, enerji sərfiyyatı il ərzində 13 milyon kilovat saat az olmuşdur. Görülmüş işlərlə yanaşı, bu sahədə ciddi nöqsanlar hələ də qalmaqdadır. Ən əvvəl, bu işlə məşğul olan kollektivdə daxili nizam-intizam zəifdir. Tapşırılan işin məsuliyyəti lazımınca qiymətləndirilmir. Ona görə də ayrı-ayrı xətlərdə işıq tez-tez sönür, yaxud lüzumsuz fasilələr yaradılır, nəticədə insanlar narazı qalır. Enerji haqlarının toplanılması da istənilən səviyyədə deyildir. İl ərzində sərf edilmiş enerjinin dəyəri 12,5 milyon manat təşkil edir ki, bunun da yalnız 82 faizi ödənilmişdir.

Əhalinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, işlərin gedişinə nəzarəti gücləndirmək məqsədi ilə rayon icra hakimiyyəti başçısı yanında qərargah yaradılmışdır. Əlaqədar təşkilatların rəhbərləri və mütəxəssislər qərargaha cəlb olunmuşlar. Bu isə müəyyən canlanmaya, intizam və məsuliyyətin artırılmasına gətirib çıxarmışdır.

Ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafına ciddi diqqət yetirilir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən əsaslı islahatlar həmin sahələrdə məqsədyönlü şəkildə, ardıcıl surətdə həyata keçirilir. Ən əsası isə odur ki, maddi-texniki baza möhkəmləndirilir, mövcud elmi-texniki yeniliklər, qabaqcıl iş təcrübəsi öyrənilib yayılır.

Hazırda rayonda 75 ümumtəhsil məktəbi, 32 uşaq bağçası fəaliyyət göstərir. Orta məktəblərdə 23 min 200 nəfərə yaxın şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 3 min 255 nəfər müəllim məşğul olur. 2010-cu ildə şəhər 2 saylı orta məktəbi üçün 260 yerlik bina tikilmişdir. İkinci Hacallı kəndində 200 şagird yerlik binanın tikintisi başa çatmaq üzrədir. Şahməlilər kənd orta məktəbi üçün 200 yerlik binanın tikintisi davam edir. Şəhər 4 saylı və Tumaslı kənd orta məktəblərində əsaslı, şəhər 5, 6, 7 saylı, Gərənə, Mehdili, Uğurbəyli, Türkmən və s. məktəblərdə cari təmir-bərpa işləri aparılmışdır.

Ötən il orta məktəbləri 1726 nəfər bitirmişdir. 712 nəfər ali məktəbə qəbul üçün sənəd vermiş, 298 nəfər ali məktəblərə, 262 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Onu da əlavə edək ki, bu göstəricilər rayonun tarixində ilk dəfədir ki, əldə edilir. Yenə də rayonun tarixində ilk dəfə olaraq 28 nəfər 600-dən, 25 nəfər 500-dən çox bal toplamışdır.

Rayonda 211 çarpayılıq mərkəzi xəstəxana, 500 gəlişli şəhər poliklinikası, 80 çarpayılıq doğum evi, 60 çarpayılıq uşaq xəstəxanası, uşaq poliklinikası, 75 çarpayılıq 5 kənd xəstəxanası və s. fəaliyyət göstərir. Bütövlükdə, müxtəlif ixtisaslar üzrə 298 nəfər həkim, 909 nəfər orta tibb işçisi əhaliyə xidmət edir.

Keçən il tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq istiqamətində xeyli nəzərəçarpacaq işlər görülmüşdür. Doğum evində Dövlət Proqramına əsasən əsaslı təmir işləri aparılmışdır. Tibb mərkəzi tələb olunan bütün texniki avadanlıqlarla təmin olunmuşdur. Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Bərdə bölməsi də açılmışdır. Burada həm də ətraf rayonlarda iş aparmaq nəzərdə tutulur.

"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il 24 noyabr tarixli fərmanında mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin yerinə yetirilməsini təmin etsinlər, intizam və məsuliyyətin gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər. Hesabat dövründə Bərdə Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında təşkilat-idarəetmə məsələlərinə diqqət daha da artırılmış, iş üslubu və metodları təkmilləşdirilmiş, insan amili diqqət mərkəzində saxlanılmışdır.

2010-cu ildə Rayon icra hakimiyyəti başçısının aparatına 1856 təklif, ərizə və şikayət daxil olmuşdur. Ərizə və şikayətlərin, müraciətlərin bir hissəsi baxılmaq üçün müvafiq təşkilatlara göndərilmiş, bir qismi nəzarətə götürülmüşdür. Rayon icra hakimiyyətində həftədə bir dəfə ümumi qəbul keçirilir. Keçən il 3382 nəfər qəbul olunmuş, onların arzu və təklifləri öyrənilmişdir. Müraciətlərdən 57-si nəzarətə alınmış, 955-i müsbət həll olunmuşdur. 334 müraciətə isə aidiyyəti üzrə izahat verilmişdir. İcra müddəti pozulan müraciət olmamışdır. Vətəndaşlardan 1462 nəfəri rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Ümumi qəbuldan əlavə həftədə bir dəfə yerlərdə səyyar qəbullar keçirilir ki, bu da işin tez və operativ həllinə zəmin yaradır. 2010-cu ildə 48 ərazidə belə səyyar qəbullar keçirilmiş, 604 nəfər qəbul edilmişdir.

Hesabat yığıncağında belə bir yekdil fikir ifadə edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində 2011-ci ildə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək, bütün sahələrdə inkişaf və irəliləyiş əldə ediləcəkdir. Bildirildi ki, qanunların aliliyinə hörmət, dəqiq icra intizamı günün başlıca tələbidir, uğurların təminatıdır.

Yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rafil Hüseynov, Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc çıxış etmişlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 13 fevral.- S. 3.