Prezident İlham Əliyev:
Azərbaycanın regionlarında aparılan işlərin məqsədi
ölkəmizi daha da gücləndirməkdir
Son illər ölkə regionlarının
mövcud potensialından daha səmərəli istifadə etməklə
yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin
həyat səviyyəsini daha da yaxşılaşdırmaqla
yoxsulluq problemini aradan qaldırmaq istiqamətlərində
mühüm tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyevin bu günlərdə Qazax, Tovuz,
Samux, Goranboy rayonlarına, Gəncə və Naftalan şəhərlərinə
səfəri də bunu aydın göstərmişdir. Həmin
yaşayış sahələrində görülən
genişmiqyaslı işlər nəticəsində iqtisadi fəallıq
və təşəbbüskarlıq artmış, yeni iş
yerləri açılmış, əhalinin rifahı daha da yüksəlmişdir.
Prezident İlham Əliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bu barədə demişdir ki, Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsədi güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq. 2010-cu ilin nəticələri çox müsbətdir. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran hələ də hökm sürürdü, biz iqtisadi sahədə böyük uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin azaldılmasında, həm də iqtisadiyyatın inkişafında Azərbaycan qarşıda duran bütün vəzifələri icra etmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla icra edilir. Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bir sözlə, rayon inkişaf edir...
Dövlət başçısı çıxışında bildirmişdir ki, ölkəmizin inkişafında Qazax rayonunun xüsusi əhəmiyyəti var. Bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma xüsusilə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir.
Prezident Bakı-Gürcüstan sərhədi avtomobil yolunun əhəmiyyətindən danışarkən demişdir ki, bu yol qazaxlılar üçün böyük imkanlar yaradır. Çünki yol inkişaf , rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək olar. Dəmir yolu nəqliyyatının inkişafı üçün də tədbirlər görülür. Bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi, - Azərbaycanda bütün bunlar planlı şəkildə aparılır...
Azərbaycan Prezidenti ölkəmizin iqtisadi uğurlarından da söhbət açmışdır.Dövlət başçısı bildirmişdir ki, ölkədə planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika sektorunda əldə edilmiş uğurlar, xüsusilə, neft-qaz sənayesində görülmüş işlər həm bizim maliyyə imkanlarımızı gücləndirir , həm də dünyadakı mövqelərimizi möhkəmləndirir. Bizim artıq böyük valyuta ehtiyatlarımız var ... Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılmışdır, amma hələ də işsizlik var. Xüsusilə, 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq.
Prezident İlham Əliyev çıxışında özəl bölmənin bundan sonra da diqqət mərkəzində saxlanacağını vurğulamışdır: -Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda, xüsusilə, sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurubdur. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır.
Dövlət başçısı eyni zamanda, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılacağını bildirmişdir.Göstərmişdir ki, ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da sərtləşdirilmişdir. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında da tapşırıqlar verilib."Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".
Görüşdə diqqətə çatdırılmışdır ki, hazırda Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan Qazax da inkişaf edir, abadlaşır, gözəlləşir. Nəticədə rayonda qısa müddət ərzində təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilmiş, müalicə-diaqnostika mərkəzi, Olimpiya idman kompleksi inşa olunmuş, yeni park və xiyabanlar salınmışdır. Dövlət proqramlarına uyğun olaraq regionların bərabər inkişafı təmin edilir. Bölgənin potensialından maksimum istifadə etməklə yeni istehsal sahələri yaradılır. O cümlədən, Qazaxda sement zavodunun, konserv zavodunun tikilməsi burada görülən işlərin tərkib hissəsidir. Respublika səviyyəsində isə çox ciddi infrastruktur layihələri həyata keçirilir. Bütün magistral yolların yenidən qurulması vacib layihələrdən biri kimi dəyərləndirilməlidir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini ilin ən uğurlu layihələrindən hesab etmək olar...
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə regional inkişafdan danışarkən demişdir ki,2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəndə məqsəd məhz bundan ibarət idi ki, ilk növbədə rayonlar, kəndlər inkişaf etsin. O vaxt mən bildirmişdim ki, əgər hər bir kəndin problemi həll olunarsa, deməli, ölkədə bütün problemlər həll ediləcəkdir. Bunu etmək üçün bizdə həm siyasi iradə, həm maliyyə imkanları, həm də düşünülmüş strategiya və planlar vardır. Biz öz işimizi planlar əsasında qururuq, hər bir rayonun inkişafı üçün xüsusi proqram tərtib, təsdiq olunubdur. Ancaq müəyyən mərhələlərdə bu proqramlara əlavələr də edilir, çünki həyat yerində durmur, ortaya yeni məsələlər çıxır və biz bu məsələlərə operativ şəkildə münasibətimizi bildirməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizdə gedən yenidənqurma işlərinə ,tarixi abidələrin bərpasına da münasibət bildirmişdir.Dövlət başçısı demişdir ki, "Xan bağı" nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir. Yüzilliklər, onilliklər ərzində bizim əcdadlarımız bu gözəlliyi yaratmış və qorumuşlar. Bizim də borcumuz ondan ibarətdir ki, bütün tarixi sərvətlərimizi qoruyaq və bərpa edək. Burada abadlıq-quruculuq işləri ən yüksək səviyyədə görülübdür. Dünyanın ən yüksək səviyyəsi bax, burada da özünü göstərir.
Ölkə Prezidenti vurğulamışdır ki, son illər Bakıda parklar abadlaşır, gözəlləşir, yeni parklar salınır. Digər bölgələrdə də bu istiqamətdə tədbirlər həyata keçirilir. Tovuz rayonunda olarkən orada yeni salınmış parkda oldum, o da çox gözəldir. "Xan bağı"nın isə öz xüsusiyyəti var, öz tarixi, öz gözəlliyi var. Mən çox şadam ki, qısa müddət ərzində burada yenidənqurma, abadlıq işləri aparılmışdır və elə bil ki, park yenidən canlanmışdır. Bu, çox əlamətdar hadisədir və onu göstərir ki, ölkəmizdə bütün işlər lazımi səviyyədə aparılır. Həm sənaye müəssisələri yaradılır, həm sosial obyektlər tikilir, həm də parklar salınır, abadlıq işləri aparılır. Belə də olmalıdır, çünki ölkəmiz inkişaf edir, müasirləşir, gözəlləşir. Belə olan halda ictimai yerlər, parklar, xiyabanlar ən yüksək səviyyədə olmalıdır.
Gəncənin tarixi çox zəngindir, çox böyükdür. Mən çox şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər, şəhər müasirləşir, abadlaşır, gözəlləşir, yeni binalar tikilir və belə gözəl parklar yenidən qurulur. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür, bundan sonra da Gəncə həmişə diqqət mərkəzində olacaqdır. Burada həm sənaye müəssisələrinin yaradılması, həm də sosial infrastrukturun yeniləşməsi məsələləri öz həllini tapmaqdadır.
Prezident İlham Əliyev Gəncədə böyük sənaye müəssisələrinin yaradılması prosesinin davam etdiyini,yaxın vaxtlarda burada böyük metallurgiya kompleksinin istismara veriləcəyini diqqətə çatdırmışdır.Demişdir ki, Alüminium , poladəritmə zavodları tikilir... Dövlət başçısı bildirmişdir ki, bu gün yaradılan müəssisələr gələcəkdə Azərbaycanın inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Hazırda daha çox qeyri-neft sektoruna, sənaye müəssisələrinin yaradılmasına diqqət göstərilir. Burada, əlbəttə, özəl sektorun çox böyük rolu var. Azərbaycan dövləti özəl sahibkarlığın inkişafı üçün lazımi tədbirləri görür. Digər tərəfdən, dövlət xətti ilə həyata keçirilən infrastruktur layihələri bax bu imkanları yaradır: elektrik enerjisi, qaz təchizatı, su xətlərinin çəkilməsi - bütün bu işlər ölkənin hər yerində görülür. Bu, elə bir vəziyyət yaradır ki, investisiyaların cəlb olunması üçün Azərbaycan öz cazibədarlığını saxlayır. Biz indi daha çox qeyri-neft sektoruna investisiyalar cəlb edirik ki, iş yerləri yaradılsın, Azərbaycanda işsizlik tamamilə aradan qaldırılsın.
Son illərdə bütün qəbul edilmiş proqramların uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev işsizliyin aradan qaldırılması üçün böyük və təsirli addımlar atıldığını, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün çox ciddi işlər görüldüyünü,bununla da insanların maddi rifahının yüksəldiyini diqqətə çatdırmışdır. Demişdir ki, ancaq biz elə etməliyik ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla ümumiyyətlə, aradan qaldırılsın, işsizlik tamamilə aradan qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar xarici bazarlara ixrac edilsin, biz artıq buna başlamışıq. Daxili tələbatımızı özümüz təmin etməliyik və elə güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan neft amilindən asılı olmayaraq bundan sonra onilliklər ərzində inkişaf etsin və xalqımız yaxşı yaşasın. İqtisadi inkişafla bərabər, - nəzərə alaq ki, bunsuz bütün bu işləri görmək mümkün olmayacaq, - əlbəttə ki, sosial məsələlərin həllinə həmişə çox böyük diqqət göstərməliyik.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.-13 fevral.- S. 1.