Ordumuz etimadı
doğruldacaq
Azərbaycanda Silahlı Qüvvələr
quruculuğunun dövlət rəhbəri tərəfindən
prioritet elan olunması ölkənin milli maraqlarına xidmət
edir. Ermənistanla müharibə şəraitində
yaşayan Azərbaycan üçün müvafiq sahəyə
strateji əhəmiyyət daşıyan bir məsələ
kimi yanaşılması tamamilə təbii xarakter
daşıyır. Bu, beynəlxalq hüququn norma və prinsiplərini
kobud şəkildə pozan təcavüzkar dövləti geri
oturtmağın, haqqı tapdalanmış bir milyondan çox
azərbaycanlının hüquqlarını müdafiə etməyin
ən optimal həll variantlarındandır. Çünki Azərbaycan
tərəfinin sülhü dəstəkləməklə
bağlı dəfələrlə səsləndirdiyi bəyanatlara
Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməklə
verdiyi cavab problemin həlli istiqamətində hərb yolunun
aktuallığını daha da artırmışdır.
Fevralın
10-da Goranboy rayonuna səfəri çərçivəsində
məcburi köçkün ailələri üçün
inşa olunan yeni yaşayış məhəlləsinin
istifadəyə verilməsi münasibətilə keçirilən
mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev bu mühüm məsələyə
toxunaraq Azərbaycanın uzun illər işğaldan əziyyət
çəkdiyini dilə gətirdi. Erməni
işğalçı qüvvələrinin
torpaqlarımızı zəbt etməsini və bu
işğala son qoymaq istəməməsini bildirdi. Azərbaycanın
bu problemi sülh yolu ilə həll etmək niyyətində
olduğunu qeyd etdi. Ancaq bununla bərabər, bütün
başqa variantları da istisna etmirik, - deyən ölkə
başçısı Azərbaycanın son illər ərzində
həm iqtisadi inkişaf, həm də hərbi potensial
baxımından çox böyük və şərəfli
yol keçdiyini vurğuladı. Ali Baş Komandan xüsusilə
Azərbaycan Silahlı Qüvvələrinin hazırki durumu ilə
bağlı yüksək fikirlər səsləndirərək
dedi: "İndi bizim güclü ordumuz var, o, istənilən
anda hərbi yolla doğma torpaqlarımızı
işğalçılardan azad edə bilər". Dövlət
başçısının ölkəmizin ərazi
bütövlüyü ilə bağlı nümayiş
etdirdiyi prinsipial mövqe Goranboy səfəri zamanı da daha
aydın və konkret konturlarla özünü göstərdi.
Azərbaycan bayrağının Şuşada, Xanqkəndində
dalğalanmasını Azərbaycan dövlətinin əsas məqsədi
kimi dəyərləndirən dövlət rəhbəri Azərbaycanın
öz ərazi bütövlüyünü və suverenliyini gələcəkdə
tam bərpa edəcəyinə, Dağlıq Qarabağda
Dövlət bayrağımızın
dalğalanacağına inandığını dilə gətirdi.
Yeri gəlmişkən, fevralın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edərkən xüsusi vurğulamışdır ki, Minsk qrupunun fəaliyyəti konkret nəticə verməsə də, biz bu missiyaya ümidlərimizi hələ itirməmişik. Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verilməsinin zəruriliyini dilə gətirən müdafiə naziri Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantının yalnız bu kontekstdə baş tuta biləcəyini birmənalı şəkildə bildirmiş, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü xüsusi qeyd etmişdir. Onu da diqqətə çatdırmışdır ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət edərdilər. Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz.
Doğrudan da, son 7 il ərzində dövlət büdcəsindən hərbiyə ayrılan xərclərin 14 dəfəyədək artırılması ölkə rəhbərliyinin Qarabağ probleminin həllində tutduğu prinsipial mövqedən xəbər verir. Ötən il iyunun 18-də Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması görülən işin sistemli və ardıcıl xarakterindən xəbər verir. Ordu quruculuğu sahəsində planlı şəkildə həyata keçirilən kompleks tədbirlər Silahlı Qüvvələrimizin döyüş hazırlığında yeni keyfiyyət göstəriciləri ilə nəticələnmişdir. Əməliyyat işləri üzrə hazırlıq gücləndirilmiş, idarəetmə sistemi təkmilləşdirilmişdir. Ötən tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təlimlərində müxtəlif qoşun birləşmələrinin iştirakı və ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrinin tətbiqi əldə olan uğurların miqyasını iki dəfə artırmışdır. Təsadüfi deyil ki, hələ ötən il iyunun 24-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən Ali Baş Komandan cənab İlham Əliyev təlim zamanı qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini, Silahlı Qüvvələrimizin yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirdi. Ölkə başçısının qarşıya qoyduğu bütün vəzifələrin Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən layiqincə yerinə yetirilməsi yerlərdə ayrı-ayrı hərbi hissələrin döyüş hazırlığı sahəsində ciddi irəliləyişlərlə müşaiyət olunur. Bu il hərbi xərclərin 2 milyard 500 milyon manat təşkil etməsi, yəni müvafiq sahəyə 3 milyard dollardan çox vəsaitin ayrılması ordumuzun manevr imkanlarını da dəfələrlə artırmış, birləşmə və hissələrin birgə fəaliyyətində əsaslı dönüş yaratmışdır. İstismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə komplektləşdirilmişdir. Birləşmələrin zirehli texnikaları üzərində modernləşdirmə işləri uğurla həyata keçirilmiş, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması tam başa çatdırılmışdır. Nəticədə, Silahlı Qüvvələrimiz maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı qazanmışdır. Ümumiyyətlə, Silahlı Qüvvələrimizin bütün qoşun növlərində kütləvi şəkildə modernləşdirmə işləri və islahatlar aparılmışdır. Müvafiq yöndə ən böyük üstünlüyün insan faktoruna verilməsi şəxsi heyətin mənəvi-psixoloji durumunda da kifayət qədər böyük irəliləyişlərə səbəb olmuşdur. Bu gün ordumuzun hər bir üzvü dövlətin və xalqın etimadını doğruldacağına, düşmən üzərində qəti qələbə çalacağına və nəhayət, Azərbaycan Bayrağının Şuşada, Xankəndində dalğalanacağına inanır.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 15 fevral.- S. 4.