Uğurlu islahatlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirir

 

Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasəti ölkəmizin dünya miqyasındakı əlaqələrini daha da genişləndirmiş, nüfuzunu artırmışdır. Hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Ölkəmizdə aparılan uğurlu islahatlar, beynəlxalq konvensiyalara qoşulmağımız və nüfuzlu qurumlar qarşısında götürdüyümüz öhdəliklərin layiqincə yerinə yetirilməsi Avropaya və dünya birliyinə inteqrasiyanı daha da sürətləndirmiş, ölkəmizin müasirləşdirilməsi, siyasi və iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmasında böyük rol oynamışdır.

 

Son illər dünyada baş vermiş qlobal hadisələr siyasi və iqtisadi sahələrin inkişafına təsir göstərmiş, bir sıra iri şirkətlər, həmçinin əksər dövlətlər iqtisadi sahədə problemlərlə qarşılaşmışlar. 2009 və 2010-cu illərdə baş vermiş qlobal iqtisadi və maliyyə böhranını xatırlatmaq istərdim. Həmin böhranın təsiri nəticəsində əksər şirkətlər öz fəaliyyətini dayandırmış, böyük işsizlik problemi yaranmışdır. İqtisadi və maliyyə uğursuzluqlarına məruz qalmış ölkələr hələ də bu böhranın fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.

Azərbaycanın qlobal maliyyə və iqtisadi böhranda ağır itkilər verməkdən xilas olması, digər çətin təbii sınaqlardan da şərəflə çıxması ölkəmizin güclü iqtisadi potensiala malik olmasından xəbər verir. Diqqət yetirin, dünyanı lərzəyə salan böhran dövründə Azərbaycanda ümumi daxili məhsul istehsalında artım müşahidə olunmuş, minimum əməkhaqqı və pensiyaların baza hissəsi artırılmış, yoxsulluğun səviyyəsi aşağı düşmüş, yeni iş yerləri yaradılmış, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları artırılmışdır.

Azərbaycanın bütün regionlarında aparılan işlər daha da sürətlənmiş, nəzərdə tutulan layihələrin həyata keçirilməsində hər hansı bir problem yaranmamışdır. Onu da qeyd edək ki, regionlarda aparılan işlərin əsas məqsədi ölkəmizi daha da gücləndirmək və iqtisadiyyatımızın çoxşaxəliliyini təmin etməkdir. Biz artıq həyata keçirilən bu işlərin, aparılan uğurlu islahatların müsbət nəticəsini görürük. Son illər qazanılan uğurlar da bunu təsdiqləyir. Həyata keçirilən uğurlu daxili və xarici iqtisadi siyasət nəticəsində qazanılan nailiyyətlərə bir daha nəzər yetirdikdə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artdığının, həmçinin qlobal maliyyə və iqtisadi böhrandan şərəflə çıxdığının şahidi oluruq. Təkcə 2010-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempinə diqqət yetirməklə dediklərimizi əsaslandıra bilərik. Ötən ilin yekunlarına görə yoxsulluğun səviyyəsi 9,1 faiz olmuşdur. Son yeddi il ərzində isə yoxsulluğun səviyyəsi 4-5 dəfə aşağı düşmüşdür. Həyata keçirilən uğurlu islahatlar nəticəsində 2010-cu ildə ümumi daxili məhsulun həcmi 41 milyard manatı ötmüşdür. Strateji valyuta ehtiyatı 59 milyard dollara çatmışdır. Dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti olan qeyri-neft sektorunun dinamik inkişafı 2010-cu ildə də davam etmiş və bu sahədə də real artım tempi ümumi artım tempini üstələmişdir.

Göründüyü kimi, ölkəmizin bütün sahələr üzrə inkişaf tempi qorunub saxlanılmış, yeni istehsal və sənaye müəssisələri yaradılmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Ölkəmizin iqtisadi potensialının davamlı olmasının nəticəsidir ki, 2010-cu ildə baş vermiş təbii fəlakətlərin törətdiyi ağır nəticələrin aradan qaldırılması, hadisədən zərər çəkmiş ərazilərdə ekoloji mühitin sağlamlaşdırılması və əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə əlaqədar mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılması faktı da təsdiqləyir ki, insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması daim dövlətin diqqət mərkəzindədir. Sel və daşqınlardan əziyyət çəkən, evlərinə ciddi ziyan dəyən əhali ilə görüşən dövlət başçımız onları əmin etmişdir ki, daşqınların törətdiyi bütün fəsadlar dövlətin gücü, vəsaiti hesabına aradan qaldırılacaq, evlərinə ziyan dəyənlər üçün isə müasir üslubda mənzillər tikiləcək. Artıq dövlət başçımızın bu vədi də layiqincə yerinə yetirilmiş, daşqınların ciddi ziyan vurduğu evlərin yerində yeniləri tikilmişdir. Bu iş hazırda müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar iqtisadiyyatımızın qüdrətli, ilk növbədə siyasi və iqtisadi strategiyanın etibarlı əllərdə olmasının nəticəsidir.

Azərbaycan iqtisadiyyatının qüdrətlənməsində, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsində, beynəlxalq standartlara uyğun yeni müəssisələrin yaradılmasında sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması böyük rol oynayır. Azərbaycanda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi və bu sahəyə xüsusi diqqət yetirilməsinin əsası ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlandı. Əhalinin güzəranının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi ümummilli liderin həyata keçirdiyi siyasətin prioritet sahələrindən birini təşkil edirdi. Bazar iqtisadiyyatına keçid üçün aparılan islahatların sosial yönümünün təmin olunmasına, əhalinin sosial tələbatının yerinə yetirilməsi və güzəranının yaxşılaşdırılmasına iqtisadi islahatların başlıca vəzifəsi kimi baxılmışdır. Sahibkarlıq fəaliyyətinə geniş meydan verilməsi, bu sahədə qarşıya çıxan süni əngəllərin, problemlərin və əsassız yoxlamaların aradan qaldırılması ilə əlaqədar ulu öndərin atdığı qətiyyətli addımlar ölkə iqtisadiyyatının getdikcə şaxələndirilməsində başlıca rol oynadı.

İqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Özəlləşdirmə prosesi başlayandan 2003-cü il yanvarın 1-nə qədər ümumi dəyəri 549,8 milyard manat olan 36,9 min kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 814 iaşə müəssisəsi, o cümlədən çoxlu sayda yanacaqdoldurma, nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, digər obyekt və avadanlıqlar özəlləşdirilmişdir. Bundan sonra sahibkarlara öz məhsullarını istədikləri bazarda azad şəkildə satmaq, öz obyektlərini daha da genişləndirmək üçün əlverişli şərait yaradıldı.

Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün qanunvericilik bazası yaratdı. Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatının inkişafının və yeni iş yerlərinin yaradılmasının 80 faizi sahibkarlıq fəaliyyətinin payına düşür. Söz yox ki, bəzi qurumların nümayəndələri öz şəxsi maraqları naminə sahibkarlara qarşı ədalətsiz mövqe nümayiş etdirərək mütəmadi olaraq əsassız yoxlamalar aparmış, onların fəaliyyətinə mane olmuşlar. Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz İlham Əliyev sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün ciddi tədbirlər görmüş, əsassız müdaxiləyə, lazımsız yoxlamalara son qoyulması üçün müvafiq sərəncamlar imzalamışlar. Dövlətimizin başçısı respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da bir daha vurğulamışdır ki, sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün bundan sonra daha ciddi tədbirlər görüləcək. Prezident İlham Əliyev qətiyyətlə bildirmişdir ki, əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Dövlət başçısı demişdir: "Ölkədə ictimai nəzarət daha güclü olmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır".

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, əhalini narahat edən digər neqativ halların aradan qaldırılması ölkəmizdə aparılan islahatların əsas tərkib hissələrindən biri olmuşdur. Bu sahədə mübarizəni daha da gücləndirmək məqsədilə beynəlxalq standartlara cavab verən qanunlar qəbul olunmuş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. 2005-ci il yanvar ayının 1-dən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun qəbul olunması Azərbaycanın demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamla irəliləməsindən xəbər verirdi. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın irnkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Həmçinin dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların qanunsuz olaraq vəzifəli şəxslərə təklif olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 4.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası yaradılmışdır. 2005-ci ildən fəaliyyət göstərən, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı qurur, korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.

2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş toplantısında Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin vurğuladığı nöqsan və çatışmazlıqlar ətraflı müzakirə olunmuş, iştirakçıların, həmçinin komissiya üzvlərinin diqqəti bu istiqamətə yönəldilmişdir. Nazirlər Kabinetinin həmin iclasında dövlətimizin başçısı iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Toplantıda əhalini narahat edən problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev demişdir: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".

Möhtərəm Prezidentimiz fevralın 9-da respublikamızın qərb bölgəsi çərçivəsində ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı bir daha bəyan etmişdir ki, nöqsanlarla ciddi mübarizə aparılmalı, bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Dövlət başçısı bu işdə ictimaiyyət nümayəndələrinin də fəal iştirakının zəruriliyini diqqətə çatdıraraq demişdir: "Bütün ictimaiyyət, vətəndaşlar bir olmalı, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması, iqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədinə xidmət etməlidir".

Azərbaycanda demokratik, hüquqi və sivil dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, demokratik prinsiplərin inkişafına böyük önəm verilməsi və həyata keçirilən uğurlu islahatlar xalqın dövlət başçısı ətrafında daha sıx birləşməsinə rəvac verir.

 

 

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2011.- 15 fevral.- S. 3.