Naxçıvan
Muxtar Respublikasının 2010-cu ildə sosial-iqtisadi
uğurları
Naxçıvan
Muxtar Respublikası Dövlət Statistika Komitəsi
"2010-cu ildə Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı" barədə geniş məlumat
açıqlamışdır.
Hesabatda
bildirilir ki, Naxçıvan Muxtar Respublikası daha bir quruculuq
dövrünə, "Yeniləşmə ili" olan 2010-cu
ilə yekun vurmuşdur. Ötən il ilk növbədə
sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin
daha da dərinləşməsi dövrü kimi yadda qalacaqdır.
Səmərəli islahatların xeyli sürətləndirildiyi
"Yeniləşmə ili"ndə iqtisadi və sosial
inkişaf üzrə yeni nəticələr təmin
olunmuş, insanların həyat səviyyəsinin yüksəldilməsinə
diqqət daha da artırılmışdır.
Məlumatda deyilir ki, 2010-cu il bir çox hadisələrlə əlamətdar olmuşdur. 7 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər vətəndaşların yüksək siyasi fəallığı ilə keçmişdir. Ötən ilin mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin muxtar respublikaya səfərə gəlməsi olmuşdur. Bu səfər zamanı ölkə başçısı ümummilli lider Heydər Əliyevin Kəngərli rayonunun mərkəzində ucaldılmış möhtəşəm abidəsinin və abadlaşdırılmış rayon mərkəzinin, Şərur rayonunun Yengicə və Maxta kəndlərində orta məktəb binalarının, Naxçıvan-Sədərək avtomobil yolunun ikinci hissəsinin, Sədərək rayonunda mərkəzi xəstəxana və orta məktəb binalarının, yenidən qurulmuş Heydərabad qəsəbəsinin, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun açılışı mərasimlərində iştirak etmişdir.
Həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir. Bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir".
Muxtar respublikada ilk dəfə
olaraq 2010-cu ildə ümumi daxili məhsulun həcmi 1 milyard
manat səviyyəsini üstələmişdir. Ümumilikdə
ötən il bu göstərici bir il öncəyə nisbətdə
16,6 faiz artaraq 1 milyard 171 milyon 306 min manata, onun hər bir nəfərə
düşən həcmi isə 18,6 faiz çoxalaraq 3
min 592 Amerika Birləşmiş Ştatları dollarına
çatmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər
üzrə
Sənaye
Ötən dövr ərzində muxtar respublikada sənaye sahəsində həyata keçirilən islahatların əsas hədəflərindən biri yeni müəssisələrin yaradılmasından, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsindən və ixrac yönümlü istehsal sahələrinin səmərəli təşkilindən ibarət olmuşdur. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2010-cu il ərzində sənaye məhsulu istehsalının dinamik artımı davam etmiş və 318 milyon 565 min manatlıq olmuşdur. Bu göstərici bir il öncəki səviyyəni 44 faiz üstələyir. Sənaye istehsalının 91 faizi malların, 9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 39 milyon 105 min manatlıq, qeyri-dövlət sektorunda isə 279 milyon 460 min manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 88 faizi özəl sektorda buraxılmışdır.
Yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2010-cu ildə də davam etdirilmişdir. Bunun nəticəsidir ki, 2010-cu il ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 78 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində elektrik enerjisi, metal boru, metal profil, poliestr materialından daşabənzər üzlük örtüklər, döşəmə üçün parket, asfalt, beton, qum-çınqıl, dekorasiyalı şüşə qab, nəşriyyat və poliqrafiya, musiqi alətlərinin istehsalı, taxıl emalı, ət və süd məhsulları, müxtəlif meyvələrin qurudulması və paketlənməsi, şirniyyat məmulatları və müxtəlif geyim sahələri istifadəyə verilmişdir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 24 layihə üzrə, o cümlədən sement, güzgü, soyuducu anbar, istixana kompleksi, nəşriyyat və poliqrafiya məhsulları istehsalı, müxtəlif paltarların istehsalı, parçadan hazırlanmış uşaq oyuncaqları istehsalı, şirniyyat məhsulları, quşçuluq təsərrüfatı, məişət evi, yumurta tarası və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.
Muxtar respublikada sənaye sektorunda
mövcud olan cari iqtisadi aktivlik, layihələrin icrası
üzrə müşahidə olunan yüksək intensivlik
öz növbəsində əsas göstəricilərin əhəmiyyətli
dərəcədə yaxşılaşmasını şərtləndirməkdədir.
1 yanvar 1989-cu il tarixə muxtar respublikada 40 sənaye müəssisəsi
mövcud idisə, ötən dövrdə bu
müəssisələrin sayı 11 dəfə artaraq 423-ə
çatmış, 239 adda məhsulun istehsalı təmin
olunmuşdur. 1988-ci ildə muxtar respublikanın sənaye
müəssisələrində 1620 nəfər işçi
çalışırdısa, 2010-cu ildə bu göstərici
8 dəfə artaraq 12855-ə çatmışdır.
Başqa sözlə, tarixən aqrar region kimi formalaşan
muxtar respublikanın aqrar-sənaye regionuna çevrilməsi
üçün ciddi əsaslar yaradılmışdır.
Hərbi quruculuq
2010-cu ildə hərbi təmayüllü obyektlərin və
ya bu sahənin alt infrastrukturunun təkmilləşdirilməsi
işi davam etdirilmişdir. Culfa
rayonundakı hərbi şəhərcikdə Təlim-Tədris
Mərkəzi, uşaq bağçası, Naxçıvan
şəhərindəki hərbi hissədə mühafizəçi
məntəqəsi, anbar binası, Kəngərli
rayonundakı hərbi hissədə xəstəxana, Şahbuz
və Culfa rayonlarındakı hərbi hissələrin
postları üçün əsgər yataqxanaları
tikilərək və ya yenidən qurularaq istifadəyə
verilmişdir. Bundan başqa, Naxçıvan
şəhərində yeni Qərargah binasının,
Şahbuz və Kəngərli rayonlarındakı hərbi hissələrdə
əsgər yataqxanalarının tikintisi, Culfa rayonundakı hərbi
hissədə avtotəmir sexinin və qazanxana binasının
yenidən qurulması, Naxçıvan şəhərində
hərbi şəhərcikdə uşaq bağçasının və Mənzil İstismar Hissəsinin əsaslı
təmiri davam etdirilir. 2010-cu il ərzində daxili imkanlar
hesabına Heydər Əliyev adına Hərbi Liseydə və
hərbi hissələrdə aparılan iş və tədbirlər
üçün 1 milyon 511 manatadək vəsait
ayrılmış, 437 min manatlıq ərzaq və digər tələbat
malları verilmişdir.
Tikinti-quruculuq
2010-cu il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 501 milyon 106 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 22 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 443 milyon 426 min manatı və ya 88 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. İl ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 669 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 128 müxtəlif təyinatlı obyektin inşası davam etdirilmişdir.
Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin ilkin mərhələsi üzrə mühüm element qismində inzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmış və ümumilikdə, 30 inzibati bina inşa olunaraq istifadəyə verilmiş, 14 inzibati binanın isə inşası hazırda davam etdirilməkdədir. Ümumilikdə son dövrlər ərzində 3 qəsəbə və 52 kənd mərkəzi, o cümlədən 2010-cu ildə 9 kənd mərkəzi istifadəyə verilmişdir
Son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır. 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 lift quraşdırılmışdır. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.
2010-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 259 min 414 kvadratmetr yaşayış sahəsi tikilmişdir. Bu isə 1988-ci ildəki 75 min 400 kvadratmetrlik göstərici ilə müqayisədə 184 min 14 kvadratmetr və ya 3 dəfə çoxdur.
Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 2880 metr uzunluğunda suqəbuledici qurğunun, həcmi 5 min və 10 min kubmetr olan suqəbuledici anbarların, uzunluğu 6,35 kilometr olan magistral ana xəttin, 7,5 kilometr uzunluğunda qoşa boru xəttinin və şəhərin girəcəyində supaylayıcı kameranın tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində müvafiq işlər hazırda davam etdirilməkdədir.
Dünya Bankının krediti ilə maliyyələşdirilən
"Birinci və ikinci milli su təchizatı və kanalizasiya
xidmətləri layihəsi" üzrə muxtar
respublikanın bütün rayonlarında geoloji-geotexniki
işlər aparılmış və topoqrafik xəritələr
hazırlanmışdır. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında" sərəncamına uyğun
olaraq Araz çayının suyundan istifadə edən
yaşayış məntəqələrində modul
tipli sutəmizləyici qurğuların
quraşdırılması istiqamətində tədbirlər
həyata keçirilir.
Kənd təsərrüfatı
və yaşıllaşdırma
2010-cu ilin məhsulu üçün 59 min 204 hektar sahədə əkin aparılmışdır. Bu, 1988-ci ilin məhsulu üçün əkilmiş 15 min 328 hektar sahədən 43 min 876 hektar və ya 4 dəfə çoxdur.
İl ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 554 min manata yaxın olan 4 min 33 tondan çox mineral gübrə paylanmışdır. Bundan başqa, 123 ədədi 2010-cu ildə olmaqla, cəmi 577 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Təkcə 2010-cu ildə gətirilən texnikalardan 76-sı lizinq yolu ilə istehsalçılara verilmişdir.
Əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin məhsulu üçün 33 min 954 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir. Bunun da 25 min 276 hektarını buğda, 8 min 678 hektarını isə arpa təşkil edir. Taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu illə müqayisədə 1,4 faiz çoxdur. 1988-ci illə müqayisədə taxıl istehsalının həcmi ötən il 67 min ton artmışdır.
2009-cu ildə 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Anbar kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır. Son 3 il ərzində istehsal olunan buğdanın hər kiloqramının orta hesabla 33 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının marağını daha da artırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası ötən il uğurla başa çatdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, son illər muxtar respublikada kartof istehsalı üzrə müsbət dinamikaya nail olunmuş və 2010-cu ildə 37 min 901 ton məhsul tədarük edilmişdir. Bu, 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20 min 843 ton, 1988-ci illə müqayisədə isə 38 dəfə və ya 36 min 896 ton artım deməkdir.
Əkinçiliyin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, ötən il digər növ əkinçilik məhsullarının yığımı üzrə də müsbət dinamika xarakterik olmuşdur. 2010-cu ildə muxtar respublikada bir il öncəyə nisbətdə şəkər çuğunduru istehsalının həcmi 10 min 992 ton artaraq 26 min 775 tona, tərəvəz 1156 ton artaraq 64 min 782 tona, bostan məhsulları 441 ton artaraq 40 min 24 tona, meyvə 447 ton artaraq 38 min 228 tona, üzüm isə 122 ton artaraq 3 min 912 tona çatmışdır.
Son dövrlər ərzində ümumi tutumu 7 min 920 ton
olan 12 soyuducu anbar istifadəyə verilmişdir. Ümumi tutumu
500 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam
etdirilir.
Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsini,
mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını
və damazlıq işinin inkişafını təmin etmək
üçün son 2 ildə muxtar respublikaya 280 baş cins
mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə
verilmişdir.
Qaramalın
sayı 101 min 160 başa, qoyun və keçilərin sayı
isə 603 min 18 başa çatmışdır. Bu bir il əvvəlki
göstəriciləri 2,4 və 2,3 faiz
üstələmişdir. Bu dövr ərzində
ət istehsalı 4 faiz, süd istehsalı isə 3 faiz
artmışdır. 1989-cu ildə qaramalın sayı 77
min 301 baş, xırda heyvanların baş sayı isə 304
min 405 baş səviyyəsində idi.
2010-cu ildə quşçuluq sahəsində 7 təsərrüfat
subyekti fəaliyyətə başlamışdır. Ətlik və
yumurtalıq istiqamətində daha 5 quşçuluq təsərrüfatının
yaradılması istiqamətində isə işlər davam
etdirilir. Son bir ildə quşların
sayı 9 faiz artaraq 901 min başdan çox olmuşdur.
Hazırda muxtar respublikada 52 min 685 arı ailəsi mövcuddur
ki, bu, bir il əvvəlki göstəricini 52 faiz üstələmişdir.
1988-ci ilin sonuna muxtar respublikada 3 min 512 arı
ailəsi var idi. 2010-cu ildə muxtar respublikada 2009-cu ildəkindən
21 faiz çox, 1988-ci ildəkindən isə 17 dəfə
çox, yəni 710 ton bal istehsal edilmişdir.
Muxtar respublikada 2010-cu ildə 2 balıqyetişdirmə təsərrüfatı
istifadəyə verilmişdir. Ümumilikdə isə
hazırda 10 balıqçılıq təsərrüfatı
fəaliyyət göstərir. Həyata
keçirilən kompleks tədbirlər nəticəsində
muxtar respublikanın kənd təsərrüfatı sahəsində
dinamik artım davam etdirilmişdir. 2010-cu ildə 247
milyon manatlıq kənd təsərrüfatı məhsulu
istehsal edilmişdir ki, bu da 2009-cu il üzrə
müvafiq göstəricini 13 faiz üstələyir.
2010-cu il ərzində 2 nasos stansiyası, 24 subartezian
quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının
tikintisi isə davam etdirilmişdir. Ötən il muxtar
respublikada 522,5 hektar sahədə meşəsalma
və meşəbərpa işləri aparılmış, 585
mindən çox ağac və bəzək kolu əkilmişdir.
Ötən
dövr ərzində iqtisadi və nəqliyyat əlaqələri
baxımından blokada vəziyyəti ilə bağlı
çətinliklərin aradan qaldırılması və ya
alternativ variantlar üzrə bu problemin kompensasiya edilməsi
üçün əsaslı tədbirlər
görülmüş, Naxçıvan Beynəlxalq Hava
Limanının, Sədərək, Culfa və Şahtaxtı
Gömrük idarələrinin sərhəd-keçid komplekslərinin,
Şahtaxtı Sərhəd Keçid Məntəqəsində
yeni körpünün istifadəyə verilməsi,
"Bakı-Naxçıvan-Bakı" müntəzəm
avtobus marşrutunun açılması nəqliyyat və
iqtisadi əlaqələrin genişlənməsində
mühüm mərhələ olmuşdur. Bu
işlərin davamı kimi hazırda Culfa sərhəd
keçid məntəqəsində yeni avtomobil yolu
körpüsünün inşası aparılmaqdadır.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə
də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli
tədbirlər həyata keçirilmiş, 277 kilometr
uzunluğunda yeni yollar salınmışdır. İstifadəyə
verilmiş yolların 167 kilometri magistral, 110 kilometri isə
yerli əhəmiyyətli yollardır. Bundan
əlavə, 8 yeni körpü tikilmiş, 5 körpü bərpa
edilmiş, 1 körpünün isə tikintisi hazırda davam
etdirilir. Sərnişin
daşınmasında rahatlığı və təhlükəsizliyi
təmin etmək, xidmətin səviyyəsini artırmaq məqsədi
ilə 2010-cu ildə muxtar respublikaya 14 yeni avtobus gətirilmiş
və istismara buraxılmışdır.
1988-ci
ilin sonuna muxtar respublikada 14216 ədəd avtomobil mövcud idisə,
1 yanvar 2011-ci il tarixə bu göstərici
3 dəfə artaraq 38692 ədədə
çatmışdır. Ümumiyyətlə, muxtar
respublikada avtomobil yollarının inşasına və əsaslı
təmirinə, dəmir yolu nəqliyyatının inkişaf
perspektivləri nəzərə alınaraq bu sahədə
mövcud infrastrukturun yeniləşdirilməsinə və hava
nəqliyyatı işinin təkmilləşdirilməsinə
2010-cu ildə 50 milyon 839 min manatdan artıq investisiya yönəldilmişdir.
1989-cu il
tarixə muxtar respublikada əsas telefon aparatının
sayı 17832 nömrə olduğu halda, indi bu göstərici
3 dəfə artaraq 60394 nömrəyə
çatmışdır. Muxtar respublikada mobil
telefon abunəçilərinə xidmət edən 4 mobil
operator fəaliyyət göstərir. Aktiv
istifadədə olan mobil telefonların sayı 358 min ədəddən
çoxdur. Əhalinin hər 100 nəfərinə
düşən aktiv mobil telefonların sayı 88 ədəd
olmuşdur. Bu işlərin davamı qismində 2010-cu
ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini
və Nehrəm kəndini əhatə edən yeni nəsil
telekommunikasiya şəbəkəsi istifadəyə
verilmişdir. Yeni nəsil telekommunikasiya şəbəkəsinin
ənənəvi telefon rabitəsi sistemlərindən əsas
üstünlükləri eyni zamanda səs və şəkil
siqnallarının ötürülməsi, şəbəkə
üzərindən televiziya və genişzolaqlı internet,
video- telefon və çoxlu sayda əlavə servis xidmətləri
göstərməkdən ibarətdir. Ötən il
muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi
36 milyon 579 min manatdan çox olmuşdur ki, bu da 2009-cu ildəki
göstəricini 18 faiz üstələyir. Ümumi rabitə
xidmətlərinin 86 faizi və ya 31 milyon 442 min manatı mobil
rabitənin payına düşmüşdür.
1988-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən
müəssisə mövcud idisə, hazırda bu müəssisələrin
sayı 5-ə çatdırılmışdır. 1988-ci ildə muxtar
respublikada 86 milyon kilovatsaat elektrik enerjisi istehsal olunmuşdursa,
ötən dövrdə bu göstərici 6 dəfə artaraq
534 milyon kilovatsaata çatmışdır. Əvvəllər
elektrik enerjisinin böyük bir hissəsi qonşu ölkələrdən
idxal edildiyi halda, muxtar respublika artıq elektrik enerjisi ixrac edən
bir diyara çevrilmişdir. 2010-cu ildə istehlak olunan
18 milyon 88 min manat dəyərində 301 milyon 469 min kilovatsaat
elektrik enerjisinin müqabilində 18 milyon 307 min manat vəsait
toplanmış, ödənilmə faizi 101,2 faiz olmuşdur.
Hazırda muxtar respublikada istehlakçıların, ən
əsası isə əhali təsərrüfatlarının
təbii qazla fasiləsiz təminatı həyata
keçirilir.
2005-ci ilin sonundan başlayaraq muxtar respublikaya təbii qazın
nəqlinin bərpası enerji təhlükəsizliyində
mühüm rol oynamış, əhali qrupu yüz faiz olmaqla
78 min 157 abonent təbii qazla təmin olunmuşdur. İstehlak olunan 104 milyon 30 min kubmetr həcmində
mavi yanacağın dəyəri 100 faiz ödənilmişdir.
Sahibkarlıq, əhalinin gəlirləri
və məşğulluq
2010-cu ildə
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən
24 hüquqi və 1185 fiziki şəxs qeydiyyata alınmışdır
ki, bu da iqtisadi aktivliyi səciyyələndirən
mühüm göstəricilərdəndir. Kredit
resurslarının iqtisadiyyata səmərəli yönəldilməsi,
bu proses üzrə proporsional bölgünün tətbiqi
iqtisadi aktivliyə güclü pozitiv təsir göstərməkdədir.
Ötən il bank və kredit təşkilatları
tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox
güzəştli kreditlərin verilməsi təmin
olunmuşdur. Kreditlərin 7 milyon 143 min manatı sənayenin,
5 milyon 746 min manatı tikinti sektorunun, 11 milyon 61 min manatı kənd
təsərrüfatı və
balıqçılığın, 11 milyon 959 min manatı isə
ticarət, nəqliyyat, kommunal və digər xidmət sahələrinin
inkişafına yönəldilmişdir.
Sahibkarlığın inkişafı üçün
yaradılmış münbit şəraitin nəticəsidir
ki, 2010-cu ildə ümumi daxili məhsulda özəl bölmənin
payı 86,4 faiz olmuşdur.
Mövcud
istehsal müəssisələrinin fəaliyyətinin bərpa
edilməsi, yaxud onların yenidən qurulması, yeni emal sahələrinin
yaradılması hesabına bu gün muxtar respublikada 108
növdə, 319 çeşiddə ərzaq, 184 növdə,
461 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 292 növdə,
780 çeşiddə məhsul istehsal olunur. 89
növdə ərzaq, 158 növdə qeyri-ərzaq olmaqla, cəmi
247 növdə məhsula olan tələbat tamamilə yerli
istehsal hesabına ödənilir.
Ötən
il muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə
nisbətdə 10 faiz artaraq 1 milyard 7 milyon 484 min manata, onun hər
bir nəfərə düşən həcmi isə 9 faizlik
artımla 2 min 480 manata çatmışdır. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının
məbləği 303 manata çatmışdır ki, bu da
2009-cu ildəki müvafiq göstəricini 11 faiz üstələmişdir.
2010-cu ildə muxtar respublikanın istehlak
bazarında əhaliyə 723 milyon manatdan artıq istehlak
malları satılmış və pullu xidmətlər
göstərilmişdir ki, bu da 2009-cu ildəki göstəricidən
19 faiz çoxdur.
Əldə
olunmuş yüksək inkişaf templəri səmərəli
məşğulluğun təşkili və yeni iş yerlərinin
yaradılması üçün də əlverişli
mühit formalaşdırmışdır. 2003-cü il oktyabr
ayının 1-dən 2010-cu ilin sonunadək muxtar respublikada
45371 yeni iş yeri yaradılmışdır ki, onun da 29970-i və
ya 66,1 faizi daimi iş yerləridir. 2010-cu
ildə 3556 yeni iş yerinin 2837-si və ya 79,8
faizi daimi iş yerlərinin payına düşür.
Xarici ticarət və maliyyə
İlk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə
müsbət saldo yaranmışdır. Bu proses 2010-cu ildə də
davam etdirilmiş, xarici ticarət dövriyyəsinin 211 milyon
714 min ABŞ dollarını ixrac, 46 milyon 219 min ABŞ
dollarını isə idxal təşkil etməklə xarici
ticarət dövriyyəsi 257 milyon 933 min ABŞ dollarına
çatmışdır. İdxalın
strukturunda isə ciddi dəyişiklik baş vermiş, ərzaq
məhsullarının idxalının sonu, texnoloji
avadanlıqların idxalının artması müşahidə
olunmuşdur. Son bir ildə ixracın həcmi 99 milyon 427
min ABŞ dolları həcmində və ya 88,5 faiz
artmış, idxal isə 61 milyon 540 min ABŞ dolları həcmində
və ya 57,1 faiz azalmışdır.
Aparılan iqtisadi islahatlar büdcə
daxilolmalarının da həcminə müsbət təsir
göstərmişdir. 2010-cu il ərzində Naxçıvan Muxtar
Respublikasının dövlət büdcəsinə nəzərdə
tutulandan 31,9 faiz çox vəsait daxil
olmuşdur. 2010-cu ildə muxtar respublikada fəaliyyət
göstərən bank strukturları tərəfindən
dövriyyəyə 445414,8 min manat pul kütləsi
buraxılmış, dövriyyədən bankların
kassalarına 167267,5 min manat daxil olmuş və fərq 278147,3
min manat olmaqla dövriyyəyə buraxılmış pul
kütləsinin 62,4 faizini təşkil etmişdir. 2009-cu ildə
isə bu göstərici 63,6 faiz səviyyəsində
olmuşdur. Muxtar respublikanın banklarında
açılmış hesabların sayı 8087-yə
çatmışdır ki, bunun da 6218-i və ya 76,9 faizi aktiv hesablardır. Təkcə 2010-cu il ərzində
açılmış 3132 bank hesabının 3044-ü və
ya 97,2 faizi aktiv hesab olmuşdur.
Humanitar sahə
Ötən
il elmi kadrların sayı artmış, 2 nəfər
doktorluq, 22 nəfər namizədlik dissertasiyası müdafiə
etmişdir. Ali təhsil və elm mərkəzlərində
5 beynəlxalq, 58 respublika əhəmiyyətli konfrans və
simpozium keçirilmişdir. Alim və tədqiqatçılar
tərəfindən 117 kitab, monoqrafiya və dərs vəsaiti,
1750-dən çox elmi məqalə və tezis hazırlanaraq
çap olunmuşdur.
2010-cu ildə
Ordubad rayonunun Aşağı Əylis kəndində Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar
Laboratoriyası binasının tikintisi, Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat
institutlarının, Bölmənin Batabat Astrofizika Rəsədxanasının,
Əlyazmalar Fondunun və Təbii Ehtiyatlar İnstitutunun
binalarının təmiri başa
çatdırılmışdır.
Culfa
şəhərində 980, Şərur rayonunun Yengicə kəndində
568, Maxta kəndində 540, Kəngərli rayonunda Təzəkənddə
110, Yeni Kərki kəndində 88, Sədərək rayonunun Sədərək
kəndində 594 şagird yerlik orta məktəb
binalarının tikintisi, Culfa şəhərində 540,
Naxçıvan şəhərində 954, Şərur şəhərində
738, Şərur rayonunun Zeyvə kəndində 612 şagird
yerlik orta məktəb binalarının yenidən qurulması,
Babək rayonunun Yuxarı Uzunoba kəndində 324 şagird
yerlik orta məktəb binasının əsaslı təmiri,
Şərur rayonunun Yuxarı Yaycı, Şəhriyar, Ordubad
rayonunun Tivi, Aza, Culfa rayonunun Xanəgah, Saltaq, Kəngərli
rayonunun Xıncab, Şahbuz rayonunun Ayrınc kəndlərində
və Badamlı qəsəbəsində orta məktəb
binalarının təmiri başa
çatdırılmışdır. Bundan əlavə,
Naxçıvan Türk Liseyində yeni tədris kompleksinin
tikintisi davam etdirilmişdir.
Bu
dövr ərzində Naxçıvan şəhərində
240, Şərur şəhərində 200, Culfa şəhərində
240 yerlik uşaq bağçalarının, Babək qəsəbəsində
367, Şahbuz şəhərində isə 362 yerlik uşaq
musiqi məktəbi binalarının tikintisi başa
çatdırılmışdır. Eyni zamanda Culfa Rayon
Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq
Yaradıcılıq, Gənc Turist və
Diyarşünaslıq mərkəzləri üçün
ayrılmış binanın yenidən qurulması başa
çatdırılmışdır.
Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində
ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Ümumtəhsil
məktəblərində 2781 dəst kompyuter
quraşdırılmış, hər 18 şagird bir dəst
kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil
məktəblərində istifadədə olan 2781 dəst
kompyuterin 2193-ü və ya 78,9 faizi internetə
qoşulmuşdur. 255 elektron lövhə
quraşdırılmışdır.
2009-cu ildə
orta məktəbi bitirən məzunlardan 73 faizi ali məktəblərə sənəd
vermişdirsə, ötən il bu göstərici 75 faiz təşkil
etmişdir. 2009-cu ildə abituriyentlərin 1348 nəfəri və
ya 41 faizi ali məktəblərə qəbul
olmuşdursa, 2010-cu ildə ali məktəblərə sənəd
verən məzunlardan 1435-i və ya 46 faizi tələbə
adını qazanmışdır. Bundan başqa, ötən il 431 nəfər orta ixtisas məktəblərinə
qəbul olmuşdur. Yüksək bal
toplayaraq ali məktəblərə qəbul olanların
sayı 2009-cu ildə 232 nəfər təşkil edirdisə,
keçən il 500-dən yuxarı bal toplayanların sayı
280-ə çatmışdır. Ötən il
yüksək bal toplayaraq ali təhsil müəssisələrinə
qəbul olunan məzunlarımızdan 9-u Prezident təqaüdünə
layiq görülmüşdür.
2010-cu ildə
Heydər Əliyev adına Hərbi Liseyi
bitirmiş 190 kursantdan 187-si ali hərbi məktəblərə
qəbul olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərindən
də ali hərbi və xüsusi təyinatlı
məktəblərə qəbulda artım nəzərə
çarpmaqdadır. Əgər 2009-cu ildə orta məktəb
məzunlarından 29-u ali hərbi və
xüsusi təyinatlı ali məktəblərə qəbul
olmuşdursa, ötənilki məzunlardan 41-i bu məktəblərin
tələbəsi adını qazanmışdır. 2010-cu ildə
muxtar respublikanın ümumtəhsil məktəblərini
bitirən məzunlardan 64-ü xarici ölkələrdəki ali məktəblərdə təhsil almaq
hüququ qazanmışdır.
2010-cu il ərzində
Naxçıvan şəhərində məhdud fiziki
imkanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzinin, 85 çarpayılıq
Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər
Dispanserinin yeni korpusu, Naxçıvan Muxtar Respublikası
Ağciyər Xəstəlikləri Dispanserinin bakterioloji
laboratoriyası, 26 çarpayılıq Sədərək
Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunun
Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və
Şahtaxtı kəndlərində həkim ambulatoriyası, Təzəkənddə
və Yeni Kərki kəndində feldşer-mama, Babək
rayonunun Aşağı Uzunoba kəndində isə tibb məntəqələri
istifadəyə verilmişdir. Naxçıvan Muxtar
Respublikası Duzdağ Fizioterapiya Xəstəxanasının,
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Əziz
Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi
Uşaq Xəstəxanasının, Naxçıvan Əlillərin
Bərpa Mərkəzinin, Naxçıvan Uşaq Bərpa Mərkəzinin
və Ordubad rayonunda Sabirkənddə həkim ambulatoriyası
binalarının təmiri başa
çatdırılmışdır. Ordubad Rayon
Mərkəzi Xəstəxanasının tikintisi davam
etdirilmişdir.
Muxtar
respublikada əhalinin sayı 1989-cu ilə nisbətən 116,2 min nəfər artaraq 410,1 min nəfərdən
çox olmuşdur. 1988-ci ildə gün ərzində
muxtar respublikada orta hesabla 18 körpə doğulurdusa,
hazırda bu göstərici 28-ə çatmışdır.
28 dekabr 2010-cu il tarixdə - muxtar
respublikanın tarixində ilk dəfə olaraq il ərzində
doğulan körpələrin sayı 10000 nəfəri
ötüb keçmiş və ilin sonuna bu göstərici
10116 nəfər olmuşdur. 1988-ci ildə muxtar respublikada 2120
nikah bağlanmışdırsa, 2010-cu ildə bu göstərici
1,6 dəfə artaraq 3397 olmuşdur.
2010-cu ildə
İlham Əliyev adına Naxçıvan
Olimpiya İdman Kompleksinin və Naxçıvan Şəhər
Üzgüçülük Mərkəzinin təmiri başa
çatdırılmışdır.
Dövlət
Sosial Müdafiə Fondu tərəfindən ötən il pensiya və müavinətlərin ödənilməsinə
69 milyon 327 min manatdan çox vəsait yönəldilmişdir.
Pensiya və müavinətlərin ödənişi
üçün tələb olunan vəsaitin 54,4
faizi məcburi dövlət sosial sığorta haqqı kimi
muxtar respublikada toplanmışdır. 1941-1945-ci illər və
Azərbaycan Vətən müharibəsi əlillərinə
ümumilikdə 55 ədəd "Slavuta" markalı
avtomobil verilmiş, 117 nəfər əlil müxtəlif
sanatoriya və pansionatlara putyovkalarla təmin edilmişdir. 2010-cu ildə muxtar respublikada adambaşına
aylıq gəlirləri ehtiyac meyarından aşağı
olan ailələrə 3 milyon 491 min manatdan çox
ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu
dövr ərzində Naxçıvan şəhərində
Naxçıvan Dövlət Xalça Muzeyinin, "Xan sarayı"
Dövlət Tarix-Memarlıq Muzeyinin, Sədərək
rayonunun Heydərabad qəsəbəsində
Tarix-Diyarşünaslıq Muzeyinin, Ordubad şəhərində
M.S.Ordubadinin ev muzeyinin, Kəngərli rayonunun Şahtaxtı kəndində
Şahtaxtinskilər muzeyinin, Naxçıvan şəhərində
Şəhidlər Xiyabanının tikintisi və yenidən
qurulması başa çatdırılmışdır. Naxçıvan Dövlət Musiqili Dram
Teatrının yenidən qurulması davam etdirilir. Ordubad
şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi
"Qeysəriyyə" tarixi abidəsi, "Şərq
hamamı" tarixi abidə kompleksi, qədim məbəd və
2 abidə təmir-bərpa işlərindən sonra istifadəyə
verilmişdir. Naxçıvan şəhərində
qədim Qala tarixi abidəsinin bərpa və təmiri davam
etdirilir.
"Şərq
Qapısı" qəzeti redaksiyası və "Əcəmi"
Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat
kompleksinin tikintisi keçən il başa
çatdırılmışdır. Naxçıvan Muxtar
Respublikası Dövlət Televiziya və Radio Verilişləri
Komitəsi və "Kanal-35" televiziyasının
maddi-texniki bazalarının daha da gücləndirilməsi məqsədilə
yeni avadanlıqlar alınıb quraşdırılmışdır.
Ötən
il muxtar respublikaya ümumilikdə 288 minə
yaxın turist gəlmişdir ki, bu da iqtisadi aktivliyə pozitiv
təsir imkanlarına malikdir.
Hüquq-mühafizə
sahəsi
2010-cu ildə hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində tədbirlər davam etdirilmiş, muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılaraq müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Səmərəli məşğulluğun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, ümumilikdə iqtisadi inkişafın cari səviyyəsi muxtar respublikada cinayətkarlıq üzrə hadisələrin minimum həddini şərtləndirməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatının sonunda bildirilir ki, 2010-cu il muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında dinamik inkişafın yeni bir mərhələsi kimi tarixə qovuşmaqdadır. Bu inkişafa öz töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə keçən il 59 nəfər Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif edilmişdir. 1 nəfərə ali xüsusi rütbə verilmiş, 6 nəfər isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Eyni zamanda, 26 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, sürətli tərəqqisi, durmadan yeniləşməsi və burada həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri, iqtisadi, siyasi, sosial, mədəni sahələrdə əldə olunmuş əsaslı nailiyyətlər bu qədim türk diyarını dünyaya yeni formada və məzmunda təqdim etməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatını çapa hazırladılar:
Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
Xalq qəzeti.- 2011.- 15 fevral.- S. 3.