Davosda Azərbaycan və Microsoft korporasiyasının tərəfdaşlıq
perspektivləri müəyyənləşdirilmişdir
Artıq
40 ildir ki, Ümumdünya İqtisadi Forumu dünyanın
nüfuzlu şəxslərini İsveçrənin Davos şəhərində
bir araya gətirir. Bu dəfə də 2011-ci ilin ən
mühüm hadisəsinə çevrilən, sayca 41-ci olan
Davos Forumunda dövlət başçıları və biznes
liderləri bir araya gəldilər. Qeyd edək ki, əsasən
qeyri-formal şəkildə keçirilən həmin
müzakirələr siyasət və iqtisadiyyatda əsas
istiqamətləri müəyyənləşdirir və ənənəvi
olaraq ilin əsas problemlərini gündəmə
çıxarır.
Prezident
İlham Əliyev səfər çərçivəsində
dünyanın tanınmış şirkətlərinin
nümayəndələri ilə bir sıra görüşlər
keçirdi. Həmin görüşlərdə qlobal
böhrandan sonra əvvəlki vəziyyətinə dönməkdə
olan dünyanın yeni iqtisadi reallığının elementlərinə
toxunuldu.Bu istiqamətdə əsas iqtisadi trendlərdən
biri də Azərbaycan və Microsoft şirkəti arasında
hər iki tərəf üçün əlverişli əlaqələrin
daha da inkişafı məsələsidir. Belə ki, 2011-ci
ilin yanvar ayının 27-də Davos Forumu çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Microsoft korporasiyasının vitse-prezidenti və Microsoft
İnternational şirkətinin prezidenti Jan-Filipp Kurtua ilə
görüşdü. J.Kurtua ölkəmizdəki fəaliyyətinin
daha da genişləndirilməsində Microsoftun
marağını bir daha qeyd etdi.
Hazırda
Azərbaycan Qafqazın regional liderinə çevrilmiş və
bir çox sahələrdə nəzərəçarpan
artım nümayiş etdirir. Bu fakt uzunmüddətli sərmayələrin
həm sənayenin, həm də insan resurslarının
inkişafının cəlbinə müsbət təsir göstərdiyini
təsdiqləyir. Bu cür investisiyaların cəlbi məqsədilə
əlverişli mühitin yaradılması üçün əqli
əməyin layiqincə mükafatlandırılmasını
və əqli mülkiyyətin qorunması üzrə alətlərin
yaradılmasını təmin etmək zəruridir. Bununla əlaqədar
olaraq J. Kurtua vurğuladı ki, hazırda Azərbaycanda proqram
təminatının leqallaşdırılması məsələsinə
böyük diqqət yetirilir:"Microsoft Enterprise
Agreement" korporativ lisenziyalaşdırma proqramı isə
dövlət qurumlarında və iri şirkətlərdə
bu cür dəyişikliklər üçün rahat bir alətdir.
"Enterprise Agreement" razılaşmasını imzalayan və
lisenziyalı proqram təminatının istifadəsinə
keçən qurumlar arasında Rabitə və İnformasiya
Texnologiyaları və İqtisadi İnkişaf nazirliklərinin,
bir sıra iri kommersiya təşkilatlarının, həmçinin
Azərbaycanın aparıcı banklarının adları var.
J.Kurtuanın
fikrinə əsasən informasiya-kommunikasiya
texnologiyalarının inkişafı və Microsoft
korporasiyasının fəaliyyətinin genişləndirilməsi
üçün əla imkanlar var.Belə bir şəraitdə
Azərbaycanda dövlət sektorunun tam
leqallaşdırılmış proqram təminatına
keçidi üçün bütün şərtlər
mövcuddur. Bu, həmçinin, Microsoftun bilavasitə
iştirak etdiyi "Elektron hökumət" layihəsinin
yüksək templərlə həyata keçirilməsindən
irəli gəlir. Belə ki, məsələn, Microsoft korporasiyasının
bilavasitə iştirakı ilə yaradılan elektron-rəqəmli
imzanın verilməsi üçün nəzərdə
tutulan infrastrukturun istismara hazırlanması mərhələsi
artıq yekunlaşmaq üzrədir.
Jan-Filipp Kurtua həmçinin korporasiyanın ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. O, Azərbaycan Respublikası Prezidentinin neftdən gələn gəlirləri insan kapitalına çevrilməsi istiqamətində apardığı siyasətin mühümlüyünü, həmçinin ölkənin təhsil sisteminin inkişafına böyük sərmayələrin yatırılmasının vacibliyini göstərdi. Jan-Filipp Kurtua Microsoftun Azərbaycanın təhsil sahəsində bir sıra perspektiv layihələrin həyata keçirməsini də vurğuladı. Bunlardan biri Təhsil Nazirliyi ilə birgə reallaşdırılan " innovativ müəllimlər müsabiqəsi"dir. Sözügedən müsabiqənin məqsədi tədris prosesində ən son texnologiyaları geniş şəkildə tətbiq edən müəllimlərin aşkarlanmasıdır. Müsabiqənin qalibləri Almaniya və CAR-da keçirilmiş dünya innovativ müəllimlər forumlarında iştirak etmişlər. Microsoft həmçinin 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının və "Xalq kompyuteri" layihəsinin reallaşdırılmasında iştirak edir. Həmin perspektiv layihənin məqsədlərindən biri Azərbaycanda şagird-kompyuter nisbətini "1:1" səviyyəsinə çatdırmaqdan ibarətdir. Bu məqsədə çatdıqdan sonra Azərbaycan sözügedən sahədə ən qabaqcıl ölkələrin siyahısına daxil olacaq.
Azərbaycanın yüksək intellektual və iqtisadi potensialı, çoxlu sayda ali texniki təhsilli mütəxəssisləri, informasiya texnologiyalarının artımı və onlara olan yüksək tələbat milli İKT sənayesinin uğurlu inkişafının rəhnidir.
Microsoftun əsas məqsədlərindən biri də Azərbaycanın İKT biznesinin dəstəklənməsindən ibarətdir. Bu məqsədlə Microsoft həm kiçik şirkətlərdə çalışan yeni İKT mütəxəssislər, həm də böyük biznesdən olan peşəkarlar üçün bir sıra pulsuz tədris proqramları və treninqləri həyata keçirir. Jan-Filipp Kurtuanın sözlərinə görə , Azərbaycanın İKTmütəxəssislərinin ixtisaslarının artırılması ölkədə fəaliyyət göstərən korporasiyanın təxirəsalınmaz vəzifələrindən biridir.
Görüş zamanı həmçinin qeyd edildi ki, Azərbaycanın cari inkişaf templəri və Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin nəticələri Microsoft ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Xatırlatmaq lazımdır ki, Microsoft ölkədə fəaliyyət göstərən yeganə xarici şirkətdir ki, özünün əsas proqram məhsullarını Azərbaycan dilinə tərcümə etmişdir. Əvvəlcə Microsoft Windows XP, Windows Vista əməliyyat sistemləri və Microsoft Office 2003/2007 lokallaşdırılmış, 2010-cu ilin noyabr ayında keçirilmiş BakuTel Beynəlxalq Telekommunikasiya Sərgi və Konfransında isə ən son əməliyyat sistemi - Microsoft Windows 7-nin lokallaşdırılması üçün dil paketi təqdim olunmuşdur.
Qeyd edək ki, Microsoftun əsas məhsullarının Azərbaycan dilinə lokallaşdırılması layihələri bilavasitə Microsoft korporasiyasının təşəbbüsü olmuş və tamamilə şirkət tərəfindən maliyyələşdirilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 7.