Distant təhsil humanizm prinsiplərinə
cavab verir
Səbail rayonundakı 219 nömrəli
evdə məktəbdə "Elektron məktəb" layihəsi
çərçivəsində distant təhsil tətbiq
edilir
2007-ci ildən
başlayaraq ölkəmizdə beynəlxalq təşkilatlarla
birlikdə "Elektron məktəb" layihəsi həyata
keçirilir. Məqsəd təhsilin inkişafı və
müasirləşdirilməsi, məktəbin idarə edilməsi
prosesində, tədrisdə informasiya texnologiyalarından
geniş istifadənin təmin olunmasıdır.
Təhsilin
informasiyalaşdırılması istiqamətində
görülmüş işlərin sistemli olaraq davam etdirilməsi
və təhsil sistemində İKT-nin tətbiqinin daha yüksək
mərhələdə inkişaf etdirilməsi
üçün Azərbaycan Respublikası Prezidentinin 2008-ci
il 10 iyun tarixli sərəncamı ilə "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" təsdiq edilmişdir. Artıq layihə də
bu proqram çərçivəsində
reallaşdırılır.
2010-cu ildə
isə məsafədən təhsili inkişaf etdirmək
üçün Səbail rayonunda respublikada yeganə olan evdə
məktəbdə-219 nömrəli orta məktəbdə
"Elektron Təlimləndirən Sistemlər" layihəsinə
başlanılmışdır.
Məktəbin
direktoru Sədaqət Məmmədova demişdir:
-Məqsədimiz
evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan
uşaqları distant təhsilə cəlb etməklə
onların cəmiyyətə inteqrasiya olunmasına dəstək
verməkdir. Təqdimatı ötən ilin mayında Təhsil
Nazirliyində keçirilmiş layihəni "Nobel-T" MMC
reallaşdırır.
-İndiyədək
hansı işlər görülmüşdür?
-Bəri
başdan deyim ki, layihənin konsepsiyası Təhsil Nazirliyi
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi
Şurasında müzakirə olunmuş və zəruri
tövsiyələr verilmişdir. Ona nail olmağa
çalışırıq ki, xüsusi qayğıya
ehtiyacı olan məktəbyaşlı uşaqların təhsilə
maraqları daha da artsın, onların təhsilində valideynlərin
rolu müəyyənləşsin, uşaqların psixoloji vəziyyəti
yaxşılaşsın. Layihənin icrasına məktəbimizin
xüsusi qayğıya ehtiyacı olan 30 nəfər 7-ci sinif
şagirdi və bu sinifdə dərs deyən yüksək
elmi-pedaqoji təcrübəyə malik müəllimlər cəlb
olunmuşdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün distant tədris metodlarından istifadə edəcək
müəllimlər artıq layihənin həyata keçirilməsində
tərəfdaş təşkilat olan "Mədəd" təşkilatının
treninqlərində olmuş, İKT-nin təhsildə tətbiqi
üzrə xüsusi bilik və bacarıqlara yiyələnmişlər.
Layihədə iştirak edən bütün şagirdlərə
kompyuter avadanlığı təqdim olunmuşdur.
Xatırladım ki, "Nobel-T" MMC-nin əməkdaşları
və psixoloqları layihədə iştirak edən 30
şagirdin hər biri ilə görüşmüş,
onların fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma
şəraiti ilə yaxından tanış olmuşlar.
"Nobel-T" MMC-nin tərkibində "Məsafədən
tədris" mərkəzi yaradılmışdır. Bu mərkəzdə
3 bölmə -metodoloji tədris bölməsi, psixoloji-pedaqoji
təhsilin fəaliyyəti bölməsi və məsafədən
təhsilin elmi-texniki bölməsi fəaliyyət göstərir.
-Layihədən
nə gözləyirsiniz?
-Yuxarıda
qeyd etdiyim kimi, əsas məqsədlərimizdən biri
sağlamlıq imkanları məhdud olan uşaqların həm
də cəmiyyətə inteqrasiya olunmasına dəstək
verməkdir.
-Xahiş
edirəm, distant təhsil və onun əhəmiyyəti barədə
qısa da olsa məlumat verin.
- Distant təhsil
müəyyən məsafədən keçirilən təlim
sistemidir. O, öyrədən və öyrənən
arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri
vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə
əsasında, uzaq məsafədən həyata keçirilən
təhsil formasıdır. Çeviklik , modulluluq, iqtisadi səmərəlilik,
müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi
nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə
və texnologiyalarından istifadə və s. məsələlər
bu təhsilin xarakterik xüsusiyyətlərinə aiddir.
Distant təhsildə tədris metodik kompleksdən, kompyuter,
televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim
vasitələrindən istifadə olunur.
Distant təhsilin
bir çox tərifi var, ona çatdırma metodu da deyirlər.
Distant təhsil termini bir çox təlim - öyrətmə
metodlarına aid edilə bilər. Bununla belə, əsas şərt
müəllim və şagirdin müəyyən vaxtlarda
ayrı - ayrı yerlərdə olmalarıdır. Müəllimin
və öyrənənin texnoloji ayrılığından irəli
gələn distant təhsil və onun nəticəsi öyrənənin
ehtiyacından asılıdır.
Distant təhsil
humanizm prinsiplərinə cavab verir. Axı, heç kəs
yoxsulluq, cəmiyyətdən müvəqqəti təcrid
olunması, fiziki qüsuruna görə ümümtəhsil məktəbinə
gedə bilməməsi üzündən təhsil almaqdan məhrum
olmamalıdır. Məhz distant təhsil əhalinin
bütün təbəqələrinə təhsil almaq
imkanı verir; o, ənənəvi təlimdən ucuz başa
gəlir; təlimin səmərəliliyi təmin olunur; məsafə
maneə törətmir-kompyuter və internetə
çıxışın olması kifayətdir; təhsildə
məsafə texnologiyasının payı ildən-ilə
artdığı üçün bu təhsil
formasının perspektivi vardır; distant təlim
üçün ən yeni materiallar əldə etmək
mümkündür; bu təlim formasında sərfəli fərdi
dərs cədvəli tərtib etmək mümkündür.
Yeri gəlmişkən,
mütəxəssislər distant təlim formasını XXI əsrin
təhsil sistemi adlandırırlar. Distant təlim mövzusunun
aktuallığı ondadır ki, əvvəllər ictimai tərəqqinin
yekunları texnologiya sahəsində toplandığı halda,
indi informasiya sahəsində cəmlənir. Artıq informasiya
erası gəlmişdir. Hazırda onun inkişaf mərhələsi
telekommunikasiya kimi xarakterizə olunur. Bu, ünsiyyət,
informasiya və bilik sahəsidir. Bu mənada professional bilik tez
köhnəlir, onları daim təkmilləşdirmək tələb
olunur. Təlimin distant forması bizə, saat
qurşağından və məkandan asılı olmayaraq,
kütləvi fasiləsiz özünütəhsil,
ümüumi informasiya mübadiləsi sistemi yaratmağa imkan
verir. Bundan əlavə, hər kəs sosial vəziyyətindən,
yaşadığı ərazidən asılı olmayaraq təhsil
və informasiya almaq hüquqlarını reallaşdıra
bilir. Məhz bu sistem cəmiyyətin tələbinə adekvat
reaksiya verir və hər bir vətəndaşa təhsil sahəsində
konstitusiya hüququnu gerçəkləşdirməyə
kömək edir.
-Distant təhsil
qiyabi təhsili əvəz etmir ki?
-Xeyr. Bu təhsil
formalarını qarışdırmaq olmaz. Onların
başlıca fərqi ondadır ki, distant təhsildə
sistemlilik, səmərəli interaktivlik təmin olunur. O, yeni təlim
formasıdır. Əlbəttə, ona tam muxtar sistem kimi də
baxmaq olmaz. Çünki bu təhsilin də məqsəd və
məzmunu əyani təlimdə olduğu kimidir. Sadəcə
olaraq, distant təhsildə materialın verilməsi forması,
müəllim-şagird qarşılıqlı münasibəti
fərqlidir. Distant təlimin təşkilinin didaktik prinsipləri
(elmilik, sistemlilik, fəallıq, inkişafetdiricilik, əyanilik,
differensiyalaşdırma və fərdiləşdirmə və
s.) də əyani təhsildə olduğu kimidir. Spesifikliyi isə
yeni təlim formasında, internet informasiya məkanından
istifadə imkanındadır. Ümumiyyətlə, distant təlimi
təhsilin ümumi sistemində görsək də, onu sistem və
proses kimi fərqləndiririk.
-Bəs
bu sistemin səmərəsi kimdən və ya hansı amillərdən
asılıdır?
-Distant təlimin
səmərəliliyi internetdə şagirdlə məşğul
olan müəllimlərdən asılıdır. Bu müəllimlər
universal hazırlığa malik olmalıdırlar: müasir
pedaqoji və informasiya texnologiyalarını bilməli, şəbəkədə
uşaqla işləmək üçün özünü
psixoloji cəhətdən hazırlamalıdır. Əlbəttə,
informasiya təminatı infrastrukturu da həllivacib problemdir.
Təkrar
edirəm, bizim reallaşdırdığımız layihənin
timsalında distant təhsil sağlamlıq imkanı məhdud
olan uşaqlara təhsil almaq imkanı yaradır. Distant təhsil
ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin
müstəqilliyini, fəallığını,
şüurluğunu, yaradıcılığını optimal
inkişaf etdirir.
-Siz bayaq
belə uşaqların cəmiyyətə
inteqrasiyasının zəruriliyini qeyd etdiniz...
-Mən həmişə
müəllimlərimizə bir fikri dönə-dönə
vurğulayıram: sağlamlıq imkanı məhdud olan
uşaqlara bu qüsurlarını özlərinə dərd
etməyə imkan verilməməlidir. Bu mənada distant təhsil
işimizi yüngülləşdirir. Çünki bu cür
təhsilin subyektləri bir portalda bir-biri ilə tanış
olur, vahid informasiya məkanında ünsiyyət qururlar. Onlar
hətta sağlam insanlara dərs öyrədə bilərlər.
Əlil uşaqlar cəmiyyətin bərabərhüquqlu
üzvlərinə çevrilərlər. Bu üsul eşitmə
orqanlarını itirən insanlara da təhsil verə bilər.
Sadəcə, bunun pedaqoji və sosial aspektləri işlənib
hazırlanmalıdır. "Ünsiyyət" demişkən,
internetdə məktəbimizin forumu da fəaliyyət göstərir.
Uşaqlarımız bu forumda bir-biri ilə tanış
olurlar.
-Sistemin
şagird üçün əhəmiyyəti aydın oldu. Bəs
o, məktəb rəhbərliyinə, müəllimə,
valideynə nə verir?
-Layihədə iştirak etmək təhsil prosesinin bütün iştirakçılarına geniş imkanlar açır. Məktəb rəhbərliyi üçün: təlim prosesinin idarə olunmasını optimallaşdırır; məktəbdə pedaqoji kadr çatışmazlığını kompensasiya edir; məktəbin vahid ümumtəhsil informasiya mühitini formalaşdırır; şagird kontingentinə tələbat ödənir; əlavə təhsil üçün imkanlar genişlənir; şagird üçün fərdi plan tərtib edilir.
Müəllimlər üçün: o, internet-məktəbin tədris materialları üzrə keyfiyyətcə yeni dərs təşkil edib keçir; şagirdləri imtahana səmərəli hazırlayır; onlara fərdi və differensial qaydada yanaşmanı təmin edir; şagirdlərin fəallığını yüksəldir; innovasiya təhsil texnologiyasını mənimsəməklə özünün peşəkarlıq kateqoriyasını yüksəldir.
Valideynlər üçün: övladının ümumtəhsil problemini həll edir; övladının imtahan verəcəyi fənləri dərindən öyrəndiyinə əmin olur; uşağın çətinlik çəkdiyi fənndən ona kömək edə bilir; təlim prosesində iştirak edib övladının uğurlarını izləyir, uşağın problemini müəllimlə distant müzakirə edir.
Sonda məktəbimizin müəllim və şagirdlərinə göstərdikləri qayğıya görə Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, "Nobel-T" MMC-nin rəhbərliyinə təşəkkürümü bildirirəm.
Vahid SƏFİXANOV
Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 7.