2010-cu il Qax üçün
əlamətdar illərdən biri olmuşdur
Qaxda RİH
başçısı yanında şuranın ötən ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezident
Administrasiyasının məsul işçisi
Məhərrəm Quliyev və Milli Məclisin deputatı Azər Kərimli də
iştirak etmişdir.
Məruzə ilə çıxış edən
RİH başçısı Musa Şəkiliyev
hesabat dövrü ərzində
rayonda sosial-iqtisadi
inkişafın təmin olunması üçün
görülən işləri, buraxılmış
nöqsanların aradan
qaldırılması üçün
qarşıda duran vəzifələri təhlil
etmişdir.
M.Şəkiliyev qeyd etmişdir ki, respublikamızda həyata keçirilən sosialyönümlü siyasət nəticəsində digər bölgələrdə olduğu kimi, Qaxda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün genişmiqyaslı işlər görülmüşdür. Hesabat ili ərzində rayonda ümumi daxili məhsul istehsalı 73 milyon manatdan çox olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Əsas kapitaldan investisiyaya yönəldilmiş tikinti-quraşdırma işləri 18.832 min manat olmuşdur ki, bu da əvvəlki ildəkindən 130,1 faiz çoxdur. Ötən illə müqayisədə nəqliyyat və rabitə xidmətləri 115,1 faiz, topdan və pərakəndə satış xidməti 109,8 faiz artmışdır. Sənaye xidmətində bir sıra obyektiv və subyektiv səbəblər ucbatından məhsul istehsalında azalma vardır. Son iki ildə 572-si daimi olmaqla 688 iş yeri açılmışdır. Hesabat dövründə rayonun yerli gəlirləri 2 milyon 868 min manat olmuşdur.
2010-cu ildə rayonda əsas kapitala yönəldilmiş investisiya qoyuluşu ilə aparılan əsaslı tikintidən başqa ümumi həcmi 3 milyon 803 min manat olan əsaslı və cari təmir, abadlıq işləri aparılmışdır. Hesabat dövrü ərzində bir çox sosial və inzibati xarakterli binaların inşasında tikinti işləri sürətləndirilmiş, bir sıra obyektlərdə isə iş başa çatmışdır. Bəzi obyektlərdə tamamlama işləri görülür. Belə ki, ötən il Qax-İlisu, Sarıbaş və Oncallı avtomobil yolları, şəhərin bir çox küçələri asfaltlaşdırılmış, küçə və səkilərdə təmir-bərpa işləri aparılmış, şəhərin işıqlandırma sistemi əsasən müasir tipli avadanlıqlarla əvəz olunmuşdur. Qax sakinlərinin uzun illər həsrətlə gözlədikləri rayon mərkəzini sərhəd kəndi olan Sarıbaşla birləşdirən Hamamçay üzərindəki körpünün inşasında əsas tikinti işləri başa çatmışdır. Kürmük və Alazan çayı hövzələrində sel-sularından mühafizə məqsədilə genişmiqyaslı dəmir-beton bənd işləri həyata keçirilmiş, Qapıçay çayından Güllük kəndinin əkin sahələrinin suvarılması məqsədilə suötürücü stansiyada tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Su kəmərinin çəkilişi ilə Güllük kəndinin suvarma suyuna olan tələbatı tamamilə ödəniləcəkdir. Suvarma sistemlərinin işinin yaxşılaşdırılması üçün bir çox digər genişmiqyaslı tikinti və təmir işləri də həyata keçirilmişdir. Məruzədə həmçinin rayonda hazırda inşası davam edən onlarla sosial və inzibati xarakterli obyektlərdə aparılan tikinti-quraşdırma, təmir-bərpa və abadlıq işlərindən geniş söhbət açılmışdır. Qeyd olunmuşdur ki, başlanmış inşaat işləri 2011-ci ilin ilk günlərindən sürətlə davam etdirilir.
Musa Şəkiliyev daha sonra rayonda sənayenin, kənd təsərrüfatının inkişafı, nəqliyyat və rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən ətraflı söhbət açdı. Qeyd etdi ki, sənayedə yol verilmiş geriliyin aradan qaldırılması üçün mövcud müəssisələrə lazımi dəstək verilməklə onların potensialından səmərəli istifadə edilməli, inşası yekunlaşmaq üzrə olan süd emalı müəssisəsinin cari ildə istifadəyə verilməsi üçün müvafiq tədbirlər görülməlidir. Kənd təsərrüfatında, xüsusilə, heyvandarlıq məhsullarının intensiv yolla inkişafı üçün başlanmış işlər davam etdirilməli, yaxın dövrlərdə mal-qaranın cins tərkibi daha məhsuldar mallar hesabına dəyişdirilməlidir. Bitkiçiliyin, xüsusilə, taxıl istehsalının artımına nail olmaq üçün toxumçuluğa diqqət daha da artırılmalı, aqrotexniki xidmətin səviyyəsi yüksəldilməlidir.
Məruzədə rayonda təhsildə yaranmış ənənənin davam etdirilməsi, səhiyyə xidmətinin daha da yüksəldilməsi, turizmin potensial imkanlarından səmərəli istifadə edilməsi üçün görülən işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı danışıldı.
Məruzə ətrafında çıxış edən Qax bələdiyyəsinin sədri Eyvaz Orucov, RPŞ-nin rəisi, polis polkovniki Bəylər Abbasov, rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vəfa İmamova, fermer Varabion Babacanaşvili, baytarlıq müalicəxanasının baş həkimi Nadir Aşurov, RİH başçısının Almalı İƏD üzrə nümayəndəsi Arzuman Məmmədov ötən hesabat dövrü ərzində təmsil etdikləri kollektivlər tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Yığıncaqda həmçinin Milli Məclisin deputatı Azər Kərimli və Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev də çıxış edərək 2010-cu ildə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirərək cari ildə qarşıda duran vəzifələrdən söhbət açdılar. Yığıncağın sonunda hesabat dövrü ərzində rayonun sosial-iqtisasi inkişafının yüksəldilməsi istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilərək, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün müvafiq qətnamə qəbul olundu. Həmçinin yığıncaq iştirakçıları tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Hesabat məruzəsini və çıxışları dinləyərək belə qərara gəldim ki, son bir il ərzində respublikamızın hər yerində olduğu kimi, Qaxda da rayonun sosial-iqtisadi inkişafı, adamları narahat edən problemlərin həlli, şəhərin və kəndlərin abadlaşdırılması istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Lakin yığıncaqdan qabaq rayonda müşahidə etdiklərim və yığıncaq öncəsi adamlarla apardığım söhbət məndə belə fikir yaratdı ki, ölkəmizin digər bölgələri ilə müqayisədə 2010-cu il Qax üçün daha uğurlu olmuşdur. Burada milli memarlıq üslubunda həyata keçirilən təmir-tikinti, abadlıq işləri daha çox diqqət çəkir. Çünki şəhərdə həyata keçirilən quruculuq işlərində müasir şəhərsalma prinsiplərinə riayət edilir. Ötən il inşa olunan YAP rayon təşkilatının inzibati binası, ekoloji təhlükəsizlik laboratoriyası, "İş mərkəzi", 5 mənzilli kommunal yaşayış binası, avtovağzal binası, dördmərtəbəli və doqquzmərtəbəli yaşayış binaları, çoxsaylı ticarət, turizm və iaşə obyektlərinin və onlarla digər obyektlərin inşasında, yol, küçə və meydanların abadlaşdırılmasında, söz yox ki, müasir memarlıq üslubu da gözlənilmişdir. Bununla yanaşı şəhərin demək olar ki, bütün küçə və meydanlarında milli-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən təmir-bərpa işləri, bu bölgəyə məxsus ecazkar gözəlliyə malik təbiət mənzərələrini daha da zənginləşdirir.
Xüsusilə, şəhərin qədim yaşayış məhəllələrindən olan "İçəri bazar" məhəlləsində, eləcə də digər bölgələrdə, demək olar ki, analoqu olmayan milli memarlıq üslubunda, tarixi keçmişimizin təbliğinə, milli mədəniyyətimizin yaşadılmasına köklənmiş təmir-bərpa işləri aparılır və həmin işlər buraya gələn hər kəsi valeh edir. Burada küçə və ötən əsrin əvvəllərində inşa olunmuş yaşayış binaları, məhəllənin giriş və çıxış darvazaları, mühafizə qalası, demək olar ki, yerli inşaat materiallarından istifadə edilməklə, milli sənətkarlıq üslubunda bərpa olunmuşdur. Məhəllədəki meydanda dahi İmadəddin Nəsiminin abidəsi ucaldılaraq ətraf ərazi abadlaşdırılmışdır. Orada milli bayramlarımızın, şənliklərin keçirilməsi üçün inşa olunmuş yay teatrı da adamı sanki tarixi keçmişimizə səyahətə aparır. "İçəri bazar"da milli sənətkarlığın yaşadılmasına xidmət edən dəmirçi, xalçaçı, dulusçu, xarrat, dülgər sexləri, təndirxana, milli xörəklərimizi nümayiş etdirəcək mətbəx sanki digər təmir-bərpa işləri ilə vəhdət təşkil etməklə, buranın milli irsimizin yaşadılması istiqamətindəki imkanlarını artırır. Artıq "İçəri bazar" abidə kompleksində tamamlama işləri görülməkdədir. Biz obyektdə olarkən orada çalışan bir neçə usta ilə görüşdük, söhbət etdik. Ağac üzərində oyma tətbiqi sənəti üzrə usta Bayram Paşayev həyata keçirilən bu təmir-tikinti işlərinə münasibətini belə ifadə etdi:
- 1996-cı ildə Respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən keçirilən ulu öndərimiz Heydər Əliyevin də açılışında iştirak etdiyi xalq tətbiqi sənət əsərlərindən ibarət I respublika sərgisində iştirakım həyatımda ən yaddaqalan hadisədir. Bu sərgidə iştirak edən biz müəlliflərlə görüşən ümummilli liderimiz Heydər Əliyev xalq tətbiqi sənət növlərinin gənclərə öyrədilməsi, gələcək nəsillərə çatdırılması üçün dəyərli tövsiyələr verdi. Bu görüş gələcək həyatımda, işlərimdə böyük rol oynadı. Respublika sərgisində qalib olmağım, ulu öndərimizin verdiyi məsləhətlər məni bu sənətə daha da bağladı.
Mən fəxr edirəm ki, öz sənətimlə bu gün Qaxda gedən tikinti-quruculuq işlərində iştirak edirəm. Əvvəllər respublikamızın müxtəlif bölgələrində işləmişəm. Lakin xalq tətbiqi sənətinə heç harada bu gün Qaxda olduğu kimi ehtiyac hiss etməmişəm. Son dövrlər Qaxın hər yerində sanki milli sənətkarlıq nümunələrinin yaşadılmasına xidmət edən təmir-bərpa işləri gedir. Biz sənətkarlara da xalq tətbiqi sənət növlərinin yaşadılması, gənclərə öyrədilməsi üçün əlverişli imkan yaradılmışdır. Sevinirəm ki, bu gün Qax şəhərinin qədim məhəllələrindən olan "İçəri bazar" abidə kompleksində aparılan təmir-bərpa işlərində iştirak edirəm.
Qaxın ötənilki yekunları və bu il qarşıda buran vəzifələri barədə qeydlərimi bir sənətkarın sözləri ilə tamamlamağım təsadüfi deyildi. Çünki Bayram Paşayev bu gün Qaxı inkişaf etdirənlərin ümumiləşdirilmiş təmsilçisidir. Bu gün bütün qaxlılar bu gözəl diyarın inkişaf etdirilməsi və gözəlləşdirilməsi ilə fəxr edirlər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 5.