Nəticələr
uğurludur
Ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən
bacarıq və səriştə ilə həyata
keçirilməsi Azərbaycanı iqtisadi və sosial
baxımdan sürətlə inkişaf edən qüdrətli,
sivil bir dövlətə çevirmiş, ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunu artırmışdır.Nazirlər
Kabinetinin 2010-cu ilin yekunlarina və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı çıxışında cənab Prezident
İlham Əliyev bu barədə ətraflı məruzə
ilə çıxış etmişdir. Məruzədə
2010-cu ildə respublikanın sosial-iqtisadi inkişaf sahəsində
əldə etdiyi uğurlar əks etdirilmiş, daxili və
xarici siyasət, ölkənin müdafiə
potensialının artırılması, əhalinin, o cümlədən
məcburi köçkünlərin həyat səviyyəsinin
yaxşılaşdırılması, Dağlıq Qarabağ probleminin
və digər mühüm strateji məsələlərin həlli
istiqamətində həyata keçirilən ardıcıl və
məqsədyönlü tədbirlərdən bəhs
olunmuşdur.
Bununla bağlı Qubadlı Rayon İcra Hakimiyyətində kecirilən hesabat yığıncağında icra başçısı Malik İsaqov ötən il rayonda həyata keçirilən tədbirlərdən ətraflı söhbət açmış, gələcəkdə qarşıda duran vəzifələrdən danışmışdır. O qeyd etmişdir ki, hazırda rayonun 34017 nəfər əhalisi respublikanın 5 şəhər və 42 rayonunda məskunlaşmışdır. Rayonun 31 inzibati vahidində birləşən Qubadlı məcburi köçkünlərinin 21min 603 nəfəri Sumqayıt şəhərində, 11 min 329 nəfəri Bakı şəhərində, 1085 nəfəri 42 kənd rayonundadır.
Rayon icra hakimiyyəti və onun yerli strukturları öz işlərini məcburi köçkünlərimizin pərakəndə məskunlaşma spesifikasına uyğun olaraq qurmuşlar. Yerlərdə əhalimizin üzləşdiyi kommunal, mənzil, sosial, təhsil, səhiyyə və digər problemlərin öyrənilməsi, bu problemlərin aradan qaldırılması, məcburi köçkünlərə xidmət edən idarə, müəssisə və təşkilatların işinin səmərəsinin artırılması, rayon icra hakimiyyəti üçün dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi başlıca məqsəd hesab edilmişdir.
M.İsaqov bildirmişdir ki, Xızı rayonunun Sitalçay qəsəbəsində məcburi köçkünlərimizin üzləşdiyi problemlərin həlli ilə bağlı həyata keçirilmiş davamlı tədbirlər nəticəsində əhalinin kommunal şəraiti, eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun köməkliyi ilə Sumqayıt şəhəri Sarıqaya yaşayış massivində, 2 saylı şəhər xəstəxanasının 5 yardımçı binasında məskunlaşan 12 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılmışdır. Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən 4, 6 və 7 saylı yataqxanalarda dam örtükləri də daxil olmaqla bütün ümumi istifadə sahələri (mətbəxləri, sanitar qovşaqları, dəhlizləri) və 42-ci məhəllə 62 saylı uşaq bağçasının, 76-cı məhəllə 3 saylı peşə liseyinin əsas və yataqxana binasının dam örtükləri əsaslı təmir edilmişdir. Eləcə də beton zavodu ərazisində məcburi köçkünlərin yaşadıqları yeni yaşayış massivinin, 11-ci mikrorayonda məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivinin yollarına asfalt örtüyü döşənmişdir. Köçkünlərin yığcam məskunlaşdığı 24 binanın təmiri üçün Dövlət Qaçqınkoma və 11 icmanın layihələri əsasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna müraciət edilmişdir. Fond tərəfindən həm də İnşaatçılar qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin poliklinika binası, Dondarlı və Xələc kənd orta məktəbləri əsaslı təmir olunmuşdur. Daxili imkanlar hesabına bir neçə məktəb cari təmir olunmuşdur.
2010-cu ildə rayon təhsil şöbəsinə 147 min 250 manatlıq texniki avadanlıq, mərkəzi rayon xəstəxanasına isə 29 min 265 manatlıq tibb avadanlığı alınmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin yerləşdiyi binanın təmiri ilə əlaqədar 17,3 min manat vəsait xərclənmiş, şöbəyə 12 min manatlıq inventar və avadanlıq verilmişdir. Elektron kitabxana sisteminin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
İcra başçısı 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar respublikada vüsət alan yaşıllaşdırma tədbirlərində rayon əhalisinin də fəallıq göstərdiyini bildirdi. Qeyd etdi ki, il ərzində 2824 ağac əkilmiş, onlara aqrotexniki qulluq təmin olunmuşdur. Bu işin cari ildə də davam etdirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Hesabat məruzəsində bildirildi ki, 2011-ci il yanvar ayının birinə olan məlumata görə, rayon əhalisinin sayı 34 min nəfərə çatmışdır. Rayonda fəaliyyət göstərən idarəetmə, səhiyyə, təhsil, mədəniyyət, rabitə, kənd təsərrüfatı və digər təşkilatlarda 4 min 198 nəfər işləyir. Ümumiyyətlə isə, rayonda 10 min 786 iqtisadi fəal əhali vardır. Onların 10 min 564 nəfəri müxtəlif sahələrdə çalışan məşğul əhalidir.Bu hal isə özlüyündə yaxşı göstəricidir.
Respublika Prezidentinin nitqində sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmişdir. Cənab Prezident inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən birinin ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasını vurğulayaraq, Azərbaycanın da bu yolla getməli olduğunu bir daha nəzərə çatdırmışdır. 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə rayon üzrə 132 hüquqi, 1467 fiziki şəxs məşğul olmuş, onların fəaliyyəti nəticəsində büdcəyə 3,2 milyon manat vəsait daxil edilmişdir. Bu, 2009-cu ildəkindən 1,2 milyon manat çoxdur. . Ötən il sosial müavinətlərin vaxtında əhaliyə çatdırılması təmin olunmuşdur. Rayonun qeydiyyatında olan Milli Qəhrəman, şəhid ailələrinə və digər kateqoriyadan olan təqaüdçülərə də dövlət tərəfindən müəyyən olunmuş artımlar hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli sərəncamına uyğun olaraq Böyük Vətən müharibəsi əlillərinə, veteranlarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə çalışmış, medal və ordenlərlə təltif edilmiş şəxslərə 85 min 300 manat birdəfəlik vəsait ödənilmişdir.
2010-cu ildə rayonda 220 ailənin 876 üzvünə 21 min 965 manat ünvanlı sosial yardım təyin edilmişdir. Son 4 ildə ehtiyac meyarının 30 manatdan 85 manata çatdırılması belə ailələrə dövlət qayğısının təzahürüdür.
Ötən il rayon üzrə 31 min 239 nəfər məcburi köçkün statusu olan əhali dövlət tərəfindən təyin olunan yemək xərci müavinatı almış, 31 min 986 nəfərin kommunal xərcləri dövlət tərəfindən ödənilmişdir.
Hesabat məruzəsində təhsil, mədəniyyət və səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər həyata keçirilən tədbirlərdən də bəhs olunmuşdur. Qeyd edilmişdir ki, rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsi də ənənə şəklini almışdır. Rayon mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verildikdən sonra, burada keçirilən tədbirlərin sayı və rəngarəngliyi artmışdır. Ötən ildə Milli Qəhrəman Vasili Əliyevin adını daşıyan rayon mədəniyyət evində, mərkəzi rayon kitabxanasında, Tarix Diyarşunaslıq muzeyində keçirilən tədbirlər daha çox maraqlı olmuşdur. 28 May Respublika gününə, Ailə gününə, kitab bayramına həsr edilmiş tədbirlər kütləviliyi ilə seçilmişdir.
2010-cu ildə səhiyyə sahəsinin maddi bazasının gücləndirilməsi sahəsində də işlər davam etdirilmişdir.Mərkəzi rayon xəstəxanasının göz xəstəliklərinin müalicəsi və fizioterapiya kabinəsi üçün müasir tipli xarici tibbi avadanlıqlar alınması xəstələrin müayinə və müalicəsinin daha səmərəli aparılmasına imkan yaratmışdır. Bu gün əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, yaradılmış potensialdan tam səmərə ilə istifadə edilməsi mərkəzi rayon xəstəxanası rəhbərliyinin əsas vəzifəsi olmalıdır.
Rayon idmançıları respublikada keçirilən 19 müxtəlif idman yarışlarında, 5 idmançımız beynəlxalq yarışlarda iştirak etmişdir. 2010-cu ildə 24 idmançı respublika çempionatının qalibi olmuşdur. Bu göstəricilər ümumiyyətlə özünün idman bazası zəif olan məcburi köçkün rayonu üçün pis nəticə deyildir.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin təbliği üçün rayonda 38 təbliğat qrupu yaradılmış, onların qarşısına qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir. Ulu öndər Heydər Əliyev irsinin təbliği və öyrənilməsi məqsədilə rayon mədəniyyət və turizm şöbəsində xüsusi mərkəz yaradılmışdır.
Müxtəlif siyasi partiyaların və ictimai qurumların rayon təşkilatları ilə ardıcıl iş aparılır və onların fəaliyyəti üçün qanun çərçivəsində şərait yaradılır. İl ərzində rayonda 8 siyasi partiyanın, 11 ictimai təşkilatın yerli şöbələri, 16 icma fəaliyyət göstərmişdir.
Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatı rayonun ictimai-siyasi həyatında mühüm rol oynayır. Hazırda rayon üzrə YAP üzvlərinin sayı 2 min 749 nəfərdir.2010-cu ildə rayonda bütün rəsmi dövlət tədbirləri YAP Qubadlı rayon təşkilatı ilə birlikdə yüksək səviyyədə təşkil edilmişdir. Ümumiyyətlə, rayonda il ərzində respublika və rayon əhəmiyyətli 69 tədbir həyata keçirilmişdir.
Məcburi köçkünlərin problemləri ilə bağlı məsələlər vaxtaşırı müzakirə olunub, öz həllini tapmışdır.
Ərizə, şikayət və müraciətlərin dinamikasının təhlili göstərir ki, yazılı müraciətlərin və şifahi qəbula gələnlərin sayı əvvəlki illə müqayısədə xeyli azalmışdır. Qaldırılan məsələlərin 96 faizdən çoxu yerindəcə operativ həll olunmuş, həlli vaxt tələb edən, yaxud respublika təşkilatlarından asılı olan məsələlər ümumiləşdirilərək aidiyyəti orqanlar qarşısında qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yığıncağında bürokratik əngəllərin aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasını, ictimai nəzarətin gücləndirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.Yığıncaqdan dərhal sonra ölkə başçısının verdiyi tapşırıq əsasında bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu məsələ daim icra hakimiyyətinin diqqət mərkəzindədir. Korrupsiyaya qarşı tədbirlər həyata keçirərkən rüşvətxorluq və korrupsiya yaradan səbəbləri, mənfi halları doğuran mühiti aradan qaldırmağa çalışdıq.
Kadrlarla iş rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu sahədə iş Dövlət Qulluğu haqqında Qanunun tələblərinə uyğun olaraq aparılır. Hazırda rayon üzrə 232 nəfər dövlət qulluğu vəzifəsində çalışır. İl ərzində 8 nəfərə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 3 nəfər isə dövlət qulluğunda işə qəbul olunmuşdur.
Natiq qeyd etdi ki, cari ildə qüvvələrimizi problemlərin aradan qaldırılmasına yönəldəcək, öz fəaliyyətimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun şəkildə quracağıq. 2011-ci ildə qubadlılar qarşıya qoyulmuş vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəklər.
Sonra çıxış edənlər ötən ilin uğurlu sosial-iqtisadi yekunlarından və qarşıda duran vəzifələrdən danışdılar. Müxtəlif rayonlardan olan məcburi köçkünlər çıxış edərək mənzil, yol problemləri ilə bağlı təkliflərini verdilər. İclasda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev və Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak edirdilər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 5.