Daxili sabitlik nəzarətdədir
SSRİ
süqut etdikdən sonra dağılan ittifaqdan miras
qalmış polis sistemi köhnə tərkiblə müstəqil
bir dövlətin strukturuna transformasiya olundu. Vahid kommunist
ideologiyasından sonra çoxpartiyalı bir cəmiyyətin təhlükəsizliyini
təmin etməli olan polis orqanlarında da demokratik
islahatların keçirilməsi zərurətə, daha
obrazlı ifadə etsək, zamanın tələbinə
çevrildi. Bu islahatlar ilk əvvəl polis
strukturlarının hüquqi dövlətin prinsiplərinə
uyğun formalaşmasından, polisin fəaliyyətini tənzimləyən
normativ bazanın yaradılmasından və polisin hərbə
əsaslanmış, daha dəqiq desək, güc strukturu
institutundan, xalqın təhlükəsizliyini təmin etməli
olan xidmət orqanı institutuna - polisiyaya transformasiya
olunmasından başlamalı idi.
İslahatların keçirilməsində əsas məqsəd peşəkarlardan ibarət bir sistem yaratmaq, vətəndaşların təhlükəsizliyini təmin edən və qanunların tələbinə müvafiq fəaliyyətini tənzimləyən institutun inkişaf etdirilməsi idi.
Ölkədə həyata keçirilən demokratik islahatlar ilk öncə ictimai nəzarət funksiyasını icra edən KİV-lərə tətbiq edilən senzuranın ləğv edilməsi, söz və fikir azadlığına meydan verilməsi, siyasi plüralizmin inkişafına zəmin yaratmaq, hakimiyyət bölgüsünün reallaşması ilə səciyyələnən addımlardan başladı. Cinayət qanunvericiliyində humanistlik və ədalətə söykənən dəyişikliklərin edilməsi də demokratik islahatların davamı idi..
İslahatların ilk mərhələsi təhsil, səhiyyə, vergi və mühüm əhəmiyyət kəsb edən ədalət mühakiməsindəki pozitiv dəyişikliklərlə yadda qaldı.
Sonrakı mərhələlərdə bütün orqanlarda olduğu kimi, polis orqanlarında da peşəkarlıq cəhətlərinə üstünlük verildi. Ölkənin kriminoloji statistikasında yeni cinayətlər - mütəşəkkil, korrupsiya və insan alveri cinayətlərinə qarşı mübarizəni gücləndirmək üçün cinayət qanunvericiliyinə vaxtı çatmış dəyişikliklər və əlavələr edilməklə ağır cinayətlərə qarşı mübarizənin effektli, çevik və peşəkarcasına həyata keçirilməsinə geniş imkanlar yarandı. Bu gün həmin mübarizənin nəticəsi göz qabağındadır.
2010-cu il ərzində cinayətkarlığın dinamikası insan alveri ilə bağlı cinayətlərinin 30,9 faizi, qaçaqmalçılıq cinayətlərinin 19,1 faizi , hədə-qorxu ilə tələb etmə cinayətlərinin 7,7 faizi, quldurluq cinayətlərinin 6,5 faizi, ağır və xüsusilə ağır cinayətlərinin 6,0 faizi azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.
Mübarizənin təhlilindən görünür ki, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarında çalışanların məsuliyyəti artmış, beynəlxalq qurumlarla, ekstradisiya məsələlərində sazişlər səmərə vermiş, insan hüquqlarına hörmət etmək, ekstremal şəraitlərdə müvazinəti qoruyub saxlamaq, insanlarla nəzakətli davranmaq kimi etik prinsiplərə bacardıqca (bəzən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hüquqpozmalara zəruri müdaifə həddi daxilində yol verilir) riayət etmək halları artmışdır.
Polis orqanlarında həyata keçirilən islahatların əsas rüşeymini isə polisin tərəddüd etmədən siyasətdən kənar fəaliyyət göstərməsindən ibarət olub. Keçmiş sovet məkanında milis orqanlarına qəbul zamanı kommunist partiyasının üzvü olanlara daha çox üstünlük verilirdisə, müstəqil dövlətimizin mərhələli islahatları polisə siyasətlə məşğul olmağı qanunla yasaq etdi.
Bu gün polisin hakim partiyanın sifarişi ilə işləməsinə də eyham vurulur. Müasir polis hakim partiyanın - komandanın cinayətkarlıqla mübarizə kursunu, cəmiyyətin - ictimai asayişin mühafizəsi ilə bağlı "sifarişini yerinə yetirir" - desək daha düzgün olardı. Hakimiyyətin hansı partiyadan formalaşmasından asılı olmayaraq polis belə davranmalıdır.
Müstəqillik dönəmindən başlayaraq baş vermiş cinayətlərin ümumi sayı artımla müşahidə edildi. Cinayətlərin inkubasiya (yetişən gizli dövrü) şəraiti zərərsizləşdirilməklə belə əməllərin qeydiyyatdan gizlədilməsi halları aradan qaldırılırdı. Lakin cinayətlərin sayı artsa da, onların açılması və cinayətkarların zərərsizləşdirilməsi polisin peşəkarlığından, habelə cəmiyyətdə baş verən hadisələr barədə məlumatlılığından xəbər verirdi. Müstəqil dövlətin müstəqil polisinin bir üstün cəhəti də ondan ibarət idi ki, DİN-in rəhbərliyi kadr siyasətində kommunist rejimindən qalmış "partnomenklatur"a əməkdaşlarının peşəkarlıqlarını və onların qüsursuz xidmətini nəzərə alıb xidmətlərinə xitam verilmədi, siyasətə meyililik hallarına qarşı ciddi mübarizə aparılırdı.
Dövlət müstəqilliyimizn ilk illərində kriminogen durum gərginliklər, həyəcan və emosiyalara qapılmaq hissləri ilə yadda qalsa da, sonrakı dövrlərdə mütəşəkkil cinayətkarlığın kökləri şaxələnməyə başladı. Ədalət naminə qeyd etmək lazımdır ki, həyata keçirilən mübarizə siyasəti vəziyyəti nəzarətə götürə bildi. İndi artıq ölkədə daxili sabitlik hamını qane edən ritmik ahəngdədir.
Cinayətkarlıqla mübarizədə ölkədaxili qanunvericilik bazası, ictimaiyyətlə polisin ümumi maraq uğrunda tədricən bir araya gələ bilmək səyi, habelə Avropa Konvensiyalarının ölkəmiz tərəfindən reallaşdırılması təsir etmiş oldu. Hadisə yerlərinin vaxtında, isti izlərlə müayinəsi, baş vermiş və yaxud törədilə biləcək ağır hadisələrin qarşısını almaq məqsədilə 102 telefon xidmətinə daxil olmuş məlumatların yoxlanılmasına çevik reaksiyalar, maddi sübutların əhəmiyyətli dərəcədə qiymətləndirilməsi, məsuliyyətə cəlb olunmuş müqəssirlər ətrafında kəşfiyyat xarakterli məlumatların toplanması, onların şəxsiyyətlərinin öyrənilməsi, cinayətlərin qurbanlarına hüquqi yardımların göstərilməsi, maddi sübutların indentifikasiyası, ən nəhayət baş vermiş cinayətlərin səbəb və şəraitinin öyrənilməsi DİN-in fəaliyyət istiqamətlərinin ana xəttini təşkil etdiyindən qeyd olunan mühüm məsələ asayişin təmin olunması və cinayətlərin qarşısını almaq baxımından həmişə rəhbərliyin nəzarətində olmuşdur. Verilən əməliyyat tapşırıqları cinayətlərin açılmasında və cinayətin subyektlərinin axtarışında öz töhfəsini verə bilmişdir.
Yenə statistikaya müraciət edək. 2010-cu il ərzində 14232 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 11873-ü (83,4 faiz) işləməyən və oxumayan, 1565-i (11 faiz) qadın, 1641-i (11,5 faiz) əvvəllər məhkum edilmiş, 343-ü (2,4 faiz) yetkinlik yaşına çatmayanlar olmuşdur.
Qanunvericilik, icraedici, inzibati və digər səviyyələrdə, hüquq-mühafizə orqanlarının birgə, vahid bir kursla həyata keçirdikləri tədbirlər cinayətkarlığa qarşı mübarizədə gözlənilən nəticəni verir. Bunun mühüm səbəblərindən biri də polisin cəmiyyətə xidmət etmək və neqativ hadisələrin qarşısını almaq üçün müvafiq bacarıqlara malik olmasından irəli gəlir. Polisin nəyə cavabdehlik və nəyə görə məsuliyyət daşıması bu sistemi siyasi instituta çevrilməkdən (mühafizə) çəkindirə bildi. Məhz belə mexanizm polis əməkdaşlarını bütün imkanları səfərbər edib yalnız və yalnız bir istiqamətdə - cinayətkarlıqla mübarizəyə sərf etməsinə kömək etdi. Bu mühüm cəhət DİN kollegiyasının həmişə nəzarətində olmuşdur.
Qeyd olunan uğurlarla yanaşı DİO-da bəzi
əməkdaşların qeyri-etik davranışlarına,
sui-istifadə hallarına, bəzən də müəyyən
şəraitlərdə müvazinətlərini saxlaya bilmədiklərinə
də rast gəlinir. Amma
polisin yarandığı tarixdən belə hallar olmuş, var
və olacaq. Çünki polis əməkdaşlarından cəmiyyətin
gözləmədiyi belə qeyri-etik hallar baş vermiş
hadisələrin ağırlıq dərəcəsindən və
hadisələrin mürəkkəbliyindən doğan səbirsizliklərin
məhsulu kimi meydana çıxır. Və yaxud təhlükəli
əməllərin lokallaşdırılması zamanı
polisin qeyri-etik addımlar atması bəzən də zərurətdən,
səbəbli əlaqədən yaranır. Amma DİN-də
belə sui-istifadələrin araşdırılması və
polis əməkdaşlarının qeyri-qanuni hərəkətləri
ilə bağlı daxil olmuş şikayətlərin təhqiqatı
üçün xüsusi idarələr fəaliyyət
göstərir. Faktlar obyektiv və qərəzsiz təhqiq
edildikdən sonra rəhbərliyə məruzə olunmaqla qiymət
verilir. Orqandan xaric olunanlar, inzibati qaydada tənbeh edilənlər,
hətta hüquqi qiymət verilməsi üçün
materialların prokurorluq orqanlarına göndərilməsi
halları da var. Bu, DİN rəhbərliyinin vətəndaşların
ərizə və şikayətlərinə olan münasibətinin
və qayğısının canlı təcəssümüdür.
Polisin fəaliyyəti ilə bağlı QHT-lərdən və
ictimaiyyətin üzvlərindən daxil olan məlumatların
DİN-ə ötürülməsi həm korrupsiya
hallarının qarşısının alınmasına, həm
də cinayətkarlıqla mübarziəyə yönələn
xəbərdarlıq və profilaktik tədbirlərin
davamıdır.
Cinayətkarlıqla
mübarizənin səmərəsinə təsir edən
faktorlardan biri də ATƏT-in Bakı ofisinin "Cəmiyyət
dəstəkli polis" layihəsinin DİN-lə birlikdə
həyata keçirilməsidir. Mingəçevir Şəhər
Polis Şöbəsinin şəxsi heyətinin, şəhər
ictimaiyyətinin və ATƏT-in nümayəndələrinin
iştirakı ilə Bakı şəhərində 10-11 iyun
2010-cu ildə başlanan Birinci Beynəlxalq Yekun Konfransı
regionda ictimai asayişin təmin edilməsinə istiqamətlənən
davamlı layihə kimi yadda qaldı. Belə tədbirlərin
Avropanın nüfuzlu bir təşkilatının maliyyə dəstəyi
ilə həyata keçirilməsi polisin öz fəaliyyətini
hamılıqla qəbul edilmiş demokratik prinsiplərə
uyğun qurulmasının aşkar təzahürü kimi qiymətləndirmək
olar. Mingəçevir, Gəncə, Lənkəran, Quba,
Şabran, Bakı şəhərinin Nərimanov və digər
şəhər polisi konfransın təşkilatçıları
tərəfindən yüksək qiymətləndirildi. Bu həm
də, Azərbaycan polisinin cinayətkarlıqla mübarizədəki
işinə verilən qiymət idi. Beynəlxalq konfransda Daxili
İşlər Nazirinin müavini, general-leytenant Oruc Zalovun
cinayətkarlıqla mübarizədə həyata keçirilən
tədbirlər ətrafında diqqətçəkən və
düşünməyə əsas verən lakonik
çıxışı da maraqla dinlənildi.
Müstəqil
dövlətimizin polisinin cinayətkarlıqla mübarizə vəziyyətinin
müəyyən dövrləri əhatə edən hesabat
şəkilli informasiyasının internet saytında yerləşdirilməsi
isə ictimaiyyətin KİV vasitəsilə müntəzəm
olaraq məlumatlamdırılması deməkdir.
"Polis
haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Avropa standartlarına uyğun formatda qəbul
edilən qanunlar polisin şəxsi heyətinə öz şərəfli
və çətin rolunu yerinə yetirmək
üçün yeni demokratik bir meydan açdı. Bu qanunlar
sözün həqiqi mənasında polis sisteminin demokratikləşdirilməsinə
istiqamətlənən bir yol idi. Sistemin demokratikləşdirilməsi
ilə bağlı digər cəhət polis orqanlarında
etnik təbəqələrdən və digər millətlərdən
olanların çalışmasıdır. Artıq
qadınların da say tərkibi şəxsi heyətin
attestasiya olunan kadrları sırasında yetərincədir.
Polis Akademiyasında qızların müdavim qismində təhsil
alması da xoş ovqatla qəbul edilir. Bu, islahatların əyani
şəkildə davamıdır.
Həyata
keçirilən islahatların hər biri keyfiyyətinə və
cəmiyyət tərəfindən qəbuletmə əhatəsinə
görə polisin insan hüquq və azadlıqlarına
yönələn kursun müsbət dəyərinin nəticəsidir
və xüsusi önəm kəsb edir.
2010-cu ildə
daxili işlər orqanları tərəfindən qanunsuz
dövriyyədən 659 kiloqramdan artıq narkotik vasitə
götürülmüş, 94 kiloqramdan artıq narkotik vasitənin
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin
qarşısı alınmışdır.
Narkotiklərlə
bağlı cinayətlərə görə məsuliyyətə
cəlb olunmuş 2602 nəfərdən 2397-i (92,1 faiz) əmək
qabiliyyətli işləməyən və oxumayan, 578-i (22,2
faiz) əvvəllər cinayət törətmiş şəxs,
60-ı (2,3 faiz) qadın, 2-i (0,1 faiz) yetkinlik yaşına
çatmayanlardır.
Görülmüş
tədbirlər nəticəsində keçmiş illərdən
bağlı qalmış 296, o cümlədən 65
ağır və xüsusilə ağır cinayətin
açılması təmin edilmişdir.
İlk
illər polis sisteminin depolitizasiya edilməsi istiqamətindəki
islahatlar ləng həyata keçirildiyindən bu iş cinayətkarlıqla
mübarizə işinə də təsirsiz
ötüşmürdü. Cinayətkar dəstələr də
belə fürsətdən istifadə edir, onların təhlükəli
əməlləri üçün maneəsiz zəmin
yaranırdı. Hazırda belə hallara sipər çəkilib.
Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax və Lənkəran
şəhərlərinin, habelə Bakı polisi bu gün bəd
niyyətlərin baş tutması üçün
formalaşan və yaxud formalaşmaq istəyən qrupların
yolları əməliyyat heyətinin gücü ilə
qapanıb və bütün bunlar əmək qanunvericiliyinə
sığmayan qrafikdə çalışan polisin gərgin
xidmətinin bəhrəsidir, desək səhv etmərik.
Polisin fəaliyyətinin
gərginliyi, sıx qrafikdə işləməsi, bəzən
xidməti mədəniyyətlərində müəyyən əyintilərin
meydana çıxmasına və bu sistem haqqında yersiz
söz-söhbətə meydan verir. Amma xidmətin, cəmiyyətin
sezə bilmədiyi elə çətinlikləri və
mürəkkəb gedişləri olur ki, belə hallarda
zorakılıqlardan istifadə edilməsi mübahisəsiz
olur. Bütün bunlara baxmayaraq, polis hətta ekstremal şəraitlərdə
və cinayətkarlıqla mübarizənin
çıxılmaz vəziyyətlərində belə kobud rəftardan
çəkinməlidir. Qeyd olunan çatışmazlıqlar
və pozuntular bütün ölkələrin polis sistemində
mövcuddur.
Güman
edirəm ki, ölkənin bütün sferalarında həyata
keçirilən islahatlar son nəticədə vətəndaşların
narahatlığına və müzakirə obyektinə
çevrilən belə halların aradan qaldırılması
üçündür. Ona görə də, heç kim vətəndaşlıq
vəzifələrindən doğan borclarına arxa
çevirməməlidir.
Şəmsəddin ƏLİYEV,
"Polisə Dəstək"
İB-nin sədri
Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 4.