Azərbaycan dövləti uğurlarla kifayətlənmir, daha böyük məqsədləri hədəf seçir

 

İqtisadi inkişafa və sosial tərəqqiyə mane olan bütün hallar aradan qaldırılır

 

Ölkəmizin son yeddi ildə qazandığı uğur və nailiyyətlər dünya ictimaiyyəti tərəfindən dövri olaraq yüksək qiymətləndirildikcə bəzi adamlarda məmnunluqdan doğan arxayınçılıq hissləri özünü göstərir. Hətta, "biz artıq arzu etdiyimiz sosial-iqtisadi inkişafa nail olmuşuq" - deyə arxayınçılığı dilə gətirənlər də var. Ancaq Prezident İlham Əliyevin fikrincə, Azərbaycan dövlətinin potensialı və xalqımızın iradəsi elə bir səviyyədədir ki, biz indikindən üç qat, beş qat artıq nailiyyətlərə imza ata bilərik. Özü də cəmiyyət həyatının bütün sahələrində.

 

Əsaslı arqumentdir. Çünki biz cəmi 20 ildə demək olar ki, heç bir əsaslı təməl olmadan bu qədər tərəqqiyə nail olmuşuqsa, indi növbəti 10 ildə, 20 ildə əvvəlki 20 ilin təcrübəsi və yaradılmış sosial-iqtisadi baza üzərində daha böyük uğurlara nail ola bilərik. Bu, şəksizdir. Üstəlik, müstəqilliyimizin ilk illəri ölkədə hakimiyyət uğrunda gedən mübarizələrlə və xarici müdaxilə ilə müşayiət olunmuş, 93-cü ilin payızından sonra uzun müddət dövlətin və cəmiyyətin yaralarının sağaldılması kimi ağır bir prosesi yerinə yetirmişik. Bütün bunlarla yanaşı, bu gün Azərbaycan gənc müstəqil dövlətlər sırasında lider ölkəyə, dünya miqyasında isə bir neçə cəhətdən öncül ölkələrdən birinə çevrilmişdir.

Müstəqil Dövlətlər Birliyini təmsil edən ölkələrin ekspertlərinin fikrincə, Azərbaycanın yeritdiyi daxili siyasətin ən müsbət cəhəti odur ki, bu ölkədə paytaxtla yanaşı bütün regionların bərabər şəkildə inkişafına nail olunmuşdur. Məhz həmin düşünülmüş siyasətin nəticəsi olaraq başqa ölkələr beynəlxalq maliyyə böhranından zərər çəkəndə Azərbaycan qismən də olsa iqtisadi artıma nail olurdu. Sərhəd rayonlarının daha böyük sürətlə inkişaf etdirilməsi isə daxili siyasətlə bərabər xarici siyasət baxımından da böyük əhəmiyyət kəsb edir. Çünki qonşu ölkələrin təmsilçiləri Azərbaycanın şəhər və rayonlarının inkişafı ilə öz şəhər və rayonlarının vəziyyətini müqayisə edir, kimin hansı səviyyədə yaşadığının fərqinə varırlar.

Bu gün təkcə Qafqazda deyil, ümumiyyətlə, postsovet məkanının əksər ölkələrində energetika sektoru kifayət qədər problemlər yaşayır. Azərbaycanda isə bu sahədə əldə edilmiş uğurlar dövlətin maliyyə imkanlarını artırır, dünyadakı mövqelərimizi möhkəmləndirir. Prezident İlham Əliyev bu nailiyyətlərin hələ qaneedici olmadığı fikrindədir: "Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli, daha da böyük işlər görməli, iqtisadiyyatımızı, sosial siyasəti daha da gücləndirməliyik".

Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması üçün özəl sektorun inkişafını daim dəstəkləyir, sahibkarlığın inkişafına dövlət qayğısını durmadan artırır. Sahibkarların ölkə daxilindəki fəaliyyətini yüksək qiymətləndirən Prezident indi azərbaycanlı iş adamlarının beynəlxalq bazarlara çıxmasının qayğısına qalır: "Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülür. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır".

Eynilə ulu öndər Heydər Əliyevin siyasi prinsipləridir. Ümummilli lider həm ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə, həm də 1993-2003-cü illərdə idarə, müəssisə və təşkilatlarda işin gedişinə maneçilik törədən bütün halların, o cümlədən əsassız yoxlamaların qarşısını almağa nail olmuşdu. Müəyyən qurumlarda qanunsuz yoxlama aparanlar hətta dövlət orqanları tərəfindən cəzalandırılırdı. Bu isə rüşvətxorluq və korrupsiyanın aradan qaldırılmasına mühüm zəmin yaratmış olurdu. Prezident İlham Əliyev də bu istiqamətdə həyata keçirilən tədbirləri xalqın daha yaxşı yaşaması, ölkənin daha da müasirləşdirilməsi və respublikamızın iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması üçün reallaşdırır.

"Mən öz işimdə Azərbaycan xalqına arxalanıram, hər bir vətəndaş yaxşı yaşamalı, problemlər həll olunmalı və Azərbaycan dünya miqyasında daha güclü mövqe əldə etməlidir" - deyən Prezident İlham Əliyev əslində bu məqsədə nail olmuşdur. Ancaq yaradıcı və qurucu liderlərin dünya təcrübəsindən gördüyümüz kimi həmin şəxslərin heç biri xalq naminə, dövlət naminə əldə etdikləri nailiyyətlərlə kifayətlənmir, inkişafın yeni perspektivləri barədə düşünürlər. Yeni perspektivlər haqqında düşünən Azərbaycan dövləti öz fəaliyyətini planlar əsasında qurur, hər bir rayonun, şəhərin, bölgənin və ayrı-ayrı sahələrin inkişafı üçün xüsusi proqram tərtib olunur və icra edilir. Bunun üçün isə təkcə dövlətin və dövlət başçısının qətiyyət göstərməsi kifayət deyil. Bunun üçün bütövlükdə xalqın iradəsi gərəkdir. Dövlət başçımız ölkənin qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayon ictimaiyyəti ilə görüşərkən həmin məsələyə xüsusi önəm vermişdir: "Bütün ictimaiyyət, vətəndaşlar bir olmalı, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması, iqtisadiyyatın daha da gücləndirilməsi məqsədinə xidmət etməlidir".

Yeri gəlmişkən dövlət başçımız regionlara sonuncu səfəri çərçivəsində ölkənin ümumi inkişafına mane olan rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün də xüsusi tapşırıq və tövsiyələr vermişdi: "Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır".

Politoloqların fikrincə, bu çağırış ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr vermiş olacaqdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 16 fevral.- S. 3.