Goranboy: hədəflər
aydın, inkişaf davamlıdır
Goranboy Rayon İcra Hakimiyyəti
Başçısı yanında Şuranın geniş
iclasında 2010-cu ilin yekunları barədə hesabat dinlənildi,
cari ildə qarşıda duran vəzifələr müzakirə
olundu. Məruzə və çıxışlarda bildirildi ki,
keçən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə
edilmiş uğurlar Goranboy rayonu üçün də səciyyəvi
olmuşdur. Toplantıda Nazirlər Kabinetinin ötən ilin
yekunlarına həsr olunmuş yığıncağında
Prezident İlham Əliyevin bölgələrin
qarşısında qoyduğu vəzifələr aydın fəaliyyət
proqramı kimi bir daha nəzərdən keçirildi, konkret tədbirlər
müəyyənləşdirildi.
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin hesabat məruzəsində və müzakirələrdə səslənmiş başlıca məqamları oxucuların diqqətinə çatdırırıq. Məruzədə göstərildi ki, ötən illərdə olduğu kimi, 2010-cu ildə də goranboylular Prezident İlham Əliyevin iqtisadi islahatlar strategiyasını və qarşıya qoyduğu vəzifələri rəhbər tutmuşlar. Bütün imkan və qüvvələr səfərbərliyə alınmaqla tikinti, abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Müasir tikinti meyarları əsasında, yüksək estetik zövqlə görülən, vətəndaşlarda razılıq və minnətdarlıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri rayon mərkəzinin və digər yaşayış məntəqələrinin simasını əsaslı şəkildə dəyişdirmişdir.
2010-cu ildə rayonun iqtisadi, sosial-mədəni inkişafı istiqamətində həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olmuşdur. Mövcud potensialın, əmək ehtiyatlarının və digər resurslarının sosial tərəqqi yönümündə işə salınması, eləcə də rayonun sosial-iqtisadi inkişafı planının dəqiq icrası həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə uğurlu sayıla bilər.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Goranboy rayonu üzrə 13 tədbirin icrası nəzərdə tutulmuşdur. Ötən il Qızılhacılı qəsəbəsində sahə baytarlıq məntəqəsi tikilib istifadəyə verilmişdir. Aşağı Ağcakənd qəsəbəsi, Börü, Şəfəq, Qaraçinar kəndlərində elektrik təsərrüfatı SİB kabellə yenidən qurulmuş, SMART kart tipli sayğaclar qoyulmuşdur. Yevlax-Gəncə avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin tikintisi başa çatmaq üzrədir.
"Goranboy Sərbəst Dağ Mədən" gips emalı, "Emil Müşfiqoğlu" MMC kənd təsərrüfatı məhsulları istehsalı, habelə 4 tikinti, 5 ticarət və xidmət müəssisəsi, fiziki şəxslər tərəfindən isə 230 ticarət, xidmət və kənd təsərrüfatı obyekti işə salınmışdır. Son yeddi ildə həyata keçirilmiş bu və ya digər tədbirlər hesabına 13914 iş yeri açılmışdır ki, bunun da 5365-i daimi iş yerləridir. 2010-cu ildə isə bu rəqəmlər müvafiq olaraq 1560 və 317 olmuşdur.
Heç şübhəsiz ki, bütün bunlar əhalinin məşğulluğunun və maddi durumunun yüksəlişinə zəmin yaratmışdır. Ötən il əhalinin gəlirləri 176,6 milyon manat (əvvəlki illə müqayisədə 4,8 milyon manat çox), xərcləri isə 167,8 milyon manat olmuşdur. Adambaşına düşən gəlir 2009-cu ilə nisbətdə 45 manat artaraq 1820,6 manat, orta aylıq əmək haqqı isə 185,5 manat təşkil etmişdir. Həmin dövrdə əhaliyə 21 milyon manat həcmində pullu xidmət göstərilmişdir. Adambaşına düşən xidmət isə 216,4 manat təşkil etmişdir.
Rayonda sənaye istehsalı, aqrar bölmədə məhsul istehsalı və emalı sahəsində ehtiyatlar çoxdur. Onları maksimum hərəkətə gətirməklə yeni müəssisələr, iş yerləri açılacaq. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir.
Ötən il ümumi məhsul buraxılışının həcmi 6,8 milyon manat artaraq 184,5 milyon manata çatmış, sənaye məhsulunun ümumi həcmi 7,4 milyon manat təşkil etmişdir. Hazırda rayonda 24 sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan 3-ü mədənçıxarma, 9-u emal, 1-i qida məhsullarının istehsalı ilə məşğuldur. 11-i isə digər istehsal sahələridir.
Kənd təsərrüfatı sahəsində əhali tərəfindən ümumilikdə 56,3 milyon manatlıq, o cümlədən 32,8 milyon manat bitkiçilik, 23,5 milyon manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir. Bütövlükdə, aqrar bölmədə məhsul istehsalı əvvəlki ilə nisbətdə 3,9 milyon manat çox olmuşdur. Hazırda rayonda tutumu 2000 ton olan soyuducu anbarın tikintisi aparılır. İş yaxın vaxtlarda başa çatacaqdır. Burada məhsul itkisinin qarşısının alınmasına, onun ilboyu satışına, nəticə etibarı ilə əhalinin pul gəlirinin artmasına zəmin yaradacaqdır.
İl ərzində Goranboy şəhərinin 9 küçəsinə 4,7 kilometr asfalt örtük salınmış, Goran və Qızılhacılı qəsəbələri, habelə Şahməmmədli kəndi istiqamətlərində müasir üslubda giriş qapıları inşa edilmişdir. Heydər Əliyev prospektində, V.Bayramov, C.Cabbarlı, S.Civəzadə küçələrində 7900 metr (dəyəri 71 min 100 manat) uzunluğunda bardür qoyulmuş, Civəzadə, V.Bayramov və C.Cabbarlı küçələrində 2700 kvadratmetr (dəyəri 58 min 600 manat) səki yenidən tikilmişdir. Vüqar Bayramov küçəsi müasir üslubda yenidən qurularaq ikitərəfli hərəkət təmin edilmiş, 2 yolun arasında yaşıllıq zolağı salınmış, müasir formada işıqlanma sistemi qurulmuşdur.
Hazırda YAP rayon təşkilatı üçün müasir üslubda inzibati binanın, şəhər avtovağzalının, habelə şahmat məktəbinin tikintisi aparılır. Bütövlükdə ötən il ayrı-ayrı mənbələr hesabına 80 milyon 357 min manat dəyərində tikinti-quruculuq işləri aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 9,9 milyon manat çoxdur. O cümlədən əsas kapitala yönəldilən investisiya vəsaiti 68,3 milyon manat olmuş, yerli büdcə vəsaiti hesabına 698 min manat, digər mənbələr hesabına isə 11,4 milyon manatlıq iş görülmüşdür.
"Ekologiya ili" çərçivəsində rayonda xeyli işlər görülmüşdür. 105 mindən çox ağac və gül kolları əkilmiş, 8700 kvadratmetr yaşıllıq zolağı salınmışdır.Goranboy şəhərində şitillik sahəsi genişləndirilmişdir. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 250 hektar sahədə süni meşəliklər salmış, təbii bərpa tədbirləri görmüşdür. 0,6 hektar tinglik sahəsində səpin aparılmışdır. Ümumxalq hərəkatına çevrilmiş ağacəkmə kompaniyası bu il də davam etdirilir. Artıq 6 mindən çox ağac və gül kolları əkilmişdir. Mövsümün sonunadək bu rəqəm 35 minə çatdırılacaqdır.
Məruzəçi bildirdi ki, Prezident İlham Əliyev 2011-ci ili "Turizm ili" elan etmişdir. Bu sahənin perspektivi nəzərə alınaraq rayonda turizm obyektlərinin və istirahət mərkəzlərinin tikintisi üçün 37 hektar sahə ayrılmışdır. "Goranboy" toponomik arxeoloji bələdçi bukleti çap edilmişdir. Ötən il Aşağı Ağcakənd ərazisində fəaliyyət göstərən 2 turist-istirahət mərkəzi 3800-dən çox şəxsə xidmət göstərmişdir. Turizmin inkişafı üçün böyük imkanlar, turizm marşrutlarına daxil ediləsi tarixi abidələr və yerlər çoxdur. Rayonda və kənarda yaşayan iş adamları turizmin inkişafı üçün mövcud imkanları nəzərə alaraq bu sahəyə sərmayə qoya bilərlər.
Rayonun bəzi ərazilərində icra və bələdiyyə orqanları yerli icmalar və donor təşkilatlarla iş sahəsində müsbət təcrübə qazanıb. Son illərdə Eyvazlılar, Todan, Qaradağlı, Borsunlu, Nadirkənd, Sarov, Baxçakürd, Quşçular kəndlərində görülmüş işlər buna sübutdur.
Hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında rayon sahibkarları da iştirak etmiş, 12 adda 140,4 ton məhsul satmışlar.
Ötən il rayon üzrə 1767 nəfərə ünvanlı sosial yardım təyin olunaraq ödənilmişdir. Bu da əvvəlki ilə nisbətdə 102 nəfər çoxdur. Həmçinin il ərzində aztəminatlı ailələrə 74 min manatlıq yardım edilmişdir. Bu il əlil və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Fəxralı və Sarovlu kəndlərinin hər birində Qarabağ əlili üçün fərdi yaşayış evi tikilir.
Ötən il bir neçə dağ kəndində elektrik təsərrüfatı SİB kabellə yenidən qurulmuş, SMART kart tipli sayğaclar tətbiq edilmişdir. Nəticədə həmin kəndlərdə əhalinin enerji ilə təchizatı və istehlak edilmiş enerjinin dəyərinin ödənişində heç bir problem qalmamışdır. Bu işlər davam etdirilməlidir.
Əhalinin təbii qazla təchizatı sahəsində ciddi tədbirlər görülmüşdür. Ötən il Goranboy şəhərində 5 min 725 metr, Dəliməmmədli şəhərində 1088 metr qaz xətləri yenidən çəkilmişdir. Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış 596 evdən ibarət yeni qəsəbə tamamilə qazlaşdırılmışdır. Qızılhacılı qəsəbəsində vaxtilə təbii qazdan istifadə etmiş 296, Səfikürd kəndində 560, Cinli Boluslu kəndində 280 abonentin qaz təchizatı bərpa edilmiş, digər yaşayış məntəqələrində 276 abonentin mənzili yenidən qazlaşdırılmışdır. Abonentlərin sayı 9330-dan 11 min 300-ə çatdırılmışdır.
Ötən il "Azəriqaz" İstehsalat Birliyi Goranboy şəhərindən Aşağı Ağcakənd qəsəbəsinədək 315 millimetrlik polietilen boru ilə 36,6 kilometr daşıyıcı qaz kəməri, həmçinin Meşəli, Börü və Şəfəq kəndlərində mənzillərin qazlaşması üçün kənddaxili paylayıcı qaz xətləri çəkmişdir. Yaxın vaxtlarda bu kəndlər qazla təmin olunacaqdır.Vaxtı ilə təbii qazdan istifadə etmiş Veyisli və Aşağı Ballıqaya kəndlərinin qaz təsərrüfatının yenidən bərpası ilə əlaqədar müxtəlif diametrli polietilen borularla Veyisli kəndində 30 kilometr, Aşağı Ballıqaya kəndində isə 8,5 kilometr daşıyıcı və paylayıcı qaz xətləri yenidən çəkilmiş, həmin kəndləri təbii qazla təmin etmək üçün son tamamlama işlərinə başlanmışdır. Bu il Baxçakürd, Dəyirmanlar, Azad və Tatarlı kəndlərinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Növbəti illərdə rayonun bütün yaşayış məntəqələrinə təbii qaz veriləcəkdir.
Goranboy rayonunda təbii su mənbələri məhduddur. Ölkə Prezidentinin tapşırığı ilə ayrılmış vəsait hesabına artıq yeni su kəmərinin tikintisinə başlanıb. Ümumilikdə 73 kilometr su, 27,5 kilometr kanalizasiya xətti çəkiləcəkdir ki, bununla da şəhərdə hər iki problem öz köklü həllini tapacaqdır. Su kəmərinin tikintisi başa çatdıqdan sonra kəmər keçən və bu kəmərə qoşulacaq 27 min nəfərdən çox əhali ekoloji cəhətdən təmiz su ilə təchiz olunacaqdır.
Müvafiq Dövlət Proqramına əsasən 2010-cu ildə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Rus Borisi, Qurbanzadə, Azad kəndlərində yeni məktəb binaları, Bəşirli kəndində əlavə tədris korpusu tikilmişdir. Qaradağlı, Abbasqulular, Əzizbəyov, Gürzallar, Qırıqlı, Sarov, Yuxarı Ağcakənd məktəbləri, Dəliməmmədli şəhər, Tatarlı, Xan Qərvənd, Şəfəq, Sarov kənd uşaq bağçaları əsaslı təmir olunmuşdur. Dəliməmmədli şəhər tam orta məktəbinin köhnə korpusunun, Ağamalıoğlu kənd tam orta məktəbinin dam örtükləri dəyişdirilmişdir.
Son 7 ildə isə 4140 yerlik 23 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 5 yeni məktəb binası, 9 məktəbdə 740 yerlik 52 əlavə sinif otağından ibarət tədris korpusları tikilmiş, 16 məktəb əsaslı təmir edilmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən şəhər 3 saylı, Respublika Təhsil Nazirliyi tərəfindən isə Tatarlı kənd tam orta məktəbləri üçün müasir tipli məktəblərin tikintisi aparılır. 2010-cu ildə Hazırəhmədli kəndində 2 qruplu yeni uşaq bağçası açılmışdır.
Görülmüş tədbirlər və nəzarətin artırılması nəticəsində 2010-cu ildə əvvəlki illə müqayisədə təhsilin keyfiyyət göstəricilərində artım müşahidə olunmuşdur. 2009-cu ildə orta məktəbi bitirən məzunların 67,5 faizi attestat almışdırsa, 2010-cu ildə bu rəqəm 75 faizə yüksəlmişdir. Ötən dərs ilində ali məktəblərə sənəd verən 706 məzundan 279 nəfəri, yəni 40 faizi tələbə adını qazanmış, onlardan 7 nəfəri 600 baldan yuxarı, 35 nəfəri 500-600 bal intervalında nəticə göstərmişdir. Bu da 2009-cu ilin nəticələri ilə müqayisədə çoxdur.
Hesabat dövründə səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Mərkəzi xəstəxananın 3 şöbəsi, Qaraçinar, Zeyvə, Səfikürd kənd həkim məntəqələri əsaslı təmir edilmişdir. Dəliməmmədli şəhər xəstəxanasında əsaslı yenidənqurma işləri başa çatmış, müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Qaramusalı kəndində müasir tipli tibb məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qızılhacılı qəsəbə həkim məntəqəsinin dam örtüyü dəyişdirilmişdir. Səhiyyə Nazirliyi 2 ədəd ən müasir tipli ambulans vermişdir.
Hazırda 60 tibb müəssisəsindən 5-i qəzalı binalarda, 4-ü köşklərdə yerləşir, 5-nin isə ümumiyyətlə, binası yoxdur. Bu və növbəti illərdə daha çox ehtiyac olan rayon mərkəzi xəstəxanası əsaslı təmir ediləcək, Qaradağlı, Muzdurlar, Əzizbəyov, Qırıqlı, Yeniyol, Dəyirmanlar, Yolpaq kənd tibb müəssisələri üçün yeni binalar tikiləcəkdir.
Ötən il Qaramusalı və Yolqullar kəndlərində yeni kitabxana binaları tikilmişdir. Borsunlu və Xan Qərvənd kənd uşaq musiqi məktəbləri, Dəliməmmədli şəhər, Səfikürd, Yeniyol kənd mədəniyyət evləri, Səfikürd, Sarov, Abbasqulular, Yeniyol, Təhlə kənd kitabxanaları əsaslı təmir edilmiş, Sarov kənd mədəniyyət evinin dam örtüyü dəyişdirilmişdir. Rayon Tarix Muzeyinin müasir səviyyədə yenidən qurulması, açıq səma altında muzeyin yaradılması respublika səviyyəsində qeyd edilən mədəniyyət hadisələridir.
N.Quliyev sonda bildirdi ki, hesabat yığıncağı rayon üçün əlamətdar bir dövrə təsadüf edir. 10 fevral 2011-ci il tarixdə Prezident İlham Əliyev Goranboy rayonuna səfər etmişdir. Cənab Prezident səfər zamanı rayonda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri ilə maraqlanmış, görülmüş işləri yüksək qiymətləndirmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Bunlar 2011-ci ildə fəaliyyətimizin əsasını təşkil etməlidir. Rayon fəallarının köməkliyi ilə 2011-ci ili də uğurla başa vuracaq, respublikamızın sosial-iqtisadi tərəqqisinə layiqli töhfələr verəcəyik.
Toplantıda çıxış edən ayrı-ayrı müəssisə, xidmət və təşkilatların rəhbərləri ötən ilin uğurlarından geniş söz açdılar, qarşıda duran vəzifələri, problemlərin həlli yollarını açıqladılar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev iclasda çıxış etdi. Milli Məclisin deputatı Mahir Aslanov hesabat yığıncağında iştirak edirdi.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.-17 fevral.- S. 9.