Neftçala: yekunlar uğurlu, qarşıda duran vəzifələr daha böyükdür

 

Ötən hər il Neftçala rayonunun həyatında yaddaqalan hadisələrlə zəngin olur, əhalinin maddi rifahı daha da yaxşılaşır. 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu fikirlər xüsusi vurğulanmışdır.

 

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra rayonda istehsal olunan məhsulların və yaradıcı gənclərin əl işlərinin sərgisi nümayiş etdrildi.

Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun hesabat məruzəsi maraqla dinlənildi. O qeyd etdi ki, ölkə miqyasında həyata keçirilən abadlıq-quruculuq tədbirləri Neftçalanın da həyatına dinamiklik gətirmiş, bir sıra sosial problemlərin həllini reallaşdırmışdır. Rayonda ümumi məhsul istehsalının həcmi əvvəlki ilə nisbətən 27,8 faiz artmışdır. Bu göstərici məbləğ hesabı ilə 134,6 milyon manat olmuşdur. Sənaye məhsulu ümumi məhsulun 14, kənd təsərrüfatı məhsulları isə 48 faizi qədərdir. Məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 91faizə çatmışdır. Rayonda 10 yeni müəssisə yaradılmış, 260 fiziki şəxs fəaliyyətə başlamışdır. Bu müəssisələrin hesabına 22, fiziki şəxslər üzrə 260, mövcud müəssisə və təşkilatlarda 245, cəmi 527 daimi yeni iş yeri açılmışdır. Digər tədbirlər üzrə 40, kənd təsərrüfatında mövsümi işlərə 720 nəfər cəlb olunmuşdur.

Hesabat dövründə əhalinin nominal pul gəlirləri də artaraq adambaşına 401 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 189 manat təşkil edir. Rayon üzrə 138 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmiş və 1217 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hesabat dövründə bir nəfər Böyük Vətən müharibəsi əlilinə və 4 nəfər Qarabağ əlilinə pulsuz avtomobil verilmişdir.

Sahibkarlığın inkişafına dəstək olaraq vətəndaşlara ümumilikdə 4254,2 min manat kredit verilmişdir ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə polietilen və polad boru xətləri çəkilmiş, qaz paylayıcı stansiyada seperator quraşdırılmışdır. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.

Hesabat dövründə aqrar sahədə irəliləyişlər olmuşdur. Diri çəkidə 5004 ton ət, 20 min ton süd, 199 ton yun, 3 milyon 730 min ədəd yumurta istehsal olunmuş, 2009-cu illə müqayisədə ət istehsalı 1545 ton, yun istehsalı 19 ton, yumurta istehsalı 554 min ədəd artmışdır. 2010-cu ilin məhsulu üçün taxıl əkini sahəsi genişləndirilərək 39666 hektara çatdırılmış, sahələrdən 100 min ton məhsul toplanmışdır. 248 km suvarma kanalları, 104 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 65 ədəd, kollektor-drenlərdə 104 ədəd hidrotexniki qurğu və nasos aqreqatları təmir edilmişdir.

Heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər olmuş, iribuynuzlu heyvanların sayı 939 baş, qoyun və keçilərin sayı 845 baş, quşların sayı 33044 baş artmışdır.

Fermer və sahibkarların təminatını yaxşılaşdırmaq məqsədilə Neftçala "Aqroservis" filialında texnikanın sayı 102-yə çatdırılmış, yeni inzibatı binanın və gübrə anbarlarının tikintisinə başlanmışdır.

Tikinti təşkilatları öz gücləri ilə 8686 min manatlıq işləri yerinə yetirmişlər ki, bu da 2009-cu illə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 1146,6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, rayon iqtisadiyyatının inkişafına 11344 min manatlıq əsas kapitala investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşunda dövlət sektorunun payı 90,6 faizdir. Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 7456 kvadratmetr olan fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Yol İstismar İdarəsi 990 min manatlıq təmir işləri yerinə yetirmişdir. O cümlədən şəhərin yeddi küçəsində, Bankə, Xıllı və Həsənabad qəsəbələrində yollar təmir edilmişdir.

Taleh Qaraşov sonra dedi ki, ölkə başçısının tapşırığına əsasən Kürboyu ərazilərdə 18 km uzunluğunda bəndvurma işləri görülmüşdür. Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakətdən ziyan çəkmiş 59 ailəyə müxtəlif həcmdə maddi yardımlar göstərilmiş, 42 ailə üçün yeni mənzillər tikilmişdir. Yeri gəlmişkən, ötən il Kür çayının səviyyəsinin qalxması zamanı yaranmış problemlərin aradan qaldırılması üçün ölkə başçısının göstərişinə əsasən Dövlət Neft Şirkətinin 120-dən çox müxtəlif növ texnikası bəndbərkitmə işlərinə cəlb edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində minlərlə insanı baş verə biləcək təbii fəlakətdən xilas etmək mümkün olmuşdur.

Hesabat dövründə rayonda sahibkarlığın inkişafı geniş vüsət almış, yeni ticarət obyektləri küçə və meydanların görkəmini dəyişmiş, Heydər Əliyev prospektində yeni seyrəngah yaradılmış, burada müasir uşaq əyləncə qurğuları quraşdırılmışdır.

"Ekologiya ili" ilə bağlı park və meydanlarda, yolboyu ərazilərdə, idarə və müəssisələrdə müntəzəm yaşıllaşdırma işi aparılmışdır. Rayon ərazisində 24300 ağac əkilmiş, ağacların becərilməsi, suvarlması və qorunmasına nəzarət gücləndirilmişdir.

Hesabat dövründə icra hakimiyyəti tərəfindən təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı üçün müəyyən işlər görülmüşdür. Gənc nəslin təlim-tərbiyəsinin və mənəviyyatının yüksəldilməsi məsələlərinə ciddi fikir verilmiş, tədrisin keyfiyyətinin, eləcə də məktəblərin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına nail olunmuşdur.

Ali məktəblərə tələbə qəbulunda müvəffəqiyyətlər daha da artmış, tələbə adını qazananların sayı 245 nəfər olmuşdur ki, bu da ötən ildəkindən 55 nəfər çoxdur. Məzunlardan 6 nəfəri 600-dən yuxarı, 32 nəfəri isə 500- 600 bal toplamışdır.

Dövlət vəsaiti hesabına ötən il inşasına başlanılmış 220 şagird yerlik Astanlı kənd tam orta məktəbinin və 25 yerlik 1 saylı Mayak kənd uşaq bağçasının tikintisi hazırda davam etdirilir.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yaxşılaşmışdır. Kür çayının səviyyəsinin artması üzündən rayonda yaranmış gərgin sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq yoluxucu xəstəliklərin baş verib yayılmasının qarşısını almaq, əhaliyə lazımi səviyyədə tibbi yardım göstərmək məqsədilə səyyar həkim briqadaları təşkil olunmuş, əhali arasında sanitariya maarifi işləri aparılmış, yoluxucu xəstəliklərin vaxtında aşkar olunması və keyfiyyətli müalicə aparılması üçün lazımi miqdarda dərman preparatları ehtiyatı yaradılmışdır. Hesabat dövrü ərzində ümumilikdə rayonun səhiyyə müəssisələrinin təmirinə 45,9 min manat vəsait xərclənmişdir.

Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən də bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Görülmüş işlərlə yanaşı, rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərinin əsaslı təmir olunmasına və maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə ehtiyac vardır.

İcra hakimiyyəti ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və demokratik prinsiplərə əməl etmək məqsədilə rayonda fəaliyyət göstərən 16 siyasi partiya, 23 qeyri-hökumət təşkilatı və 16 dini icma ilə əlaqəli işləri gücləndirmişdir.

Rayon icra hakimiyyəti 2010-cu ildən yeni tərkibdə fəaliyyətə başlayan bələdiyyələrə yaxından köməklik etmişdir. Bələdiyyələrsə ictimai-siyasi tədbirlərdə, sosial-iqtisadi, tikinti-abadlıq məsələlərinin həllində fəallıq göstərmişlər.

Vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılıb tədbir görülməsini yaxşılaşdırmaq, əhalinin sosial problemlərini vaxtında həll etmək məqsədilə 18 inzibati ərazi vahidinin mərkəzində, yaşayış məntəqələrində və kəndlərdə əhali ilə 48 görüş və səyyar qəbullar keçirilmişdir. Bu tədbirlərdə 6045 nəfər iştirak etmiş, səyyar qəbullar zamanı 280 vətəndaş qəbul edilmişdir. Vətəndaşların tənqidi, qeyd, rəy və təklifləri, eləcə də qaldırılan problemlər ciddi nəzarətə götürülmüşdür. Onların bir qismi həyata keçirilmiş, bir qismininsə icrasını təmin etmək məqsədilə tapşırıqlar verilmiş, yuxarı orqanlar qarşısında məsələlər qaldırılmışdır.

Rayon icra hakimiyyətində də vətəndaş müraciətləri ilə bağlı müəyyən tədbirlər görülmüşdür. İl ərzində daxil olmuş 795 vətəndaş müraciətindən 483-ü bilavasitə icra hakimiyyəti başçısına ünvanlanmış olub.

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" Proqramında ötən il üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlər planına əsasən, dövlət orqanlarının, idarə, müəssisə rəhbərlərinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə geniş seminar-müşavirə keçirilmişdir.

Məruzəçi bildirdi ki, bu günlərdə möhtərəm cənab Prezident İlham Əliyev Qazax və Tovuz rayonlarına səfərləri zamanı ictimaiyyətlə görüşlərində mövcud korrupsiya və digər neqativ hallara toxunmuş, "ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır" -deyərək, vətəndaşları bütün xoşagəlməz hallar, ədalətsizlik və əsassız tələblər haqqında Prezident Administrasiyasına, yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara məlumat verməyə çağırmışdır. Bunu nəzərə alaraq rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərləri şəffaflığı tam təmin etməli, insanların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, neqativ hallara qarşı mübarizəni daha da gücləndirməlidirlər.

Məruzədən sonrakı çıxışlarda ayrı-ayrı sahələrin rəhbərləri tapşırıqların icrasından, kollektivlərin qayğılarından danışdılar və cari ildə də doğma rayonun inkişafı naminə əllərindən gələni edəcəklərinə söz verdilər.

Milli Məclisin komitə sədri Arif Rəhimzadə və Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev Neftçalada görülən işləri yüksək qiymətləndirdilər.

Sonda yığıncaq iştirakçıları adından dövlət başçısı İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 17 fevral.- S. 9.