Azərbaycan
inkişaf etmiş turizm ölkəsinə çevriləcək
Son 5 ildə ölkəmizin turizm
potensialının beynəlxalq miqyasda təbliği diqqət
mərkəzində olmuşdur
Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev cari ili
"Turizm ili" elan etmişdir. Fevral ayının 15-də
isə ölkə rəhbəri "Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi
haqqında" sərəncam imzalamışdır.
Qeyd
edək ki, ölkəmizdə turizmin inkişafı
üçün çox gözəl imkanlar vardır. 5 il əvvəl
yaradılan Mədəniyyət və Turizm Nazirliyi turizmin
inkişafı ilə bağlı çox əhəmiyyətli
tədbirlər həyata keçirmiş, ötən beş
il ərzində ölkəmizin turizm potensialının beynəlxalq
miqyasda təbliğinə xüsusi önəm vermişdir.
Nazirliyin
sifarişi ilə son beş il ərzində ölkəmizin
turizm imkanlarını əks etdirən rus, ingilis, fransız, ərəb,
yapon, çin, alman, ispan və ukrayna dillərində 40-dan
çox reklam-çap məhsulları ("Böyük
İpək Yolu", "Azərbaycan xalçaları",
"Azərbaycan turist marşrutları sxemi", "Şərab
Yolu", "Qobustan", "Bakının piyada marşrutu
sxemi", "Azərbaycana xoş gəlmisiniz", "Azərbaycan
bələdçi kitabı", "Azərbaycan
açıqca dəsti", "Bakının bələdçi
kitabçası", "Bakının muzey və
teatrları", "Bakının əyləncə mərkəzləri",
"Azərbaycan fotoalbomu", "Qala",
"Naxcıvan" və s), CD və DVD disklər
hazırlanmışdır. Eyni zamanda, nazirliyin sifarişi ilə
"Azerbaican Review" jurnalı rus və ingilis dillərində
ildə 6 dəfə nəşr edilir. Adları çəkilən
reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində
iştirakçılara və ziyarətçilərə,
respublikamızın xarici ölkələrdəki səfirlik
və nümayəndəliklərinə
çatdırılır.
Avropada ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə populyar "Travel İQ" və "Faints and Projects" jurnallarında Azərbaycanın görməli yerlərini əks etdirən məqalələr dərc olunur.
Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanmışdır. Qeyd olunan saytın adı beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də digər rəsmi xarici mənbələrdə göstərilir və sayt mütəmadi olaraq yenilənir. Saytın bütün səhifələri üç dildə (Azərbaycan, rus, ingilis) tam tərcümə edilmişdir. Azərbaycan haqqında hazırlanmış reklam çarxları burada yerləşdirilmişdir. Həmçinin, əhalini məlumatlandırmaq məqsədilə nazirliyin həyata keçirdiyi tədbirlər haqqında məlumatlar və banerlər mütəmadi olaraq burada öz əksini tapır.
Son beş il ərzində nazirliyin iştirak etdiyi beynəlxalq turizm sərgilərinin coğrafiyası genişlənmiş və Azərbaycanın iştirak etdiyi sərgilərin sayı 19-a çatmışdır.
2006-cı ildən etibarən Azərbaycanın imic reklam çarxları hazırlanmağa başlanmışdır. Bu məqsədlə Rusiyanın "NTV" kanalının "Şan dizayn", yerli "MaxMedia", "Salnamə" şirkətləri tərəfindən çəkilişlər aparılmışdır.
2006-2010-cu illər ərzində "CNN", "Euronews", "National Geographic", "Travel Channel", "BBC" və "CNBC" kimi xarici televiziya kanallarında respublikamızın turizm potensialını təbliğ edən reklam çarxları yerləşdirilmişdir.
2006 - 2010-cu illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin şifarişi ilə BƏƏ, Ukrayna, Çexiya və Rusiya televiziya kanalları və prodakşn şirkətləri tərəfindən turizm imkanlarını əks etdirən bir çox filmlər və reklam çarxları hazırlanmış və yayımlanmışdır.
2008-ci ildə İspaniyanın "Travel View" şirkəti tərəfindən ispan dilində Azərbaycanın turizm potensialını əks etdirən broşür hazırlanmışdır. Həmin broşürlər paytaxt Madrid şəhərində fəaliyyət göstərən turizm şirkətlərinə və "Fitur" beynəlxalq turizm sərgisinin iştirakçı və ziyarətçilərinə, o cümlədən Meksikada keçirilmiş tədbirdə paylanmışdır.
Turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Belə ki, son 5 il ərzində Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası, Qazaxıstan Respublikası, İordaniya Haşimiyyə Krallığı, Fransa Respublikası, Tacikistan Respublikası, Misir Ərəb Respublikası, Litva Respublikası, Mərakeş Krallığı, Küveyt Dövləti, Suriya və Latviya Respublikası arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanılmışdır. İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür və digər ölkələrlə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır.
İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri də yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir. İKT turizm nazirlərinin 5-ci konfransının təşkilatı məsələlərinin müzakirə edilməsi üçün nazirliyin nümayəndə heyəti 2006-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində - İKT baş katibliyində ikinci iclas keçirmişdir. İclas zamanı turizm nazirlərinin 5-ci konfransının gündəlik və proqram layihələri müzakirə edilmişdir.
2008-ci ildə Praqada keçirilən BMÜTT-nin Avropa üzrə komissiyasının 48-ci iclası və "Turizm siyasəti və insan resursları məsələləri" adlı texniki seminarda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. Qeyd olunan iclasda Avropa üzrə Komissiyanın 49-cu iclasının 2009-cu ildə paytaxtımızda keçirilməsi qərara alınmışdır. 2008-ci ildə həmçinin, Bakıda İƏT-in üzv dövlətlərinin turizm üzrə ekspertlər qrupunun ikinci iclası keçirilmişdir. Tədbirdə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Özbəkistan, İƏT katibliyinin və İƏT Mədəniyyət İnstitutunun nümayəndələri iştirak etmişdir. Tədbir zamanı İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlıq, "İpək Yolu", "Xəzər dənizi üzrə kruiz" beynəlxalq mədəni turizm marşrutlarının yaradılması və ekoturizmin inkişaf etdirilməsi, turizm məhsulunun qarşılıqlı təşviq olunması, İƏT üzv ölkələrinə turist axınının artırılması, investisiya imkanları, turizm bazarının öyrənilməsi, İƏT bələdçi kitabının hazırlanması və Turizmin Təşviqi Fondunun yaradılması məsələləri müzakirə edilmişdir.
Sonrakı illərdə ikitərəfli əməkdaşlıq sahəsində hökumətlərarası komissiyaların qəbul etdiyi bir sıra sənədlərin icrası həyata keçirilmişdir.
2009-cu ildə Bakıda BMÜTT-nin Avropa Komissiyasının 49-cu iclası və "İqtisadi böhranın turizm sektoruna təsiri: İddialar və cavablar" mövzusunda texniki seminar keçirilmişdir.
Konfransda BMÜTT-nin Baş katibi Taleb Rifai başda olmaqla 33 üzv ölkənin nümayəndələri (Koreya müşahidəçi qismində) iştirak etmişdir. Seminarda ölkəmizin dövlət və özəl sektorunun nümayəndələri, həmçinin əcnəbi qonaqlar tərəfindən iqtisadi böhranın Avropa turizminə təsiri barədə geniş fikir mübadiləsi aparılmış və təqdimatlar keçirilmişdir.
2009-cu ildə həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstan Respublikasının Turizm Nazirliyi ilə birgə əməkdaşlığı, həmçinin Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə Bakıda "Qonaqpərvərlik və turizm sənayeləri üzrə yeni meyillər" mövzusunda seminar, Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında turizm sahəsində əməkdaşlıq üzrə birgə komitənin ikinci iclası keçirilmişdir. İclasın keçirilməsində məqsəd turizm sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Bakı ilə Afina arasında birbaşa hava reyslərinin təşkili, mehmanxana idarəçiliyi sahəsində çalışanlar üçün təlim kurslarının təşkili, Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbələrin Yunanıstanın qabaqcıl turizm şirkətlərində və mehmanxanalarında təcrübə keçmələri, Azərbaycan Turizm İnstitutunun tələbələri ilə Yunanıstanın müvafiq ali təhsil ocaqları arasında tələbə mübadiləsinin aparılması, viza rejiminin sadələşdirilməsi, həmçinin Azərbaycan və Yunanıstan arasında imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlərin müzakirəsindən ibarət olmuşdur. İclas çərçivəsində Azərbaycan və Yunanıstan arasında birgə komitənin protokolu imzalanmışdır.
2010-cu ildə Tokioda keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclasında və İnvestisiya Forumunda, Minsk şəhərində keçirilən MDB-yə üzv olan ölkələrin mədəni turizm üzrə işçi qrupunun iclasında, Küveytin Əl-Küveyt şəhərində Azərbaycan və Küveyt arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə, Türkiyənin Antalya şəhərində keçirilən İslam Konfransı Təşkilatının (İKT) Turizm üzrə İkinci Koordinasiya Komitəsinin iclasında, Bolqarıstanın Sofiya şəhərində keçirilən BMÜTT-nin Avropa üzrə Komissiyasının 51-ci iclasında və "Böhran dövründə turizmin gücü: bazarın vəziyyəti və quruluşu üzrə siyasət" adlı texniki seminarda və s. tədbirlərdə BMÜTT çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan "Ümumdünya irsi" beynəlxalq mədəni turizm marşrutunun layihəsi işlənib hazırlanmışdır.
2009-2010-cu illər üçün Azərbaycan Respublikasının GUAM-ın Turizm üzrə İşçi Qrupunda əlaqələndiriciliyi dövründə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə Bakı şəhərində GUAM-a üzv ölkələrin turizm üzrə yüksək vəzifəli şəxslər üçün növbəti iclası, həmçinin GUAM-a üzv ölkələrinin turizm üzrə qurum rəhbərləri səviyyəsində beşinci iclası keçirilmişdir. İclas zamanı Yaponiya ilə birgə GUAM vahid turizm məhsulunun yaradılması, GUAM turizm portalının yaradılması, turizm sahəsində əməkdaşlığın inkişafına dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM bələdçi kitabçasının yaradılması, GUAM-ın Turizm üzrə növbəti iclasının yerinin və vaxtının təyin edilməsi və digər məsələlər müzakirə edilmişdir. İclasda GUAM Katibliyi, Azərbaycan, Gürcüstan və Moldovanın rəsmi turizm qurumlarının nümayəndələri, həmçinin Ukrayna və Yaponiyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak etmişdir. İclasın sonuncu günü Bakı bəyannaməsi, iclasın protokolu və GUAM-Yaponiya birgə turizm məhsulunun inkişaf etdirilməsi üzrə fəaliyyət planı qəbul edilmişdir.
Yeni turizm marşrutlarının yaradılması məqsədilə, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən "Şərab Yolları" və "Aleksandr Düma Qafqazda" marşrutlarının layihələri, "Azərbaycanda alman yaşayış məskənləri" layihəsi, TÜRKSOY çərçivəsində "Dədə Qorqud İrsi" beynəlxalq mədəni turizm layihəsi, BMÜTT çərçivəsində həyata keçirilən "Böyük İpək Yolu" layihəsi, "Babaların tarixi zəfər və şəhadət yolu" layihəsi işlənib hazırlanmışdır. Xəzər dənizi üzrə kruiz marşrutlarının təşkilində əməkdaşlığa dair Qazaxıstan, Azərbaycan, İran İslam respublikaları, Rusiya Federasiyası və Türkmənistan Respublikasının hökumətləri arasında saziş layihələri işlənib hazırlanmışdır.
Əlbəttə, yuxarıda bəhs etdiyimiz tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm potensialının təbliğinin yalnız bir qismini əhatə edir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Turizm ili" elan etdiyi cari ildə də bu istiqamətdə genişmiqyaslı tədbirlərin keçiriləcəyi şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.-17 fevral.- S. 8.