Prezident İlham Əliyev:
Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli,
iqtisadiyyatımızı, sosial siyasəti daha da gücləndirməliyik.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Son yeddi ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, gələcək inkişafa və davamlı yüksəlişə zəmin yaratmışdır. Ölkənin sosial-iqtisadi mənzərəsini əks etdirən statistik rəqəmlər, əsas makroiqtisadi göstəricilər ötən müddətdə baş vermiş inkişaf və tərəqqinin miqyası barədə aydın təsəvvür yaradır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artmış, ölkənin ümumi valyuta ehtiyatları 30 milyard dolları ötmüşdür.
Son illər ölkədə baş verən iqtisadi artım geniş miqyaslı islahatlar, həyata keçirilən mühüm dövlət proqramları, yeni iş yerlərinin yaradılması yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Hətta son illər dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda ümumi inkişaf tendensiyası davam etmiş, ölkəmiz bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Ən başlıcası isə Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdırmağa nail olmuşdur.
Azərbaycan Respublikasının son yeddi ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, heç şübhəsiz, ölkə regionlarının davamlı və tarazlı inkişafna nail olunması ilə bağlıdı. Bunun əsası isə yeddi il əvvəl - 2004-cü il fevralın 11-də dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2009-cu illər)" ilə qoyulmuşdur. Birinci regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb olunmuşdur. Bir sözlə, ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu ümummilli proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlanmış, insanlarda təşəbbüskarlıq hissi güclənmişdir.
Birinci regional inkişaf proqramı uğurlu başa çatdırıldıqdan sonra 2009-cu il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə daha bir analoji sənəd qəbul olundu. "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Adı çəkilən sənədin qəbulundan ötən müddət ərzində bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, yeni müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Bu tendensiya 2010-cu ildə də davam etmiş, regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmişdir. Hazırda isə daha 200-dən artıq müəssisənin tikintisi davam etdirilir. Bütün bunlardan məqsəd, heç şübhəsiz, Azərbaycan Respublikasının dünyanın ən davamlı və sürətli inkişaf edən ölkələri sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmək, vətəndaşlarımızın həyat səviyyəsini daha da yaxşılaşdırmaqdan ibarətdir. Təsadüfi deyil ki, ötən ayın 14-də keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "Regionların inkişafı artıq reallıqdır və regionlarda yaradılan müasir infrastruktur - tikilən səhiyyə ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri, indi böyük su layihələri də həyata keçirilməyə başlanılmışdır - dövlət tərəfindən, özəl sektor tərəfindən regionlara qoyulan sərmayədir. 2011-ci ildə bu proseslər davam etdiriləcəkdir".
Regional inkişaf proqramının uğurla reallaşdırılması ölkəmizin qərbində yerləşən Gəncə - Qazax iqtisadi rayonunun da sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırmış, bölgənin ayrı-ayrı şəhər və rayonlarında iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaratmışdır.
Ötən həftə Prezident İlham Əliyevin adıçəkilən iqtisadi rayona səfəri də məhz bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilən tədbirlərlə yaxından tanış olmaq, tikintisi başa çatdırılan infrastruktur obyektlərinin açılışında iştirak etmək məqsədi daşıyırdı. Fevralın 9-da Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini vurğulayaraq demişdir: "Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsədi güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq... Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaratmışdır".
Prezident elə həmin görüşdəcə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına böyük diqqət yetirildiyini bir daha bəyan etdi və bildirdi ki, Qazaxda yaradılan sosial-iqtisadi infrastrukturlar Gürcüstanda yaşayan soydaşlarımızın da istifadə imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu rayonda tikilən sosial obyektlər, sənaye müəssisələri, yeni yollar təkcə qazaxlılara deyil, həm də Gürcüstanda yaşayan soydaşlarımıza xidmət edəcəkdir. Yeri gəlmişkən, dövlət başçısı Qazax rayonuna səfəri çərçivəsində Sınıqkörpü sərhəd gömrük məntəqəsinin, Qazax - Gürcüstan dövlət sərhədi avtomobil yolunun, eləcə də Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin və Birinci Şıxlı kəndindəki yeni məktəb binasının açılışlarında iştirak etmişdir. Bununla belə, Prezident İlham Əliyev Qazax rayonunun daha da inkişaf etməsi, gözəlləşməsi üçün bundan sonra da xüsusi tədbirlər həyata keçiriləcəyini bildirmişdir.
Gəncə - Qazax iqtisadi rayonuna daxil olan Tovuzda da son illər əsaslı yüksəlişə nail olunmuşdur. Qərb bölgəsinə səfəri çərçivəsində Tovuza gələn dövlət başçısı İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşündə buradakı inkişafdan razılığını ifadə edərək demişdir: "Tovuz rayonunda gedən işlər məni çox sevindirir... Tovuzda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq işləri Azərbaycanda gedən işlərin bir hissəsidir. Ölkəmizdə hər bir bölgədə, hər bir rayonda böyük quruculuq işləri aparılır və belə də olmalıdır. Biz 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəndə məqsədimiz məhz bundan ibarət idi ki, ilk növbədə, ölkəmizin rayonları, ölkəmizin kəndləri inkişaf etsin. O vaxt mən bildirmişdim, bu gün bir də demək istəyirəm, əgər hər bir kəndin problemi həll olunsa, deməli, ölkədə bütün problemlər həll ediləcəkdir. Bunu etmək üçün bizdə həm də düşünülmüş strategiyamız və planlarımız vardır".
Dövlət başçımızın iştirakı ilə açılan yeni mədəniyyət və istirahət parkı, olimpiya-idman kompleksi, rayonun Bozalqanlı kəndindəki süd emalı zavodu, eləcə də Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yolu isə, heç şübhəsiz, son illər ölkəmizin dilbər guşələrindən birinə çevrilmiş Tovuz rayonunun sosial-iqtisadi mənzərəsinə əlavə yaraşıq gətirəcəkdir.
Son illər Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ölkənin qeyri-neft sektorunun güclənməsinə təkan vermiş, yeni iş yerlərinin açılması üçün geniş imkanlar yaratmışdır. Bu baxımdan ölkənin regionlarında özəl bölmənin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkənin qərb bölgəsinə səfəri zamanı bu vacib məsələyə toxunaraq demişdir: "Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır". Bununla yanaşı, dövlət başçısı sahibkarlara qarşı ədalətsiz hərəkətlərin yol verilməsinə qarşı ciddi tədbirlər görüləcəyini də bir daha bəyan etmişdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində burada fəaliyyət göstərən iş adamlarının gücü ilə inşa olunmuş bir sıra istehsal sahələrinin açılışında iştirak etmişdir. Bu baxımdan Tovuz rayonunun Bozalqanlı kəndində süd emalı zavodu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Naftalanda "Chinar Hotel & SPA Naftalan" kompleksi yaxın gələcəkdə bölgənin qeyri-neft sektoruna mühüm töhfələr verəcəkdir.
Hazırda Azərbaycanda yol infrastrukturunun əsaslı şəkildə yaxşılaşdırılması istiqamətində ciddi işlər görülür. Bu vacib məsələ ölkə Prezidentinin xüsusi diqqət və qayğısı sayəsində uğurla həyata keçirilir. Təsadüfi deyil ki, indi istər paytaxt Bakıda, istərsə də regionlarda bir sıra iri yol infrastruktur layihələri uğurla icra olunur. Prezident İlham Əliyevin qərb bölgəsinə səfər proqramının əsas tərkib hissələrindən biri də məhz yeni yolların açılışında iştirak etməkdən ibarət idi. Səfər çərçivəsində dövlət başçısı Qazax - Gürcüstan dövlət sərhədi, Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yollarının, həmçinin Kürdəmir - Ucqar avtomobil yolunun yenidən qurulmuş 42 kilometrlik hissəsinin açılışlarında iştirak etmiş, Yevlax - Gəncə avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyev yol tikintisinə bundan sonra da xüsusi diqqət yetiriləcəyini bildirərək demişdir: "Yol rahatlıq, inkişaf deməkdir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ölkədə yolların əsaslı bərpası və yenidən qurulması insanlara rahatlıq verəcək, bölgələrin inkişafı üçün şərait yaradacaqdır".
Fevralın 9-da ölkəmizin ikinci böyük şəhəri sayılan Gəncəyə gələn Prezident İlham Əliyev buradakı "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olmuş, fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmiş, "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə yaxından tanış olmuşdur. Dövlət başçısının Gəncədəki dini obyektə baş çəkməsi ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-memarlıq komplekslərinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "İmamzadə" dini kompleksində olarkən demişdir: "Azərbaycanda din-dövlət münasibətləri çox müsbət istiqamətdə inkişaf edir, ən yüksək, deyə bilərəm ki, nümunəvi səviyyədədir. Bu münasibətlər ölkəmizin inkişafı üçün də çox böyük məna daşıyır. Azərbaycanda dini abidələr dövlət tərəfindən qorunur, dövlət tərəfindən təmir edilir, bəzi hallarda dövlət tərəfindən tikilir... Bu, bizim dinimizə olan münasibətlərimizin bariz nəticəsi, təzahürüdür".
Prezident İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Samux və Goranboy rayonlarında, eləcə də Naftalan şəhərlərində də olmuş, bir sıra obyektlərin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.
Dövlət başçısının qərb bölgəsinə ötən həftəki səfəri bir daha göstərdi ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirlər görür. Bu isə son nəticədə ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 17 fevral.- S. 7.