Naftalan böyüyür,
abadlaşır
Naftalan Şəhər İcra Hakimiyyətində
keçirilən müşavirədə 2010-cu ilin sosial-iqtisadi
yekunları və cari ildə
qarşıda duran vəzifələr geniş təhlil olundu, konkret tədbirlərdən söz
açıldı. Hesabat məruzəsində
və çıxışlarda bildirildi ki, regional inkişafa
dair ikinci dövlət
proqramında Naftalanın böyüməsi və yeniləşdirilməsi,
kurort təsərrüfatının
modernləşdirilməsi ilə bağlı nəzərdə
tutulmuş mühüm
tədbirlər ardıcıl həyata keçirilir,
şəhərin simasını ardıcıl olaraq
dəyişdirir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov hesabat məruzəsinin əvvəlində vurğuladı ki, 2010-cu il Naftalan şəhəri üçün uğurlu olmuş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmişdir. İlin yekunu onu göstərir ki, regionların inkişafı ilə bağlı dirçəliş dövrünü yaşayan Naftalan şəhəri ötən ili yüksək göstəricilərlə başa vurmuşdur. 2010- cu ildə Naftalan şəhərində ümumi daxili məhsulun həcmi keçən illə müqayisədə 14 faiz artaraq 13406,8 min manat, sənaye məhsulunun həcmi 5 faiz artaraq 344,1 min manat olmuşdur. Tikinti sektorunda əsas kapitala yönəldilən investisiya 498,1 min manat, nəqliyyatda işlərin həcmi 18,4 min manat, rabitədə xidmətlər 199,3 min manat təşkil etmişdir. İstehlak bazarında əhaliyə 10979,3 min manatlıq mal satılmış və 1274,4 min manatlıq pullu xidmətlər göstərilmişdir. Bir işçiyə hesablanmış orta əmək haqqı isə 165 manat təşkil etmişdir.
2010-cu ildə məcburi köçkünlərin bir qisminin köçürülməsi üçün Goranboy rayonunun ərazisində 3 beşmərtəbəli bina inşa olunmuşdur. Naftalan şəhərində Kurort Birliyinin sanatoriyalarında 2902 nəfərdən ibarət 851 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onların məişət-kommunal şəraitinin yaxşılaşdırılmasına, bəzi problemlərinin dərhal aradan qaldırılmasına icra hakimiyyəti və xidmət təşkilatları hər cür yardım göstərir. Dövlət Qaçqınkom hər bir məcburi köçkün ailəsinə qış aylarında yanacaq pulu, rübdə bir dəfə isə Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsi ərzaq yardımı verir.
Şəhər əhalisinin su və enerjidaşıyıcılarla fasiləsiz təminatı üçün də ardıcıl tədbirlər müəyyənləşdirilmişdir. Bu məqsədlə yaradılmış qərargahın fəaliyyəti nəticəsində enerjidaşıyıcıların dəyərinin ödənilməsi ilə əlaqədar 2009-cu ildə yol verilmiş nöqsanlar və müəyən problemlər tamamilə aradan qaldırılmış, ödəniş 100 faiz yerinə yetirilmişdir.
Respublikanın bütün regionlarında olduğu kimi, Naftalan şəhərində də məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. Məktəbləri istiliklə fasiləsiz olaraq təmin etmək üçün təmir işləri aparılmışdır. Şəhərin ümumtəhsil məktəblərinin azərbaycan bölməsinə 57 adda 2846 ədəd, rus bölməsinə 53 adda 280 ədəd dərslik paylanmışdır. Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən 2 ümumtəhsil məktəbinə Təhsil Nazirliyi 812 manatlıq bərk inventar vermişdir. Şəhər Təhsil Şöbəsinin hesabına 18250 manatlıq bərk, 2397 manatlıq yumşaq inventar alınmışdır. Hər iki ümumtəhsil məktəblərində kompyuter sinifləri yaradılmışdır.
Təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər ilk növbədə gənclərin ali məktəblərə qəbuluna öz müsbət təsirini görtərmişdir. 2008-2009-cu tədris ilində imtahanda iştirak edən şagirdlərdən 67 faizi, 2009-2010-cu tədris ilində isə 92 faizi attestat almışdır. Şagirdləri respublikanın müxtəlif bölgələrində keçirilən olimpiadalarda və müsabiqələrdə fərqlənmişlər. Naftalanlı bir müəllim təhsildəki xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
Əhalinin sağlamlığının qorunması sahəsində bir sıra işlər görülmüş, tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, səhiyyə müəssisələri müasir tibbi avadanlıqlarla təchiz edilmiş və göstərilən xidmətin keyfiyyəti daha da yüksəldilmişdir. Şəhər Mərkəzi Xəstəxanası nəzdində fəaliyyət göstərən stamotologiya, rentgen kabineti, laboratoriyalar lazımi avadanlıqlarla və dərman preparatları ilə təmin olunmuşdur. Ana və uşaq ölümü hadisələrinin baş verməməsi, digər sanitar-sağlamlıq işləri göstərir ki, şəhərin səhiyyə sistemində dönüş yaranmışdır. Şəhər xəstəxanasının kollektivi bundan sonra da Qarabağ əlillərinə, şəhid ailələrinə, digər qeydiyyatda olan xəstələrə, eləcə də şəhər əhalisinə və məcburi köçkünlərə göstərdikləri xidmətin səviyyəsini daha da artıracaqdır.
Şəhər Mədəniyyət və Turizm Şöbəsi tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirmiş, sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün konsert proqramları təşkil olunmuşdur. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Mədəniyyət evinə səsgücləndirici mikrofon və digər avadanlıqlar alınmışdır. İki kitabxana və musiqi məktəbi kompyuter dəsti, musiqi alətləri ilə təmin olunmuşdur. Heydər Əliyev muzeyinin dam örtüyü təmir olunmuşdur.
N.Aslanov daha sonra qeyd etdi ki, Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort xidməti təşkil edir. Naftalan dünyada analoqu olmayan kurort şəhəri kimi tanınır. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Gələcəkdə yeni kurortların salınması və şəhərin sosial-iqtisadi inkişafı nəzərdə tutulmuşdur.
10 fevral 2011-ci il tarixdə Prezident İlham Əliyev dünya standartlarına cavab verən "Çinar" və "Qaşaltı" sanatoriyalarının açılış mərasimində iştirak etmiş və yüksək səviyyədə qurulmuş xidmətlərlə tanış olmuşdur. Bu sanatoriyalar müvafiq olaraq 200-312 çarpayılıq olmaqla, dünya standartlarına uyğun inşa edilmişdir. Komplekslərdə 400 nəfər işlə təmin olunacaq.
2010-cu il bir də ona görə əlamətdardır ki, Naftalan şəhərinin ərazisi xeyli artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2010-cu il tarixli 958 nömrəli sərəncamına əsasən, Goranboy rayonunun inzibati ərazisindən 2692,81 hektar Naftalan ərazi vahidinə daxil edilmiş və şəhərin ümumi sahəsi 3572,63 hektar təşkil etmişdir. Bu sərəncam Naftalan kurort şəhərinin inkişafına böyük təkan vermişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı "na uyğun olaraq şəhərin bütün infrastrukturlarının inkişafına diqqət artırılmışdır. Naftalan tamamilə yenidən qurulur. Dövlət Proqramı ilə əlaqədar təsdiq edilmiş tədbirlər planının Naftalan şəhərinə aid hissəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhərin elektrik şəbəkəsinin yenidən qurulması, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanalarının tikintisi, şəhərdə yeni salınmış yaşayış massivinin qazlaşdırılması, su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssisələrinin yenidən qurulması və tikintisi nəzərdə tutulmuşdur.
2010-cu ildə dövlət proqramının icrası ilə əlaqədar geniş tədbirlər həyata keçirilmişdir. Yerüstü elektrik xətlərinin yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilməsi işlərinə başlanılmışdır. 2300 ədəd smart-kart tipli sayğac, yeni transformator məntəqələri quraşdırılmış və 33 km SİP tipli kabel xətti çəkilmişdir. Əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin I və II mikrirayonları ərazisində su anbarları tikilmişdir. Şəhərdaxili və bütün çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su və kanalizasiya xətlərinin yenisi ilə əvəz olunması işlərinə başlanılmışdır. Əhalini içməli su ilə təmin etmək üçün Çəkil və Hacallı kəhrizlərinin bərpası üçün investisiya ayrılmış və işlər davam etdirilir.
Çoxmərtəbəli yaşayış binalarını istiliklə təmin etmək üçün 3 qazanxana tikintisi və bütün mənzillərə istilik radiatorlarının quraşdırılması başa çatdırılmışdır. Yeni salınmış yaşayış massivi qazlaşdırılmış, şəhərdaxili qaz xətləri 25 kilometrlik olan yeraltı yeni qaz xətlərilə, Goranboy Qazpaylayıcı məntəqəsindən Naftalana 14,5 kilomterlik olan köhnə metal qaz boruları yeni plastik borularla əvəz edilmişdir. Təbii qazdan istifadə edən bütün abonentlərə smart-kart tipli sayğaclar quraşdırılmışdır.
Şəhərdə doqquzmərtəbəli yaşayış binalarının 1994-cü ildən sıradan çıxmış liftləri müasir tipli yeni liftlərlə əvəz edilmişdir. Çoxmərtəbəli yaşayış binalarının fasadının milli memarlıq üslubuna uyğun ağlayla üzlənməsi, işıqlandırılması, hər bir mənzilə yeni plastik pəncərənin quraşdırılması, eyvanların əsaslı təmir olunması və dam örtüklərinin yenidən qurulması işləri uğurla davam etdirilir.
9 noyabr 2010-cu il tarixdə Dövlət Bayrağı Günündə Naftalan şəhərində yeni Dövlət bayrağı meydanının açılışı olmuşdur. 65 metr hündürlükdə dalğalanan bayrağın eni 10, uzunluğu isə 20 metrdir. Bayraq meydanı 2 hektar ərazini əhatə edir .
Ötən il Qaz İstismarı Sahəsi üçün ikimərtəbəli inzibati binanın, Vergilər Nazirliyinə postterminal binasının tikintisi başa çatdırılmışdır. Şəhər icra hakimiyyəti üçün üçmərtəbəli yeni inzibati binanın tikintisinə başlanmışdır.
İməciliklərdə şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nərimam Nərimanov parklarında, Şirvan prospektində, Dövlət bayrağı meydanı və yol kənarlarında 25000-ə yaxın eldar şamı əkilmişdir. Həmin ağacların suvarılması üçün 5500 metr uzunluğunda metal borularla yeni su xətləri çəkilmiş, 3 yeni subartezian quyusu qazılmış, 4 köhnə quyu isə təmir edilərək istismara verilmişdir.
Bu gün Naftalana MDB məkanı ilə yanaşı, Almaniyadan, Polşadan, İrandan, Türkiyədən, Macarıstandan və digər xarici ölkələrdən də müalicəyə gəlirlər. Yerli və xarici vətəndaşların rahatlığını təmin etmək üçün istismara yararsız olan Hava limanının beynəlxalq standartlara uyğun yenidən qurulması məqsədəmüvafiqdir. Bu problem həll edildikdən sonra Naftalan kurortunda müalicəyə gələnlərin sayı xeyli artacaqdır. Həmçinin şəhərdə müasir tələblərə cavab verən mərkəzi xəstəxananın, böyük və uşaq poliklinikalarının, təcili yardım məntəqəsinin, Naftalan neftindən dərman preparatlarının və kosmetik vasitələrin hazırlanması üçün zavodun tikintisi, uşaq musiqi məktəbi üçün yeni binanın və uşaq bağçası-körpələr evinin yenidən qurulması günün tələbidir.
Məruzəçi sonda bildirdi ki, qısa zaman kəsiyində Naftalanda böyük uğurlara imza atılıb. Şəhərdə həyata keçirilən tədbirlər, quruculuq və abadlıq işləri onu göstərir ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Naftalan şəhəri dünyanın gözəl, təmiz və yaraşıqlı kurort şəhərlərindən birinə çevriləcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev yığıncaqda çıxış etdi. Milli Məclisin deputatı Mahir Aslanov müşavirədə iştirak edirdi.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 18 fevral.- S. 6.