Sabirabad: təbii fəlakətin nəticələri
uğurla aradan
qaldırılmış, quruculuq işləri
sürətlənmişdir
2010-cu ili Sabirabad
rayonu hansı sosial-iqtisadi
göstəricilərlə başa vurmuşdur? Bu suala ötən ilin
yekunları və qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat
yığıncağında ətraflı cavab
verildi. Ulu öndərin abidəsini ziyarətdən, rayon iqtisadiyyatını əhatə edən sərgiyə
baxışdan sonra rayon
icra hakimiyyətinin iclas
zalında keçirilən tədbirdə məruzə edən
RİH-in Heydər Abbasov
qeyd etdi ki, sabirabadlılar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 1-də Sabirabada dördüncü tarixi səfərini dərin minnətdarlıq hissi ilə xatırlayırlar.Dövlət
başçısı rayonda olarkən Kür və Araz
çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı
yararsız vəziyyətə düşmüş
Mürsəlli kənd orta məktəbinin
əsaslı təmirdən sonra
açılışında iştirak etmiş və Şıxlar kənd sakini Ağaşirin
Tarıverdiyevin yeni mənzilində
yaradılan şəraitlə tanış olmuşdur.
İcra başçısı bildirdi ki, ötən ilin may ayında Kür-Araz çaylarının daşması nəticəsində rayonun Kürətrafı kəndlərinin əraziləri daşqına məruz qalmış, minlərlə insan öz ev-eşiyindən didərgin düşmüşdü. Belə gərgin bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi altında fövqəladə müşavirənin keçirilməsi, ölkənin bütün icra strukturlarının subasmaya qarşı mütəşəkkil mübarizəyə səfərbər edilməsi fəlakətin miqyasını azaltdı. Ölkə rəhbərinin daşqın nəticəsində ev-eşiyini tərk edərək Şirvan şəhərində çadırlarda yaşayan Sabirabad sakinləri ilə görüşməsi, onların istək və arzularını dinləməsi, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlar verməsi hər bir sabirabadlının dövlətə inam və etibarını bir daha artırmışdır.
Dövlət başçısının sərəncamı ilə yaradılmış xüsusi hökumət komissiyası tərəfindən daşqın zamanı subasmaya məruz qalmış evlərə baxış keçirilmiş, uçmuş və ya qəza vəziyyətinə düşmüş evlərin yerində 873 yeni evin tikintisinə, 344 evin bərpa-gücləndirilməsinə qərar verilmişdir. Yaşayış üçün hər cür şəraiti olan 506 evin tikintisi başa çatdırılmış, 76 evdə bərpa işləri aparılmışdır. Daşqından ziyan çəkən əhaliyə kompensasiyaların ödənişi də təmin edilmişdir. Həmin yaşayış məntəqələrində infrastrukturun bərpası istiqamətində də xeyli iş görülmüşdür. 7 sosial obyektdə, 5 orta məktəb binasında, 2 feldşer-mama məntəqəsində əsaslı təmir işləri başa çatdırılmışdır.
"Azərenerji" ASC-nın yaxından köməkliyi nəticəsində qısa müddət ərzində təbii fəlakət zonasında aşmış elektrik dayaqları, qırılmış naqillər bərpa edilmiş, su altında qalmış 60 transformator təmir edilərək istifadəyə verilmiş və əhali normal elektrik enerjisi ilə təmin olunmuşdur.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də rayonda böyük tikinti-quruculuq işlərinin görüldüyünü deyən məruzəçinin sözlərinə əsasən Qaratəpə kəndində Aqrolizinq müəssisəsinin və 12 min tonluq tutumu olan regional Logistik gübrə anbarının fəaliyyətə başlaması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə diqqət və qayğı artırılmışdır. Son üç ildə onların istifadəsinə 56 mənzilli 3 çoxmərtəbəli yaşayış binası verilmişdir. Ötən il Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi yaşayış evi tikilmiş, 4 evin tikintisi isə başa çatmaq üzrədir. Rayonda məskunlaşan qaçqınların da mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Onlar üçün 4 kənddə 19 fərdi yaşayış evi tikilmişdir.
Dövlət başçısının 2 noyabr 2010-cu il tarixli sərəncamı ilə 34 min əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun yenidən qurulması məqsədilə rayona ayrılan 1,5 milyon manat vəsaitdən səmərəli istifadə edilərək 13,8 kilometr məsafədə keyfiyyətli asfaltlaşdırma işləri aparılmışdır. Bu iş davam etdirilərək həmin yolun 68 kilometrə çatdırılması qərara alınmışdır.
Sabirabad şəhərinin küçə və meydanlarında da xeyli iş görülmüşdür. Heydər Əliyev prospektində "Muğan" istirahət parkı əsaslı şəkildə yenidən qurulmuş, şəhərin park və xiyabanlarına, prospekt, küçə və meydanlarına asfalt vurulmuş, üzlük daşlar və çınqıl döşənmiş, mişar daşından hasar çəkilmiş, beton işləri görülmüş, rəngləmə işləri aparılmışdır. 17 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il "Ekologiya ili" elan edilmişdi. Ölkəmizin hər yerində olduğu kimi, Sabirabadda da ötən il ağac əkini kampaniyası əsl ümumxalq hərəkatına çevrilmişdir. Şəhər ekologiyasının sağlamlaşdırılması məqsədilə 35 min ədəd ting, 30 min ədəd həmişəyaşıl ağac, 2 min ədəd gül kolları və çiçəklər əkilmiş, 7,5 hektar sahədə yeni yaşıllıq sahələri salınmışdır.
Sabirabad Elektrik Şəbəkəsi tərəfindən ötən il 926 ədəd "Smart" kart tipli yeni elektrik sayğacı quraşdırılmışdır. Hazırda 9450 abonent bu tipli sayğaclardan istifadə edir. 17 kənddə istismara yararsız 138 ədəd dəmir-beton dayaq, 1221 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Kürkəndi və Əsədli kəndlərində 10 və 04 kv-luq xətlərdə və yarımstansiyalarda yenidənqurma işləri aparılır, dayaqlar basdırılır, SİP kabel çəkilərək "Smart" kart tipli sayğaclar quraşdırılır.
Rayon mərkəzində 29 çoxmərtəbəli yaşayış binasında qazlaşdırma işləri aparılmış, sayğaclar quraşdırılmış və həmin binalara təbii qaz verilmişdir. Nəticədə təbii qazdan istifadə edən abonentlərin sayı 448 nəfər artaraq 5090 nəfərə çatmışdır. Qaz təchizatını genişləndirmək istiqamətində kompleks tədbirlər də həyata keçirilməkdədir. Şəhərin 16 çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması üçün lahiyə-smeta sənədləri tərtib olunmuş və digər hazırlıq işləri başa çatdırılmışdır. Artıq 4 kənddə-Nərmankənd, Qaratəpə, Əhmədabad və Ulacalıda qazlaşdırma işlərinə başlanılmışdır. Yaxın günlərdə daha 6 kənddə- Azadkənd, Minbaşı, Qarağac, Quruzma, Mürsəlli və Şıxlarda bu işə başlanacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son illər rayonun 15 kəndində modul tipli su durulducu qurğular istifadəyə verilmişdir. Ötən il isə Ulacalı, Məmişlər, Yolçubəyli və Qaragüney kəndlərində yeni sudurulducu qurğuların tikintisinə başlanılmışdır. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması da nəzərdə tutmuşdur.
Ötən il ölkəmizdə təhsil sistemində aparılan islahatların daha da sürətlənməsi, inkişafyönümlü proqramların ardıcıl həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü deyən məruzəçi Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Müəllim Günü münasibətilə rayonun iki müəlliminin "Əməkdar müəllim" adına layiq görüldüyünü və "Tərəqqi" medalı ilə təltif edildiyini minnətdarlıqla xatırladaraq bildirdi ki, təhsilin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, Həşimxanlı, Poladtoğay, Qaratoğay, Nəsimi kənd orta məktəbləri, Qaratəpə kənd ümumi orta məktəbi, şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir.
Kür və Araz çaylarının daşması ilə əlaqədər təbii fəlakət zonasında yerləşən rayonun Mürsəlli kənd orta, Ağaməmmədli kənd ibtidai məktəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı təmir edilmiş və lazımi inventarlarla təmin olunmuşdur. Yuxarı-Axtaçı kəndində yeni məktəb binasının tikintisinə başlanmış, Ulacalı, Muradbəyli, Balahəşimxanlı, Qasımbəyli kənd orta və Əsgərbəyli kənd ümumi orta məktəblərinin binalarında da əsaslı təmir işləri aparılır.
2010-cu ildə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına "Mersedes" markalı sanavtonəqliyyat vasitəsi, digər səhiyyə müəssisələrinə kifayət qədər tibbi avadanlıq və ləvazimatlar verilmişdir. Mərkəzi Rayon Xəstəxanasının əsas binasında, Ulacalı kənd sahə xəstəxanasında, Yolçubəyli, Həşimxanlı həkim ambulatoriyalarında əsaslı, Qaratəpə, Quruzma, Muğangəncəli, Yaxadəllək, Çölbeşdəli, Moranlı və Nizami kənd sahə xəstəxanalarında bərpa və cari təmir işləri aparılmışdır.
Daha sonra məruzəçi demişdir: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Cənab Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Dövlət başçısının tapşırığı əsasında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçən geniş iclasında qarşıya mühüm vəzifələr qoyulmuşdur. Əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə neqativ faktlar, rüşvətxorluq, korrupsiya halları, vətəndaşların qəbulu, müraciətlərə baxılması zamanı yol verilən nöqsanlar ciddi araşdırılacaq və qanunauyğun ölçü götürüləcəkdir.
Sabirabadlıların birmənalı olaraq dövlət başçısının daxili və xarici siyasətini ürəkdən bəyəndiyini, dəstəklədiyini və verilən tapşırıqları vaxtında, əzmlə yerinə yetirəcəklərini xüsusi vurğulayan rayon icra hakimiyyətinin başçısı 2011-ci ildə də sosial-iqtisadi inkişafın müsbət təzahürlərini respublikamızın bütün vətəndaşları kimi sabirabadlıların da daha dərindən hiss edəcəklərinə əminliyini bildirdi.
Yığıncaqda Milli Məclisin üzvləri Rüstəm Xəlilov, Ceyhun Osmanlı, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etmişlər.
Yığıncaq iştirakçıları adından ölkə başçısına müraciət qəbul edilmişdir.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 18 fevral.- S. 5.