Azərbaycan dini
tolerantlığa və sabitliyə töhfə verən
örnəkdir
Azərbaycan xalqını vahid ideologiya ətrafında
birləşdirən onun zəngin mədəniyyəti, mənəvi
dəyərləri, adət-ənənələri ilə
yanaşı, həm də islam dinidir. Azərbaycan dövləti
ölkəmizdə milli-mənəvi, dini dəyərlərin
qorunması istiqamətində ciddi işlər görməkdədir.
Dinə dövlət qayğısı göstərən
müstəqil Azərbaycan Respublikası həm də
demokratik dövlət olduğunu Konstitusiyamızda bəyan
etmişdir.
Təəssüf
ki, son vaxtlar bəzi mətbuat orqanları və xarici kütləvi
informasiya vasitələri Azərbaycanda, guya, dindarlara
qarşı zorakılıq göstərilməsi, onların
hüquqlarının pozulması ilə bağlı böhtan
və şayiələr yaymaqla ölkəmizin imicinə ziyan
vurmağa çalışırlar. Bu, rəsmi dövlət
qeydiyyatında olmayan Azərbaycan İslam Partiyasının sədri
Mövsüm Səmədovun və partiyanın digər rəhbərlərinin
həbsindən sonra daha intensiv xarakter almışdır. M.Səmədovun
və digər partiya fəallarının həbs edilməsi
isə onların ictimai təhlükəsizliyi pozmaq,
iğtişaşlar törətmək, insanları cihada təhrik
etmək barədə tapşırıqlar vermələri
haqda Daxili İşlər Nazirliyinə məlumat daxil olduqdan
sonra həyata keçirilmişdir. Məhz bundan sonra ölkəmizdə
azlıq təşkil edən bir qrup radikal dindar və
onların xarici havadarları öz məkrli məqsədlərini
həyata keçirmək üçün bəzi mətbuat
orqanlarında hay-küy salmağa başlamışdır.
Onlar Azərbaycan dövlətinin din siyasəti haqqında böhtan xarakterli məqalələr çap etdirməklə ictimai şüurda yanlış təsəvvür yaratmaq istəyirlər. Belə bir vəziyyətdə bəzi mətləblərə aydınlıq gətirmək üçün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasətinin şərh edilməsini zəruri hesab edirik. Müşahidələr göstərir ki, din pərdəsinə bürünən bəzi adamların xaricdən idarə olunan radikal dindarlar və onların xarici havadarlarının məqsədi respublikamızı demokratik inkişaf yolundan döndərmək, dövlət idarəçiliyində şəriət qanunlarını tətbiq etmək, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizdə qeyri-stabillik yaratmaq, dövlətçiliyimizə zərbə vurmaqdan ibarətdir. Lakin Azərbaycan xalqının intellektual və mədəni səviyyəsi bir qrup radikal dindarın təxribatçılıq niyyətinin reallaşmasına imkan verməyəcəkdir. Xalqımız yüksək inkişafa qədəm qoymuş ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsində əlindən gələni əsirgəməyəcəkdir.
Ulu öndər Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının həyatında rolunu həmişə vurğulamışdır. O, Təzəpir məscidində dindarlarla görüşlərinin birində bu barədə demişdir: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".
Ümummilli lider İslam dininin bütün atributlarına həmişə hörmətlə yanaşmışdır. O, bütün dini bayram və mərasimlərdə dindarların yanında olmuş, dini bayramların keçirilməsi münasibətilə xalqı təbrik etmiş və onlara uğurlar diləmişdir. Məsələn, 5 sentyabr 1993-cü il tarixində Peyğəmbərimiz Həzrəti Məhəmməd əleyhissəlamın mövludu günü münasibətilə Təzəpir məscidində dindarlar qarşısında çıxış edən ulu öndər Məhəmməd peyğəmbər əleyhissəlamın bəşər tarixində oynadığı roldan bəhs edərək demişdir: "Bəşəriyyət tarixində Məhəmməd peyğəmbərin (s) dünyaya gəlməsi və onun sonrakı fəaliyyəti, bəşəriyyətin böyük bir hissəsinin dininin - İslam dininin yaranmasının bünövrəsini qoymuşdur. Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın yaydığı İslam dini və onun bütün müsəlman aləminə qoyduğu yadigar-Qurani-Kərim əsrlər boyudur ki, müsəlman dininə məxsus olan insanların həyatında çox böyük rol oynayır. Onların həyatı, yaşayışı, bu günü və gələcəyi, bu dünyada, o dünyada xoşbəxt olması üçün zəmin yaradır".
İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edən ulu öndər onun insanları paklığa, saflığa çağırdığını vurğulamışdır. 1994-cü il 26 avqust tarixində mövlud bayramı münasibətilə Təzəpir məscidində təntənəli mərasimdə dindarlar qarşısında çıxış edərkən Heydər Əliyev İslam dininin tərbiyəvi əhəmiyyətindən bəhs edərək demişdir: "İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, kəşməkəşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var... Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır.
Göründüyü kimi, respublikamızın Ermənistanla müharibə şəraitində olması, ölkədə xaos və müxtəlif siyasi qruplaşmaların hökm sürdüyü, sosial-iqtisadi çətinliyin mövcud olduğu bir dövrdə uzaqgörən rəhbər xalqı bu çətinlikdən çıxartmaq üçün İslam dininin bəşəri dəyərlərinin gücünə arxalanmış, xalqımızın milli-mənəvi birliyinin qorunub saxlanılmasını vacib saymışdır.
Ulu öndər İslam dininin sülh, qardaşlıq və əmin-amanlıq dini olduğunu həmişə vurğulamış və onun başqa dinlərə qarşı düşmən olmadığını öz çıxışlarında dəfələrlə bəyan etmişdir: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünkü, bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu, bizim yolumuzdur". Ulu öndər Azərbaycanda İslam dininin inkişafına dövlət qayğısından bəhs edərək demişdir: "Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir".
Heydər Əliyev İslam dini ilə bağlı bir sıra beynəlxalq elmi tədbirlərin respublikamızda keçirilməsinin təşəbbüskarı olmuşdur. Onun təşəbbüsü və dəstəyi ilə 1993-2002-ci illərdə İslam dini, mədəniyyəti ilə bağlı Bakıda çoxlu tədbir keçirilmişdir. Bu tədbirlərdən biri də 9-11 dekabr 1998-ci il tarixində Bakıda keçirilmiş "İslam sivilizasiyası Qafqazda" adlı beynəlxalq simpoziumdur.
Azərbaycan İslam dünyasının bir parçası olduğuna görə, Şərqlə Qərbin qovuşuğunda yerləşdiyinə görə bu beynəlxalq simpoziumun Bakıda keçirilməsini təbii hesab etmək olar. Digər tərəfdən, ümummilli liderin Heydər Əliyevin İslam dəyərlərinə bağlılığı belə böyük tədbirin Azərbaycanda keçirilməsini labüd etmişdir. Qeyd etmək lazımdır ki, ulu öndər "İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumun Bakıda keçirilməsi haqda hələ 1998-ci ilin fevralında sərəncam imzalamışdı.
İslam dininin və islam sivilizasiyasının Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cəhətdən araşdırılması zərurətini, eyni zamanda respublika, regional və beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq ulu öndər bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstəkləmişdir.
Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almaniya, Fransa, Küveyt və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak etmişlər. Tədbirdə Heydər Əliyev böyük nitq söyləmişdir. İslamın Qafqazda yayılmasının Qafqaz xalqlarının həyatındakı əhəmiyyətini şərh edən ulu öndər demişdir: "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu dəyərlər -müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar İslam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olmuşlar. İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil edibdir".
Qafqazda, o cümlədən Azərbaycanda
İslamın yayılması, genişlənməsindən
danışan və Qafqaz islamşünaslığında Azərbaycanın
önəmli rol oynadığını vurğulayan Heydər
Əliyev bu fikri belə əsaslandırmışdır:
"Bugünkü simpoziumun gedişini dinləyərək mən
belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam
sivilizasiyası araşdırmalarının mərkəzi ola
bilər. Azərbaycanın buna haqqı da vardır. Mən
nitqimin əvvəlində İslamın Qafqazda
yayılmasında Azərbaycanın rolu haqqında
danışdım. Tarixi faktlar onu göstərir ki, Azərbaycandan
bir az şimalda olan xalqlar İslamı yalnız XVII əsrdə
qəbul ediblər. Ancaq Azərbaycan xalqı, yəni bizim indi
yaşadığımız bu Azərbaycan İslamı hələ
VII əsrdə qəbul edibdir. Görürsünüz,
qısa bir məsafədə İslamın şimala doğru
yayılması üçün nə qədər vaxt
lazım olubdur. Bunu araşdırmalar daha dəqiq göstərə
bilər. Ancaq, şübhəsiz, bunların
hamısının yolu Azərbaycandan keçibdir. Əgər
İslamın sərhədi bir neçə əsrdə
Qafqazda Dərbəndlə məhdudlaşıbsa və
İslam Dərbənddən şimala yalnız sonralar, yəni
XV-XVI əsrlərdə keçibsə, bu onu göstərir
ki, İslam dini Azərbaycanda nə qədər
güclü olubdur".
Dövlət-din münasibətlərinin
formalaşmasının Azərbaycan modeli
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ölkəmizdə din-dövlət münasibətlərinin
yeni istiqaməti formalaşmış, respublikamızda dini
tolerantlığın daha da inkişaf etdirilməsində
hüquqi baza yaradılmışdır.
Müstəqil respublikamızın ilk dövrlərində
dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi
Azərbaycan dövlətinin din siyasətinin
qarşısında duran əsas vəzifələrdən biri
olmuşdur.
Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində
dindarlar qarşısında çıxış edərkən
milli, dini ənənələrimizin möhkəmləndirilməsindən
bəhs edərək demişdir: "Azərbaycan müstəqil
dövlətdir. Azərbaycan xalqı öz milli
azadlığına, müstəqilliyinə nail olmuşdur.
Bu milli, mədəni, dini ənənələrimizin
bərpasına şərait yaratmışdır. Biz bu
şəraitin möhkəmlənməsi üçün
bundan sonra da çalışacağıq və əmin ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən
gələni əsirgəməyəcəm."
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
demişdir: "Heydər Əliyev həzrətlərinin əsasını
qoyduğu dövlət-din münasibətləri özünəməxsus
bir örnək kimi təkcə bizim ölkə
üçün deyil, bütün dünya üçün
nümunə ola bilər."
A.Paşazadə
müstəqil Azərbaycan dövlətinin yaranmasında,
respublikada din siyasətinin və dövlət-din münasibətlərinin
formalaşmasında ulu öndərin rolundan bəhs edərkən
demişdir: "Müstəqil dövlətimizin
yaranmasında, möhkəmlənməsində və
nüfuzunun artmasında Heydər Əliyev həzrətlərinin
müstəsna xidmətləri olmuşdur. O, hakimiyyətə
yenidən qayıtdıqdan sonra ölkəmizdə dini sahədə
sabitliyə nail olunması, konfessiyalar arasında
dözümlülük mühitinin qorunub saxlanmasında və
daha yüksək səviyyədə bərqərar olunması
istiqamətində böyük işlər
görülmüş, dini icmaların fəaliyyəti
üçün hüquqi-mənəvi şərait
yaradılmışdır. Bu məqsədyönlü
fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda mövcud
dinlərin nümayəndələri öz ayinlərini sərbəst
yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin
ictimai həyatında yaxından iştirak edirlər."
Məlumdur ki, Azərbaycan dövləti dünyəvi
dövlətdir və bu baxımdan din dövlətdən və
dövlət dindən ayrıdır. Bütün bunlar Azərbaycan
Respublikasının Konstitusiyasında öz əksini
tapmışdır. Məsələn, Azərbaycan
Konstitusiyasının 7-ci maddəsinin 1-ci bəndində
göstərilmişdir: "Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır." Konstitusiyanın 18-ci maddəsi isə din və
dövlət münasibətlərinə həsr olunmuşdur.
Burada göstərilmişdir:
"I. Azərbaycan
respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği
qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter
daşıyır."
Ulu
öndər dövlət ilə dini qurumlar arasındakı
münasibətlərin hüquqi əsaslarını şərh
etmişdir: "Azərbaycan öz Konstitusiyasına görə,
həm də dünyəvi bir dövlətdir. Dövlət
ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan
Respublikası Konstitusiyasının müvafiq müddəaları
ilə "Dini etiqad azadlığı haqqında" Qanunla
və digər qanunvericilik aktları ilə tənzimlənir.
Biz dini ilk növbədə mədəniyyətin,
tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir
hissəsi kimi qəbul edirik."
Konstitusiyanın
48-ci maddəsində isə dini etiqad və vicdan
azadlığının hüquqi məsələləri
aşağıdakı kimi təsbit olunmuşdur:
" I.
Hər kəsin vicdan azadlığı vardır.
II. Hər
kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ vardır.
III. Dini mərasimlərin
yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa
zidd deyildirsə sərbəstdir.
IV. Dini
etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandırmır. (7.16-17)
Azərbaycanda dövlətin din siyasətinin həyata
keçirilməsini təmin etmək məqsədilə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi yaradılmışdır. Bu komitə ölkəmizdə
mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi
və dövlətin din siyasəti sahəsində müxtəlif
funksiyaları yerinə yetirir. Dövlət
komitəsi öz fəaliyyətində hüquqi cəhətdən
əsasən Azərbaycan Respublikasının
Konstitusiyasına, "Dini etiqad azadlığı
haqqında" Azərbaycan Respublikasının Qanununa (1992) və
digər müvafiq qanun və normativ-hüquqi aktlara əsaslanır.
Dövlətin
din siyasətinə aid olan məsələlərdə dinlə
bağlı qanunvericilik aktlarında dini icmaların və dini
təşkilatların dövlət siyasətinə müdaxilə
etməsinə hüquqi cəhətdən imkan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan
Respublikasında həm nəzəri, həm də əməli
cəhətdən din dövlətdən, dövlət dindən
ayrıdır və bu siyasətin formalaşması ulu öndər
Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanda
dövlət-din münasibətlərinin düzgün
qurulmasında, dini əmin-amanlığın və sabitliyin
yaranmasında Heydər Əliyevin mühüm rol
oynadığını vurğulayan Moskvanın və
Ümumrusiyanın sabiq Patriarxı II Aleksi demişdir: "Azərbaycan
qədim dini ənənələrə və mədəniyyətə
malik bir ölkədir. Bu gün Azərbaycan dini
əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir.
Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin
müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi
dini icmaların konstruktiv fəaliyyəti və
qarşılıqlı ünsiyyəti nəticəsində
yaranmış dövlət-din münasibətlərinin nadir
modeli Azərbaycan Respublikasında öz əksini
tapmışdır. Belə zənn edirəm
ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə
diqqətlə öyrənilməli və təhlil
olunmalıdır."
Fəlsəfə
elmləri doktoru, professor R.Əliyev yazmışdır:
"Milli liderimiz Heydər Əliyev göstərirdi ki, din
xüsusi, incə sahədir və buna görə dövlətin
bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik
şəkildə, bütün tərəflərin
maraqlarını gözləməklə, öz
qanunlarımızı və qoşulduğumuz konvensiyaları
pozmamaqla həyata keçirmək lazımdır. Ulu öndər qeyd edirdi ki, dünyəvi dövlət
ateist dövlət demək deyildir. Bu, o deməkdir
ki, dövlət öz fəaliyyətində şəriəti,
yaxud digər dini qanunları deyil, demokratiya qanunlarını rəhbər
tutur."
Ulu öndər dinlər arasında nifaq salanları həmişə
pisləmiş, dindən istifadə edərək öz şəxsi
məqsədlərini həyata keçirməyə
çalışanları tənqid etmiş, gənclərimizin
tərbiyəsinə zərər vuran hallara qarşı həmişə
mübarizə aparmışdır. O, 1998-ci il
fevralın 2-də Azərbaycan Gəncləri
Gününün ilk ildönümü münasibətilə
Bakı İdman Oyunları Sarayında keçirilmiş bədii-idman
bayramında gənclərə müraciət edərək demişdir:
"Son beş-altı ildə Azərbaycanda yaranmış
kazinoların, qumarxanaların, gecə klublarının fəaliyyətinin
dayandırılması haqqında qərar vermişəm. Azərbaycanın, xalqımızın mənəviyyatına
zidd olan, xalqımızın əxlaqını pozan cəhətlərin,
onları yayan cürbəcür müəssisələrin ləğv
olunması haqqında qərarlar vermişəm. Güman edirəm ki, siz mənim bu qərarlarımı
dəstəkləyir, qəbul edirsiniz, buna tərəfdar
çıxırsınız və onların həyata
keçirilməsində fəal iştirak edəcəksiniz".
Azərbaycanda dini tolerantlıq
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
respublikamızda insan hüquq və azadlıqlarının təmin
edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasında, dinlərarası dialoqun inkişafında və
dini tolerantlıq ənənələrinin qorunmasında
böyük rol oynamışdır. Azərbaycan müstəqillik
qazandıqdan sonra Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi vaxtda respublikamızda dini etiqad azadlığı tam təmin
edilmiş, milli-mənəvi dəyərlərə münasibət
kökündən dəyişmiş, dini ayin və mərasimləri
yerinə yetirmək üçün bütün dinlərə
mənsub olan insanlara bərabər şərait
yaradılmışdır.
Ulu
öndər respublikamızda yaşayan başqa dinin nümayəndələrinə
qarşı olan münasibəti bu şəkildə bəyan
etmişdir: "Azərbaycan Respublikası çoxmillətli
bir dövlətdir. Azərbaycanda müsəlmanlarla
yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar
da yaşayır. Azərbaycan müstəqil,
demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi
öz ərazisində yaşayan bütün xalqlara,
bütün millətlərə dinindən, dilindən, irqindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq,
hürriyyət imkanları verir."
Azərbaycanda
dini tolerantlığın formalaşmasında Heydər Əliyevin
xidmətini dəyərləndirən Ümumgürcüstan
Patriarxı II İlya Azərbaycanda mövcud olan dini
tolerantlıqdan bəhs edərək demişdir: "Bu gün
Azərbaycanda mövcud olan tolerant mühitin
formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti
böyükdür. Azərbaycanın öz ənənəvi
dəyərlərini qoruyub saxlamaqla müasir dünynanın
çağırışlarına ləyaqətli cavab verə
bilməsi şəxsən onun və onun
davamçılarının müdrik və uzaqgörən
siyasətinin nəticəsidir."
Bütün
Qafqazın şeyxi Şeyxülislam Hacı
Allahşükür Paşazadə Azərbaycanda dini
tolerantlıq siyasətinin formalaşmasından danışarkən
demişdir: "Tolerantlığın bir dövlət
strategiyası olaraq əsasını ümummilli liderimiz Heydər
Əliyev qoymuş və bu zəngin ənənə
hazırda İlham Əliyev həzrətləri tərəfindən
böyük ləyaqətlə davam etdirilir. Ölkəmizdə
demokratik-hüquqi prinsiplərin, din və vicdan
azadlığının ardıcıl həyata keçirilməsinin
təminatçısı olan möhtərəm dövlət
başçımızın qayğı və diqqəti sayəsində
dini baxışından asılı olmayaraq bütün vətəndaşlara
bərabər münasibət bəslənilir,
ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst
yerinə yetirmək üçün şərait
yaradılır. Məhz Azərbaycanda dini sahəyə
münasibətdə yürüdülən müdrik siyasətin
nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən
nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya
miqyasında tanınmış dini liderlər ölkəmizin
sülhpərvərliyini, tolerantlığını, başqa
dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək
dəyər kimi qiymətləndirirlər."
Ulu öndər başqa dinlərə qarşı
dözümlülük və tolerantlıq münasibətini
həmişə öz fəaliyyəti ilə sübut
etmişdir.
O, Azərbaycanda yaşayan dini icmalara həmişə hörmət
və ehtiram göstərmiş, onların dini
bayramlarını təbrik etmiş, adət-ənənələrinə
qayğı ilə yanaşmışdır. Məsələn,
İsa peyğəmbərin mövludu münasibətilə Azərbaycandakı
pravoslav icmasını təbrik edən Heydər Əliyev
demişdir: "Sizi İsa peyğəmbərin Mövlud
bayramı münasibətilə təbrik edirəm! Dünyanın bütün pravoslav xristianları
üçün bu işıqlı gündə sizlərə
cansağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün nəcib niyyətləriniz
yerinə yetsin, bütün diləkləriniz başa gəlsin.
İnanıram ki, Azərbaycandakı pravoslav
icmasının firavanlığı Vətənimizin tərəqqisi
və çiçəklənməsi, bütün vətəndaşlarımızın
xoşbəxt gələcəyi üçün etibarlı zəmin
olacaqdır."
Tarixən Azərbaycanda İslam dini ilə
yanaşı, xristian, yəhudi dinlərinə mənsub olan
insanlar həmişə əmin-amanlıq şəraitində
yaşamış və bir-birinin dini əqidəsinə
ehtiramla yanaşmışlar. Azərbaycanda müxtəlif
dinlərin birliyinin nümunəvi xarakter
daşıdığını vurğulayan ulu öndər bu
xüsusiyyətləri xalqımızın dini
dözümlülüyünü göstərən fakt hesab
etmişdir. Heydər Əliyev 1998-ci ilin mayın 13-də
Prezident Sarayında ölkənin din xadimləri ilə
görüşündə söylədiyi nitqində bunu belə
şərh etmişdir: "Azərbaycanda müxtəlif dinlərin
bu cür birliyinin olması müstəsna dərəcədə
nümunəvi xarakter daşıyır. Bu, əslində
Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan
xalqının dini dözümlülüyünü göstərir.
Azərbaycanda əhalinin əksəriyyətini
İslam dininə etiqad edən azərbaycanlılar təşkil
edir. Ancaq eyni zamanda Azərbaycanda
xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar,
müxtəlif millətlərin nümayəndələri də
yaşayırlar. Azərbaycanlılar
başqa dinlərə münasibətdə həmişə
dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd
(s.) vəsiyyət edibdir. Amma ən
mühüm odur ki, bu xeyirxah, müqəddəs vəsiyyət
yerinə yetirilsin. Azərbaycanlıların
bu vəsiyyəti müqəddəs tutması
xalqımızın çox mühüm keyfiyyəti,
xüsusiyyətidir və biz bununla fəxr edə bilərik."
Heydər Əliyev iştirak etdiyi beynəlxalq tədbirlərdə
də tolerantlıqla bağlı fikirlərini bildirmiş,
xüsusən indiki qloballaşma dövründə dinlərarası,
mədəniyyətlərarası dialoqa həmişə
üstünlük vermişdir. Qeyd edək ki, 10-11 oktyabr 2002-ci il tarixində Bakıda "Demokratik cəmiyyətdə
dinin və əqidənin rolu: terrorizmə və ekstremizmə
qarşı mübarizə yollarının
araşdırılması" mövzusunda beynəlxalq
konfrans keçirilmişdir. Azərbaycan
hökumətinin ATƏT-lə birgə keçirdiyi bu
konfransda terrorizmə və və ekstremizmə qarşı
mübarizədə dinin və əqidənin rolu haqqında məsələlər,
habelə Böyük İpək yolu məkanında dinlərarası
və mədəniyyətlərarası dialoqun əhəmiyyəti
və s. məsələlər müzakirə edilmişdir.
Konfransda çıxış edən ulu öndər
münaqişələrin aradan qaldırılmasında dinlərarası
dialoqun rolundan bəhs edərək demişdir:
"Qloballaşan dünyada hamımız bir-birimizə daha
yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası,
dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi
də məhz bununla bağlıdır. Bu
dialoqu inkişaf etdirərək, bu dialoqa dəstək verərək
biz müəyyən mənada terrorizmin formalaşmasına
xidmət edən bütün qaynaqları araşdırıb
onu kökündən məhv etməyə can
atmalıyıq."
Hazırda dünyada terrorçuluqla bağlı baş
verən hadisələr, regional dini münaqişələr
Heydər Əliyevin uzaqgörən siyasətçi
olduğunu bir daha sübut etmişdir.
Heydər Əliyev müsəlman ölkələri
arasında həmrəyliyin və əməkdaşlığın
gücləndirilməsinə həmişə önəm
verirdi. Xüsusən, Azərbaycan torpaqlarının erməni
işğalından azad edilməsi, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə həll
edilməsində müsəlman ölkələrinin, o
cümlədən İslam Konfransı Təşkilatının
səylərini artırmasını diqqətə çəkirdi.
Ulu öndər işğalçı Ermənistanın bəzi
ölkələrdən dəstək aldığını
qeyd edərək 1997-ci il 10 dekabrda İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin rəhbərlərinin VIII
zirvə görüşündəki nitqində bu məsələdən
bəhs edərək demişdir:
"İşğalçı Ermənistan öz
diasporlarının köməyi ilə həm Amerikadan, həm
Avropadan, ələlxüsus Rusiyadan mənəvi, siyasi,
iqtisadi, hərbi dəstək alır. 1993-1996-cı
illərdə Rusiya Ermənistana qeyri-qanuni, gizli yolla bir milyard
dollar dəyərində silah, sursat və hərbi texnika
göndəribdir. Bundan əlavə, bu il
(1997-ci il nəzərdə tutulur) avqust ayının 29-da
Rusiya ilə Ermənistan arasında güclü hərbi əməkdaşlıq
bəndləri olan müqavilə
bağlanmışdır."
Heydər
Əliyev Ermənistan kimi təcavüzkar ölkələrə
qarşı mübarizə aparmaq, müsəlman ölkələrində
təhlükəsizliyin bərqərar edilməsi, müsəlman
icmalarının hüquqlarının qorunması naminə
İslam Konfransı Təşkilatına üzv ölkələri
birliyə və əməkdaşlığa
çağıraraq öz nitqində demişdir: "Ermənistan
Respublikasının təcavüzünə məruz
qalmış Azərbaycan xalqı bütün müsəlman
xalqları kimi, Əfqanıstanda, Somalidə,
Bosniya-Hersoqovinada, başqa dövlətlərdə mövcud
olan vəziyyətdən olduqca narahatdır. Müsəlman
xalqlarının təhlükəsizliyini və ölkələrimizin
ərazi bütövlüyünü təmin etmək, müsəlman
azadlıqlarının və icmalarının
hüquqlarını qorumaq, müsəlman aləminin sabit
inkişafını təmin etmək bizim müqəddəs vəzifəmizdir.
Böyük nüfuza malik olan İslam
Konfransı Təşkilatı səylərimizi birləşdirməyə
və əlaqələndirməyə hər cür imkanlar
yaratmalıdır. Əminəm ki, bizim bu
zirvə görüşümüz bunun üçün
öz töhfəsini verəcəkdir."
Dini dözümlülüyü, tolerantlığı daima dəstəkləyən Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə tövsiyə edirdi. Yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu vurğulayan ümummilli lider, eyni zamanda bu işin mürəkkəb və çətin olduğunu da qeyd edirdi. Ulu öndər gənclərdə tolerantlıq mədəniyyətinin uşaqlıqdan tərbiyə edilməsini diqqətə çəkərək ünsiyyət mədəniyyətinin formalaşdırılması və Azərbaycan gənclərində bu xüsusiyyətlərin tərbiyə edilməsinin vacib şərt olduğunu tövsiyə etmişdir. O, bu məsələlərdən bəhs edərək demişdir: "Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konfranslar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gercəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir".
Sakit HÜSEYNOV,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun
dinşünaslıq və
mədəniyyətin fəlsəfi problemləri
şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru
Xalq qəzeti.- 2011.- 19 fevral.- S. 7.