Yasamal rayonu:
qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələr
uğurla icra edilmişdir
Dünən Bakı şəhərinin Yasamal
Rayon İcra Hakimiyyətində 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclas keçirilmişdir. Tədbir
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin icra hakimiyyətinin binasındakı abidəsi
önünə gül-çiçək dəstələri
qoydular. Hesabat məruzəsi ilə rayon icra hakimiyyətinin
başçısı İbrahim Mehdiyev çıxış
etdi.
2010-cu ilin Azərbaycanda böyük sosial-iqtisadi nailiyyətlər və mühüm siyasi tədbirlərlə yadda qaldığını qeyd edən başçı ölkədə ümumi daxili məhsul istehsalının 5 faiz artaraq 41 milyard manatı ötdüyünü, bu sosial-iqtisadi nailiyyətlərin qazanılmasında və mühüm siyasi tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsində Yasamal rayonunun da özünəməxsus payı olduğunu bildirdi. Onun sözlərinə görə, Yasamal rayonu son illər sosial-iqtisadi inkişafın intibah dövrünü yaşayır. Respublika Prezidenti İlham Əliyevin 14 mart 2009-cu il tarixli fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da ciddi addımlar atılmışdır. Hesabat dövründə rayonda 155622,1 min manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat sektorunda xidmətlərin həcmi 1715240,7 min manat olmuşdur. Bu da 2009-cu illə müqayisədə müvafiq olaraq 112,4 faiz, 100,2% təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 105597,5 min manat, əsas kapitala yönəldilən investisiyalar 423307,6 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 370326,9 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 75,2%, 134,8%, 132,1% deməkdir. Hesabat dövründə 2088 yeni iş yerləri açılmışdır ki, onlardan 421-i mövcud müəssisələrin, 153-ü yeni yaradılmış müəssisə və təşkilatların, 1514-ü isə fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 21,4% artaraq 407,7 manat olmuşdur.
İbrahim Mehdiyev qeyd etdi ki, keçən il rayonda, xüsusən Füzuli meydanında, Mikayıl Müşfiq küçəsi ilə H.Cavid prospektinin kəsişməsində yerləşən parkda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma tədbirləri aparılmışdır. Bir sıra prospekt və küçələrdəki həyətlərdə asfalt örtüyü bərpa edilmişdir. Azərbaycan prospekti, B.Vahabzadə, Parlament küçələrinin piyada səkilərinə 8400 kv.m dekorativ plitələrdən üzlük döşənmiş, 18 binanın fasadında yenidəndurma və bərpa işləri aparılmışdır. "20 Yanvar" faciəsinin 20-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə 20 Yanvar dairəsində, Həsənbəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində ümumi sahəsi 1500 kv.m olan "20 Yanvar" memorial abidə kompleksi yaradılmışdır. Kompleksin arxa hissəsində 2000 kv.m sahədə abadlıq işləri aparılmışdır. Bu möhtəşəm memorial abidə kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişlər.
Hesabat ilində bir sıra ünvanlarda nümunəvi "Abad məhəllələr" yaradılmış, həmin məhəllələrə 150 ədəd oturacaq, 40 ədəd uşaq yelləncəyi, 30 ədəd idman qurğusu, 20 ədəd günlüklər quraşdırılmış, 2000 ədəd ağac əkilmiş, 3600 kv.m yaşıllıq salınmışdır. Ümumilikdə 2010-cu ilin ölkə Prezidenti tərəfindən "Ekologiya ili" elan olunması ilə əlaqədar rayon ərazisində yaşıllaşdırma tədbirlərinə xüsusi diqqət yetirilmişdir.
Hesabat ilinin ən mühüm siyasi tədbiri 7 noyabr Milli Məclisə seçkilər olmuşdur. Üç aydan artıq davam edən seçki marafonu ərzində seçkilərin şəffaf, demokratik və seçicilərin iradəsinə uyğun keçirilməsi üçün müvafiq fəaliyyət proqramı həyata keçirilmişdir. Məntəqə seçki komissiyalarının fəaliyyəti və seçicilərin səsverməsi üçün əlverişli şərait yaradılmış, seçki məntəqələri zəruri avadanlıqlarla təmin edilmişdir. Ayrı-ayrılıqda hər bir seçki dairəsinin əhatə etdiyi ərazi üzrə seçicilər arasında dəstəklənən deputatlığa namizədin xeyrinə geniş miqyaslı təbliğat və təşviqat işləri görülmüşdür. Nəticədə 15 saylı Yasamal 1-ci seçki dairəsindən bitərəf Etibar Hüseynov, 16 saylı Yasamal 2-ci seçki dairəsindən YAP üzvü Abel Məhərrəmov, 17 saylı Yasamal 3-cü seçki dairəsindən bitərəf Ülvü Quliyev, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən YAP üzvü Mixail Zabelin Milli Məclisə deputat seçilmişlər. Milli Məclisə seçkilərin nəticələri ölkə vətəndaşlarının dövlət başçısı İlham Əliyevə etibarının və inamının təzahürüdür.
Rayonun mühəndis-texniki xidmətlərinin fəaliyyətinə nəzarət və onların işinin yaxşılaşdırılması, əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və su ilə təchizatında yaranan problemlərin qısa müddətdə aradan qaldırılması rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Mənzil fondu, təhsil, səhiyyə və kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı, əhali və müəssisələr tərəfindən enerji daşıyıcılarına görə ödəmələrin təmin edilməsi, əhalinin fasiləsiz işıq, qaz, su və digər xidmətlərlə təminatı ön plana çəkilmişdir. Rayonda enerji daşıyıcıları haqlarının ödənilməsi səviyyəsi 2006-cı ilin fevralında təbii qaz üçün 26,0 %, elektrik enerjisi üçün 39,0% idisə, 2010-cu ilin yekunlarına görə, bu rəqəm təbii qaz üçün 81,2%, elektrik enerjisinə görə 99,2% təşkil edir. Bu nailiyyətlərin əldə edilməsində sayğaclaşmanın da böyük rolu olmuşdur. 2010-cu ildə Bakı şəhəri, o cümlədən, Yasamal rayonu əhalisi üçün xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biri də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olmuşdur. Yeni su kəmərinin istifadəyə verilməsi sayəsində rayonun su istehlakçılarının 90,0 %-dən çoxu bu kəmərdən qidalanacaqdır.
Rayonda mövcud problemlərdən biri qəzalı mənzillərin çox olmasıdır. Mənzil fondunun 60 faizə yaxını 100 ildən artıq yaşı olan evlərdir. Daha təhlükəli vəziyyət Y.Dağlı küçəsindədir. Burada yeraltı qrunt suları mənzillərin bünövrələrində boşluq yaranmasına səbəb olmuşdur. RİH-in müraciəti əsasında Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılmış, çat və deformasiyaya məruz qalmış binalarda gücləndirmə və bərpa işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilmişdir.
Başçı bildirdi ki, hesabat ilində rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi və mədəni abidələrin qorunması, maddi-mənəvi irsin qorunub saxlanılması və inkişaf etdirilməsi işi rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur. Bu gün rayonun 25 ümumtəhsil müəssisəsində 27.598 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 2535 müəllim məşğul olur. Müvafiq dövlət proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında son illərdə Yasamal rayonunda 167 saylı məktəbdə 22 sinif otağından ibarət əlavə tədris korpusu tikilərək istifadəyə verilmiş, 52 saylı məktəb əsaslı təmir olunaraq yenidən qurulmuş, bir çox məktəblər və məktəbəqədər uşaq müəssisələrində cari təmir işləri aparılmışdır. Təhsil müəssisələrinin hamısı istiliklə təmin olunmuş, informasiya-kommunikasiya texnologiyaları ilə təminatı xeyli yaxşılaşdırılmış, yeni laboratorıyalar, fənn kabinetləri yaradılmışdır.
M.Muşfiq küçəsi ilə H.Cavid və Parlament prospektlərinin kəsişməsində müasir və milli memarlıq üslubunda yeni inşa edilən yeraltı keçidin Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
Səhiyyə sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Rayonun bir sıra tibb müəssisəsinin əsaslı təmiri, onların müasir tibbi avadanlıq və dərman vasitələri ilə təchizatı təmin olunmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası əsaslı təmir və yenidənqurmadan sonra ən müasir səviyyədə istifadəyə verilmiş, cənab Prezıdent onun açılışında iştirak etmişdir. Bununla əlaqədar teatrın yerləşdiyi Füzuli meydanı və ətraf ərazidəki binaların fasadları milli memarlıq üslubunda tamamilə yenidən bərpa və təmir olunmuşdur. 2010-cu ildə İ.Əbilov, A.Şərifzadə adına mədəniyyət mərkəzlərində, A.Şaiq, Ə.Vahid, M.Ş.Vazeh adına kitabxanalarda cari təmir işləri aparılmışdır. Tarixi və mədəni abidələrə qayğı daim diqqət mərkəzindədir. Son illərdə N.Nərimanovun, M.Füzulinin, Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin, M.Müşfiqin, Hüseyn Cavidin abidələri əsaslı təmir və bərpa olunmuşdur.
Rayon icra hakimiyyəti əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsinin sosial müdafiəsinin gücləndirilməsini xüsusi diqqətdə saxlamışdır. Hesabat dövründə rayonda 16199 nəfər ailə üzvünü əhatə edən 4023 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım almışdır. Bu ailələrə ödənilən sosial yardımın məbləği 495613 manat təşkil etmişdir. 2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 2826 nəfər çox vətəndaşa ünvanlı sosial yardım təyin edilmişdir. 368 nəfər tənha və kimsəsizin sosial məişət şəraitinin yaxşılaşdırılması, onlara səhiyyə xidmətinin təşkili diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinə, əlillərə, digər aztəminatlı ailələrə mütəmadi olaraq maddi və ərzaq yardımları edilmişdir. Mənzil şəraiti acınacaqlı olan dörd ailəyə Xırdalan şəhərində Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş yeni binada mənzillər verilmişdir. Yeni Yasamal yaşayış massivində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı insanlar üçün inşa edilmiş 81 mənzilli 9 mərtəbəli yaşayış binasında 30-dan çox imtiyazlı ailəyə yeni mənzillər verilmişdir. Əvvəlki illərdə kəskin xarakter almış əlil və şəhid ailələrinin mənzillə təminatı problemi öz həllini tapmışdır. İlin sonunda eyni gündə Bakı şəhərinin müxtəlif rayonlarında 3 doqquz mərtəbəli binanın istifadəyə verilməsi və həmin tədbirlərdə cənab Prezidentin iştirakı ölkədə imtiyazlı təbəqəyə dövlət qayğısının ildən-ilə artdığını göstərir. Hesabat ilində Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə 10 ədəd minik avtomobili verilmişdir.
Rayonda müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev irsinin yeniyetmə və gənclər tərəfindən dərindən öyrənilməsi məqsədilə Heydər Əliyev muzey-məktəbi açılmışdır. Hesabat ilində muzey-məktəbdə rayonun fəal gənclərinin iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş "Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" və "Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər" mövzusunda elmi-praktiki konfrans və dəyirmi masa, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə fevralın 22-26-da "Diabet xəstəlikləri" mövzusunda həkim terapevtlər üçün treninq-kurslar keçırilmişdir.
Muzey-məktəbdə Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə bağlı "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur", "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır", "Heydər Əliyev və azərbaycançılıq" mövzularında açıq dərslər keçirilmişdir. 15 iyun 2010-cu ildə Milli Qurtuluş gününə həsr olunmuş "Əbədi müstəqilliyə aparan Böyük Qurtuluş" mövzusunda dəyirmi masa, 21 iyunda "Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda kitab yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış tədqıqatçı jurnalisti Kati Travis və lobbi fəalı Con Mak Qribor ilə muzeydə görüş təşkil edilmişdir. Rayonun məktəbliləri, tələbələri, əmək kollektivlərinin nümayəndələri, veteranlar, ziyalılar mütəmadi olaraq muzeyin eksponatları ilə tanış olmuş, ayrı-ayrı bölmə və dərnəklərdə ulu öndərin keçdiyi həyat yolu, fəaliyyəti və zəngin irsini öyrənmişlər. Bu gün Heydər Əliyev muzey-məktəbi ideoloji mərkəz kimi fəaliyyət göstərir. Son bir ildə müzeydə keçirilən tədbirlərdə əhalinin müxtəlif təbəqələrini təmsil edən 15.000-dən çox insan iştirak etmişdir. Ümumilikdə Heydər Əliyev muzey-məktəbinə bu günədək 24.000-dən çox insan gəlmişdir. Burada Heydər Əliyev irsinin dərindən araşdırılması məqsədilə yaradılmış 14 nəfərdən ibarət tədqiqat qrupu üzvlərinin köməkliyi ilə ümummilli liderin fəaliyyəti ilə bağlı çoxlu foto, video və digər materiallar toplanmışdır. Bu ildən kompyuter, fotostudiya və gənc rəssamlar dərnəkləri də fəaliyyət göstərəcəkdir.
Hesabat ilində Prezident İlham Əliyevin keçirdiyi qəbullar, iştirak etdiyi tədbirlər, səfərləri, məruzə və nitqlərində ölkənin sosial-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirləri, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılması məqsədilə yüksək hazırlığa, bilik və nüfuza malik 22 nəfərdən ibarət təbliğat qrupları yaradılmışdır. May-dekabr aylarında təbliğatçıların 30 həftə görüşü keçirilmiş, 100-dən çox məruzə və məlumat dinlənilmiş, görüşlərdə 5950 nəfər dinləyici iştirak etmişdir.
Rayonda ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün müxalifət partiyaları, müxalifət yönlü kütləvi informasiya vasitələri, QHT-lər, dini icmalar və onların rəhbərləri ilə müvafiq işlər aparılmışdır. Onların hər biri ilə mütəmadi əlaqə saxlanılır, keçirdikləri tədbirlərdə iştirak edilir. Dini Qurumlarla İş Uzrə Dövlət Komitəsi ilə birlikdə mütəmadi seminar-müşavirələr keçirilir, orta və ali təhsil müəssisələrində gənclər qarşısında dövlət-din münasibətləri mövzusunda mühazirələr oxunmuşdur.
Hesabat ilində ordu sıralarına çağırışın lazımınca həyata keçirilməsi üçün rayon Hərbi Komissarlığı ilə birgə iş aparılmış, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı isə bir sıra tədbirlər həyata keçirilmişdir. Hüquq-mühafizə orqanları tərəfindən rayonda ictimai-siyasi sabitlik və asayiş qorunur, cinayətkarlığa qarşı mübarizə aparılır, əhalinin təhlükəsizliyi təmin olunur. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomanlığa qarşı mübarizə gücləndirilmişdir.
Hesabat ilində Yasamal Bələdiyyəsi rayonda yerli özünüidarənin daha səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Yerli məsələlərin həllinə dair rayon icra hakimiyyəti və bələdiyyənin fəaliyyətini uzlaşdırmaq, müvafiq müzakirələr aparmaqla təkliflər hazırlayıb həyata keçirmək üçün Koordinasiya Şurası yaradılmışdır. Nəticədə rayonun sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyənin rolu və iştirakı xeyli dərəcədə artmışdır. Yasamal Bələdiyyəsi rayonda müxtəlif sosial-humanitar tədbirlərin, abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsində yaxından iştirak etmişdir. "Ekologiya ili" çərçivəsində icra hakimıyyəti ilə birgə təşkil olunmuş yaşıllaşdırma və ağac əkmə tədbirlərində fəallıq göstərmişdir. Lakin 2010-cu ildə Yasamal Bələdiyyəsınin fəaliyyətinin yekunlarının təhlili göstərir ki, bələdiyyə hələ də mövcud potensialından maksimum yararlana və büdcə gəlirlərinin əsas hissəsini təşkil edən əmlak və torpaq vergilərini lazımi səviyyədə toplaya bilməmişdir.
2010-cu ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 2539 müraciət daxil olmuşdur. Baxılan müraciətlərdən 721-i müsbət, 301-i qismən həll olunmuş, 656 müraciətə müvafiq izahat verilmiş, 97 müraciət tabeli qurumlara, 69-u isə aidiyyəti üzrə göndərilmişdir, 48 müraciət icradadır, 25-nin icrası nəzərdə tutulub, 622 müraciət isə əsassız sayılmışdır. Müraciətlər əsasən mənzil, sosial müdafiə, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, təhsil, səhiyyə, ailə-məişət, enerji və istilik məsələləri ilə bağlı olmuşdur. Vətəndaşların fərdi qəbulu isə təsdiq edilmiş cədvələ müvafiq aparılmışdır. RİH başçısının aparatında 2627 vətəndaş (2009-cu ildə 2505 nəfər) qəbul edilmişdir. Bilavasitə başçının qəbulunda 315 nəfər olmuşdur. Rayon sakinləri ilə daha sıx təmas qurmaq məqsədilə ayrı-ayrı mənzil-istismar sahələri üzrə 18 səyyar görüş-qəbul keçirilmişdir. Həmin qəbullarda ümumilikdə 3500 nəfər sakin iştirak etmişdir. Vətəndaşları narahat edən 149 sosial-məişət və digər məsələlər qaldırılmışdır. Bütün məsələlər öz müsbət həllini tapmışdır.
İbrahim Mehdiyev qeyd etdi ki, bu il yanvarın 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd etmişdir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahələrdə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə neqativ faktlar doğuran rüşvətxorluq, korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərə baxılması zamanı yol verilən nöqsanlar aradan qaldırılmalı, belə hallara qarşı mübarizə gücləndirilməlidir. Ölkədə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın (2007-2011-ci illər)" həyata keçirilməsi ilə bağlı fəaliyyət planı təsdiq edilmişdir. Bu fəaliyyət planının rayon üzrə icrasını təmin etmək məqsədilə RİH başçısının 30 avqust 2007-ci il tarixli sərəncamı verilmiş, tədbirlər planının icrasına başlanılmışdır. Lakin bəzi hallarda vətəndaşların hüquqları pozulur, müraciətlərınin həllində süründürməçiliyə, ayrı-ayrı sahələrdə neqativ hallara yol verilir. Bu problemlər tamamilə aradan qaldırılmalıdır. Təhsildə qazanılmış nailiyyətlərlə yanaşı, bir sıra nöqsanlar da mövcud olmuşdur. Təhsilə ayrılan vəsaitin ilbəil artırılmasına baxmayaraq yenə də məktəblərdə pul yığılması halları barədə məlumatlar daxil olur. Səhiyyə sahəsində əldə edilən uğurlarla yanaşı, həkimlik peşəsinə xələl gətirən nöqsanlar da mövcuddur. Mənzil-kommunal sahələrində də neqativ hallara rast gəlmək olur. Vətəndaşların haqlı tələblərinə laqeyidlik göstərilir, süründürməçilik halları baş verir və sair. Belə halların qarşısı qətiyyətlə alınmalı, ciddi tədbirlər görülməlıdir. Sosial-müdafiə sahəsində vətəndaşların müraciətlərinə daha həssas yanaşılmalı, yoxsulluq həddində yaşayan insanlara ünvanlı sosial yardımın tətbiqində mövcud olan neqativ hallar tamamilə aradan qaldırılmalıdır. Rayonda sahibkarlıqla məşğul olan subyektlərin fəaliyyətinə lüzumsuz müdaxilə hallarının dərhal qarşısı alınmalıdır. Bu gün hər bir Yasamal sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik həyatında daha bariz şəkildə hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir.
"Qarşıda bizi daha mühüm və ciddi vəzifələr gözləyir. Möhtərəm Prezidentimizin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün var gücümüzlə işləyəcək, Yasamal rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik".
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 19 fevral.- S. 6.